SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müasirləşən Naxçıvan

Müasirləşən Naxçıvan
13-01-2021, 23:30

İnsanlığın özü qədər qədim olan Naxçıvan geosiyasi əhəmiyyətliliyi, ecazkar təbiəti və təbii sərvətləri, qədim və zəngin mədəniyyəti ilə yanaşı, güclü dövlətçilik ənənələri ilə də bütün Şərqdə fərqlənən ulu diyardır. Görkəmli dahi şəxsiyyətlər, siyasi xadimlər yetişdirən bu qədim diyarın şanlı tarix salnaməsində keşməkeşli mübarizələr, inkişaf və tərəqqi mərhələsinin özünəməxsus yeri var. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi blokada nəticəsində iqtisadi və siyasi böhran məngənəsində çırpınan, erməni yaraqlılarının hücumları ilə təkbətək qalan muxtar respublikanı məhv olmaq təhlükəsindən xilas etdi. Dahi şəxsiyyətin Naxçıvanın xilaskarı kimi göstərdiyi misilsiz xidmətlərindən biri də o idi ki, ulu öndər hələ sağlığında Naxçıvanla bağlı arzularının gələcəkdə gerçəkləşməsi, quruculuq xəttinin sonrakı dövrlərdə də uğurlu davam etdirilməsi qayğısına da qalmışdı. Ümummilli lider Naxçıvanın gələcəyini inamla etibar edə biləcək, milli şüura və dərin təfəkkürə malik, vətənpərvər siyasi xadim yetişdirməsi ilə də tarixə əvəzsiz siyasi lider kimi həkk oldu. Bu tarixi şəxsiyyət 14 yanvar 1960-cı il tarixdə sadə, zəhmətkeş bir ailədə dünyaya gələn, Naxçıvana rəhbərliyi 35 yaşında ikən, ən mürəkkəb və ağır ictimai-siyasi şəraitdə şərəflə öz üzərinə götürən və 25 il diyarımızın inkişaf salnaməsini yazan cənab Vasif Talıbovdur. 

Ulu öndərin Naxçıvana ilk səfərində Naxçıvanın yeni rəhbərliyi tərəfindən qısa müddət ərzində muxtar respublikada həyata keçirilmiş müsbət dəyişikliklərin şahidi olmuş, onları yüksək qiymətləndirərək demişdir: “...Muxtar respublikada işlər normal vəziyyətdədir. Görürəm ki, qısa müddətdə Naxçıvanda çox işlər görülübdür... Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır... Əminəm ki, bundan sonra da dayaq olacaqdır”.
Fəaliyyətini görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyini bəyan edən muxtar respublika rəhbəri yalnız bir amala – dahi rəhbərin böyük ideyalarını gerçəkləşdirmək amalına sadiq qaldığını hər addımda sübüt etdi. Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi. Dahi şəxsiyyətin Naxçıvanla bağlı arzuları, quruculuq xəttinin davamı bu minvalla sonrakı dövrlərdə də muxtar respublikanın inkişafını təmin etdi. Bütün sonrakı siyasi uğurlar, tükənməz el məhəbbəti məhz ulu öndər Heydər Əliyev uzaqgörənliyini, müdrikliyini, cəsarət və qətiyyətini yaşatmaqla qazanıldı. İstənilən davamlı inkişafın əsasında, ilk növbədə, sabitliyin, əmin-amanlığın bərqərar olması təşkil etdiyini uzaqgörənliklə dərk edən muxtar respublika rəhbəri, ilk növbədə, muxtar respublikada dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasını təmin etmək istiqamətində ardıcıl tədbirlər həyata keçirdi, ümummilli liderin əsasını qoyduğu rəhbər-vətəndaş həmrəyliyi qarşılıqlı etimad sayəsində daha da gücləndirildi. Nəticədə, diyarımızda sabitlik, asayiş təmin olundu, Naxçıvan artıq, ən təhlükəsiz, əmin-aman bir diyara çevrildi.
