SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar

Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar
30-11-2020, 11:39

Ulu öndər Heydər Əliyev vətənpərvərlik hislərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun  təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Qələm tutub yazı yazmağa, oxumağa başlayan şagirdlərin ilk yazısı, ilk oxusu “Ana” və “Vətən” kəlmələri olur. “Vətən” bizim azadlığımız, mənliyimiz, namusumuz, şərəfimizdir. Vətən alınmır, verilmir, dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Vətəni qorumaq hər bir vətandaşın borcudur, onu sevmək isə anamızı sevməyə bərabər hissdir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır.

Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyət yetişdirməkdi. Məktəblərdə uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması müxtəlif üsullarla - onlara vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və s. vasitələrlə öyrədilir. Gənc şagirlərə isə “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris etmək onların milli mənlik və vətənpərvərlik hisslərini tərbiyə edir, bu ruhda böyüməsində mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdlərdə  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Ümumiyyətlə bütün fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.

Muxtar respublikamızda gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”.

      Muxtar respublikada elektron təhsilin tətbiqini genişləndirmək, təhsil müəssisələrində virtual tədris mühiti formalaşdırmaq, tədrisin əyaniliyini və səmərəliliyini daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli Sərəncamı təhsil sahəsində interaktiv əlaqələrin təşkilində, distant təhsilin reallaşdırılmasında uğurların qazanılmasına, “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 14 mart 2015-ci il tarixli Sərəncam ilə isə nümunəvi dərslərin təşkil edilməsi ilə muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi və elmi adı olan alimləri ilə ümumtəhsil müəssisələri arasındakı əlaqələrin güclənməsinə, şagirdlərdə tədris olunacaq fənlərə qarşı yeni yanaşmanın aşılanmasına, onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir. İnteraktiv və nümunəvi dərslərin təşkili şagirdlərin biliklərinin artırılması, qabaqcıl təcrübənin öyrənilməsi ilə yanaşı, onların vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında mühüm rol oynamışdır.

Bu gün məktəblərimizdə təkcə bilik, savad verilmir, həm də gənclərə vətənpərvərlik hissi aşılanır.  Biz muxtar respublikamızda gənclər arasında ruh yüksəkliyinin, Vətənə məhəbbət hissinin nə qədər güclü olduğunu görürük. Bu özünü xüsusilə hərbi hazırlıq dərsləri keçmiş gənc şagirdlərdə daha çox biruzə verir. Son vaxtlar məktəblərdə fənlər üzrə nümunəvi dərslərin təşkili diqqət mərkəzindədir. Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək üçün muzeylərlə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılır, qədim və zəngin tarixi, mədəniyyəti özündə yaşadan yurd yerlərimizə, tarixi abidələrimizə ekskursiyalar təşkil olunur. Hərbi idman oyunları, atıcılıq turnirləri, özünümüdafiə ilə bağlı keçirilən tədbirlər, həmçinin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliği məqsədilə “Naxçıvan Döyüş Şöhrəti” və “Xatirə” muzeylərinə təşkil olunmuş ekskursiyaları şagirdlərin vətənpərlik hisslərinin formalaşmasına öz müsbət təsirini göstərir. Bütün bunlar həm fiziki, həm də mənəvi cəhətdən sağlam gəncliyin yetişməsinə öz töhfəsini verir.

Son dövrlər məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət xeyli artırılıb. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə şagirdlərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Muxtar respublika ümumtəhsil məktəblərində hərbi kabinələrin yaradılması, hərbi rəhbərlərin hər il Əlahiddə Ümumqoşun Ordusunun Təlim Tədris Mərkəzində təlimlərə cəlb edilməsi, onlara rütbələrin verilməsi, şagirdlərin “Döyüş Şöhrəti Muzeyi”nə ekskursiyaları, Hərbi Liseyə təşkil edilən açıq qapı günləri şagirdlərin hərbi vətənpərvəlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərmişdir. Bu istiqamətdə yaradılan şəraitin nəticəsidir ki, 2020-ci ildə muxtar respublikanın 164 ümumtəhsil məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün ötən illə müqayisədə 11 faiz çox olmaqla 498 şagird sənəd vermiş, onlardan 220-si kursant adını qazanmışdır.

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin təkcə dərs prosesində deyil, dərsdənkənar da aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Məktəbdə vətənpərvərlik hissi ilə formalaşdırılan o şagirdlər bu gün 30 ildir düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən igid əsgərlərimizdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031