SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sənətlə nəfəs alan aktyor - Səməd Canbaxşiyev yazır...

Sənətlə nəfəs alan aktyor - Səməd Canbaxşiyev yazır...
19-01-2021, 18:22

Həyatda elə insanlar var ki onların amalı, məqsədi sənəti sonsuz məhəbbətlə sevmək, ona  bağlı olmaqdır.  Bu adamlar anadan doğulma incəsənət adamları: yaradıcı sənətkar, aktyor, müğənni, rəssam olurlar. Bəzi insanları seçdiyi sənət ucaltsa da, bəziləri seçdiyi sənəti ucaldır.

19 yanvar onun  doğum günüdür. O, 1966-cı ildə Babək rayonunun Nəhəcir kəndində anadan olub. Bu il 55 yaşını qeyd edir.  Bəlkə də onu tanımayanlar ola bilər, oynadığı rolları, yaratdığı obrazları görməyənlər tapılar. Amma onu tanıyanlar sənətinə və sənətkarlığına yaxşı bələddirlər. Söhbət Azərbaycan Respublikasının əməkdar artisti, 25 ildir ömrünü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrına və sənətə bağlayan  aktyor Vidadi Rəcəblidən gedir.

  Onu çoxdan tanıyıram. Hətta məni 1996-cı ildə Naxçıvan Dövlət Kukla Teatrından musiqili dram teatra da israrla gətirən o olub. Elə ilk rolumu da onunla eyni tamaşada- Həmid Arzulunun “İtilənən xəncərlər” əsərində oynamışam. Vidadi ilk baxışdan zahirən ciddi adam təsiri bağışlasa da, əslində güclü yumor hissi olan, həddindən artıq enerjili  adamdır. Onda olan, istənilən adamla münasibət qurmaq, dərdləşmək, səmimi həmsöhbət olmaq bacarığı çox az adamda müşahidə edilə bilər. Bu isə aktyor üçün Tanrı tərəfindən verilən bir istedad, qabiliyyətdir. Çünki fərdlə tez bir zamanda münasibət quran adam geniş tamaşaçı auditoriyasını da ələ ala bilir. Çəkinmədən sözü hamının üzünə demək-bu da onun xasiyyətinin bir hissəsidir. Deyir ki, bu doğulduğum bürcdən – Oğlaq bürcündən irəli gəlir. Həmişə həqiqətin tərəfində olmaq, ətrafdakılara daha çox qayğı göstərmək və onlara kömək etmək bu bürcün altında doğulan insanların xasiyyətidir. Elə buna görə də, özündən çox yoldaşlarının tərəfini saxlamaq, onlar üçün əlindən gələni etməyə çalışmaq onu az bir zamanda Naxçıvan teatrında hamının sevimlisinə çevirdi. Bu xüsusiyyəti oynadığı rollara da sirayət edir, yaratdığı obrazları tərəf müqabillərinin, sənət yoldaşlarının və ən əsası tamaşaçılarının sevimlisinə çevirir.

Vidadi Rəcəblinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yaratdığı obrazlar qalareyası çox zəngindir. Bu günə qədər onun ifasında 70-ə qədər müxtəlif səpkili dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında obrazlar tamaşaçılara təqdim edilib.  Ü. Hacıbəyovun "Arşın mal alan"ında Süleyman, H. Cavidin "Topal Teymur"unda Sabutay, "İblis"ində Ərəb zabiti, "Səyavuş"unda Tus, Yalçın,  İ. Əfəndiyevin "Hökmdar və qızı"nda Saday bəy, "Şeyx Xiyabani"də Hacı Fərhad,  Elçinin "Mənim ərim dəlidir"ində Dost, "Mənim sevimli dəlim"də Ponteleymon Polikarpoviç,  "Ah, Paris...Paris"ində Eynsteyn,  İ. Məlikzadənin "Gəl, qohum olağ"ında Qarakişi, "Hərənin öz ulduzu"nda Əlibala,  C. Məmmədquluzadənin "Qurbanəli bəy"ində Aşpaz Əli, "Dəli yığıncağı"nda Farmasion Rüstəm, N. Nərimanovun "Nadir şah"ında Cəfər xan, N. Həsənzadənin "Atabəylər"ində Əbubəkir, Mahmud, Ayəba, "Pompeyin Qafqaza yürüşü"ndə Qasid, M. F. Axundovun "Lənkəran xanının vəziri"ndə Heydər, Mir Cəlalın "Dirilən adam"ında Sultanəli, S.Rüstəm və M.S.Ordubadinin "Beş manatlıq gəlin"ində Qiyas, Ə. Əsgərov "Qız atası"nda Vilayət, R. Əhmədzadənin "Hələlik" əsərində  Qorxmazov, V. Qubarevin "Sehirli yaylıq" tamaşasında Pişikdiş, H. Arzulunun "Əlincə qalası"nda Əhəd, Ş. Sadiqin "Qana qan qarışdı"sında Beyrək, A. Babayevin "Yarımçıq şəkil"ində Vaso, H. Elsevərin "Koroğlu nəsli"ndə Bağır, S. Vurğunun "Fərhad və Şirin"ində Topal, H. Eyvazlının "Araz sahilində doğan günəş"ində Veysəl Ünivar, E. Həbibin "Sahilsiz çaylar"ında Araz, K. Ağayevanın "Məhsəti" pyesində İlyas (Nizami Gəncəvi), Z. Hacıbəyovun "Əlli yaşında cavan" da Şulu, M. Quliyevin "Qarğanın iflası"nda Sağsağan, M. F. Axundovun "Sərgüzəsti vəziri xani Lənkəran" komediyasında Ağa Bəşir, Səməd bəy, " Hekayəti-xırs-quldurbasan"da Nəcəf, A. Babayevin "Koroğlunun Çənlibelə qayıdışı"nda Güloğlan, Anarın "Qaravəlli"sində Əsgər Əsgərov, N. Xəzrinin " Atillanın atliları"nda Varyaq və s. rollar oynayıb. Hələ bu rollar onun yaratdığı obrazların bir hissəsidir. Rollardan da göründüyü kimi müxtəlif səpkili və xarakterli obrazlar onun ifasında həyata vəsiqə alıb.  

