SON DƏQQƏ

naxcivanxeberleri.com

Dağlar qoynuna sığınan səfalı kənd- Kükü

Dağlar qoynuna sığınan səfalı kənd- Kükü
31-10-2020, 10:56

Fəsillərin rəng dəyişimi daha çox kəndlərimizin əsrarəngiz mənzərələrində görmək olur. Çünki şaqqıltı ilə axan çaylar, zümrüd qaşı xatırladan meşələr, yalçın qayalar, gül-çiçəkdən don geyinmiş dərələr, şır-şır axan bulaqlar, qoyun-quzu mələşməsi, at kişnərtisi, göy gurultusu, qabarlı əllər, torpaq iyi, alın təri kənd yerlərinin gözəlliyi, füsunkarlığıdır.

Dağlar qoynunda qərar tutan sərhəd kəndi Kükü də bu payız günlərində ayrı büsata bürünüb. Ağaclardan yerə səpələnmiş rəngarəng yarpaqlar, dağların sazağı, küləyi, çayınçeşmənin həzin-həzin axan sularının səsi ətrafa yayıldıqca sanki təbiətin fərqli bir ahəngi üzə çıxır. Havaların soyuması quşları, dağ heyvanlarını da sükuta qərq etdiyindən ətrafda bir qədər sakitlik hökm sürür. Ancaq əliqabarlı insanların, çörəyini daşdan çıxaranların, torpaqla hər fəsil əlaqə saxlayanların səs-sədası hələ də gəlir. Yağış, soyuq və digər bu kimi amillər insanların gözünü işdən qorxutmur. Bu gözəlliklər rəssam gözləyir ki, fırçanın gücüylə tabloya çəkilsin, şair həsrətindədir ki, poetik misralara çevrilsin, bəstəçi istəyir ki, hüsnünə nəğmələr qoşulsun.

Doğrudur, bu mənzərələr yaradıcı sənət adamlarımızın dəfələrlə ilham mənbəyinə çevrilsə də, hələ bu kənddə yaradılan yenilikləri, təbiət mənzərələrini qələmə alanlar çox olacaqdır... Kəndlə bağlı daha ətraflı məlumat üçün kənd mərkəzinə üz tutdum. Kənd inzibati ərazi dairəi üzrə icra nümayəndə Fariz Göyüşovla həmsöhbət oldum. Kəndin bu günündən çox ürəklə, həvəslə danışan müsahibim bildirdi ki, 2013- cü ilin 12 oktyabrında kənddə bir neçə sosial obyektlər istifadəyə verilib. Onlardan biri də kənd mərkəzidir. Bura sakinlərin qarşılaşdıqları problemlərin həll olunduğu, ictimai və mədəniyyət tədbirlərinin keçirildiyi bir ünvandır. İki mərtəbəli binanın birinci mərtəbəsində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana yerləşir. İkinci mərtəbəsində isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı üçün iş otaqları ayrılıb. Rabitə evində quraşdırılan 384 nömrəlik ATS kənddə 230-dan artıq abonentə xidmət göstərir. Həmçinin burada yaradılan poçt məntəqəsi sayəsində gündəlik mətbuatın, eləcə də danışıq və internet kartlarının satışı təşkil olunmuşdur. Binada yaradılan digər bir otaq isə kitabxana üçündür. Hər bir oxucunun istədiyi kitabı əldə etməsi üçün kitab fondu latın və kiril əlifbası ilə çap olunmuş kitablarla zənginləşdirilmişdir.

