SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordumuzun zəfər gücü

Ordumuzun zəfər gücü
25-11-2020, 18:09

2020-ci il sentyabrın 27-dən erməni hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində başlayan aktiv döyüş əməliyyatları bu dəfə ordumuzun sərt cavab tədbirləri ilə bütün cəbhəboyu əraziləri əhatə etdi. Bu eskalasiyanın müddəti 44 gün çəkdi. Həmin vaxt ərzində Azərbaycan Silahlı Qüvvələri 300-ə qədər yaşayış məntəqəsi və strateji yüksəklikləri azad edərək o bölgələrdə nəzarəti tamamilə ələ aldı. Noyabrın 8-də Azərbaycan üçün tarixi, mədəni, mənəvi və strateji dəyəri olan Şuşanın alınması və növbəti gün 70-dən çox yaşayış məntəqəsi və bir sıra yüksəkliklərin azad edilməsi isə Ermənistan hərbi-siyasi rəhbərliyini şok vəziyyətinə salaraq kapitulyasiya imzalamağa məcbur etdi. Bəs II Qarabağ müharibəsi hərbi-taktiki baxımdan Azərbaycan Ordusunun gücünü necə xarakterizə edir? Doğrudur, bu müharibə hələlik bitməyib, aktiv döyüş əməliyyatları dayandırılıb və məlum bəyanatın şərtlərinin tam yerinə yetirilməsinədək münaqişənin siyasi mərhələsinə start verilib. Lakin müharibə tərəflərinin hərbi gücü ötən 44 gün ərzində bütün dünyaya məlum oldu.  

Hər şeydən əvvəl, tərəflər arasındakı hərbi qarşıdurma dünyanın əsas diqqət mərkəzində olmaqla yanaşı, təkcə siyasi institutlar tərəfindən deyil, həm də hərbi texnoloqlar və mütəxəssislər tərəfindən ciddi təhlil edildi, bununla bağlı müəyyən açıqlamalar verildi, analitik yazılar dərc olundu. Aydındır ki, istənilən müharibənin başlanması və yekunu siyasi qərarlardan asılı olsa da, bu cür qərarların verilməsində ən böyük rolu hərbi amil oynayır. Necə deyərlər, hərbi güc sülh üçün əsas meyardır. Azərbaycan da öz hərbi gücünə arxalanaraq özünün beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü təmin etmək üçün imkanlarından istifadə etdi, eyni zamanda XXI əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Ötən müddət ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin yüzlərlə tank, piyada döyüş maşınları, minaatan, müxtəlif çaplı artilleriya qurğuları, onlarla zenit-raket kompleksləri, radioelektron mübarizə vasitələri sıradan çıxarıldı, çoxsaylı hərbi texnikaları qənimət kimi ələ keçirildi. Düşmənin canlı qüvvə sarıdan itkiləri isə minlərlədir. Həm yerli, həm də əcnəbi mütəxəssislərin gəldiyi yekun rəy ondan ibarətdir ki, Azərbaycan Ordusunun qısa müddət ərzində bu nəticələri əldə etməsi çox böyük uğurdur.

Əlbəttə ki, bütün bunlar ötən müddətdə Azərbaycan Prezidentinin ordu quruculuğuna göstərdiyi böyük diqqətin nəticəsində mümkün olub. Nəzərə alaq ki, ölkəmizin hərbi inventarının komplektləşdirilməsinə bir neçə, o cümlədən dünyanın aparıcı hərbi şirkətlərinin məhsullarının daxil edilməsi mühüm amil idi. Dövlət başçısının da dediyi kimi, indi elə bir ölkə tapmaq mümkün deyil ki, ordusunda yalnız bir ölkənin hərbi məhsulları olsun. Ancaq bunu xüsusi ilə qeyd etməliyik ki, Azərbaycan digər ölkələrlə silah ticarətində yüksək texnologiyalara əsaslanan vasitələrə daha çox üstünlük vermişdi. Hətta həmin ölkələr bəzi hallarda bu cür silahların kütləvi satışını da hələlik tam reallaşdırmayıblar. Bu isə o deməkdir ki, Azərbaycan təkcə maliyyə imkanları ilə deyil, həm də tərəfdaşlıq etdiyi ölkələrlə nüfuzlu və etibarlı partnyordur. Eyni zamanda 2005-ci ildən başlayaraq ölkəmizdə müdafiə sənayesinin inkişaf etdirilməsi aktiv döyüşlərdə istifadə olunan silah-sursatın istehsalı və yenilənməsi işinə öz töhfəsini verib. Mətbuata da açıq olan məlumatlardan bəllidir ki, Azərbaycan Ordusunun arsenalındakı bir sıra hərbi texnikalar (ən çox tank və PDM-lər) modernləşdirilərək xidmətə cəlb edilib və ya milli adlarımızla istehsal olunan snayper, pilotsuz uçuş aparatları, müxtəlif əməliyyatların yerinə yetirilməsində rol oynayan zirehli döyüş maşınları hərbi inventara daxil edilib.

