SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün ilaxır çərşənbədir

Bu gün ilaxır çərşənbədir
19-03-2019, 09:00

Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su,torpaq , yel və odçərşənbələri qeyd edilir..

Dördüncü çərşənbə olan od çərşənbəsində torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

OD ÇƏRŞƏNBƏSİ
Qədim tarixa malik Novruz bayramı əsrin dərinliklərindən gəlib bu günümüzə çıxmış ən şən və gözəl bayramlardan biridir. Əsrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib.
Boz ayda qeyd edilən sonuncu çərşənbə - Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, torpaql, yel və a odla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. İnsanlar hər zaman Oda ehtiyac duyublar. Odun kəşfi insan həyatını rahatladan ən mühüm ünsürlərdən biri olub. Mifoloji rəvayətlər göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə, onu müqəddəs olaraq qəbul etmiş və inanclar, mərasimlər yaratmışlar.
Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, Oda, Atəşə böyük inam olub. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qayanamalı, insanların ocağının üstü boş qalmamalıdır.
Bayramlarda tonqal qalamaq qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi Dədə Qorqud” dastanında da aydın görmək olar. İnsanlar arasında belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, onlara хoşbəхtlik gətirər. Qədimdə kənd yerlərində bayramlarda, şad günlərdə kəndliləri agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması daha məqsədə uyğun hesab olunurmuş.
Şad günlərdə tonqal qalanması haqqında məlumatlara “Kitabi Dədə Qorqud” dastanında da rast gəlinir. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında fikirlər var. Dastanda Dədə Qorqud Oğuz igidlərinə deyir ki, şad günlərinizdə, bəd günlərinizdə uca dağ başında tonqal qalayın. Uzaqdakı Oğuz igidləri o tonqallar sayəsində darda və ya şad gündə olduğunuzu təyin edib köməyə gələ bilsinlər. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.
Novruz ayin və mərasimlərindən biri də günəşı çağırmaq, istiliyin olması üçün Od çərşənbəsi zamanı icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün Qodu-qodu mahnısı oxuyar, ondan istilik istəyirlər. "Qodu-qodu" oyununda kənd cavanları üzərinə qırmızı bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və müəyyən nəğmələr oxuyardılar.
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı günü gördünmü?
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.
Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir.
Qoymayın ağlamağa.
Odla bağlı atalar sözləri.
Odu su ilə söndürmək olmaz.
Od çərşəbəsində ocağı boş qoymazlar.
Odsuz ocaq olmaz.
Od ilə oynamaq olmaz.
Od yanan yerdən tüstü çıxar.
Od yanmasa tüstü çıxmaz.
Ocaq keçər, külü qalar.
Oda pənah aparanın ocağı sönməz.
Od qalar köz olar, qız qalar söz olar.
Od insanı həm qızdırır, həm də yandırar.
Od ilə pambığın nə dostluğu?
Od olsa özünü yandırar.
Ocağı söndürən çox olar, yandıran az.
Od ilə od sönülməz. (çözülməz).
Od düşəndə, yaşda yanar, quruda.
Od söndürər, su yandırar
Odda sönər sovuyar, güldə solar quruyar.
Odun imanı, sudadır.
Od yanan yerdən işıq gələr.
Oddan kül törər, küldən nə törər?









Odla bağlı inanclar.
Ocaq yananda səs çıxırsa, kimsə sözünü danışır.
Od hisli olarsa, uzaqdan qonaq gələcək.
Ocaqda kül titrəyəndə od xeyirə oynayır.
Ocağı dağıdan xeyir tapmaz.
Ocaq sönməyən yerdə məskən salarlar.
Çərşənbədə ocağı boş qoymazlar.
Odla bağlı alqışlar.
Ocağınodlu, qazanın qaynar olsun.
Ocağınız odlu, eviniz nurlu olsun
Ağrın, acın odda yansın
Ocağına nur çilənsin.
Ocağın bərəkətli olsun.
Ocağın sönməsin.


- Ocağınız yanar, odunuz sönməz, eviniz işıqlı olsun!

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930