SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xocalı faciəsi azərbaycanlılara qarşı soyqırımı aktıdır

Xocalı faciəsi azərbaycanlılara qarşı soyqırımı aktıdır
26-02-2021, 13:00

Bir tərəfdən bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür. Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil, bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi.

 

Heydər Əliyev,

 Azərbaycan xalqının ümummilli lideri

 

İnsanlığa qarşı  ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımı ...XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir.

İlham Əliyev,

 Azərbaycan Respublikasının Prezidenti

 

“İnsanlığa qarşı  ən qəddar və amansız  kütləvi terror hadisələrindən olan  Xocalı soyqırımı ... XX əsrin sonunda  təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir” - Azərbaycan Respublikasının  hörmətli Prezidenti cənab İlham Əliyevin  dediyi bu sözlər  öz səlis  və dəqiq qiymətləndirilməsi ilə  Xocalı faciəsi haqqında ən mükəmməl münasibətdir.  1992-ci ilin fevral ayının  25-dən 26-na keçən gecə  erməni terror qruplaşması və rus hərbi qüvvələrinin  birləşməsi ilə əvvəlcədən planlaşdırılmış  vaxt və  formada  məqsədli olaraq  Azərbaycan xalqına  soyqırımı aparmaq niyyəti ilə törədilmiş  amansızlıq və qəddarlıq faktlarına görə dünyada təkrarı olmayan Xocalı faciəsi  erməni millətçilərinin  növbəti xəyanət aktıdır.  Təkrarolunmaz və görünməmiş növbənöv amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə Xocalıda törədilən faciə dünyada və tarix qarşısında bir daha  ermənizmin və erməniçiliyin  xislətini tamam  aydınlığı və bütün gizlinləri ilə ortaya qoydu. Torpaqlarımızın işğalı niyyəti ilə millətimizə – azərbaycanlılığa  hədsiz nifrət və acıqla törədilmiş Xocalı faciəsi  ermənizmin xislətini ifşa  etmək baxımından  Amerika konqresmeni  Don Bartonun sözləri ilə desək “dünyanın qətl və qəddarlıq simvolubdur”. Burda törədilmiş qətl faktları, üsulları və miqyasını, amansızlıq və qəddarlıq növlərini təsvir etmək üçün  nə deməyə söz tapmaq olar, nə də insan dözümü və səbri çatar. Ancaq bununla belə  mağara instiktlərindən  hələ ayrılmamış erməni quduzları üçün  bu insanlığa təhdid olan  soyqırımı faciəsi  böyük nəşə və  şizofrenik istəklə həyata keçirilmişdir. Bu faciə barədə bəhs edən  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çox doğru olaraq qeyd edirdi ki: “Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil,  bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi”. Bu faciənin təkrarolunmazlığı  təkcə onda deyildi ki, erməni qəddarlığı nəticəsində Xocalı kimi bir şəhər  sanki yerə batıb yer üzündən silinmiş, yerlə yeksan olunaraq təkcə tarix səhnəsindən deyil, coğrafi mövcudluğundan da məhrum edilmişdir, habelə bu  soyqırımın nəticəsində bir gecədə hələ  bizə məlum olan  613 nəfər  həlak olmuş, 487 nəfər əlil edilmiş, 1275 nəfər  əsirliyə götürülmüş, 150 nəfər itkin düşmüşdür. Ölən insanların 106 nəfəri qadın, 63 nəfəri isə uşaq idi.  Fakta bir də nəzər salaq – 63 NƏFƏR UŞAQ. Hələ demirik ki, əsir götürülmüşlərin, itkin düşmüşlərin, əlil olmuşların arasında  neçə yaşdan başlamış neçə yaşa qədər  neçə-neçə uşaqlar vardır.  