Qədim diyarımızın Azərbaycandan ərazi etibarilə ayrı düşməklə yaranan çoxsaylı problemlərinin həlli, muxtar respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafına nail olunması bu gün dövlətçilik tariximizdə Heydər Əliyev ideyalarına siyasi sadiqlik əzmi, inkişafın Naxçıvan modeli, Azərbaycan dövlətçiliyinə xidmət nümunəsi kimi dəyərləndirilən mühüm tarixi mərhələni təşkil edir. Kənd və şəhərlərimizin abadlaşdırılması, inzibati binaların, sosial obyektlərin tikilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, yolların çəkilməsi, səliqə və sahmanın ən yüksək səviyyədə olması, insanların rifah halının yaxşılaşması çoxlarının həsəd apara biləcəyi, etiraf edək ki, elə həqiqətən də inanılmaz gerçəklikdir. Bütün bunlara Ali Məclis Sədrinin qətiyyətli mövqeyi, yüksək idarəetmə bacarığı, ulu öndər Heydər Əliyev siyasətinə sədaqəti və əzmkarlığı sayəsində nail olundu.
Muxtar respublikada aparılan quruculuq tədbirləri, iqtisadi və sosial sahələrdəki irəliləyişlər bu gün diyarımızı Azərbaycanın ən qabaqcıl, inkişaf etmiş bölgəsinə çevirmişdir. Sənayedə, tikintidə, kənd təsərrüfatında, iqtisadiyyatda, sosial həyatın bütün sahələrində analoqu olmayan uğurlar qazanılmış, bu tədbirlər kəndlə şəhər arasında fərqi ortadan qaldırmışdır. Muxtar respublikada əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların ardıcıl həyata keçirilməsi, kənd təsərrüfatında aparılan struktur dəyişiklikləri zəhmətkeş naxçıvanlıları öz doğma yurduna, torpağa bağladı. Nəticədə, vaxtilə bir kisə unun belə qonşu ölkədən gətiriləcəyinə ümid bəsləyən bir diyarda ərzaq təhlükəsizliyi tamamilə həll edildi. Təkcə 2020-ci ildə 537 milyon 584 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, taxıl istehsalı 115 min 649 ton olmuşdur.
Ötən əsrin 90-cı illərinin ortalarında muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, bu gün diyarımızda belə müəssisələrin sayı 442-yə çatıb. Prezident cənab İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılması sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsinə, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasına öz töhfəsini verəcək. Aparılan siyasət nəticəsində Ümumi Daxili Məhsulun həcmi 1995-ci ilə nisbətən 65,5 dəfə, sənaye məhsulunun həcmi 113,9 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 341,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 13,9 dəfə, nəqliyyat sektorunda yük daşınması 26,5 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 132 dəfə, xarici ticarət dövriyyəsi 26,8 dəfə, ixrac potensialı 221,2 dəfə, əhalinin gəlirləri isə 60,7 dəfə artmışdır. Bir zaman zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 127 növü ərzaq, 257 növü qeyri-ərzaq olmaqla, 384 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Muxtar respublika rəhbərinin bu sahəyə ciddi diqqət yetirməsi sayəsində ümumi daxili məhsulda istehsal həcminə görə sənaye ilk yeri tutur. Təkcə 2020-ci ildə 1 milyard 40 milyon 475 min 900 manatlıq sənaye malları istehsal olunmuşdur ki, bu bir il öncəki göstəricini 1,4 faiz üstələyib.
“Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. Həmçinin sistemli tədbirlərin həyata keçirilməsi sahibkarlıq subyektlərinin ixracyönümlü məhsul istehsalını da stimullaşdırmışdır. 2020-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 450 milyon 839 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86 faizi, yaxud 387 milyon 540 min Amerika Birləşmiş Ştatları dolları ixracın payına düşmüş, müsbət saldo yaranmışdır.
Muxtar respublikada iqtisadi sahədə əldə olunmuş nailiyyətlər 1995-ci ildən başlayaraq tikinti-quruculuq və abadlıq sahəsində də əsaslı işlər görməyə şərait yaratmışdır. Quruculuq və abadlıq işləri muxtar respublikanın paytaxtından ən ucqar sərhəd kəndlərinədək əhatə etmişdir. Naxçıvan Muxtar Respublikasında son 25 ildə muxtar respublikada 622 inzibati bina, 415 elm və təhsil, 543 mədəniyyət obyekti, 305 səhiyyə müəssisəsi, 173 nasos stansiyası, 435 subartezian quyusu, 187 körpü, 7027 istehsal, xidmət və digər obyektlər, 55 idman obyekti, sağlamlıq imkanları məhdud, məcburi köçkün, qaçqın, şəhid ailələri üçün 543 fərdi ev tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Bütün bu uğurların əldə olunmasında enerji təhlükəsizliyinin təmin edilməsi də mühüm rol oynayır. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur ki, bunun da 6-sı bərpaolunan enerji mənbələridir. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir. Hazırda Ordubad və Tivi Su Elektrik stansiyaları, Şərurda Günəş və Culfada Külək-Günəş Hibrid Elektrik stansiyaları tikilir.
