SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uşaq bağçalarının məktəbəhazırlıq qruplarına tədris vəsaitləri verilib-FOTO

Uşaq bağçalarının məktəbəhazırlıq qruplarına tədris vəsaitləri verilib-FOTO
3-03-2021, 17:00

Uşaqların keyfiyyətli təhsil alması, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması, onların fiziki cəhətdən sağlam olması muxtar respublikamızda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Bu istiqamətdə mühüm layihələr həyata keçirilir, muxtar respublikanın hər yerində uşaq bağçaları, ümumtəhsil, orta və ali təhsil müəssisələri, məktəbdənkənar tərbiyə müəssisələri tikilir və ya əsaslı şəkildə yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı ilə tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması məqsədilə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

Muxtar respublikamızda gələcəyimiz olan uşaqların məktəbəhazırlıq səviyyələrinin yüksək səviyyədə təşkili diqqətdə saxlanılmışdır. Bu işlərin davamı olaraq 3 mart 2021-ci il tarixdə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarına məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və Azərbaycan əlifbasını öyrənirəm stolüstü aşırma kartlarının təqdimatı ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından və yaradılan şəraitdən danışaraq bildirib ki, muxtar respublikanın təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində bir sıra pilot layihə və müsabiqələr təşkil edilmiş, məktəbdənkənar təhsil müəssisələrində yeni innovativ dərnəklər, yeni təlim metodlarının tətbiqi məqsədilə STEAM kabinələri yaradılmış, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə muxtar respublika səviyyəli inşa yazı, şeir və rəsm müsabiqələri, həmçinin muxtar respublika, respublika və beynəlxalq səviyyəli olimpiadalar keçirilmişdir. Bütün bunlarla yanaşı “Mütaliə aylığı”, “Dram müsabiqəsi”, “Təsviri və dekorativ-tətbiqi sənət” müsabiqələri də təşkil edilir ki, bunlar da təhsilin keyfiyyətinin, eləcə də şagirdlərin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayır.

Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması və bu istiqamətdə görülən işlərdən danışan Heyran Əhmədova bildirib ki, son illər təhsil siyasətində məktəbəhazırlıq prioritet istiqamətlərdən birini təşkil etmiş, ilk dəfə olaraq 2017/2018-ci tədris ilindən etibarən ümumtəhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunmuş, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ildən ilə artmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir. Qeyd olunub ki, ötən tədris ilində məktəbəhazırlıq qruplarında tədrisi yüksək səviyyədə təşkil etmək üçün məktəblər 248 ədəd məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə, 244-ü Azərbaycan əlifbasını öyrənirəm, 4-ü Rus əlifbasını öyrənirəm stolüstü aşırma kartları ilə təmin edilmişdir.

Bu gün isə Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçaları 22 ədəd məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və Azərbaycan əlifbasını öyrənirəm stolüstü aşırma kartları ilə təmin edilir ki, bu da uşaq bağçalarında məktəbəhazırlıq qruplarında uşaqların yüksək səviyyəli hazırlığına öz töhfəsini verəcəkdir.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək muxtar respublikada təhsilin bütün pillələrinə, eyni zamanda məktəbəqədər təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, hazırda Naxçıvan şəhərində fəaliyyət göstərən 11 uşaq bağçasında təşkil olunmuş 114 qrupda 2150-dən artıq uşaq təlim-tərbiyəyə cəlb olunub. Həmin uşaqlardan 640-ı məktəbəhazırlıq qruplarında təhsil alır. Hazırda 1 uşaq bağçasının tikintisi davam etdirilir. Ümumilikdə muxtar respublikada 22 uşaq bağçası fəaliyyət göstərir ki, bunların da hamısı yeni və müasir binalarda yerləşir. Həmçinin bu gün dövlətimiz tərəfindən bağçalarda uşaqların sağlamlığının qorunması, hərtəfli inkişafının təmin olunması üçün də kifayət qədər yüksək şarait yaradılıb.

Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığı, qidalanması, intellektual inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin daim diqqət mərkəzindədir. Muxtar respublikada məktəbəqədər təhsilin inkişafı ilə bağlı görülən işlər eyni zamanda uşaq bağçalarının yeni metodiki vəsaitlərlə təmin olunmasını da əhatə edir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarına məktəbəqədər təhsilə dair metodiki vəsaitlər təqdim edilir.

Təhminə Mustafayeva məktəbəqədər təhsil müəssisələrində yaradılan şəraitə, göstərilən diqqətə və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məlisi Sədrinə minnətdarlığını bildirərək yeni təqdim olunan təlim vəsaitlərindən səmərəli istifadə ediləcəyini vurğulayıb.

Sonra Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunun müəllimi İlhamə Quliyeva məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhədən istifadə ilə bağlı məlumat verib.

Tədbirin sonunda muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarının hər biri 1 ədəd məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və 1 ədəd Azərbaycan əlifbasını öyrənirəm stolüstü aşırma kartla təmin edilib.

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930