Bəli, faciənin miqyasının, xüsusilə, uşaqları əhatə etməsi və uşaqların erməni vandallarının ən qəddar və amansız cəza üsullarından yayınmaması  bu facənin  misligörünməzliyinin ilkin faktıdır. Təkcə bir fakt olaraq Xocalı faciəsinin  törədicilərindən olan erməni Daud Xeyriyanın öz kitabında yazdığı erməni qəddarlığının gün kimi aydın ifadəsidir: “Martın ikisində meyidlərin yandırılması ilə məşğul olan “Qaflan” qrupu yüzdən artıq azərbaycanlı meyidi yığdı və yandırdı. Sonuncu maşında mən alnından və əllərindən yaralanmış on yaşlı qız gördüm; aclığa, soyuğa, aldığı yaralara baxmayaraq bu sir-sifəti gömgöy göyərmiş üşaq hələ sağ idi. O yalnız nəfəs alırdı. Tezliklə Tiqrinyan adlı bir əsgər bu hərəkətsiz qızı götürüb meyidlərin üstünə tulladı... sonra onlara od vurdular”. Bunlarla kifayətlənməyən erməni azğınları bütöv ailələri məhv edir, açıq qətllər təşkil edir, adamların diri-diri dərisini soyur, qulaqlarını kəsir,  skalpını çıxardırdılar, hamilə qadınların  qarnını yarır... uşağı çıxarır, ölmüş qadının yarılmış qarnına ərinin kəsilmiş başını soxurdular...”. Bütün bunlar, deyilməmiş nə qədər belə faktlar Xocalı qətliamının dünyada qətl və qəddarlıq simvolu, erməniçiliyin nə qədər bəşəriyyət və insanlıq üçün təhlükəli və qorxunc olduğunu göstərir.  Faciə ilə bağlı  xalqa dərin hüzn və kədərini bildirən ölkə başçısı cənab İlham Əliyev deyirdi: “Ermənistan dövlətinin və erməni millətçilərinin Qafqaz bölgəsində həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının bəşəriyyət üçün təhlükəsi açılıb göstərilməlidir”.Baş vermiş bütün faktlar onu qətiyyətlə deməyə imkan verir ki, törədilmiş bu məqsədli, qanlı terror aktı bilavasitə Azərbaycan ərazisini işğal etmək niyyəti ilə yerli əhaliyə qarşı keçirilmiş genişmiqyaslı soyqırımı aktıdır. Dinc əhaliyə aman verilməməsi, əvvəlcədən düşünülmüş planla yollarda pusqu qurulması və keçidlərdə əhalinin yaşına—onun uşaq, böyük, qadın, qoca, xəstə, çarəsiz olmasına baxmadan  acımadan güllə-baran edilməsi də  bu faciənin  düşünülmüş  və erməni  məqsədi ilə törədildiyini , azərbaycanlılara qarşı  soyqırımı hadisəsi olduğunu bir daha təsdiq edir.  Qırğına məruz qalmış əhalinin məhz bir millətə –azərbaycanlılara aid olması, faciə zamanı yalnız azərbaycanlıların kütləvi surətdə amansızlıq və qəddarlıqla öldürülməsi  azərbaycanlılara qarşı erməni millətinin  soyqırımı törətməsi faktını  özünün tam mənası ilə təsbit edir. Bu soyqırımı aktında Xocalı şəhəri  azərbaycanlılardan ibarət əhalisi ilə birlikdə  xüsusi amansızlıqla  məhv edilmiş və Xocalı adlı şəhər yer üzündən yox edilmişdir. Bu məhz Azərbaycana və azərbaycanlılara qarşı  törədilmiş soyqırımı siyasətidir. Faciəni törədən erməni və rus hərbi birləşmələrinin iştirakçıları  nəinki beynəlxalq humanitar hüquq normalarını ayaqlamış, hətta ən adi insanlıq dəyərlərini aşmış, ən adi insani hisslərdən məhrumiyyətlə belə bir faciə törətməyə həmişə qadir olduqlarını nümayiş etdirmişlər.  Ən amansız və qəddar  üsullarla  dilsiz-ağızsız Azərbaycan uşaqlarını öldürən, valideynlərinə göz dağı verən, öz heyvancasına vəhşilik xislətlərilə  ən ali insani  dəyərlərə terror törədən bu erməni cinayətkarları nə qədər təhlükəli bir məxluq, nə qədər utanc və alçaq bir yaradılış olduqlarını nümayiş etdirdilər. Bu hadisələri birər-birər təhlil etdikcə ermənilərin Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz genosid-soyqırımı niyyətinin  dayandığını aşkar surətdə görmək olar. Çünki soyqırımı  hər hansı milli, irqi, etnik və  dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş cinayət hərəktlərinə deyilir. Soyqırımı – beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının  kobud surətdə pozulmasıdır.  