SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qayğısız qış günlərimiz...

Qayğısız qış günlərimiz...
24-01-2021, 12:43

Hörmətli redaksiya! Mən bu məktubu sizə Türkeş kəndindən yazıram. Kənd sakinlərinə göstərilən dövlət qayğısına görə istəyirəm ki, minnətdarlıq məktubumu oxucularınızla da paylaşasınız. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə 1990-ci illərdə qarşılaşdığımız bütün çətinliklər geridə qaldı. Ulu öndərin müdrikliyi, uzaqgörənliyi sayəsində müstəqillik qazandıqdan sonra ölkəmiz inkişaf və tərəqqi yolunda uğurla addımlamağa başladı. Bu gün qürur hissi ilə deyə bilərik ki, muxtar respublikamızda bərqərar olunmuş sabitlik, insanların gün-güzəranının daha da yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi bütün naxçıvanlıların qurub-yaratmaq əzmini birə-beş qat artırıb. Bu inkişafdan bizim yaşadığımız Türkeş kəndinə də pay düşüb. Ötən illərdə kəndimizdə kənd mərkəzi, xidmət mərkəzi, məktəb binası istifadəyə verildi. Sevinirik ki, bizim kəndimiz də illərlə həsrətində olduğu öz müasirliyinə qovuşdu. Kənd sakinlərinin istifadəsində olan yeni tikililər, xüsusilə də məktəb binası, sözün həqiqi mənasında, adamın ürəyini “dağa” döndərir. İndi övladlarımızı, nəvələrimizi alnıacıq, üzüağ məktəbə göndərə bilirik, onlar da heç nədən korluq çəkmədən rahat, hamar yollarla sevincək məktəbə yollanırlar. Qar yağan zaman yollar da texnika vasitəsilə buzlaşmadan təmizlənir. Bunların hər biri əhaliyə göstərilən dövlət qayğısı sayəsindədir. Hər birimizin açılışını səbirsizliklə gözlədiyimiz xidmət mərkəzində ərzaq və təsərrüfat malları mağazası, ət dükanı və bir çox sahələr fəaliyyət göstərir. Xidmət mərkəzinin içərisinə daxil olanda, burada dövlətimiz tərəfindən yaradılan şərait adamı heyrətləndirir. Biz kənd sakinləri indi artıq vəsait xərcləmədən, vaxt itirmədən, rayon mərkəzinə üz tutmadan ehtiyacları olan ərzaq mallarını və bir çox işləri elə kəndimizdəcə istifadəmizə verilən mərkəzdəcə həll edirik. Onu da deyim ki, bütün bu sadalananlar insanların qurub-yaratmaq əzminə öz təsirini göstərir. Sevinc hissi ilə deyə bilərəm ki, yola saldığımız ötən illər kəndimizin hər bir sakini kimi, mənim də yaddaşımda silinməz bir xatirə kimi qalacaqdır. Bizim üçün yaradılan müasir şəraitlərlə yanaşı, kəndimizdə avtomobil yolu da yenidən quruldu. Həmçinin burada 350 hektar pay torpaqlarını əhatə edən qapalı suvarma şəbəkəsi də qurulub. Bütün bunlar kənd sakinlərinin rahat yaşayışının və məşğulluğunun təmin edilməsi üçün təşkil edilmişdir. Mənim də kənddə pay torpağım var. Bu pay torpağımda hər il ailəmlə birgə taxıl, tərəvəz əkirəm. Ancaq suvarma suyu sarıdan, həqiqətən də, çox korluq çəkirdik. Əkinimizdən istədiyimiz qədər məhsul əldə edə bilmirdik, bütün bunlar biz kənd sakinlərini ruhdan salırdı, sahibi olduğumuz torpağı əkib-becərməkdə çətinlik çəkirdik. Ancaq ötən illərdə istifadəmizə verilən qapalı suvarma şəbəkəsi kənd sakinlərinin qarşılaşacağı çətinliklərin qarşısını aldı. Bu da bizə imkan verir ki, torpağımızı rahatlıqla əkib, vaxtında suvarmanı təmin edib, bol məhsul götürək. Hazırda kənddə böyükdən-kiçiyə hər kəs qızıldan qiymətli sərvət olan torpağı əkib-becərməkdə çox həvəslidir. Bu da zəhmətsevər kənd sakinlərinə imkan verir ki, “Ailə təsərrüfatı məhsulları” festivallarında, kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında layiqincə iştirak etsinlər. Kənd sakinləri qurulub-yaradılanları onlara göstərilən qayğı kimi qəbul edirlər. Bu gün biz sevinc hissi ilə deyə bilərik ki, kənddə sakinlərin yüksək səviyyədə yaşayışı üçün dövlətimiz tərəfindən bütün lazımi şərait yaradılıb. Yaradılanları qorumağı, gələcək nəslə ərməğan etməyi hər bir Türkeş sakini özünün artıq vətəndaşlıq borcuna çevirib. İnsan ona göstərilən qayğını görəndə təbii ki, onun qurub-yaratmaq əzmi daha da yüksəlir. Elə bu yaradılanların, qurulanların nəticəsidir ki, biz də yurd yerimizə indi daha möhkəm, sıx tellərlə bağlanmışıq, burada yaşamaqdan qürur duyuruq. Bu gün kəndlə şəhər arasındakı fərq aradan qaldırılıb. Qurulanlar, yaradılanlar sayəsində gün-güzəranımız yüksək səviyyəyə çatdırılıb. Bu gün biz kənddə yaşamağımıza baxmayaraq, təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təmin edilirik. Bir sözlə, deyə bilərik ki, əvvəlki illərdən fərqli olaraq, indi qış fəslində heç bir çətinliyimiz olmur. Bu il qışın çox da sərt keçməsinə baxmayaraq, kəndimizdə sakinlər heç bir çətinliklə üzləşmədilər. Burada dövlət qayğısı sayəsində yaradılanlardan hər bir kənd sakini qürurla söz açır. Hərtərəfli dövlət qayğısını hiss edən kənd adamlarının üzü gülür. Ölkəmizdə aparılan məqsədyönlü işlərin gözəl nəticələrini gördükcə başa düşürük ki, bütün bunlara dövlət qayğısı sayəsində nail olmuşuq. Görülən işlərə və qurulub-yaradılanlara görə kənd sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.

Arif Hüseynov

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031