SON DƏQQƏ

naxcivanxeberleri.com

Unudulmuş yazıçı haqqında möhtəşəm əsər

Unudulmuş yazıçı haqqında möhtəşəm əsər
30-10-2020, 16:00

Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” adlı monoqrafiyası çapdan çıxıb. Alimin sağlığında nəşr etdirdiyi görkəmli diplomat, yazıçı, publisist Əli Səbri Qasımov haqqında monoqrafiyadan sonra Naxçıvan ədəbi mühitinin çox qiymətli nümayəndələrindən olan unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı haqqında adıgedən bu əsəri dövlət qayğısı ilə nəşr edilərək elmi dövriyyəyə buraxılmışdır. Alimin min bir zəhmətlə ərsəyə gətirdiyi “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” (Naxçıvan, “Əcəmi” NPB, 2020, 168 s.) adlı 168 səhifəlik monoqrafiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun qayğısı ilə nəşr edilərək geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.

Əsər müəllifin Ələkbər Qərib Naxçıvanlı haqqında monoqrafik tədqiqatlarını özündə ümumiləşdirir. Əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Surə Seyiddir. Ön söz, dörd fəsil, son söz əvəzi (nəticə) və istifadə edilmiş ədəbiyyat siyahısından ibarət olan əsər geniş elmi araşdırmalardan kənar düşmüş naxçıvanlı ədəbi sima Ələkbər Qərib haqqında ilk bitkin, əhatəli və sanballı monoqrafik tədqiqatdır. “Ön söz”də əsərin elmi redaktorunun da yazdığı kimi: “Çox təəssüf ki, sağlığında bu arzusunu reallaşdıra bilməsə də (monorafiyanın çapı nəzərdə tutulur-R.Q.), Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Bilik Fondunun təqdimatında nəşr olunan bu əsərlə görkəmli alimin elmi axtarışları həyata vəsiqə aldı” (Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı. Naxçıvan: “Əcəmi” NPB, 2020, 168 s., s. 5).

Əsərin “Şərəfli ömür yolu” adlanan birinci fəslində Ələkbər Qərib Naxçıvanlının həyatı və taleyindən, çoxcəhətli fəaliyyətindən bəhs edilir. Tanınmış ədibin təvəllüd tarixi dəqiq göstərilməsə də, XIX əsrin 90-cı illərində, təxminən 1893-1894-cü illərdə Naxçıvan şəhərində dünyaya göz açdığı deyilir. Müəllifin müxtəlif mənbələrə istinadən gəldiyi qənaətinə görə Ə.Q.Naxçıvanlı məşhur Nəsirbəyovlarla qohum olmuşdur. Atası Kərbəlayı Tağı Naxçıvanın açıqfikirli adamlarından biri olmuş, hətta adı farmasyonların sırasında çəkilmişdir. Qori Müəllimlər Seminarıyısının məzunu olmuş Ə.Qəribin də Firudin bəy Köçərlinin uğurlu işlərində imzası keçən tələbələrdən biri olduğu qeyd edilir. Onun həmçinin özünü peşəkar bir pedaqoq kimi tanıtdığı, müxtəlif məktəb və maarif ocaqlarında fəliyyət göstərdiyi, müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq etdiyi də bildirilir.

Əsərin ikinci fəsli “Ələkbər Qərib Naxçıvanlının bədii yaradıcılığı” adlanır. Müəllifin də qeyd etdiyi kimi, Ə.Qərib yazıçılıq fəaliyyətinə hələ Seminariyada oxuyan vaxt başlamışdır.  Müəllifin gəldiyi qənaətə görə, Ələkbər Qərib ilk qələm təcrübəsini rus dilində sınaqdan keçirmiş, 1910-cu ildı çap etdirdiyi “Məktəbli qız” (“Ученица”) hekayəsilə yazıçılıq fəaliyyətinə başlamışdır. Gənc yazıçının ana dilində yazdığı hekayələr sırasında 1911-ci ildə nəşrinə nail olduğu “Zavallı Leyla xala” əsəri ilkin yer alır. Ümumiyyətlə, Ə.Qərib özünü hər şeydən əvvəl bir nasir kimi təsdiq etmiş, bir sıra hekayələrin və “Qəlbimin sultanı” povestinin müəllifi olmuşdur. Müəllifin tədqiqtları təsdiq edir ki, Ə.Qərib sovet dövrü illərində “Azadlıq bahası” adlı roman üzərində də işləmiş,  müəyyən hissələrini nəşr də etdirmişdir. Ədibin müxtəlif illərdə kitabları da nəşr edilmiş, 1914-cü ildə çap olunan üç hekayədən ibarət “Haqq divanı” adlı kitabı işıq üzü görmüşdür.  

