SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tanınmış alimin əsərlərindən ibarət sərgi təşkil olunub-FOTO

Tanınmış alimin əsərlərindən ibarət sərgi təşkil olunub-FOTO
19-01-2021, 20:13

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev sarayında akademik İsmayıl Hacıyevin əsərlərindən ibarət sərgi təşkil edilmiş, alimin yeni nəşr olunmuş kitablarının imza günü keçirilmişdir. Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə 12 yanvar 2021-ci il tarixdə təsdiq etdiyi Tədbirlər planına əsasən keçirilmişdir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid akademikin elmi fəaliyyətinə qısa nəzər salıb.

Surə Seyid bildirib ki, Azərbaycan tarix elminin inkişafına öz əsərləri ilə qiymətli töhfələr verən akademik İsmayıl Hacıyevin elmi fəaliyyətinin əsas istiqamətləri ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və soyqırım siyasəti, Naxçıvanın ərazi taleyi, Araz-Türk Respublikası kimi mühüm mövzuları əhatə edir. Alim elmi fəaliyyətinin böyük mərhələsini Naxçıvanın dövlətçilik tariximizdəki yeri və rolunun öyrənilməsinə həsr etmiş, onun bu mövzuda qələmə aldığı əsərlər ölkə elmi ictimaiyyəti tərəfindən daim rəğbətlə qarşılanmışdır. Görkəmli tədqiqatçının “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı sanballı elmi tədqiqat əsəri elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülmüşdür.

Vurğulanıb ki, Azərbaycan tarixşünaslığında Gümrü, Moskva və Qars müqavilələrinin tədqiqi İsmayıl Hacıyevin araşdırmalarında önəmli məsələlərdəndir. Naxçıvan diyarının Azərbaycanın tərkibində muxtariyyət əldə etməsində xüsusi xidmətləri olmuş Behbud ağa Şaxtaxtinskinin elmi tədqiqata cəlb edilməsi də məhz İsmayıl Hacıyevin adı ilə bağlıdır. Alimin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı (1995-2019-cu illər)” adlı monoqrafiyalarında İsmayıl Hacıyev həmin hadisələrin iştirakçısı və ilk tədqiqatçısı kimi Naxçıvan Muxtar Respublikasının müstəqillik dövrü tarixinin obyektiv mənzərəsini yaratmışdır. Ömrünün böyük bir hissəsini Azərbaycan tarixinin tədqiqinə həsr etmiş akademik 54 kitab və monoqrafiyanın 700-ə yaxın elmi və elmi-kütləvi məqalənin, 300-dən artıq qəzet məqaləsinin müəllifidir.

Daha sonra çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev akademik İsmayıl Hacıyev öz fundamental tədqiqatları ilə fərqlənən bir alim olduğunu söyləyib. Qeyd edib ki, İsmayıl Hacıyev muxtar respublikanın tədqiqi istiqamətində yorulmaz fəaliyyət göstərmiş, Naxçıvan tarixinin Azərbaycan tarixşünaslığında yeni faktlarla zənginləşdirilməsində müstəsna xidmətləri olmuşdur. O, Naxçıvanın tarixin bütün dövrlərində keçdiyi inkişaf yolunu əsl tarixçi mövqeyindən tədqiq etməklə sovet hakimiyyəti dövründə qəsdən təhrif edilmiş bir çox faktları yenidən araşdırmış, əsl həqiqətlərin aşkara çıxarılmasında böyük rol oynamışdır. İsmayıl Hacıyev təkcə Azərbaycanda deyil, eləcə də dünyada Naxçıvanşünas alim kimi tanınır. Onun bütün əsərləri tariximizin dünyaya təqdim edilməsi missiyasını uğurla yerinə yetirir.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev İsmayıl Hacıyevin yüksək əxlaqi keyfiyyətlərindən, təşkilatçılıq qabiliyyətindən, elmə, təhsilə verdiyi önəm və elmi fəaliyyətinin ən incə məqamların bəhs edib.

Sonra AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev çıxışında qeyd edib ki, akademik İsmayıl Hacıyevin çox sahəli tədqiqatları əsrlər boyu davam etmiş və bu gün də davam edən erməni təbliğatına ən yaxşı cavabdır. Onun dövlətçilik tariximizin tədqiqi sahəsində gördüyü işlərin, bu sahədə apardığı araşdırmaların və əldə etdiyi elmi nailiyyətlərin xüsusi önəm daşıdığını vurğulayan alim qeyd edib ki, qədim dövlətçilik tariximizin faktlarla dünyaya təqdim edilməsində İsmayıl Hacıyevin böyük əməyi vardır.

Çıxış edən akademik İsmayıl Hacıyev elmin inkişafına göstərilən dövlət qayğısını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Naxçıvan ziyalılarına göstəridiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

         Sonra tədbir iştirakçıları alimin əsərlərindən ibarət sərgi ilə tanış olublar və müəllif öz imzası ilə kitablarını oxuculara təqdim edib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728