SON DƏQİQƏ

naxcivanxeberleri.com

Turizm Departamentində qarşıda duran vəzifələr müzakirə edilib-FOTO

Turizm Departamentində qarşıda duran vəzifələr müzakirə edilib-FOTO
13-01-2021, 16:30

13 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, iclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2020-ci il ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən bir sıra işlər həyata keçirilmiş, turizmin inkişafı diqqətdə saxlanılmışdır. İl ərzində “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilmiş, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Naxçıvan Muxtar Respublikasının 2020-ci il üçün Turizm Təqvimi” hazırlanmış və Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

14 yanvar 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək Turizm Departamenti tərəfindən “Peşəkar ofisiant” layihəsi reallaşdırılmışdır. İctimai iaşə obyektlərində və hotellərdə personalın peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həyata keçirilən layihə çərçivəsində iştirakçılar üçün ümumilikdə    12 təlim və praktik məşğələ təşkil edilmişdir. Layihə iştirakçıları üçün Departamentdə sertifikasiya imtahanı keçirilmiş, ən yüksək nəticə göstərən iştirakçılara Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin müvafiq Sertifikatı təqdim edilmişdir.

Hesabat dövründə Naxçıvan Turizm İnformasiya Mərkəzində təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, Mərkəzə telefon, elektron poçt və sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlər aidiyyəti üzrə cavablandırılmışdır. Mərkəzə gəlmiş yerli və xarici turistlərin Mərkəzdəki reklam-informasiya materialları ilə tanışlığı təmin edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Mərkəz tərəfindən Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Azərbaycanda və 20-dən çox xarici ölkədə fəaliyyət göstərən 200-dən çox mehmanxana və turoperatorun elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən 11 turizm informasiya mərkəzinə ümumilikdə 5000-ə yaxın məlumat göndərilmişdir. İl ərzində Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsi muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmiş, Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə 600-dən çox məlumat daxil edilmiş, 362000-dən çox baxış sayı qeydə alınmışdır. Mərkəzin “Youtube” kanalına turizmlə bağlı 7 videoçarx daxil edilmişdir.

İl ərzində reklam-informasiya materiallarının hazırlanması diqqətdə saxlanılmış, Naxçıvan şəhərində Sahil Parkı Naxçıvan Şəhərinin Turist Xəritəsinə daxil edilmiş və Park üçün buklet hazırlanmışdır. “Naxçıvan Muxtar Respublikasının Bələdçi Kitabı”nın hazırlanması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, azərbaycan-ingilis dillərində hazırlanmış turizm marşrutlarının bukletləri, Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələri, Naxçıvan Muxtar Respublikasının Dini Turizm Xəritəsi rus dilinə tərcümə edilmişdir.

Qeyd olunmuşdur ki, hesabat dövrü ərzində kənd turizminin inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi barədə məlumatlar Azərbaycanda və 20-dən çox xarici ölkədə fəaliyyət göstərən 200-dən çox mehmanxana və turoperatorun elektron poçt ünvanlarına göndərilmişdir. Həmçinin, Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkələrdəki qrup və səhifələrində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təbliği istiqamətində ardıcıl işlər görülmüşdür.

İl ərzində Naxçıvan Muxtar Respublikasının daxili turizm potensialının öyrənilməsi və təbliği məqsədilə Departament tərəfindən muxtar respublikanın Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarının kəndlərində rayon icra hakimiyyətləri ilə birlikdə  ekoturizm baxımından əhəmiyyətli obyektlərin, kirayə verilən kənd evləri və həyətyanı sahələrin müəyyənləşdirilməsi istiqamətində iş aparılmış, 26 yararlı kənd evi müəyyən edilmişdir. Ekoturizm baxımından əhəmiyyətli obyektlərin sosial şəbəkələrdə təbliğ edilməsi məqsədilə “naxcivan_ekoturizm” sosial şəbəkə hesabları yaradılmış, il ərzində ümumilikdə 60 məlumat paylaşılmış, 3142 baxış sayı qeyd alınmışdır. Bununla yanaşı, evlərə dair məlumat və fotoşəkillər Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmədə yerləşdirilmişdir.