Müharibənin getdiyi dövrdə Azərbaycan Silahlı Qüvvələri cəbhədə azğın düşmənə qarşı yeni müharibə taktikası tətbiq etdi. V nəsil texnologiyalardan istifadə olunmaqla tətbiq edilən bu cür əməliyyatlar istər quru, istərsə də hava hədəflərinə qarşı digər alternativlərindən mükəmməl nəticələri ilə fərqlənir. Xüsusilə pilotsuz uçuş aparatları həm kəşfiyyat, həm dəqiq zərbə endirmək, həm də kamikadze xüsusiyyətləri ilə düşmən obyektlərini sərrast atəşlə məhv etdi. Bu dövrdə fərqli hədəfləri – zenit-artilleriya qüvvələrini, hava hücumundan müdafiə sistemlərini, radioelektron mübarizə vasitələrini, həmçinin onlarla adda hərəkət edən və etməyən hərbi obyektləri yüksək dəqiqliklə məhv edən pilotsuz uçuş aparatları artıq qısa müddətdə bütün dünyanın diqqət mərkəzinə çevrildi. Maraqlı məqamlardan biri də odur ki, əgər qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri bu texniki vasitələrdən indiyədək terrorizmə qarşı müxtəlif əməliyyatlarda istifadə etmişdirsə, Azərbaycan həmin texnologiyalardan dünyada ilk dəfə olaraq genişhəcmli müharibədə – həm dağlıq, həm də düzəngah ərazilərdə istifadə etdi. Burada mütəxəssislərin diqqət yetirdiyi əsas məsələlərdən biri də odur ki, Azərbaycan Ordusu istifadə etdiyi robot texnologiyası sayəsində düşmənin mülki obyektlərinə və vətəndaşlarına zərər vermədən, yalnız hərbi hədəf atışları həyata keçirməklə ədalətli müharibə apardı və böyük üstünlük qazandı.

