SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhriyar müasirləşən yaşayış məntəqələrimiz sırasındadır

Şəhriyar müasirləşən yaşayış məntəqələrimiz sırasındadır
24-02-2021, 19:09

Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunun siması müstəqillik illərində tamamilə dəyişib, Şərur şəhərində və kənd yaşayış məntəqələrində çox sayda sosial obyektlər, istehsal və emal müəssisələri yaradılıb, yollar, körpülər salınıb, əhalinin həyat səviyyəsi xeyli yüksəlib. Ənənə halını alan bu tədbirlər 2020-ci ildə də davam etdirilib. Rayonun başdan-başa yenilənərək  müasirləşən  yaşayış məntəqələrindən biri də Şəhriyar kəndidir. 

Biz də buradakı hərtərəfli şəraitlə tanış olmaq üçün həmin ünvana üz tuturuq. Elə kəndə gedən yol ilk baxışda hər şeyi “deyir”, tələb olunan standartlar səviyyəsində işlənmiş yol kəndin müasir infrastrukturu haqqında ilkin müsbət təəssürat yaradır. Budur, kəndin girəcəyində yol kənarı ilə irəliləyən bir neçə ağsaqqal diqqətimizi cəlb edir. Maşından enib onlarla tanış oluruq. Müasirləşən yurd yeri haqqındakı ilk təsəvvürümüzü həmin ağsaqqallar bir qədər də zənginləşdirir.

Adını sonradan öyrəndiyimiz Əsəd baba ilə hal-əhval tutub gəlişimizin səbəbini bildiririk.O gülümsünərək deyir ki, ay qızım, atalarımız yaxşı deyib ki, “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”. Madam ki, gəlmisən, öz gözlərinlə bugünkü inkişafımızın şahidi olacaqsan. Baxın, vaxt var idi ki, yol-iz ucbatından kəndimizə gediş-gəliş insanları yormuşdu. İlin bu vaxtında, qar, yağış yağdımı, yol lap bərbad hala düşürdü. İndi isə hamar örtüklü yollarla istənilən vaxt rahatca istər rayon mərkəzinə, istərsə də muxtar respublikamızın istənilən bölgəsinə gedə bilirik.

Kəndimizdəki yeni kənd və xidmət mərkəzləri, ümumtəhsil və musiqi məktəbləri isə Şəhriyarı lap qəsəbə timsallı edib. Əsəd babanın yanındakı ağsaqqallar da yeni quruculuq tədbirlərindən xeyli bəhs etdilər, onlara göstərilən belə qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Onlarla söhbətdən sonra sözügedən obyektlərlə tanışlığa tələsirik. Budur, qarşıda 3 mərtəbəli kənd mərkəzi görünür. Burada bizi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cümşüd Zahirli qarşılayır. O deyir ki, mərkəzdə dövlət qurumlarının əhaliyə səmərəli xidmət göstərməsi üçün hərtərəfli şərait yaradılıb. Burada Rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika və arxiv otaqları, 44 yerlik zal istifadəmizə verilib.
Kənd əhalisi, əsasən, heyvandarlıqla məşğul olduğuna görə baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq dezinfeksiya və dezinseksiya tədbirləri görülür. Kənd mərkəzindəki baytarlıq məntəqəsində yaradılan şərait həmin tədbirlərin daha yüksək səviyyədə həyata keçirilməsinə imkan verib.
Uzun müddət rabitə xidməti sarıdan əziyyət çəkən insanlar üçün bu gün Rabitə evində poçt bölməsi də yaradılıb, yeni nəsil texnologiyalara əsaslanan 320 nömrə tutumlu ATS quraşdırılıb, genişzolaqlı internetə çıxış imkanları reallaşdırılıb. Hazırda Şəhriyar kəndində 210 telefon və 96 internet istifadəçisi vardır.
İcra nümayəndəsi deyir ki, bu gün muxtar respublikamızda insan amilinə göstərilən qayğı bütün sahələrdən öndə dayanır. Bu baxımdan əhalinin sağlamlığının qorunmasına ciddi önəm verilməsini də vurğulamaq lazımdır. Şəhriyarda da səhiyyə xidmətinin təşkili diqqət mərkəzində saxlanılıb, quruculuq tədbirləri çərçivəsində həkim ambulatoriyası istifadəyə verilib. 8 otaqdan ibarət olan ambulatoriyada baş həkim, stomatoloji kabinə, peyvənd, manipulyasiya, qeydiyyat otaqları və aptek vardır. Həkim ambulatoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub. Bu isə ambulatoriyaya müraciət edən hər bir şəhriyarlıya ilkin tibbi xidmət göstərməyə imkan verib. Ağxalatlı peşə sahibləri bu imkanlardan səmərəli istifadə etməyə səy göstərirlər. Bunu həmsöhbət olduğum kənd adamları da bildirdilər.

