SON DƏQİQƏ

naxcivanxeberleri.com

İnsanla təbiətin mübarizəsi : Qoca və Dəniz-Lalə Allahverdiyeva yazır...

İnsanla təbiətin mübarizəsi : Qoca və Dəniz-Lalə Allahverdiyeva yazır...
17-03-2019, 14:21

Amerikan roman və qısa hekayələr müəllifi, jurnalist Ernest Heminquey 21 iyul 1899-cu ildə İllinoys ştatında dünyaya gəlib. Yazıçı Nobel və Pulitzer mükafatlarını qazanmışdır. Birinci dünya müharibəsi zamanı təcili tibbi yardım maşınında sürücülük etmiş, o dövrün hadisələrini daha yaxından görmüşdür. Müharibədən 10 il sonra yazdığı “Əlvida, silah” əsərində həmin dövrdə görüb, müşahidə etdiyi hadisələr, insanları təsvir etmişdir. “Frensis Makomberin ani xoşbəxtliyi”, “Klimancaro qarı”, “Zəng kimin üçün çalınır” kimi dəyərli əsərlərin müəllifi kimi şöhrət qazanan Ernest Heminquey 1961-ci ildə atası kimi özünə ov tüfəngindən atəş açaraq intihar etmişdir.
Yazıçıya Nobel mükafatı qazandıran “Qoca və Dəniz” əsərini ilk dəfə məktəb vaxtı oxumuşdum. Həmin vaxt əsər mənim üçün olduqca sadə və anlaşıqlı idi. Çünki əsər çox sadə bir xətt üzrə davam edirdi. Qoca balıqçı səksən dörd gün heç bir balıq ovlaya bilmir, səksən beşinci gündə dənizə yelkən açır, həyatı boyu tutmaq istədiyi o nəhəng balıq onun tilovuna keçir. Qoca çox çətinliklə də olsa balığı ovlaya bilir, lakin acgöz köpəkbalıqları ucbatından onu sahilə çatdıra bilmir. Yəni, mənim üçün əsər bu qədər sadə sujet xətti ilə davam edirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” imzaladığı Sərəncam yenidən bu əsəri oxumağıma səbəb oldu. Bu dəfə əsərdən daha fərqli nəticələr çıxarmışam. İlk öncə əsərin mövzusu ilə tanış olaq.
Macərapərəst bir ruha sahib olan Ernest Heminquey əsəri Kubaya yollandığı zaman qələmə almağa başlamış və burada da tamamlamışdır. Qolfstrimdə tənha, qoca balıqçı Santyaqo yaşayırdı. Səksən dörd gün ardıcıl dənizə çıxsa da, dənizdən əliboş qayıdırdı. Yanında onunla birgə balığa gedən balaca Manolini ailəsi heç bir balıq tuta bilmədiklərinə görə qoca balıqçının yanından alıb başqa balıqçılara işləməyə göndərmişdilər. Santyaqonu çox sevən balaca oğlan onunla dostluğunu davam etdirər, Qoca dənizdən gələn kimi yanına qaçar, ov ləvazimatlarını daşımaqda ona köməklik edərdi. Ondan öyrənəcək çox şeyinin olduğunu düşünən balaca oğlan Qocaya heyranlıq hissi duyardı. Hər səhər Qoca balıqçı oğlanı yuxudan oyadar və onlar birgə sahilə gedərdilər. Qoca balıqçı hər dəfə dənizdən əliboş qayıdanda balaca Manolin onun halına kədərlənər, ona köməklik etməyə çalışardı. Qoca Manolinə əvvəllər ovladığı balıqlardan danışar, gənc olarkən getdiyi Afrikanı və onun sahillərində gördüyü şirləri yuxusunda görərdi.
Səksən beşinci gün Qoca yenidən dənizə çıxır. Manolin tutduğu iki böyük balığı Qocaya ov zamanı istifadə etmək üçün verir. Balaca oğlanın köməkliyi ilə qayığını dənizə salan Qoca bu səfər daha uzaqlara getməyi düşünür. Zövqlə yeni doğan Günəşi izləyən Qoca tilovlarını suya salmış, xəyalını qurduğu nəhəng qılınc balığı tutmağı arzulayırdı. Bu gün səksən beşinci gün idi ki, Qoca dənizə çıxırdı və səksən dörd gün heç nə tuta bilməmişdi. Bu zaman tilovun ipləri gərilməyə başlayır. İplərin möhkəm dartılması qocanın əllərini kəsir, qayığı sürətlə çəkib aparır. Qoca anlayır ki, bu onun arzuladığı həmin nəhəng balıqdır. Dörd gün davam edən mübarizədən sonra balıq suyun üzərinə çıxır və Qoca nizəni ona sancaraq öldürür. Ovladığı balığı qayığa