Soyqırımın əsas  ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri-bir sözlə yaşam tərzi olan  milli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. BMT–nin “Soyqırımı cinayətinin  qarşısının alınması və  onun cəzalandırılması haqqında”  1948-ci il  Konvensiyasına, BMT Baş Məclisinin  10 dekabr 1948-ci ildə  qəbul etdiyi  “Ümumdünya insan hüquqları” Bəyannaməsinə uyğun olaraq soyqırımı  siyasəti və aktı  olması haqda  hüquqi əsasını tapan Xocalı hadisəsi  Azərbaycan və azərbaycanlılara qarşı erməni şovinizmi və terrorizmi tərəfindən törədilmiş bir genosiddir. Necə ki ümummilli lider Heydər Əliyev də Xocalı faciəsinin  xalqımızın tarixində xüsusi yeri olduğunu vurğulayaraq deyirdi: “Bir tərəfdən bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən  Azərbaycana qarşı edilən  soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”. Həm də Xocalı faciəsinin baş verməsində  erməni terrorçuları qədər o zamankı başısoyuq, xalqa xəyanətkar mövqe tutan hakimiyyət də məsuliyyət daşıyır.  Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: “Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim xəyanətkarlığının nəticəsində olubdur. Ona görə də biz bu soyqırımı pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik”. Bunu də əlavə etmək lazımdır ki, ermənilər həmişə Azərbaycan torpaqlarına sahiblənməklə “Böyük Ermənistan” yaratmaq niyyəti ilə  özlərinin hədsiz vəhşi  və qəddar davranışları ilə müşaiyət olunan soyqırımı törətməklə azərbaycanlıları həmişə təhdid etmək, qorxu gəlmək və xalqımızın mübarizə, etiraz əzmini qırmaqla torpaqlarından imtina məqsədi güdmüşlər və bu gün də bu məqsədi davam etdirməkdədirlər. Bütün bunlar onu deməyə imkan verir ki,  hər cür böhtançı məqsədlərini  həyata keçirmək niyyəti ilə  bütün terrorist üsullara əl atan ermənilər  bu üsulla həm adamları, həm də onlara maneçilik törətmək istəyən qüvvələri qara-qorxu, təhdid, terror aktları ilə  qorxudaraq özlərinə açıq yol yaradırlar. Bundan başqa həm dini mənsubiyyətinə, həm də ideoloji məqsədlərinə görə bir qisim dövlətlər tərəfindən himayə olunan Ermənistan və erməni terror qrupları bu gün də öz terrorist əməllərini tərk etməmiş, ermənilər tərəfindən amansızlıqla törədilmiş Xocalı soyqırımı dünyanın bəzi ölkələri tərəfindən gözardına vurulmuşdur. Sadalanan bu vəhşilik örnəkləri və bu kimi faktlar bizlərə cəsarətli, qorxmaz, vətənpərvər olmağa, eləcə də  hər birimizin intiqam hissini birə-beş artırmağa, bizi qətiyyətli mübarizəyə sövq etməlidir. Bu mənada ümummilli liderimiz Heydər Əliyev Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərkən hesab edirdi ki: “Bizim bugünkü Azərbaycan rəhbərliyinin  və ölkə vətəndaşlarının qarşısında dünya siyasi dairələri ıə beynəlxalq ictimaiyyəti üçün Xocalı faciəsinin..., xalqımıza qarşı törədilən cinayətlərin xarakterini və miqyasını bütün çılpaqlığı ilə  açıb göstərmək, məzlum, əzabkeş cildinə girmiş erməni millətçilərinin əsil simasını ifşa etmək vəzifəsi durur”. Buna görə də