Kənd mərkəzindən ayrılıb müəllim və şagirdlərin istifadəsinə verilmiş məktəb binasına üz tuturam. Binaya daxil olarkən ümummilli liderimizin “Təhsil millətin gələcəyidir” deyimini xatırlayıram. Doğrudan da, bu gün ən ucqar dağ və sərhəd kəndlərimizdə hərtərəfli şərait yaradılaraq şagirdlərin istifadəsinə verilən məktəbləri gördükcə insanda bir fəxarət hissi yaranır. Bu qayğının nəticəsidir ki, diyarımızın təhsil ocaqlarında vətənpərvər, dövlətimizə, dövlətçiliyimizə sadiq olan intellektli gənclər yetişir. Şəhriyar kənd tam orta məktəbi də bu sıradadır. Öyrənirik ki, məktəb ikimərtəbəli olmaqla, 224 şagird yerlikdir. Burada 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer olmaqla, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib. Quraşdırılan 4 elektron lövhə və 22 kompüter tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə, distant təhsilin tətbiqinə, eləcə də muzeylərlə interaktiv əlaqələrin qurulmasına imkan verir.

Məktəbin kitabxanası da zənginləşdirilib. Burada Azərbaycan klassikləri, müasir şair və yazıçılarımızla yanaşı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət guşə şagirdlərin buraya cəlbində, onların mütaliə vərdişlərinin formalaşdırılmasında mühüm rol oynayır.
Kəndə daha bir qayğı isə uşaq-musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsidir. Bu təhsil ocağı ilə bizi musiqi məktəbinin direktoru Emin Əliyev tanış edir. O deyir ki, məktəbdə fortepiano, tar, kamança, nağara, qarmon ixtisasları üzrə 109 şagird təhsil alır. Onlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqdır. Şagirdlərin təhsili ilə 29 müəllim məşğul olur. Məktəbdə xor kollektivi, xalq çalğı alətləri və nağaraçalanlar ansamblları fəaliyyət göstərir.
İkimərtəbəli məktəb binasında direktor, müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, kamança, tar, fortepiano sinfləri olmaqla, ümumilikdə, 18 otaq, 40 yerlik konsert zalı, kitabxana, elektrik otağı və qarderob vardır. Yaradılan bütün bu şərait uşaqlar arasında musiqiyə olan marağı daha da artırıb.
Daha bir təhsil ocağı ilə tanışlıqdan sonra kəndin uzunömürlü, qocaman sakinləri ilə də görüşüb onların da fikirlərini öyrənmək yerinə düşər deyib, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə ilə birlikdə üz tuturuq Asya nənənin ünvanına. Öyrənirik ki, Asya nənə pambıq, tütün yığımından tutmuş bir sıra işlərdə çalışıb. 87 yaşlı nənə bizə kəndlərinin şəraitsiz vaxtlarından danışır:

– Qızım, o vaxtlar kəndimizdə, nəinki yaraşıqlı binalar, heç əhaliyə vacib olan təşkilatlarda belə şərait yox idi. İnsanlar çətinliklərini zorla həll edirdilər. Məktəb binası yararsız halda idi. Uşaqlar şəraitsizlik ucbatından bəzən dərsə getməkdən yayınırdılar. Məktəblilərin aldıqları təhsilin keyfiyyəti isə aşağı olurdu.Yeni məktəb binası həmin çətinlikləri aradan qaldırıb. Məktəbimiz isə hələ görünüşü ilə insanda lap uşaq olmaq, parta arxasına keçib təhsil almaq həvəsi yaradır. Bu gün kəndimizdə yaradılan xidmət mərkəzində isə istədiyimiz məhsulu tapa bilirik.
Dövlətimizin bizlərə göstərdiyi qayğıya gəldikdə isə, a qızım, bax mən illərdir ki, tənha yaşayıram. Sağ olsun, dövlətimizi, mənə baxmaq, qulluq etmək üçün köməkçi də ayırıb. Vaxtaşırı həkimlər, tibb bacıları da gəlib səhhətimlə maraqlanırlar. Mən fürsətdən istifadə edib bu günün gənclərinə demək istəyirəm ki, onlar bu şəraitdən səmərəli istifadə etsinlər. Elm hər şeyin başında gəlir. Yaxşı təhsil alsınlar, vətənpərvər böyüyüb Azərbaycanımıza layiqli vətəndaşlar olsunlar.
Asya nənə ilə xoş söhbətdən sonra onunla sağollaşıb ayrılırıq. Öyrənirik ki, Azərbaycan Vətən Müharibəsinin iştirakçısı, qazimiz Ruslan Nəcəfov da şəhriyarlıdır. Hərbi Hospitalda müalicəsini davam etdirdikdən sonra xidmətə davam etdiyi üçün onunla görüşə bilmədik. Amma anası Ceyhunə xanım bizi gülərüzlə qarşılayır. Deyir ki, oğlu ilə fəxr edir. Çünki Vətən darda olanda Ruslan onların başını uca edib. Vətən hər birimizindir və onu qorumaq hər bir vətəndaşın borcudur. Oğlu da bu borcu layiqincə yerinə yetirib.
Artıq kənddən ayrılmaq vaxtıdır. Şəhriyarda görüşdüyümüz insanların söhbətləri bizdə yüksək təəssürat yaradıb. Kənddən elə bu təəssüratla ayrılırıq. Qəlbimizdən keçən müasirləşən növbəti ünvanlarla sizi tanış etmək ümidi ilə.

 Telli MƏMMƏDOVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930