SON DƏQQƏ

naxcivanxeberleri.com

Yenilikləri ilə gözoxşayan Ordubad

Yenilikləri ilə gözoxşayan Ordubad
28-10-2020, 21:26

Ulu öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad son illər misli görünməmiş dərəcədə inkişaf yolu keçmişdir. Bu gün rayonun ən ucqar yaşayış məntəqələri olan Nəsirvaz, Nürgüt, Xur, Ələhi, Tivi, Bist, Parağa, Üstüpü, Baş Dizə, Çənnəb, Gənzə və digər kənd­ləri öz müasir görkəmi ilə göz oxşayır. İnşa olunan məktəblər, kənd və xidmət mərkəzləri, tibb ocaqları, çəkilən yollar rayon sakinlərinin rifah halının daha da yüksəldilməsinə xidmət edir. Buraya rabitə, elektrik, qaz təsərrüfatı infrastrukturlarının insanlara fasiləsiz surətdə xidmət göstərildiyini də əlavə edə bilərik. 

 Muxtar respublikamızın hər yerində olduğu kimi, Ordubad rayonu üçün də müstəqillik illəri bir-birindən uğurlu gəlir. Təkcə ötən il rayonda baş vermiş yenilikləri sadalamaq kifayətdir ki, nail olunmuş inkişaf və tərəqqinin miqyası anlaşılsın. Dəstə kəndində inşa olunan 900 şagird yerlik məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, əsaslı surətdə yenidən qurulan 550 metr uzunluğundakı kənddaxili yollar, Dırnıs kəndində istifadəyə verilən “Allahşükür məscidi”, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması, Ordubad şəhərində, Şəhriyar qəsəbəsində kanalizasiya və içməli su xətlərinin çəkilməsi, Ordubad Rayon İcra Hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binalarının əsaslı surətdə yenidənqurmadan sonra istifadəyə verilməsi 2019-cu ilin ərməğanlarından olub. Bu ilin ötən ayları ərzində rayon ərazisində 25 müxtəlif təyinatlı obyektin tikintisi və yenidən qurulması başa çatdırılıb, 34 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Bu ilin yanvarında isə Vənənd kəndində musiqi məktəbi, kənd və xidmət mərkəzləri, məktəb binası, həkim ambulatoriyası, Dəstəbaşı-Vənənd avtomobil yolu, Darkənddə qədim su dəyirmanı istifadəyə verilib. Bu il Dəstə Radio-Televiziya Ötürücü Stansiyası binasının tikintisinin başa çatdırılması informasiya və rabitə xidmətlərinin daha keyfiyyətlə göstərilməsini təmin edib.

 Onu da qeyd edək ki, bu ilin yazından başlayaraq Nüsnüs kəndində məktəb binası əsaslı surətdə yenidən qurulur, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün binalar inşa olunur, Nüsnüs-Əndəmic avtomobil yolu əsaslı surətdə yenidən qurulur, Yuxarı Əndəmic kəndində isə kənd və xidmət mərkəzləri üçün binalar, Tivi kəndində yeni su elektrik stansiyası tikilir. Ordubad şəhərində isə 1 nömrəli tam orta məktəbin binası əsaslı surətdə yenidən qurulur, şəhər stadionu yenidən inşa edilir, gənc ailələr üçün nəzərdə tutulmuş zirzəmisi ilə birlikdə səkkizmərtəbəli, 28 mənzilli yaşayış binasında son tamamlama işləri görülür. Qədim Cümə məscidində əsaslı surətdə təmir-bərpa işləri həyata keçirilir, Unus kəndində isə kənd və xidmət mərkəzlərinin tikintisinə başlanılıb. Bu ilin yanvar-sentyabr aylarında Ordubad rayonu üzrə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 15 min 272 kvadratmetr yaşayış sahəsi də istifadəyə verilib.

Hər kəsə məlumdur ki, investisiya qoyuluşları hər bir sahənin dinamik inkişafını sürətləndirən amillərdəndir. Rayonda infrastruktur quruculuğu tədbirləri çərçivəsində bu ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 47 milyon 722 min manat dəyərində vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların dəyəri 46 milyon 190 min 500 manat olmaqla, əsas kapitala yönəldilmiş investisiyanın 96,8 faizini təşkil edib.
Rayonda içməli su və kanalizasiya xətlərinin tikintisi də bu ilin ötən ayları ərzində davam etdirilib. Ordubad şəhərində, Şəhriyar qəsəbəsində, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində bu məqsədlə mühüm layihələr icra edilməkdədir. Rayonda iqtisadi və sosial sahələrin inkişafı istiqamətində aparılan tədbirlər 2020-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 0,8 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatının məhsulu 3,1 faiz, informasiya-rabitə xidmətlərinin dəyəri 2,7 faiz artıb. Bu dövrdə rayonda dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 9 istehsal və xidmət obyekti yaradılıb, 10 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir. Ümumilikdə, yanvar-sentyabr aylarında sənaye məhsulunun dəyəri 6 milyon 930 min 100 manat olub.

