SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qarabağ - siyasi tariximizin “Qordi düyünü”

Qarabağ - siyasi tariximizin “Qordi düyünü”
24-01-2021, 14:14

“Qordi düyünü” nədir?-Rəvayətə görə, Finikayada Zevs məbədinin kahini xəbər verir ki, şəhər qapısından kim birinci daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə birinci naməlum bir kəndli öz arabasında daxil olur. Bu kəndlinin adı Qordion idi. Şərtə görə, onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək məqsədilə Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordion öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə bir düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: “O cahana sahib olacaq! Ancaq siyasi yolla deyil, qılınc gücünə!” Qarabağ probleminin başlanması, baş verənlər, xalqımızın bu hadisələrə münasibəti, insanların simasına çökən qəm kölgəsi, bu ağrıları yaşamaq nəsibimiz oldu. Ancaq tale elə gətirdi ki, bu dəfə Qarabağ dərdini yaşamaq bir deyil, bir neçə nəslin qismətinə düşdü. 30 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq Qarabağ adlı yara heç qaysaq tutmadı. Azərbaycan bənzəri olmayan gözəlliklər diyarı uğrunda şəhid olan qəhrəman övladlarının narahat ruhları ilə yaşadı... Bu illər ərzində Qarabağ üzərindən oynanılan çox oyunlara şahid olduq. Rusiyanın hegemonluq ambisiyaları, Ermənistanın işğalçılıq niyyətləri, mənfur xislətlərindən doğan hərəkətləri, ABŞ-ın apardığı nüfuz savaşına meydan oldu ölkəmiz. Müxtəlif humanist adlar altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar isə bu “Qordi düyünü”nə tamaşaçı qaldılar. Ancaq dövlətimiz heç bir oyuna gəlməyərək başını dik tutdu, müstəqilliyin ilk kövrək addımlarını atsa da, dirəndi, dünyaya göstərdi ki, yürüdüyü yol haqq yoludur! Bu yolda ölmək var, öldürmək var, ancaq öz torpaqlarını qurban vermək yoxdur. Bu geri dönülməzdir! Qarabağ məsələsi “Qordi düyü - nü”nə düşmüşdü. “Qordi düyünü” elə adına layiq tərzdə də açılmalıdır! Azərbaycan 30 illik zaman kəsiyində dünyaya açıldı, inkişaf etdi, həm də hərtərəfli. Yeri gələndə sözünü daima və ucadan dedi. Xocalı faciəsinin, qətliamının üzərindən sükutla keçib qondarma erməni “genosid”ini tanımaqla Ermənistana mənəvi dayaq duran “dost” münasibətində olan, ancaq hansısa bir variantla işğalçı ölkəyə maddi yardım əlini uzadan bəzi ölkələrin tutduğu mövqe, getdiyi yol tarixin təkərini geri fırlatmaq, Azərbaycanın ərazisini ondan qoparmaq gücündə deyil! Həqiqət odur ki, Azərbaycan 30 il öncəki ölkə deyil. Ötən müddət ərzində hər zaman arxasında duran güclərə güvənən Ermənistan son illərdə Azərbaycanın artan nüfuzunun fərqinə vardı və hiss etdi ki, getdikcə ümidini daha çox itirir. Torpaqlarımızı uzun illər işğal altında saxlasa da, bu torpaqlarda qurduğu qondarma “respublika” nı, yalnız dünya dövlətləri deyil, heç öz parlamentinin tanımaması bu ölkə rəhbərliyinin elə daxilində nüfuzunu heçə endirdi. Məhz daxildə artan bu gərginliyi ört-basdır etmək məqsədi ilə 2016- cı ilin aprelində Azərbaycan üzərinə hücuma keçən Ermənistan bununla özünü daha çətin duruma saldı. Atəşkəsi pozub sonra bu təşəbbüsün Azərbaycan tərəfindən gəldiyini israrla ictimai şüura yeritməyi hədəfləyən işğalçı ölkə həm gündəm mövzusunu dəyişmək, ölkə içində narazılığı ləngitmək, həm də, Azərbaycanı aqressor kimi təqdim edib, onun beynəlxalq arenada qazandığı nüfuzuna kölgə salacağını düşünürdü. Əslində isə özü daha gülünc duruma düşdü. “Dördgünlük müharibə” nin nəticələri Ermənistan üçün çox gözlənilməz oldu... Dəqiq mesaj verilmişdi. Dördgünlük müharibənin dayandırılmasından keçən müddət ərzində Ermənistan müharibənin başlanması və atəşkəs təşəbbüsünün özünə aid olduğunu gizlətməyə çalışsa da, beynəlxalq aləm hər şeyi öz adı ilə çağırmağa meyilli görünürdü. Bu müharibə bir məsələni daha dəqiqliyi ilə ortaya qoydu. Azərbaycan bundan sonra status-kvonun qalmasına razı olmayacaq! Həmçinin Ermənistan anladı ki, Azərbaycan hərbi çözüm yoluna əl atarsa, qarşısında dura bilməyəcək. 2020-ci ilin iyul ayında erməni işğalçılarına ordumuzun əsgərləri lazımi cavab verdi, humanistlik edərək atəşkəsə yenə əməl edildi. Ancaq baş verənlər göstərdi ki, nə qədər zamanın keçməsinin heç bir fərqi yoxdur. Dəyişməyən bir gerçəklik olduğu kimi qalır-Azərbaycan torpaq itkisi ilə heç vaxt barışmayacaq. 2020-ci il sentyabrın 27-də başlanan zəfər yürüşü işğalçılara qarşı əks-hücum... Bütün xalq, prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin səsinə səs verdi. Bir yumruq altında birləşən xalqımız torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda şərəflə döyüşmək üçün səfərbər oldu. Ordumuzun əsgərlərinin gücü və Ali Baş Komandanımızın düzgün taktikası nəticəsində 44 günlük müharibədə zəfər çalındı. Ermənilər layiq olduqları cavabı aldı və torpaqlarımızdan qovuldular. Onlar nə qədər vandallıq, qəddarlıq göstərsələr də, xalqın iradəsini qıra, əsgərlərimizin şücaətini azalda bilmədilər. Müharibə qansız-qadasız keçməz, deyirlər. Torpaqlarımız da igidlərimizin qanı, canı bahasına alındı, məğlubluq, qaçqınlıq kölgəsi üzlərindən silindi, hər kəs qalib ölkənin vətəndaşı, yurd-yuvalı olması ilə fəxr etdi. Şəhid, itkin və yaralı, döyüşkən qazilərimizin anaları- əzizləri şəhid ruhlarının nigarançılıqdan qurtarılmasına, əzizlərinin qanınının yerdə qalmamasına sevindi. İnsanların həyat eşqi gücləndi... “Qordi düyünü” öz anlamına xas bir tərzdə açıldı, kəsildi... İndi qaçqın və köçkün titulundan azad olanlar öz yurdlarına dönmək və işğalçıların viran qoyduğu o yerləri laləzara çevirmək, cənnətməkan etmək, ocaqlarını yenidən çatmaq arzusundadırlar. Yolunuz açıq olsun!

Alim AĞAYEV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031