 Gənclik illərindən gözəl və aydın diksiyası ilə bədii qiraət ustası kimi tanınıb. Hətta 1997-ci ildə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor kimi fəaliyyət göstərib.

 Vidadi Rəcəblinin çəkdiyi zəhmət bəhrəsiz qalmayıb. Ona sənətkar kimi yüksək səviyyədə qiymət verilib. Belə ki, 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adları verilib. Hətta peşəkar səhnə fəlaiyyətinə görə o zaman üçün çox böyük və əhəmiyyətli bir mükafat – Ali Məclis Sədri tərəfindən ona hədiyyə edilən 2 otaqlı mənzil aldı. 2010-cu ildə isə hər bir aktyorun qüruru sayılan Prezident mükafatına layiq görüldü.

 İstedadlı aktyor 2016-cı ildən 2020-ci ilə qədər Babək Rayon Mədəniyyət Sarayında bədii rəhbər-rejissor vəzifəsində işləyib. Həmin müddətdə Babək Rayon Xalq Teatrının səhnəsində hazırlanan S.Rüstəm və M.S.Ordubadinin "Beş manatlıq gəlin"ində Kəbleyi Hüseynəli, İ. Məlikzadənin "Subaylarınızdan görəsiniz"ində Seyfi, Ə. Əsgərovun "Qız atası”nda Cavad, Ə. Haqverdiyevin "Bəxtsiz cavan"ında Hacı Səmədağa, B. Vahabzadənin "Yollara iz düşür"ündə Loğmanlı, H. Mirələmovun "Xəcalət"ində Kərim, S.S. Axundovun “Tamahkar”ında Hacı Murad və digər tamaşalarda yaddaqalan rollar oynayıb. Ə. Yusiflinin "Alova çevrilən qəzəb" pyesinə isə rejissor kimi quruluş verib.

Vidadi Rəcəblinin yaradıcılığı hərtərəflidir. Son illər yazdığı şeirləri ilə diqqəti çəkir. Halbuki, əvvəllər onun şeir yazmağını heç kəs bilmirdi. Bu isə təbii haldır, çünki içində sənət yanğısı, istedad, sənət sevgisi olan insanlar daxilində fəvvarə vuran nəcib hisslərini ya tamaşaçı, ya da oxucusu ilə bölüşməlidir... İndi Vidadi Rəcəbli təkcə müxtəlif rolların deyil, həm də "Gerçəklik" adlı şeirlər kitabının da müəllifidir.  

Teatrda səhnələşdiriləndən başqa televiziyada çəkilən tamaşalarda da oynadığı rollar əməkdar artist Vidadi Rəcəblini tamaşaçıların sevimlisinə çevirib.

Maraqlı faktlardan biri də odur ki, əvvəllər də yubiley yaşlarını elə də təmtəraqla qeyd eləməyib. Çünki 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Sovet ordusu tərəfindən xalqımızın başına açılan müsibətdən sonra “20 Yanvar faciəsi” ad gününü təmtəraqla qeyd etməsinə həvəs qoymayıb.  Bu il isə bir qədər fərqlidir. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Müzəffər ordumuzun əzmi ilə Qarabağ işğaldan azad edilib. İndi ötən günlərə baxanda bu yolda verdiyimiz qurbanların-şəhidlərin qisası alınıb. Ən böyük arzumuz olan üçrəngli Azərbaycan bayrağının Şuşada dalğalanması fonunda qalib xalqın nümayəndəsi kimi 55 yaşını qeyd etməyi özünün haqqı bilir. Təki belə olsun!  Özünün də zarafatla dediyi kimi, artıq bir əsrin tamamına 45 il qaldı. Dönüb arxaya baxanda isə bu ömrün acılı-şirinli xatirələri, müxtəlif obrazların timsalında  başqalaşan səhnə həyatı, ən əsası isə yaradıcılıq və uğurların əldə edilməsi üçün mübarizə görünür. İrəlidə isə arzular çoxdur.

55 yaşın mübarək, Vidadi Rəcəbli.

 

Səməd CANBAXŞİYEV

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728