SON DƏQİQƏ

naxcivanxeberleri.com

ALİM VƏ ŞAİR TUSİ

ALİM VƏ ŞAİR TUSİ
18-02-2021, 10:00

Azərbaycan xalqı yaxın və uzaq  tarixi bir dövrdə Yaxın Şərqə, bötüvlükdə dünya-bəşər mədəniyyətinə böyük simalar, görkəmli şəxsiyyətlər bəxş etmişdir. Azərbaycan xalqı Əcəmi Əbubəkiroğlunun sənətinin timsalında dünyaya sənət, yüksək mədəniyyət bayrağını, Nizami Gəncəvinin poetik istedadının surətində şeriyyət bayrağını, Nəsirəddin Tusinin simasında isə elm bayrağını qaldırmışdır.

XIII əsrin görkəmli alim, ictimai xadim və şairlərindən biri olan Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusinin (1201-1274) adı çox zaman elmin rəmzi olaraq çəkilir. Ensiklopedik zəka sahibi olan bu görkəmli şəxsiyyət öz sağlığında belə “alimlər alimi” olaraq ad qazanmış, geniş şöhrətə çatmışdır. Ona öz dövründə müasirləri və davamçıları “ustad əl-bəşər”, “sultan əl-hükəma”, “əsrinin yeganəsi”, “sonuncu filosof” kimi möhtərəm adlar qoymuşlar.  

Mənbələrdə bu görkəmli elm adamının 17 fevral 1201-ci ildə doğulduğu qeyd edilir. Mənbələrdə onun Naxçıvan əsilli olması, hətta Naxçıvanda, Ordubadda doğulması ilə bağlı fikrirlər mövcuddur. Belə ki, Nəsirəddin Tusinin həm əcdadları, həm də nəsil davamçıları Naxçıvanda, o cümlədən Ordubadda yaşamış, göstərilən böyük etimadla fərqlənmişlər. Tusi nəslindən olduğu deyilən, “etimaddövlə” kimi tanınan və Səfəvilər sarayənda vəzirlik edən Hatəm bəy Ordubadi deyilən fikirlərə etibarlı nümunədir. Hətta I Şah Abbas Tusi nəslindən olanların Ordubadda yaşamasını nzərə alaraq oranı bütünlüklə vergidən azad etməsi barədə 1604-cü ildə verdiyi fərman da bu gün də XVII əsrdə tikilmiş böyük Came məscidinin qapısı üstündəki daş kitabədə həkk olunaraq qalmaqdadır. Alimlər Xacə Nəsirəd­din Məhəmməd Tusinin atası Firuzşahın gənc yaşlarında təhsil almaq üçün Naxçıvandan Tus şəhərinə getdiyini və orada Firuzşah Cəhrudi ləqəbi ilə tanındığını yazırlar. Buna görə də Tusi nəslindən olanlar indi də bu ərazilərdə və Azərbaycanın başqa yerlərində yaşayırlar.