Vurğulanmışdır ki, 5 may 2020-ci il tarixdə “Milli Yeməklər” ictimai iaşə Məhdud Məsuliyyətli Cəmiyyətinin yerləşdiyi Naxçıvan şəhər buzxanası bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin müvafiq əmrinə əsasən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli Yeməklər” ictimai iaşə Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, müəssisə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyata alınmışdır.

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il       3 aprel tarixli Sərəncamına uyğun olaraq tərtib olunmuş qrafikə əsasən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi keçmələri təmin edilmiş, Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərə ekskursiyaları təşkil olunmuşdur.    Təcrübənin sonunda Departamentdə istehsalat təcrübəsi ilə bağlı yekun konfrans,  21 dekabr 2020-ci il tarixdə isə tələbələr üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir.

Hesabat dövründə Departamentə “AzTourism” adlı 1 (bir) ədəd startap layihə təqdim edilmiş, layihə müvafiq prosedura uyğun şəkildə qiymətləndirilərək baxış üçün təqdim edilmişdir.

Naxçıvan və Ordubad şəhərləri üzrə piyada marşrutlarının proqramına əsasən “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün Naxçıvan şəhərinə və Ordubad şəhərinə ekskursiyaları təşkil olunmuşdur. Həmçinin, “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin müraciətinə əsasən Fondun təşkilatçılığı ilə Naxçıvan könüllüləri arasında keçirilən yarış və aksiyalarda, “Naxçıvan könüllülərinin I Həmrəylik Forumu”nda və 4 dekabr 2020-ci il tarixdə keçirilən mükafatlandırma mərasimində turizm könüllülərinin iştirakı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar il ərzində “Naxçıvan Muxtar Respublikasında İdman Turizmi” adlı albom-kataloqun hazırlanması istiqamətində iş aparılmışdır.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən tərtib edilmiş "Muzey günləri" qrafikinə əsasən 26 sentyabr 2020-ci il tarixdə Nəbatat bağına, 17 oktyabr 2020-ci il tarixdə Qarabağlar Türbə Kompleksinə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin ekskursiyası təşkil olunmuşdur.

Qrafikə əsasən il ərzində Naxçıvan Muxtar Respublikasının nazirlik,  komitə, baş idarələrin, müəssisə və təşkilatların kollektivlərinin Milli Dəyərlər Muzeyində ekskursiyası təşkil edilmişdir.

Direktor bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı” təsdiqlənmiş, müvafiq işçi qrupu yaradılmış və icrası istiqamətində iş aparılmışdır. Qədim diyarımızın turizm potensialının təbliğinin genişləndirilməsi məqsədilə müvafiq məlumat və fotoşəkillər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edilmişdir. Həmçinin, “Experience Azerbaijan” jurnalının 2020-ci ilin sentyabr ayında qış-yaz mövsümünə dair nəşr olunacaq növbəti sayı üçün muxtar respublikanın turizm potensialı haqqında məqalə hazırlanması məqsədilə 2020-ci ilin mart ayında Azərbaycan Turizm Bürosunun əməkdaşı Naxçıvan Muxtar Respublikasına ezam edilmiş, əməkdaşa Naxçıvanın turizm məkanları ilə yaxından tanış olması üçün müvafiq köməklik göstərilmişdir.

Tədbirlər Planına əsasən “Take another look” brendi və loqosuna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının özünəməxsus yerli destinasiya loqosu hazırlanmışdır. 24 sentyabr 2020-ci il tarixdə  “Saat Meydanı” turistik istirahət mərkəzində “27 sentyabr - Ümumdünya Turizm Günü” və “Turizm İşçiləri Günü” peşə bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Turizm loqosunun təqdimat mərasimi keçirilmişdir.

Pandemiya dövrü bitdikdən sonra Tədbirlər Planında nəzərdə tutulmuş qaydada Naxçıvan Muxtar Respublikası ərazisindəki mədəni marşrutlar üzrə praktik turizm bələdçiləri hazırlanması üçün təlimlərin keçirilməsi və digər məsələlərlə bağlı işçi qrupu tərəfindən onlayn müzakirələr aparılmış, məlumat və təcrübə mübadiləsi həyata keçirilmişdir.