bağlayaraq sahilə doğru yol alır. Lakin qanın iyini kilometrlərlə uzaqdan alan köpəkbalıqları Qocanın ovuna şərik çıxırlar. Bir neçə köpək balığını öldürməyə nail olsa da, sonda onlar “məğlub” olur. Sahilə nəhəng qılınc balığından sadəcə onun skeletini çatdıra bilir. Günlərlə sadəcə balıq və su ilə qidalanan, əllərini, çiynini tilovun iplərini kəsib yara edən Qoca çox yorulmuş və kədərli halda öz daxmasına çatır. Manolin xəbəri eşidən kimi cəld onun yanına qaçır, Qocanın qayığına bağlı nəhəng balığın skeleti isə görənləri heyrətə gətirir.
Əsərdə baş verən hadisələri biz, əsasən, Qocanın simasında müşahidə edirik. Burada Qocanın düşüncələri, dənizdə olarkən öz-özü ilə danışıb müzakirə aparması, söylədikləri ilə əsas fikirə, nəticəyə gəlirik. İlk öncə insana aşılanan fikir budur. İnsan gücü, iradəsi qarşısında təbiət belə davam gətirə bilməz. Qoca özündən dəfələrlə güclü olan balığın və hətta köpəkbalıqlarının üzərində qələbə çalır. Yaralanıb, qıc olmuş əlləri ilə, yuxusuz və ac qalmasına baxmayaraq həmin nəhəng balığı ovalaya bilir. Hətta düşmənlərindən belə onu qorumağa çalışır. Təkbaşına apardığı bu mübarizə insan iradəsini tam aydınlığı ilə ifadə edir. Əsər boyunca Qocanın vicdanı ilə həyat reallığı arasında qaldığını müşahidə edirik. Çünki ovladığı balıq olduqca gözəldi. Onu öldürmək, təbiətin bu gözəlliyinə qıymaq ona mənəvi narahatlıq verir. Əsərdə Qocanın işlətdiyi “Balıq insanın hər cür kələyindən, hiyləsindən, qurduğu tələdən uzaqda, okeanın dərin yerində yaşamaq istəyirdi. Mən isə onu üzə çıxardım” fikri Qocanın necə daxili təlatümlər yaşadığını göstərir. Lakin balığı həyatda qalmaq üçün ovladığını deyir və bunu təbiətin qanunauyğunluğu adlandıraraq özünə mənəvi rahatlıq qazanmağa çalışır. Günahla savab arasında qalan Qoca deyir, dünyada elə hər şey günahdır. Günah olmayan nə var ki? Bir də bundan qoy o adamlar narahat olsunlar ki, günah-savab işindən pul çıxardırlar. Doğrudan da, insanlığın hazırkı problemi – daha çox pul və nəfs üçün insan oğluna yaraşmayan hərəkətlər etməsidir. Dərin fəlsəfi düçüncələrə dalan Qocanın "Yaxşı ki, biz adamlar ulduz ovuna çıxmırıq. Sevinirəm ki, ulduzları öldürməyə can atmırıq”, “Təsəvvür elə ki, insan oğlu hər gecə ayı, ya da hər gün günəşi tutub öldürməyə cəhd edir. Onlar da adamdan qaçır” fikirləri əsərin dinamizmindən xəbər verir. Qoca balıqçının köpəkbalıqları ilə apardığı mübarizə insan təbiət qarşılaşması və insanın ən ağır şərtlər altında apardığı mübarizədən qalib çıxması kimi də qəbul etmək olar.
Hadisələrə həyatın içindən, olduğu kimi yanaşıb şərh edənlər kimi, eyni zamanda ona simvolik olaraq da münasibət bildirmək olar. Heminqueyin “Qoca və Dəniz” povesti olduqca maraqlı nüansları özündə cəmləşdirir. Bəzi ədəbi şərhçilər isə başqa aspekdən yanaşırlar. Heminqueyin qatı katolik olduğunu nəzərə alıb, obrazlara simvolik yanaşırlar. Burada tilovun iplərini Qoca balıqçı əlləri ilə dartanıb çiyinlərinə doğru çəkir, daha sonra qollarına səmaya doğru açaraq dərin yuxuya gedir. Həmin bu səhnəni İsa peyğəmbərin çarmıxdan endiriləndən sonra təsvir olunan tablo ilə bənzədirlər. Bir sözlə, sadə görünsə də bu əsər olduqca dərin, mənalı, fəlsəfi düşüncələri özündə birləşdirir. Ona görə də, hər bir ədəbiyyat sevər bu əsəri oxumalı və özü üçün nəticələr çıxarmalıdır.

Lalə ALLAHVERDİYEVA
Jurnalist

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30