Muxtar respublikada 17 min hektardan çox sahədə yaşıllıqlar, meşə massivləri, meyvə bağları salındı. Yaşıllıqların ümumi sahəsi 0,6 faizdən 20 faizə qədər artırıldı, diyarımızın flora və faunası daha da zənginləşdirildi, füsunkar təbiəti daha gözəlləşdi.
Son onilliklərdə muxtar respublikada əldə edilmiş sosial-iqtisadi inkişaf rabitə və yeni texnologiyalar sahəsini də əhatə etmişdir. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə müasir rabitə sistemi yaradılmış, ən ucqar dağ kənd¬lərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir. Hazırda muxtar respublikada istismar olunan 214 avtomat telefon stansiyasının 91 faizi yeni nəsil texnologiyalara əsaslanır. Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilmişdir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı da təmin olunmuş, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətlərindən istifadəsi reallaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi, sərbəst yaradıcılıq imkanları yaradılması nəticəsində teleradiolar və qəzetlər üçün müasir maddi-texniki baza istifadəyə verilib, yeni informasiya agentliyi fəaliyyətə başlayıb, 400-dən çox media nümayəndəsi hərtərəfli qayğı ilə əhatə olunub.
Muxtar respublikada ölkə rəhbərinin uğurlu siyastini rəhbər tutmaqla həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayandığını naxçıvanlılar gündəlik həyatlarında əməkhaqqı və pensiyaların artırılmasında, yeni iş yerlərinin açılmasında, əhali gəlirlərinin yüksəlməsində, mənzil-məişət şəraitinin yaxşılaşmasında, yaşayış şəraitinin artmasında, insan sağlamlığına, sağlam gələcək nəsil yetişdirilməsinə göstərilən qayğıda hiss edirlər. İnsanların rahat yaşayışı, məşğulluğunun təmin olunması qarşıda duran əsas vəzifələrdir. Bu sahədə dövlət proqramı icra olunur, gənc ailələrin sosial müdafiəsi gücləndirilir, sahibkarlığa diqqət artırılır, fiziki imkanları məhdud insanların sosial layihələr çərçivəsində məşğulluğu təmin edilir.
Heç şübhəsiz ki, muxtar respublikada son onilliklər ərzində əldə olunan çoxsaylı uğurların, inkişaf və tərəqqinin əsasında elm və təhsil quruculuğu, gülcü kadr potensialının formalaşdırılmasına dövlət qayğısı, həssas münasibət dayanır. Vətənpərvər və təhsilli gənc nəsil yetişdirmək məqsədilə görülən çoxsaylı tədbirlər nəticəsində vaxtilə sözün hər iki mənasında qaranlıq hücrələrdən seçilməyən məktəblər əsl müasirtipli ziya ocağına çevrildi. Nəticədə, gələcəyimiz olan yeniyetmə və gənclərin vaxtilə təhsildən yayınma hallarının qarşısı alındı, diyarımızda fundamental elm, tədris bazasının əsası qoyuldu. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, 2 universitet şəhərciyi salınıb, peşə məktəbləri yaradılıb. Muxtar respublikada uğurla aparılan təhsil quruculuğu siyasəti təhsilin bütün pillələri üzrə müasir infrastrukturun, tədris şəraitinin yaradılması, yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmadı. Təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində diyarımızda “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil” layihələri, şagirdlərə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodu tətbiq edilir. Ali Məclis Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı imzaladığı tarixi sərəncamlar gələcək mütəxəssislə işəgötürən arasında əməkdaşlığın, düzgün kadr seçiminin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.
İctimai-siyasi, iqtisadi-mədəni həyatda gənclərin fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, gənclərin həyat şəraitinin, xüsusilə onların mənzil təminatının yaxşılaşdırılması göstərilən qayğının daha bir ifadəsidir.
Son 25 ildə muxtar respublikada AMEA Naxçıvan Bölməsinin səmərəli fəaliyyətinin təşkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvanşünaslıq Mərkəzi”nin, Bilik Fondunun, Elmin İnkişafı Fondunun yaradılması da elmə və təhsilə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir. Bu isə təbii ki, elmi potensialın artması ilə nəticələnmişdir. Hazırda muxtar respublikada 7 nəfər AMEA-nın üzvü, 28 nəfər elmlər doktoru, 251 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir, onlardan 24 nəfəri professor, 194 nəfəri dosent elmi adını daşıyır.