Nəsirəddin Tusi təpədən dırnağa qədər əvəzsiz bir alim idi. Hətta şagirdinin riyaziyyat sahəsində istedadını görən müəllimi heyrətə gələrək adamların arasında qürurla demişdi: “Mənim riyaziyyat sahəsində bildiklərim bu uşağınkından çox deyil. O, gələcəyin ən böyük alimi olacaq. Kim buna şübhə etsə, bir vaxt mənim sözlərimi xatırlayaraq peşman olacaq”. Bu görkəmli şəxsiyyət haqqında belə bir fikir də deyilmişdi ki: “O, gələcəyin alimi və elm dünyasını özünün idrak nuru ilə işıqlandıracaq görkəmli bir adam olacaq”. Doğrudan da, gələcəyinin ən qüdrətli alimlərindən olan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmış və hərtərəfli bir elm adamı kimi şöhrət tapmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin ən müxtəlif sahələrində başlıca mənbə olaraq istifadə edilməkdədir. Bu əsərlər məhz Nəsirəddin Tusinin zəngin elmi-ədəbi dünyagörüşü və bilklərinin monumental göstəricisidir. Həm də əxlaqçı və tərbiyəçi olan Nəsirəddin Tusi geniş şöhrət qazanmış “Əxlaqi-Nasiri” kimi əxlaq və mənəvi tərbiyə kitabında əxlaqi-ictimai görüşlərini təqdim etmişdir. Böyük alimin bu əsəri dşıdığı əhəmiyyətə görə bu gün də öz dəyərini qorumaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamla təsdiqlənən “Oxunması zəruri olan kitablar siyahısı”nda Nəsirəddin Tusinin böyük mənəviyyat kitabı olan “Əxlaqi-Nasiri” əsəri də yer almış, Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyi tərəfindən yüksək dizanyn və nəfis tərtibatla yenidən çoxsaylı tirajla çap edilmiş, muxtar respublikanın kitabxanalarına, mədəniyyət, elm və təhsil müəssisələrinə hədiyyə edilmişdir.

Görkəmli alim kimi yaddaşlarda qalan Nəsirəddin Tusi həm bədii yaradıcılıqla məşğul olmuş, ədəbiyyatşünaslıq və poetikaya dair kitablar yazmışdır. Tədqiqatçı, filologiya elmləri doktoru Yaqub Babayev haqlı olaraq yazır: “Onun (Nəsirəddin Tusinin-R.Q.) ədəbiyyatşünaslıq bacarığı və bədii talantı nəhəng və uca elmi əzəmətinin kölgəsində qalmış, daha doğrusu, alim Tusi şair və ədəbiyyatşünas Tusini unutdurmuşdur”. Bu baxımdan görkəmli alimin “Meyarül-əşar” (“Şeirin ölçüləri”) və məntiqə dair yazılmış “Əsasül-iqtibas” risaləsinin 9-cu fəsli poetikaya həsr olunan sanballı əsərlər kimi diqqəti cəlb edir. Bu mənada Tusini görkəmli filosof-alim Aristotellə müqayisə edib “Şərqin Aristoteli” adlandırmaq olar. Nəsirəddin Tusi öz istedadını daha çox dəqiq elmlərə həsr etməyinə baxmayaraq, zəngin şeir ənənələrindən çıxış edərək poetika haqqında sanballı kitab yazan ilk müəlliflərdəndir.

Alim və şair olan Nəsirəddin Tusi haqqında bəhs edən filologiya elmləri doktoru Yaqub Babayev yazır: “Xacə Nəsirəddinin şəxsiyyət və yaradıcılığında möhtəşəm elmi qabiliyyəti ilə şairlik məharəti qovuşmuş şəkildə idi. Sadəcə olaraq onun elmi siması o qədər parlaq idi ki, danışanları həmişə nisbətən kiçik görünən şair Tusinin deyil, daha əzəmətli görünən alim Tusinin fəaliyyəti cəlb edirdi. Bu mütəfəkkir şəxsiyyət isə şeirin həm nəzəriyyəsi, həm də praktiki inşası ilə məşğul olmuş, qiymətli poeziya nümunələri yaratmışdır”. Onun “Meyarül-əşar” (1251) əsəri və məntiqə aid yazdığı “Əsasül-iqtibas” əsərinin 9-cu fəsli şeirin nəzəri əsaslarına, poetikaya həsr olunmuşdu. “Əsasül-iqtibas” əsərində “Şeir nədir?” sualı ətrafında mühakimə aparan Nəsirəddin Tusi belə mülahizə edirdi: “Şeir məntiq baxımından təxəyyüllü sözdür. Bizim dövrdə isə vəznli və qafiyəli kəlama deyilir. ...Təxəyyüllü, amma vəznsiz və qafiyəsiz olan sözə isə şeir demirlər. Qədimdə isə təxəyyüllü sözə həqiqi vəzni və qafiyəsi olmasa da, şeir deyirdilər”. Müəllif bu barədə fikirlərini inkişaf etdirərək yazır: “Şeirin maddəsi sözdür, surəti isə müasir baxışa görə vəzn və qafiyədir. Məntiqçilərin fikrincə isə, şeirin surəti təxəyyüldür”. Tusi belə qənaətə gəlirdi ki, obrazlılıq, başqa sözlə, bədii yalanpoetik kəlamın bəzəyi və gözəlliyi rolunu oynayır. Buna görə də “şeirin ən gözəli ən yalan olanıdır” və s. Tusi şeirdə bənzətmələrin işlədilməsinə xüsusi əhəmiyyət verirdi. Çünki bənzətmələr məhz obrazlılıq göstəricisi kimi çıxış edir. Buna görə də N.Tusi bənzətmələr haqqında bəhs edərkən onları “mümkün və mümkünsüz” deyə iki yerə bölürdü və əhəmiyyətindən bəhs edərək yazırdı: “Bənzətmələri düzgün işlətməyən şairin səhv etməsi ata pəncə, şirə nal çəkən rəssamın səhvi kimidir” deyirdi. Mümkündən mümkünsüzə meyil edən bənzətmələrə xurafat deyirdi N.Tusi: “Amma ola bilər ki, bunu daha üstün saysınlar”.  

