SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika yeni tranzit qovşağa çevriləcək

Muxtar respublika yeni tranzit qovşağa çevriləcək
10-12-2020, 09:50

Hər bir regional və ya beynəlxalq hadisənin mahiyyəti özünün başvermə səbəbləri, ortaya qoyduğu nəticələri ilə xarakterizə olunur. Artıq bir müddətdir, bütün dünyanın diqqət mərkəzinə çevrilən II Qarabağ müharibəsi və bu müharibənin nəticəsi olaraq Azərbaycan, Ermənistan, Rusiya arasında imzalanmış məlum Bəyannamə də bütün dünya kütləvi informasiya vasitələrinin əsas müzakirə mövzusudur.

Noyabrın 10-da imzalanmış bu BəyannaməAzərbaycanın şanlı Qələbəsini təmin etməklə bərabər, Cənubi Qafqaz regionunda sabitliyin, yeni inkişaf dövrünün başlanğıcı kimi də qəbul olunur. 9 bənddən ibarət olan bu tarixi sənəd haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elə həmin gün xalqa müraciət edərək məlumat vermişdi. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməsi, bununla da indiyədək işğal altında saxlanılan bütün rayonlarımızın de-fakto yenidən Azərbaycanın rəsmi idarəçiliyinə geri qaytarılmasının başa çatdırılması münasibətilə xalqa müraciət edən ölkə başçısı çıxışında Bəyannamənin bəndlərində göstərilən şərtlərə bir daha toxundu, həm də izahedici formada. Naxçıvanla bağlı nəzərdə tutulan bənd haqqında Prezident cənab İlham Əliyev bunları dedi: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası iləAzərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Dövlət başçısı bu bəndin razılaşma mətninə salınmasını, xüsusilə vurğulayaraq bildirdi ki: “Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər, müzakirə olunan sülh planında belə açıqaydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası iləAzərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda ikinci məsələ – tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası – bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgərlazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq”. Sözügedən mövzu ilə bağlı qəzetimizin ötən saylarında bildirmişdik ki, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpa olunması məqsədilə 9-cu bəndin təkidlə Bəyannaməyə salınması, sözün həqiqi mənasında, böyük diplomatik uğurdur. Çünki ölkə başçısının da qeyd etdiyi kimi bu məsələ aparılan danışıqlarda müzakirə predmeti deyildi. Münaqişə zonası ilə birbaşa bağlılığı olmayan, lakin bu münaqişənin nəticəsi kimi ortaya çıxan Naxçıvanın blokadasını ermənilər hər zaman Azərbaycana bu və ya digər məsələlərin həllində təsir vasitəsi kimi nəzərdə saxlayırdılar. Nəqliyyat-kommunikasiya xətlərinin Ermənistan ərazisindən (vaxtilə Azərbaycan ərazisi olmuş Zəngəzurdan) keçməsi isə Azərbaycanın bu istiqamətdə hərbi nəzarətinə əngəl yaradırdı. Buna görə də muxtar respublikanın blokada probleminin həll olunması, əsasən, siyasi müstəvidə, həm də Azərbaycanın öz şərtlərini diktəyə çevirəcəyi vaxtda mümkün ola bilərdi. Çünki diplomatiyada şərtlər hər zaman qarşılıqlı güzəştə əsaslanır. Məhz cənab İlham Əliyev də özünün yaratdığı bu şəraitdən istifadə edərək Naxçıvanın blokada məsələsini uğurlu diplomatik gedişlə həll etdi. Ölkə başçısı hər kəsə bəyan etdi ki, bu məsələnin həll olunması ilə bütün ölkələr bundan faydalana biləcəklər. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Cənab Prezident yeni layihənin uğurla reallaşacağına əminliyini vurğulayaraq bildirdi ki, bundan beş ölkə fayda götürə bilər. Ölkəmizin başçısı çıxışında həmin layihəni regional təhlükəsizlik və əməkdaşlıq üçün ən yaxşı layihə kimi dəyərləndirdi. Bəli, yaxın gələcəkdə Naxçıvanla bağlı nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası muxtar respublikada inkişafın yeni mərhələsinə start verəcək. İlk növbədə, Naxçıvanla paytaxt Bakı və ölkəmizin digər bölgələri ilə gediş-gəlişin asanlaşdırılmasına imkan yaranacaq. Digər tərəfdən muxtar respublikada istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının ölkə və xarici bazarlara çıxarılması asanlaşacaq. Azərbaycanın əsas hissəsindən, o cümlədən Böyük İpək Yolu ölkələrindən Türkiyəyə və əks-istiqamətdə daşınacaq yüklərin və sərnişinlərin Naxçıvandan (bura Naxçıvanla Türkiyəni birləşdirəcək dəmiryol xətti də aiddir) keçməsi muxtar respublikada turizmin inkişafına öz təsirini göstərəcək. Qeyd edək ki, Naxçıvanın blokadadan çıxarılması istiqamətində atılacaq bu addımlar qardaş Türkiyə mediasında da gündəmin əsas mövzusuna çevrilib. Türkiyə mətbuatında qeyd olunur ki, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Qələbə Türkiyəyə Naxçıvan üzərindən Orta Asiya və Sakit okeana uzanan strateji dəhliz qazandırıb. Bu dəhlizlə enerji və ticarət yolları kökündən dəyişəcək, Türkiyə Orta Asiyadan Çinə uzanan yeni logistik kanala sahib olacaq. Beləliklə, Naxçıvan tarixən Böyük İpək Yolu üzərində oynadığı rolunu yenidən bərpa edəcək. Buradan isə o qənaətə gəlmək mümkündür ki, böyük Türk dünyasının qapısı sayılan Naxçıvan Şərqlə Qərbi bir-birinə tranzit qovşaq kimi bağlayacaq. Bu mənada, Naxçıvanla bağlı atılan addımlar təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyət daşıyır.

Səbuhi HƏSƏNOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31