Kənddə baytarlıq xidmətinin yüksəldilməsi üçün də lazımi şərait yaradılıb. Məntəqəyə dərman vasitələri və soyuducu verilib. Məntəqənin həkimbaytarları onlar üçün yaradılmış bu şəraitdən istifadə edərək vaxtlı-vaxtında kənd sakinlərinin təsərrüfatlarında yoluxucu xətəliklərə qarşı profilaktiki tədbirlər görürlər. Kənddə dövlət qayğısı ilə həkim ambulatoriyasının yeni binası da istifadəyə verilib. İki mərtəbədən və 11 iş otağından ibarət olan ambulatoriyada stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, həkim, mama və manipuliyasiya otaqları vardır. Bu səhiyyə ocağında çalışan tibb işçiləri kənd əhalisinə hərtərəfli şəkildə səhiyyə xidməti göstərilməsinə çalışır. Təqdirəlayiq haldır ki, kənddə əhaliyə yüksək səviyyədə iaşə xidməti göstərilməsi üçün də lazımi şərait yaradılıb.

Xidmət mərkəzində kişi bərbərxanası, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla iki mağaza vardır. Bu mərkəzin istifadəyə verilməsi ilə həm də kəndin bir neçə sakini işlə təmin olunmuşdur. Kənd tam orta məktəbi ilə tanış oluruq. İkimərtəbəli kənd məktəbi üçün tikilmiş bina və onun ətrafında yaradılmış gözəlliklər insanı valeh edir. Məktəbin həyətində kimya müəllimi Yunis Quliyevlə ilə görüşürük. Kənd məktəbinin təhsil ənənələri haqqında məlumat verən müsahibim bildirdi ki, əvvəllər məktəb binası yararsız olduğu üçün təlimin keyfiyyətinə öz təsirini göstərirdi. Soyuq qış günlərində məktəbədə çətinliklər daha çox olurdu.

Yolda soyuqdan donan, üşüyən şagirdlərimizin rəngi məktəbdə də özünə gəlmirdi. Bu, məni həm bir kənd sakini, həm də bir müəllim kim narahat edirdi. Çünki o problemləri aradan qaldırmaq imkanımız yox idi. İndi isə Kükünün büsatı başqadır. Çünki dövlət qayğısı ilə kəndimizdə hamımızın ürəyincə olan yaraşıqlı məktəb binası istifadəyə verilib. Fərdi istilik sistemi olan məktəbin sinif otaqlarında uşaqlar nəinki üşümür, əksinə onlar məktəbdən ayrılıb getmək istəmirlər. Dövlətimizin bu qayğısından bəhrələnən məktəb kollektivi uğurları ilə həmişə əks-səda doğurur. Bu il məktəbin yetirmələrindən 6 məzun tələbə adını qazanmışdır. Bu uğurların arxasında ömrünü şam kimi şagirdlərinin yolunda əridən müəllimlərin fədakar əməyini xüsusilə qeyd etmək istəyirəm. Məhz onların çəkdikləri əziyyətin, verdikləri biliyin nəticəsidir ki, bu məktəbin yetirmələri öz savad və bacarıqları ilə həmişə seçilir, hər il muxtar respublika və Azərbaycan məktəblilərini öz uğurları ilə heyrətləndirirlər.

Özünəməxsus ənənələri olan bu məktəbdə təhsil alan şagirdlərə daha yaxşı oxumaq üçün şarait yaradıldığı kimi, eyni zamanda məktəbin müəllim kollektivinin də əməyi daim qiymətləndirilmişdir. Məktəbdən ayrılıb kəndin məhəllə yollarında gəzərək ətrafı seyr edirəm. Bildirmək istəyirəm ki, bu kəndin sakinləri yol sarıdan da vaxtilə çətinlik çəkirdilər. Kükünün dağlarından axan yağış suyu bu yolları keçilməz edirdi. Nə vaxtsa bu yerlərin belə gülüstana çevriləcəyini heç kəs ağlına belə gətirmirdi. Amma muxtar respublikada yolnəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən bu yurd yerin də pay düşdü. Kükü kənd avtomobil yolunun son illərdə yenidən qurulması bu istiqamətdə görülən işlərin daha bir nümunəsidir.

Yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə şərait yaratmaqla yanaşı, həm də dağ kəndinə gedən sərnişinlərin də təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. İndi bu yolun adı çəkiləndə eşitdiyimiz giley-güzarın yerini razılıq və ürəkdolusu sözlər əvəz edib. Kənd sakini Sevindik Səfərovun dedikləri də fikirlərimizi təsdiq edir. -Bu ucqar dağ kəndində həmişə arzusunda olduğumuz yeniliklərə qovuşmuşuq. Kəndi dövrələyən uca dağları qar yüklü olan Kükünün könül oxşayan Qanlı gölü, Dərəboğazı diş göynədən suları onsuz da bizi bu yurdun vurğunu edib.

İndi isə dövlət qayğısı ilə tikilənlər, qurulanlar, yeniliyin tətbiq olunması kəndimizin gələcək xoş günlərinin müjdəçisidir. Görülən işlər gənclərin öz yurd yerlərinə olan sevgisini artırıb. Onlar burada yurd-yuva salır, ev-eşik qururlar. Kəndlinin iş yeri olan torpaq dövlət dəstəyi ilə əkilir, becərilir. Bağlardan, bostanlardan istehsal olunan məhsullar vaxtında bazara çıxarılır. Məhsulların satışı asanlıqla təşkil olunur. Nəticədə maddi marağı artan insanlar da bütün imkanlarından istifadə edib istehsalı artırmağa, daha çox əkib-becərməyə səy göstərirlər. Beləcə, kənd sakinləri ailə büdcəsini zənginləşdirirlər.

Müsahibim vurğulayır ki, bu kənddə ailə qanunları, ədəb-ərkan qaydaları indi də qorunur. Milli dəyərlər, el sənətkarlığı böyük həvəslə təbliğ olunur. Soy-kökünə bağlı insanlar öz davranışları ilə gənclərə nümunədirlər. Uzun - ömürlülər diyarı kimi də Kükünün ağsaqqalları, ağbirçəkləri böyük hörmət sahibidirlər. Ziyalısı da, fəhləsi də, əkinçisi, heyvandarı, çobanı da adətinə, ənənəsinə sahib çıxan Küküdə keçirilən hər bir mərasim milli dəyərlərə söykənir... Kükü kəndində dövlət qayğısı ilə yaradılan gözəlliklərdən, sosial-iqtisadi inkişafdan saatlarca, günlərcə danışmaq olar. Mən həm də ulu Tanrının bu yurd yerinə bəxş etdiyi nemətlərdən də söhbət açmaq istəyirəm. Məlumdur ki, Kükünün uzaq-uzaq ellərdə tanıdan buranın dillər əzbəri olan alma və cəviz ağaclarıdır. Kəndin camaatı gözünü açandan həyətində, çölündə, kəfşənində daha çox bu ağacları görüb.

Başqa meyvə ağacları əkib onlardan da məhsul götürüblər. Ancaq həmin ağaclar ya quruyur, ya yaxşı məhsul vermir, ya da məhsulu zay olur. Amma bu kəndin alması, cəvizi dadı, tamı, saflığı ilə dillər əzbəridir. Bu ağaclar hətta bəzən qərinələrlə yaşayırlar. Ona görə də dədə-babadan salınan bu ağacları kəndin camaatı lazımınca qoruyur, onlara qulluq edirlər. Deyərdim ki, Küküdə uşaqdan-böyüyə bu ağacların dilini bilməyən bir kimsə tapılmaz. Ona görə də hər bir ailənin əsas dolanışığı da elə bu ağaclardandır. Baxmayaraq ki, kəndli kimi hamının malı-heyvanı, toyuq-cücəsi, bəzilərinin arı ailələri var. Amma yenə də kükülülər alma və cəviz ağaclarını əsas dolanışıq yeri bilir. Kənddə min bir dərdin dərmanı olan qantəpər, yarpız, kəklikotu, nanə, baldırğan, dazıotu və onlarca adını bilmədiyim bitkilər vardır. Bu bitkilər insan orqanizmisini sağlam və gümrah saxlayır.