Alimin şairlik məharətindən xəbər verirdi ki, o, nücum elminə həsr olunmuş “İxtiyarati-Seyrül Qəmər” və “Şərhi-Təqvim” adlı elmi əsərlərini nəzmlə qələmə almış, elmi mülahizlərini bədii vasitə və dillə ifadə etmişdir. Hətta alimin “Əxlaqi-Nasiri” əsərində də xeyli poetik nümunələr vardır ki, onun şairlik məharəti və poetik düşüncəsini uğurla təcəssüm etdirir.

Alimin bədii yaradıcılığından müəyyən bir hissə elmə məlumdur. Rübai, qəzəl, qitə, təkbeyt və başqa janrlarda yazılmış bu bədii nümunələr həm də məharətli və geniş poetik düşüncəli şair Tusinin istedad və qabiliyyətinin nailiyyətləridir. Bədii yaradıcılığa da malik olan Nəsirəddin Tusi şeirlərindən birində: “Mənim üçün səadət günü və eyşü şadlıq gecəsi mütaliə gecəsidir”, – deyə oxumaq və bilik qazanmağı insan üçün ən vacib hal saymışdır:

Dünya ləzzətləri edəmmir əsir,

Az oldu, çox oldu, eynimə gəlmir.

Eyş-işrət, kef-damaq mənimçün yalnız

Gündüz dərs, gecələr mütaliədir.

 

Və yaxud:

 

Elin qayğısını çəkə biləsən,

Sınıq bir ürəyi tikə biləsən.

 Ədəbi-bədii yaradıcılığa malik sənətkar olan Tusi bədii əsərlərini nəzm və nəsr şəkilində yazmışdır. Bu əsərlərdə Tusinin nadir istedadı və bədii təfəkkürü özünü nümayiş etdirir. Onun şeirlərində insanın mənəvi gözəllikləri, həyat eşqi əsas yer tutaraq həyatdakı zülmə və zalıma qarşı mübarizə ruhunu əks etdirir. Şierlərindən birində deyirdi:

Dünyada çoxları çox səy etdilər,

“Kəşf etdim” deyərək səs yüksəltdilər.

Dolaşıq bir düyün rast gələn kimi,

Ona bir düyün də vurub getdilər.