Silahlı Qüvvələrimizin arsenalında pilotsuz uçuş aparatları ilə bərabər, digər yüksək dəqiqlikli silahlar da cəbhədə öz sözünü dedi. Müharibənin ilk ongünlüyündə düşmənin cəbhəboyu ərazilərdə 30 ildən bəri qurduğu güclü müdafiə xəttinin darmadağın edilməsi ermənilər və onların havadarlarını, sözün həqiqi mənasında, yasa qərq etdi. Heç bir zirehli texnikanın hərəkətinə imkan verməyən, yer və hava müdafiə vasitələri ilə möhkəmləndirilmiş bu cür etibarlı sədlər ordumuzun müqaviməti sayəsində çox qısa müddətdə dağıdıldı. Cəbhə boyunca çox sayda hərbi texnika və canlı qüvvəsini itirən düşmən bu dəfə ölkəsinin hava hücumundan müdafiə sistemində xidmət aparan “S-300” zenit-raket komplekslərini döyüş zonasına gətirməyə məcbur oldu. Bu hərəkətliliyi müşahidə edən Azərbaycan tərəfi düşmənə xəbərdarlıq etsə də, onlar bundan çəkinmədilər və son nəticə ondan ibarət oldu ki, Silahlı Qüvvələrimizin müvafiq bölmələri həmin komplekslərin 8-ni darmadağın etdi.
Bu müharibədə Azərbaycan Ordusu göstərdi ki, müasir savaşlarda zirehli texnikalar əvvəlki rolu oynaya bilmir və onlar istənilən halda düşmən üçün əsl hədəfdir. Hətta bir çox hallarda hava hücumundan müdafiə sistemləri də Azərbaycanın istifadə etdiyi pilotsuz uçuş aparatlarının qarşısında acizdir. Bu cür uçuş vasitələri məxsus olduğu tərəfdə şəxsi heyətin daha az itki ilə mübarizə aparmasını təmin edir, vertikal izləmə imkanına malik olduğundan digər atıcı silahlarla müqayisədə düşmən tərəfdən də mülki əhalinin qorunmasına öz töhfəsini verir. Digər tərəfdən Azərbaycanın robot texnologiyaları sayəsində məhv etdiyi hərbi texnikalar məxsus olduğu ölkə(lər)nin hərbi nüfuzuna ciddi təsir göstərdi. Hansı ki artıq mütəxəssislər indidən bu nüfuzu bərpa etməyin yollarını axtarırlar.
Təbii ki, bu günədək əldə olunmuş nailiyyətlər Azərbaycan əsgərinin gücünə, onun döyüş hazırlığına, Ali Baş Komandan-xalq-ordu birliyinə əsaslanır. Əgər Azərbaycan əsgəri hərtərəfli döyüş hazırlığına, yüksək vətənpərvərlik ruhuna malik olmasaydı, o zaman əlimizdəki müasir silahların da bir dəyəri olmayacaqdı. Ölkə başçısı da Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanında səsləndirərkən bunu bir daha qeyd etdi: “Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik…”
Dünyanın bir çox hərbi ekspertləri, eləcə də düşmən Azərbaycanın qələbələrində əsas rolu müasir silahların və pilotsuz uçuş aparatlarının oynadığını qeyd edirdilər. Ancaq Şuşa uğrunda gedən döyüşlər dünyaya digər bir reallığı da nümayiş etdirdi. Qafqazın ən uca zirvələrindən birində yerləşən Şuşa şəhərində mövqeyini möhkəmləndirən düşmən Azərbaycan əsgərinin nəyə qadir olduğunu öz gözləri ilə gördü. Ukraynalı hərbi ekspert Aleksey Arestoviç ordumuzun Şuşanı işğaldan azadetmə əməliyyatını belə şərh etmişdir: “Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-sız, tanksız, artilleriyasız şəhəri aldılar”. Rusiya mediası isə həmin döyüşləri belə təsvir edirdi: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir?! Azərbaycan Ordusu dağyuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...”
Beləliklə, Azərbaycan II Qarabağ müharibəsində bütün dünyaya göstərdi ki, XXI əsr müharibəsi qorxmaz, cəsur əsgərlərlə və “ağıllı” silahlarla aparılır. Bu cür silahlardan istifadə zamanı böyük məhvetmə qabiliyyəti olan raket komplekslərini uşaq bağçalarının yanında, şəhər parklarında gizlədən düşmənin də mülki əhalisini təhlükələrdən qorumaq (vertikal hədəf atışı sayəsində) mümkündür. Hansı ki ordumuz bunu etdi. Silahlı Qüvvələrimiz sübut etdi ki, gücləndirilmiş zireh təbəqəsinə malik ənənəvi texnikalar da, müdafiə xəttində mühafizə örtüyü dəfələrlə artırılmış klassik istehkamlar da əvvəlki kimi vacib yox, lazımi əhəmiyyət daşıyır. Digər tərəfdən bu döyüşlər hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin “ağıllı” radar texnologiyaları üzərində qurulması zərurətini ortaya qoydu ki, bu da bir çox ölkələr üçün ciddi siqnal oldu. Nəhayət, bütün dünya gördü ki, güclü silah, yalnız hərtərəfli hazırlığa və döyüş ruhuna malik əsgərin əlində olduqda effektlidir. Sonda bir şeyi də unutmayaq ki, bir ay bundan əvvəl Dağlıq Qarabağ bölgəsi və işğal altında qalmış digər ərazilərimiz dünyanın ən çox silahlandırılmış münaqişə ocaqlarından sayılırdı. 44 gün ərzində 3 milyard dollar dəyərində silah-sursatın məhv edilməsi və ələ keçirilməsindən əlavə, yerlərdə olan hərbi texnikaların və zərərsizləşdirilməmiş minaların (bunların sayı sonra bəlli olacaq) sayını da bura əlavə etsək, mənzərə tamamilə aydın olar. Yəqin ki, hər kvadratmetrinə düşən silah-sursat sayına görə dünyada başqa belə bir bölgə tapmaq mümkün deyil. Bunu da, yəqin bilirik ki, Azərbaycanın II Qarabağ müharibəsində istifadə etdiyi və hələlik analiz prosesində olan bir çox uğurlu taktiki əməliyyatları dünya hərb tarixinin səhifələrinə qızıl hərflərlə yazılacaq, uzun müddət müzakirə mövzusu olacaq, dünya ordularında tətbiq ediləcək.


Səbuhi HƏSƏNOV

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031