vaxtında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisələrin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmış, eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə  çatdırılması, erməni qəsbkarlarının  beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir. Bundan başqa ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında”  25 fevral 1997-ci il tarixli  Sərəncamı ilə  hər il fevral ayının 26-sı  saat 17:00-da  Azərbaycan Respublikasının ərazisində  Xocalı soyqırımı qurbanlarının  xatirəsi ehtiramla yad edilir. “Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, onun ağır nəticələrini  aradan qaldırmaq və  bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur”-deyən ümummilli lider Heydər Əliyev  bütün siyasi fəaliyyəti dönəmində qoyduğu vəzifələri həyata keçirmək amalı ilə yaşadı. Xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi  insanlıq əleyhinə cinayətinin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli  işlər görülmüş, habelə  xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, faciə ilə bağlı bir çox internet saytları yaradılmışdır. Bütün bəşəriyyətə qarşı  ən dəhşətli cinayətlərdən sayılan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə  çatdırılması baxımından son bir neçə ildə  ümummilli liderimizin  yolunu və siyasi kursunu böyük uğurla davam etdirən cənab İlham Əliyevin  rəhbərliyi altında  həyata keçirilən ardıcıl tədbirlər, xüsusilə, diqqətəlayiqdir. Azərbaycanlılara qarşı soyqırımı siyasətinin  bütün dünyada tanıdılması və erməni terrorizminin ifşa edilməsi baxımından Heydər Əliyev fondunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın da  xidmətləri ölçüyəgəlməz, saysız-hesabsızdır. Bu baxımdan bilavasitə bu böyük insanların  rəhbərliyi və təşəbbüsləri sayəsində  görüləsi işlərin və tədbirlərin miqyası böyüdülmüş, Xocalı soyqırımı ilə bağlı sənədli filmlər, müxtəlif dillərdə zəngin kitablar və s. ərsəyə gəlmişdir.  Ölkəmizin paytaxtı Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın  digər bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş heykəllər də  bu yolda  böyük töhfədir. Xocalı sakinlərinin timsalında Azərbaycanlı insanların qəhrəmanlığı, millətimizin fədakarlığı əbədiləşdirilmiş, təbliği yolunda çox mühüm işlər görülmüşdür. Bu da qeyd olunmalıdır ki,  görülən işlərin  nəticəsi olaraq dünyanın bir qisim ölkələrində Xocalı soyqırımı qurbanlarına heykəllər və digər abidələr qoyulmuşdur. Bir sıra ölkələrdə Xocalı soyqırımı hadisəsinin Azərbaycanlılara qarşı soyqırımı aktı olaraq qəbul edilməsi ilə bağlı qəbul edilən sənədləri Azərbaycan dövlətinin bu sahədəki siyasi əzminin, düzgün siyasəti və peşəkar diplomatiyasının, aparılan ardıcıl və məqsədyönlü işlərinin uğurlu nəticəsi kimi qəbul etmək olar. “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər və əldə olunan nailiyyətlər də dövlət siyasəti sayəsində həyata keçirilən ardıcıl işlərin böyük bir ümidlə qələbəyə inam gücünü artırır. Azərbaycanlıların yaşadığı, azərbaycanlı diasporunun fəaliyyət göstərdiyi hər bir yerdə Xocalı soyqırımı gününün yad edilməsi və müxtəlif əhəmiyyətli tədbirlərin keçirilməsi də bu sahədə milli həmrəylik və iradə birliyinin əzmini nümayiş etdirir. Ən əsası isə cənab Prezidentimiz İlham Əliyevin sözləri ilə