 

Tusinin bədii irsində ictimai məzmunun aparıcı yerdə dayandığını xüsusilə qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, Nəsirəddin Tusinin mənsub olduğu ictimai mühitin, dövrün özü qarışıq, ictimai-siyasi hadisələrlə zəngin idi. Təsadüfi deyildi ki, Tusinin özü şəxsiyyət və dünyagörüşü etibarilə müxtəlif elm sahələrilə məşğul olan, varlıq, dünya haqqında düşüncələrə sahib bir alim və söz sənətkarı idi. Bu da maraqlı ola bilər ki, dövrün bir sıra ədalətsizlikləri və zülmünə alimin özü də məruz qalmışdı. Xaqani Şirvani, Fələki, M.P.Vaqif kimi görkəmli elm adamı və şair Nəsirəddin Tusi də həm öz istedadına görə paxıllıqla qarşılanmış, həm də hökmdarın zindana salınma cəzasına məruz qalmışdı. Qeyd edək ki, alimin həyatının Kuhistan dövründə əvvəllər ona xoş münasibət bəsləyən hökmdar Nasir Möhtəşəm sonradan onu cəzalandıraraq Ələmut qalasında göz dustağına çevirmişdir. Alim “Şərhül-işarət” adlı əsərində də etdiyi qeydlərdə şəraitinin ağırlığını təsvir etmişdir. Amma bununla belə məhz bu ağır şəraitdə belə istedadlı alim və ədib neçə-neçə qiymətli əsərini qələmə almışdır. Ömrünün ən yaxşı çağlarında gününü zindanda keçirmək bu nəhəng şəxsiyyətin yaradıcılığında ədalət axtarıcılığı, ictimai etiraz və şikayətləri ilə əks olunmuşdu. Bu baxımdan onun bədii irsində “Görürəm” rədifli əsəri xüsusilə diqqət cəlb edir:

Bu qədər cövrü dövrdən ki, məni zar görürəm,

Deyəcək kimsə yox, aləmi tar-mar görürəm.

Hara döndümsə eşitdim qəm ilə qüssə sözün,

Kimə baxsam, gecə-gündüz onu ağlar görürəm.

Heç kim üz tutmayan ən nakəs adamlar indi,

Üzə çıxmış, çatıb hər mənsəbə onlar, görürəm.

Harda pis vardısa, çevrilib olub izzətli,

Əyləşib ali imarətdə tacidar görürəm.

Zamanın gərdişi kinlə zəncirin hazır edib,

Tək hünər əhlini qılmış da giriftar görürəm.

Şairin dövrdən giley üzərində yazılmış bu əsərini Azərbaycan ədəbiyyatında bir ənənə şəklini alan “Görmədim” rədifli şeirlərlə müqayisə etmək olar. İstər aşıq ədəbiyyatındakı Ələsgərin, istərsə də yazılı ədəbiyyatımızakı M.P.Vaqifin  “Görmədim“ rədifli şeirləri məhz bu məzmuna uyğundur. Bunu da əlavə etsək ki, şair Nəsirəddin Tusi görkəmli şairlər Xaqani və Fələki Şirvani kimi uzun müddət zindanda qalıb, onun yaradıcılığındakı zülm və sitəmdən şikayətin həmin ədəbi simaların yaradıcılığındakı şikayətlə vəhdətini aydın görmək olar.

Beləliklə, bütün dünyanın nəhəng alim və mütəfəkkir kimi tanıdığı Nəsirəddin Tusi həm də gözəl şair və həssas söz ustadıdır. Onun zəngin elmi irsi ilə birlikdə heç də az əhəmiyyət kəsb etməyən bədii irsi bu görkəmli şəxsiyyətin yaradıcılıq istedadına işır tutur, ona ədəbiyyatımızın görkəmli söz ustadı kimi əbədiyaşarlıq qazandırır. Azərbaycan dövləti də həmişə bu böyük şəxsiyyətə qayğı ilə yanaşmış, yubileyləri böyük təntənə ilə qeyd edilmiş, adına medal təsis olunmuş, əsərləri təkrar-təkrar çap olunmuşdur. Dünyaşöhrətli alimin 800 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq aləmdə də təntənəli şəkildə qeyd edilmişdir.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031