Ələyaz, əvəlik, dikcə, yemlik, turşəng, cacıq, qazayağı, baldırğan, dağ soğanı, dağ kəvəri, dağ göbələyi, yemişan, zərinc, quşəppəyi və daha ürəyin nə istəyir, desən bu yurdun təbii qida mənbəyi kimi ilin bütün fəsillərində damaqların dadı, süfrələrin bəzəyidir.. Füsunkar və qeyri-adi gözəlliklər Kükünü həm də turizm kəndi kimi tanıdır. Kəndin dağlıq ərazidə yerləşməsi, yaşıllıqlarının, su ehtiyatlarının, infrastruktur sahələrinin, ən əsası isə təmiz ekoloji məhsullarının olması onu muxtar respublikanın hüdudlarından kənarda belə sevilən bir diyara çevirmişdir. Kəndin dağından, daşından süzülüb evlərə, həyətlərə gələn suların dadı, bol oksigenli təbiətindən udduğumuz hava insana o qədər rahatlıq gətirir ki, onun təsirindən uzun müddət ayrıla bilmirsən. Xüsusilə də isti vaxtlarda sərinləmək, istirahətini təmiz dağ havasında keçirmək istəyənlər üçün Kükü əvəzsiz məkandır.

Yayın orta ayından başlayaraq, demək olar ki, hər gün Qanlıgöldən əsən sərin dağ küləkləri kəndin havasının saflığına çox təsir edir. Təbii ki, saf hava, təmiz dağ suları burada yetişən meyvənin, tərəvəzin, başqa kənd təsərrüfatı məhsullarının, xüsusilə də balın dadına-tamına öz təsirini göstərir. Bu da əlbəttə ki, insanların təmiz ekoloji məhsullarla təmin olunması deməkdir. Kənd boyu bəzən coşqun, bəzən də səssiz-sakit axaraq öz mənsəbinə-Araza qovuşmağa tələsən Küküçayı ilboyu, demək olar ki, tam sabit şəkildə dəqiqədə 1500 litrdən artıq debitlə qidalandıran Gurbulaq isə buradakı canlı həyata can verən əsl təbiət möcüzəsidir. Burada qalmaq elə də müşkül məsələ deyil.

Çünki kənddə qonaqlar üçün hər cür şəraitlə təmin olunmuş hostellər də var. Kim istəsə, gəlib bu hostellərdə yaşaya və ya istirahət edə bilər. Hostellərin fəaliyyət göstərməsi turist cəlbi üçün şərait yaradılmasına imkan verdiyi kimi, kənd sakinlərinin də ailə büdcələrinin zənginləşməsinə öz töhfəsini verib. Kənddə istehsal olunan yerli məhsullardan-qatıq, süd, qaymaq, şor, kərə, ət, yumurta, meyvə almaq arzusunda olan turistlərə istədikləri qədər münasib qiymətlərə həmin məhsulların satılması turistin istəyinə münasib ərzaq məhsulları ilə təminatına, istehlakçının isə öz məhsulunu elə evində istədiyi qiymətə realizə etməsinə şərait yaradır. Deməli, turizmin inkişafı həm təbliğat, həm də qazanc üçün real imkanlar yaradır. Beləcə, kənd sakinləri həm evlərin kirayəsindən aldıqları vəsaitlə, həm də özlərinin istehsalçısı olduqları ailə təsərrüfatı məhsullarını satmaqla büdcələrini zənginləşdirirlər. Bir dağ kəndindən aldığımız xoş təəssüratlara yolumuza davam edərək geri dönürəm. Alatoranlıq olmasına baxmayaraq, kəndə göz gəzdirməkdən hələ də doymamışdım. Yol boyu gördüyüm ən maraqlı məqam da o idi ki, hər kəs səssiz-səmirsiz öz işindədir. Kimi mal-qaranı otlaqlardan aparır, kimi onlara yem biçir, kimi toyuq-cücəyə dən səpir, kimi də bostandan yığdığı məhsulları evlərinə daşıyır...

Hicran Əliyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30