desək: “Düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu  və getdikcə inkişaf etməsi  Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər”. Ümummilli liderimizin bu sözlərini də hər birimiz yaddaşlara yazmalı və proqram kimi qəbul etməliyik ki: “Xocalı soyqırımı qurbanlarının xatirəsini  yad edərkən onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları  yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, bütövlüyünü təmin etməkdir”. Və müstəqil Azərbaycan dövləti bu vəzifəni uğurla həyata keçirdi də. Azərbaycan dövləti hər kəsə göstərdi ki, o öz ərazi bütövlüyünü hər an təmin etməyə qadir və qabildir. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Milli Ordusu Azərbaycan xalqının və dövlətinin iradəsini, əzmini uğurla nümayiş etdirərək göstərdi ki, biz bu anı hər an yaxınlaşdıra bilərik. 2018-ci ildə uğurlu Günnüt əməliyatı da sübut etdi ki, peşəkar Azərbaycan Silahlı Qüvvələri qələbə və zəfər üçün istənilən an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır.  Və o gün uzaqda olmadı!!!...2020-ci ilin sentyabr ayında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərinə yenidən hərbi müdaxilə etmək cəhdləri Azərbaycanın tarixi ədaləti bəpa etmək məqsədinə zərurət yaratdı. Azərbaycan Respublikasının uzaqgörən rəhbəri, Zəfər müjdəli Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında mənfur Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-hücum əməliyyatları aparmaqla düşmənə elə bir dərs verdi ki, çətin ki onlar bir daha Azərbaycan torpaqlarına tərəf baxa bilsinlər. Cəmi 44 gün çəkən bu müharibədə nəinki ermənilər geri çəkilməyə məcbur oldular, hətta Ermənistan ordusu haqqında yaradılmış mifi Azərbaycan Milli Ordusu özünün qəhrəmanlıq əzmi,döyüş məharəti, ən müasir döyüş texnikası və taktikası ilə darmadağın etdi. Ermənistan Silahlı Qüvvələri həm xeyli sayda – minlərlə canlı qüvvə, həm də ağır texnika və sursatlar itirərək darmadağın olundular.Bütöv bir ordu Azərbaycan Milli Ordusunun yalnız kiçik bir qisminin qarşısında büsbütün məhv edilərək silahlarını və döyüş bayraqlarını ataraq hərbi mövqelərini qoyub qaçmağa məcbur oldular. Ən qısa zamanda müharibə Ermənistan mifinin darmadağın olunması, Azərbaycanın möhtəşəm Zəfəri və  tarixi ədaləti bərpası ilə nəticələnd:Azərbaycan işğal edilmiş ərazilərindən işğalçını çıxartmağa nail oldu, Şuşanı və digər əraziləri ilə qəhrəmanlıqla döyüşərək azad etdi, Ermənistan noyabrın 10-da biabırçı məğlubiyyətini qəbul etməyə və təslim olmağa vadar oldu. Aərbaycan Ordusunun göstərdiyi döyüş taktikası və üsulu dünyanın müharibələr tarixinə yeni, şanlı bir səhifə açdı və qızıl hərflərlə yazdırdı. Şuşa istiqamətində Azərbaycan əsgərlərinin göstərdiyi döyüş məharəti, əzm və qəhrəmanlıq nümunəsi tarixin ən misilsiz döyüş və vətənpərvərlik örnəyi olaraq hələ də xatırlanacaq, gələcək nəsillərə vətənpərvərlik və qəhrəmanlıq mirası olacaqdır. Azərbaycanın Vətən müharibəsindəki zəfəri həm  30 illik ağrımıza məlhəm, vətəndaşımıza qürur mənbəyi, həm də Xocalı faciəsi qurbanları və ümumən ərazi bütövlüyümüz uğrunda həlak olanların ruhuna təskinlikdir!  

Ramiz QASIMOV                                                                                                 

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930