Vurğulanmışdır ki, Departament tərəfindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 avqust 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın tətbiqi mövzusunda vebinar, həmçinin “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilmiş, bu tədbirlərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən  mehmanxana və mehmanxana tipli obyektlərin və digər turizm sektoru nümayəndələrinin, eləcə də turizm könüllülərinin iştirakı təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin müvafiq əmrinə əsasən yaradılmış komissiya tərəfindən oktyabr ayı ərzində mehmanxanalarda monitorinqlər keçirilmiş, işçi heyətə pandemiya dövründə fəaliyyətlə bağlı nəzəri və praktik tövsiyələr verilmiş, məlumatlandırıcı və xəbərdaredici plakat nümunələri təqdim edilmişdir. Monitorinqlərin nəticələrinə uyğun olaraq fəaliyyətində tələb olunan sanitariya və gigiyena standartları və normalarına əməl olunmasını təmin etdiyinə görə 4 mehmanxana Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən sanitariya və gigiyena sertifikatı ilə təmin edilmişdir.

Hesabat dövründə muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələr davam etdirilmiş, məlumatlandırıcı müsahibələr verilmiş, televiziya və radio verilişlərində iştirak edilmişdir.

Sonra Departamentin Maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanov çıxış edərək il ərzində sektor tərəfindən görülmüş işlər barədə ətraflı məlumat vermiş, mühasibat uçotunun aparılmasının təşkili və tənzimlənməsi, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, habelə dövlət qulluğu və əmək qanunvericiliyi üzrə işlərin mövcud tələblər əsasında qurulmasının bundan sonra da diqqət mərkəzində saxlanacağını qeyd etmişdir.

“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova öz çıxışında Mərkəzin fəaliyyəti haqqında ümumi məlumat verərək bildirmişdir ki,  xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Hazırda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi “Milli Yeməklər” ictimai iaşə Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyətini davam etdirir. Mərkəzin fəaliyyəti üçün müasir iş şəraitinin yaradılması muxtar respublika rəhbərliyi tərəfindən Mərkəzin fəaliyyətinə göstərilən diqqət və qayğının əyani ifadəsidir.

Hesabat dövründə Mərkəz tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması işi davam etdirilmiş, yeməklərimizin təbliğ edildiyi televiziya verilişlərinin hazırlanmasında iştirak edilmiş və bu yeməklərin hazırlanma qaydaları əyani şəkildə nümayiş etdirilmiş, məlumatlandırıcı müsahibələr verilmişdir. Mərkəzin “İnstagram” və “Facebook” sosial şəbəkələrindəki səhifələrində milli mətbəxlə bağlı məlumatlar paylaşılmış, 80000-dən çox baxış sayı qeydə alınmışdır. Bununla yanaşı, milli mətbəx nümunələrini daha geniş auditoriyaya təbliğ etmək məqsədilə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin “Naxçıvan mətbəxi Kulinariya Mərkəzi” adlı Youtube kanalı yaradılmış və hesabat dövründə milli yeməklərimizin hazırlanma qaydalarını əks etdirən videoçarxlar hazırlanaraq bu kanalda yerləşdirilmişdir. Bununla yanaşı, www.nakhchivancuisine.az saytının hazırlanması istiqamətində də iş aparılmışdır.

Məruzəçi bildirmişdir ki, “Milli Yeməklər” ictimai iaşə Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti və təqdim etdiyi yemək nümunələri haqqında “milli yemekler_buzxana” adlı sosial şəbəkə səhifələrində il ərzində çoxsaylı məlumatlar paylaşılmış, 10000-ə yaxın baxış sayı qeydə alınmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən gənclərə kulinariya mədəniyyətinin öyrədilməsi diqqət mərkəzində saxlanılmış, il ərzində “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetinin “Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov iclasa yekun vuraraq bildirmişdir ki, 30 dekabr 2020-ci il tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrin icrası istiqamətində bundan sonra da Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində yaradılmış şəraitdən ən səmərəli şəkildə istifadə ediləcək, Departamentin kollektivi qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylə çalışacaqdır.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031