SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yetkinlik yaşına çatmayanların hüquqi cəhətdən maarifləndirilməsi daim diqqət mərkəzindədir

Yetkinlik yaşına çatmayanların hüquqi cəhətdən maarifləndirilməsi daim diqqət mərkəzindədir
9-02-2021, 17:30

Culfa rayon prokurorluğunda tərtib olunmuş müvafiq tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun əməkdaşlarıının təşkilatçılığı ilə Culfa rayon Kırna kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə Culfa rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Nəriman Vəliyev “14 yaşına çatmış şəxslərin cinayət məsuliyyəti” başlıqlı mövzu ilə çıxış edərək bildirmişdir ki, cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət subyekti, qeyd edildiyi kimi, cinayət törətdiyi zaman qanunla müəyyən edilən yaş həddinə çatan şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsinin 1-ci hissəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Lakin yetkinlik yaşına çatmayanların törətdikləri əməllərin ictimai - təhlükəliliyini, onun xarakter və mahiyyətini dərk etmələrini nəzərə alaraq qanun, bu şəxslər üçün məhdud qaydada daha erkən yaş həddi müəyyən etməklə bu qaydalardan istisnalara yol verir. Qanunvericilikdə 14 yaşından 16 yaşına qədər şəxslərin törədə biləcəkləri cinayətlərin konkret siyahısı müəyyən edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 20.2.- ci maddəsində göstərilir ki, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Bu maddənin məzmunundan belə nəticə çıxır ki, 14 yaşından 16 yaşına qədər yetkinlik yaşına çatmayanlar qəsdən törədilən cinayətlərə görə məsuliyyət daşıyırlar. Lakin bu o demək deyil ki, cinayət törədərkən 14 yaşı tamam olmamış şəxslər məsuliyyətdən kənarda qalır. Belə ki, 14 yaşınadək cinayət əməli törətmiş şəxslərə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası” tərəfindən müəyyən sanksiyalar tətbiq edilə bilər.

Daha sonra Culfa rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Heydər İbrahimli “Vətənin müdafiəsi hər birimizin müqəddəs borcudur” başlıqlı mövzu ilə çıxış edərək bildirmişdir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası bu gün həm siyasi, həm də sosial-iqtisadi inkişafına görə regionumuzun ən  inkişaf etmiş dövlətinə çevrilmişdir. Ulu Öndərimizin 1993-cü ildə siyasi hakimiyyətə xilaskar qayıdışından sonra müstəqil Azərbaycan Respublikasının ictimai həyatının bütün sahələrində olduğu kimi, Silahlı Qüvvələrin quruculuğu sahəsində də böyük nailiyyətlər əldə olunmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin doğma Azərbaycanımızın çiçəklənməsi və inkişafı naminə həyata keçirdiyi uğurlu dövlətçilik siyasəti bu gün də Ümummilli Liderimizin layiqli davamçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən böyük qətiyyətlə davam etdirilir. Bu gün ictimai həyatın digər sahələrində olduğu kimi dövlət başçısının ordu quruculuğuna göstərdiyi  gündəlik diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş qabiliyyəti və maddi-texniki bazası daha da möhkəmlənmiş və müzəffər ordumuz tərəfindən düşmən üzərində qətiyyətli qələbə qazanmaqla, uzun illərdir işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunmuşdur. Müstəqil dövlətimizin Silahlı Qüvvələrində xidmət etmək hər bir şəxsin müqəddəs borcudur. Eyni zamanda bu müqəddəs vəzifə ali Qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının hər bir vətəndaşı qanunla müəyyən olunmuş qaydada və müddətdə müddətli həqiqi hərbi xidmət keçməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq iqtidarında olan Silahlı Qüvvələrimizin formalaşdırılması üçün Konstitusiyamızın 76-cı maddəsində nəzərdə tutulmuş müddəalar baza rolunu oynayır. 23 dekabr 2011-ci il tarixdə qəbul olunmuş “Hərbi vəzifə və hərbi xidmət haqqında qanuna əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Çıxışın sonunda Heydər İbrahimli bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmiş və verilmiş suallar cavablandırılmışdır.

Heydər ibrahimli

Culfa rayon prokurorunun

köməkçisi vəzifəsi üzrə stajor 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31