SON DƏQİQƏ

naxcivanxeberleri.com

“20 Yanvar faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

“20 Yanvar faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib
19-01-2021, 22:24

AMEA Naxçıvan Bölməsində “20 Yanvar faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Bölmənin sədri akademik İsmayıl Hacıyev tariximizin faciəli, eyni zamanda qəhrəmanlıq səhifələrindən biri olan Qanlı Yanvar hadisəsi, həmin dövrdə ölkədə hökm sürən ictimai-siyasi vəziyyətlə bağlı məlumat verib. Alim bildirib ki, həmin dəhşət dolu gecədən sonra Azərbaycan xalqının haqq səsini heç yerə duyura bilmədiyi bir vaxtda ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək törədilmiş qırğını sərt tənqid etmiş, xalqımıza qarşı göstərilən biganə münasibətə öz haqlı etirazını bildirmişdir.

Sonra Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, həmin İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin “20 Yanvar faciəsi və ümummilli lider Heydər Əliyev tərəfindən ona siyasi qiymət verilməsi”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucovanın “20 Yanvar faciəsi bədii ədəbiyyatda” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə bildirilib ki, 20 Yanvar faciəsindən ötən 3 il ərzində o vaxtkı ölkə rəhbərliyinin etinasızlığı nəticəsində bu qanlı günün beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində heç bir addım atılmamış, yalnız 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilmişdir.

Qeyd olunub ki, Azərbaycan xalqının birliyini, azadlıq əzmini silah gücünə qırmağa çalışan bəzi siyasi dairələr istəklərinə müvəffəq ola bilmədi, əksinə bu qanlı qırğın xalqımızın mübarizə əzmini daha da gücləndirdi. Bu mübarizlik, Vətən sevgisi publisistik məqalələrlə yanaşı, bədii ədəbiyyat nümunələrində də öz əksinin tapmışdır. Həmin əsərlərdə Naxçıvanın SSRİ-nin tərkibindən çıxarılmasının elan olunması, Azərbaycan televiziyasının enerji bloku partladıldığından 1990-cı ilin 20 yanvarında baş verən faciənin Naxçıvan televiziyası vasitəsilə 7 dildə dünyaya çatdırılması, bunları planlayan, təşkil edənlər və icra edənlər haqqında məlumatlar oxuculara böyük ustalıqla təqdim olunur.

Sonda vurğulanıb ki, şəhidlərimizin xatirəsinə ən böyük abidə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüdür. Vətən uğrunda canından keçən soydaşlarımızın ruhları artıq şaddır, çünki Azərbaycan artıq öz ərazi bütövlüyünü tam təmin edib.  

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728