Naxçıvan Muxtar Respublikasında mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə göstərilən böyük diqqəti isə “Tarixi yaşadanları tarix də yaşadır” kimi müqəddəs amalın bəhrəsi kimi dəyərləndirmək olar. Bu günə qədər muxtar respublikada 1216 abidə qeydə alınaraq tədqiq edilmiş, onlardan 70-dən çoxu bərpa edilməklə xalqımızın qədim tarixi irsi kimi ona yenidən qaytarılmışdır. Həmçinin “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi də mühüm əhəmiyyət daşıyır.
Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparılması, nəfis tərtibatlı elmi-kütləvi, ensiklopedik nəşrlərin həyata keçirilməsi, Məhəmməd Tağı Sidqi, Məhəmməd ağa Şahtaxtlı, Behbud ağa Şahtaxtinski, İslam Səfərli, Xalq şairi Məmməd Araz, Əziz Şərifin, Eynəli bəy Sultanov, Bəhruz Kəngərli, Şamil Qazıyev, İbrahim Səfiyev, Nemətullah Naxçıvani kimi görkəmli tarixi şəxsiyyətlərin, maarifpərvər ziyalıların, elm xadimlərinin, söz-sənət adamlarının irslərinin araşdırılıb öyrənilməsi, yubileylərinin dövlət səviyyəsində keçirilməsi, digər muzeylərlə yanaşı, Duz Muzeyi, Milli Dəyərlər Muzeyi, Açıq Səma Altında Muzey kimi xüsusi profilli mədəniyyət obyektlərinin yaradılması əsl diyarşünaslıq epopeyası olub muxtar respublikamızın tarixi, mədəniyyəti, təbii sərvətlərinin tanıdılması istiqamətində mühüm əhəmiyyətə malik addımlardır. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, Naxçıvanın “Gənclər Paytaxtı” adını qazanması, Naxçıvan şəhərinə, onun tarixinə, mədəniyyətinə, inkişaf səviyyəsinə bəslənilən ehtiramın bariz ifadəsidir.
Muxtar respublikada son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də turizmdir. Naxçıvanda dağ-xizək turizmindən tutmuş çimərlik turizminə, dini ziyarət turizmindən müalicəvi turizmə, kənd turizminə qədər turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması turistlərin diyarımıza marağını xeyli artırıb. Görülən işlərin nəticəsidir ki, hər il orta hesabla muxtar respublikaya 400 mindən artıq turist gəlir.
Günbəgün inkişaf edən, müasirləşən, abadlaşan qədim Naxçıvan mənfur düşmən üçün ikiqat göz dağına çevrilmişdir. Ona görə ki, muxtar respublikada böyük sevgi ilə qurmağı, yaratmağı bacaran həm də onu qətiyyət və iradə ilə qoruyurdu. Naxçıvanda əsası ümummilli lider tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün uğurla davam etdirilir. Ali Məclisin Sədri muxtar respublikanın hərtərəfli inkişafına ciddi fikir verməklə yanaşı, diyarın geosiyasi vəziyyətini də daim diqətdə saxlamış, ölkə başçısının da diqqət və qayğısından bəhərlənərək Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi, ixtisaslı hərbçi kadrların yetişdirilməsi ilə hərbi potensialı əsaslı şəkildə möhkəmləndirmişdir. Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın ərazisini qorumaqla yanaşı İkinci Qarabağ müharibəsində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərmişdir. Ötən il noyabr ayının 10-da Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması nəticəsində imzalanan üçtərəfli Bəyanatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yolları vasitəsilə birləşdirmək məsələsinin də öz əksini tapması Naxçıvanın kommunikasiya əlaqələrinin bərpa etməklə diyarımızın gələcək inkişafında müstəsna rol oynayacaq.
Ümummilli liderin inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla həyata keçirilməsi, Heydər Əliyev ideyalarına sonsuz sədaqət sayəsində mümkün olmuşdur. Ali Məclisin Sədri demişdir: “Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.

Bu gün inkişaf etdirilmiş və əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası qurucu RƏHBƏRİN əsəri, bugünkü və gələcək nəsillərə ən böyük töhfəsi, ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031