“Ədəbi-tənqidi və publisistik məqalələri” adlanan fəsildə müəllif Ə.Q.Naxçıvanlının yaradıcılıq fəaliyyətinin publisistika mərhələsi və ədəbi-tənqidi məşğuliyyət dövrünü araşdırır. Əsərin özündə də qeyd edildiyi kimi, “Ələkbər Qərib naxçıvanlı publisistik yaradıcılığa hələ Qori Müəllimlər Seminariyasında 1909-1913-cü illərdə təhsil alarkən başlamışdır”. Buna görə də tədqiqatçı tədqiqatın nəzərlərini yazıçının o vaxt Bakıda işıq üzü görən mətbuat orqanı olan “İşıq” qəzetilə əməkdaşlığına yönəldir. Ümumiyyətlə, tədqiqatçı pedaqoq-yazıçının bir sıra publisistik və ədəbi-tənqidi məqalələrini də toplayaraq təhlilə cəlb etmiş, onlara tənqidi münasibət göstərmişdir. Bu məqalələrdə yazıçı bir ziyalı olaraq dövrün ən nüfuzlu ədəbiyyat xadimlərindən olan rus və dünya ədəbiyyatının nəhəng siması kimi L.N.Tolstoyun tərbiyə məsələləri (“Qraf L.N.Tolstoyun ətfalına təbiyə verməsi”), Azərbaycanda yeni satirik şeirin banisi və qüdrətli nümayəndəsi Mirzə Ələkbər Sabirin həyat və yaradıcılıq yolu (“Milli şairimiz Sabir”), habelə ölkədə maarif işləri (“Maarif işləri”), qadın azadlığı (“Ərbabi-qələm qadınlar haqqında”), tənqid və tənqidçilər (“Tənqid və tənqidçilərimiz”)  və başqa məsələlər barədə öz görüşlərini əks etdirmişdir.

Əsərin sonuncu – dördüncü fəslində “Tərcüməçilik və naşirlik fəaliyyəti” araşdırılaraq ciddi faktlar əks etdirilmişdir. Burada müəllif, artıq qeyd edildiyi kimi, yazıçının tərcüməçiliyə başlama məsələsi və onlara istiqamət verən F.Köçərlinin istiqamətverici rolundan ətraflı bəhs etmiş, yazıçı Ə.Qəribin tərcümə etdiyi əsərlər haqda əhatəli məlumatlar verilərək təhlillər aparılmışdır. Müəllif Ə.Qərib Naxçıvanlının  nəşriyyatlarla olan əməkdaşlığı məsələsinə də əhəmiyyətlə yanaşmış, onun redaktoru olduğu əsərlər barədə məlumat verilmişdir. Hətta müəllif  “o illərdə Ə.Qəribin redaktorluğu ilə Bakıda nəşr olunmuş bədii tərcümə kitablarının əsas qisminin” siyahısını da tədqim etmişdir. Siyahıda 23 tərcümə kitabının adı çəkilmişdir. Bunlar arasında A.S.Puşkin, N.V.Qoqol, İ.S.Turgenev, M.Qorki, L.N.Tolstoy, C.London, A.Barbüs, E.Zolya və digər tanınmış müəlliflərin əsərlərinin adı yer alır.

“Son söz əvəzi” adlanan nəticədə müəllif gəlinən qənaətləri ümumiləşdirir və əsərə yekun vurur.

Ümumiyyətlə, hər iki əsərdə müəllif professor H.Həşimlinin zəhmət və əməksevərliyi özünü aydın nümayiş etdirir. Alim unudulmuş bu yazıçı haqqında dolğun, əhatəli məlumatlar vermək üçün apardığı uzunmüddətli axtarışlarının nəticəsini ortaya qoyur. Bir daha qətiyyətlə demək olar ki, bir sıra naxçıvanlı ədəbi sima və tanınmış nümyəndələrin ədəbi ictimaiyyətə tanıdılmasında professor H.Həşimlinin müstəsna xidmətləri olmuşdur. Hətta bir çox yeni adların ədəbi düşüncəyə daxil olmasında ustadı akademik İsa Həbibbəyli ilə bərabər onun da tədqiqatları mühüm rol oynmışdır. Professor Hüseyn Həşimli məhz o alimlərdən idi ki, onun qələmindən çıxan hər bir əsər özünün elmi sanbalı, yeniliyi və əhəmiyyəti ilə seçilirdi. Qəti qənaətlə deyə bilərik ki, professor Hüseyn Həşimlinin yenicə çapdan çıxmış əsərləri geniş oxucu kütləsinin diqqətini cəlb edəcək, hətta bir sıra araşdırmalar üçün sanballı mənbə və istiqamətverici rol oynayacaqdır. Bu əsərlərdən nəinki peşəkar oxucular – alimlər, müəllimlər, tələbələr, hətta geniş, kütləvi auditoriya da istifadə edəcəkdir. Redaktorun da yazdığı kimi bu əsərlər “gənc alimlər və tədqiqatçılar üçün məxəz rolunu oynamaqla yeni əsərlərin yaranmasına, yeni elmi baxışların formalaşmasına, yeni ədəbi düşüncələrin işıq üzü görməsinə səbəb olacaqdır”.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30