Bəhs olunan dövr ərzində Ordubad rayonunda əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, daxili bazarda məhsul bolluğu yaradılıb. Rayonda 2020-ci ilin məhsulu üçün 3937 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin 1994 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız). 618 hektarını tərəvəz bitkiləri, 15 hektarını bostan bitkiləri, 580 hektarını kartof, 30 hektarını birillik otlar, 280 hektarını cari ildə əkilmiş çoxillik otlar, 420 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edib. 1 oktyabr 2020-ci il tarixə dənli və dənli-paxlalı bitkilərin əkin sahəsindən 5630 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 28,2 sentner olub. Kartof sahələrindən 8573 ton, tərəvəz sahələrindən 5289 ton, meyvə bağlarından 2180 ton, barverən üzüm bağlarından isə 82 ton məhsul toplanılıb.

Ordubad rayonunda heyvandarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, Vənənd kəndində istifadəyə verilən baytarlıq məntəqəsi üçün müasir iş şəraiti yaradılıb. 1 oktyabr 2020-ci il tarixə rayonda 11204 baş qaramal olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 262 baş çoxdur. Sözügedən dövrdə rayonda 77772 baş qoyun və keçi olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1599 baş çoxdur. Heyvanların baş sayının artması heyvandarlıq məhsulları istehsalında da artıma səbəb olub. Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Ordubad rayonunda diri çəkidə 2317 ton ət, 5311,3 ton süd istehsal edilib. Ümumiyyətlə, bu ilin ötən aylarında rayonda 28 milyon 662 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Ordubad rayonunda müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində də tədbirlər uğurla davam etdirilir. Bu il Xanağa- Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yolunun yenidən qurulması başa çatdırılıb, Culfa-Ordubad magistral avtomobil yolunun və Nüsnüs-Əndəmic kənd avtomobil yolunun yenidən qurulması davam etdirilib. Yanvar-sentyabr ayları ərzində avtomobil nəqliyyatı sahəsində yük və sərnişin daşınmasından, bütövlükdə, 3 milyon 409 min 200 manat gəlir əldə edilib.
İki il bundan əvvəl Ordubad şəhərində yeni Rabitə Evinin istifadəyə verilməsi əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin kəmiyyət və keyfiyyət baxımından xeyli yaxşılaşmasına səbəb olub. Bu ilin yanvar-sentyabr aylarında rayon üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 3 milyon 493 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Ümumi xidmətlərin 87 faizi isə mobil rabitənin payına düşür. Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində də Ordubad rayonunda mühüm işlər həyata keçirilir. On il bundan əvvəl 22 meqavatlıq Biləv Su Elektrik Stansiyası istifadəyə verilib. Hazırda gücü 36 meqavat olan Ordubad Su Elektrik Stansiyasının və 15,6 meqavat olan Tivi Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası Ordubad rayonunda da işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb. Bu ilin yanvar-avqust aylarında Ordubad rayonunda muzdla işləyənlərin ortaaylıq əməkhaqqı 501,7 manat olub, 24 yeni iş yeri yaradılıb. Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini də yüksəldib, əmtəə dövriyəsinin həcmini genişləndirib. 2020-ci ilin yanvar-sentyabr aylarında rayonda pərakəndə əmtəə dövriyyəsi 84 milyon 266 min 200 manat olub ki, bunun 3 milyon 759 min 900 manatını iaşə əmtəə dövriyyəsi təşkil edib. Bu müddətdə əhaliyə göstərilən 14 milyon 695 min 900 manatlıq ödənişli xidmətlərin dəyərinin 2 milyon 781 min 800 manatı məişət xidmətinin payına düşüb. Əhaliyə göstərilən xidmətlərin yüksəldilməsi məqsədilə Nüsnüs və Yuxarı Əndəmic kəndlərində xidmət mərkəzlərinin tikintisi isə davam etdirilir.
Rayonda səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə də mühüm işlər həyata keçirilir. 9 il bundan qabaq istifadəyə verilmiş 66 çarpayılıq Ordubad Rayon Mərkəzi Xəstəxanası, kəndlərimizdəki tibb məntəqələri əhalinin sağlamlığının keşiyində dayanmaqdadırlar. Bundan əlavə, Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə Ordubad Rayon Uşaq Xəstəxanası yaradılıb, bu səhiyyə ocağı üçün binanın yenidən qurulması davam etdirilir.
Bir sözlə, Ordubad Rayon Statistika İdarəsindən əldə etdiyimiz faktların təhlili göstərir ki, Ordubad rayonunda 2020-ci ilin ötən ayları ərzində bütün sahələrdə dinamik inkişaf təmin edib, əhalinin rifah halı yaxşılaşdırılıb.

Abbas SEYİD
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30