SON DƏQİQƏ

naxcivanxeberleri.com

Novruz adətlərimizlə zəngindir

Novruz adətlərimizlə zəngindir
10-03-2019, 13:46

Əsrlərin sınağından keçərək humanist, milli və bəşəri ideyaları yaşadan, xalqımızın ta qədimdən bu günədək sevə-sevə qeyd etdiyi Novruz bayramı öz milli xüsusiyyətləri ilə diqqəti cəlb edir. Çox qədim zamanlardan yazın gəlməsini təbiətin oyanması, əkin işlərinin başlanması kimi qeyd edən xalqımız Novruz bayramı ərəfəsində milli-mənəvi dəyərlərimizi yaşadan bir sıra ayinlər icra etmiş, adət-ənənələri qoruyaraq gələcək nəsillərə çatdırmışdır.
Novruz inanclarına əsasən təbiətə həyat verən dörd ünsürün-suyun, odun, havanın (yelin), torpağın isinməsi, "dirilməsi" insanı torpağı əkib-becərməyə, təbiətlə ülfətə səsləyər. Novruza hazırlıq təzə ilin (Novruz bayramının) başlanmasına dörd həftə qalmış keçirilməyə başlayır.
Novruz bayramı ərəfəsində insanlar əkin səhalərinə çıxır, torpağı təmizləyir, bostan və dirriklərdə cürbəcür ayinlər, kütləvi şənliklər keçirir, müxtəlif əmək nəğmələri oxuyarlar. Novruz bayramı ərəfəsində ev-eşikdə təmizlik işləri aparılır. Novruza bir neçə gün qalmış səməni göyərdirlər. Həyat, bolluq nişanəsi olan səməni Novruz bayramının ilk müjdəsi hesab olunur. Buna görə də Novruz bayramı ərəfəsində səməni göyərtmək ən müqəddəs ayin kimi yerinə yetirilir. El-obada səməni müqəddəs sayılmış, xoşbəxtlik gətirən amil kimi tərənnüm olunmuşdur. Nənələrimiz niyyət edərək evlərdə göyərdilmiş səmənilərdən səməni halvası bişirir, xəstələrə yedirir, kimsəsizlərə pay göndərirlər.
Səməni halvası bişirmək üçün böyük tabaqlara buğda töküb isladırlar. Buğdanın üstünə təmiz parça örtürlər. Buğda göyərir və rişələri bir-birinə qarışır. Sonra onu parça-parça doğrayıb əzirlər. Onun ağrəngli rişələrini çıxarıb qablara yığırlar. Sonra isə ona bir qədər su əlavə edib, ocaqda böyük mis qazanlarda qaynadırlar. Səməni halvası bişənə yaxın rəngi qızarır. Onun içinə qabığı çıxarılaraq doğranmış qoz, fındıq, badam tökürlər. Səməni halvasının bişirilməsində iştirak edən qohum-qonşu qadınlar hərə bir xonça düzəldib aparır və "Allah qəbul etsin!"-deyib taxçalara düzürlər.
Səməni halvası bişən qazanın üstünə daraq, sancaq və bir kasa su qoyarlar. Bəzi hallarda qazanın üstünə qırmızı örtük salar, örtüyün üstünə sürmə, güzgü, daraq və s. düzərlər. Deyərlər ki, Xızır peyğəmbər gəlib bunlarla özünü bəzəyəcək, sonra isə barmağını səməni halvasına batıracaq, bundan sonra səməni halvasının rəngi qızaracaq. Halva qızarandan sonra şirinləşəcək. Səməni halvasının qazanları açılmamışdan qabaq başlarına kələğayı bağlamış qız-gəlin dövrə vurub niyyət edər, hərə ürəyində bir istəyin hasilə çatmasını arzulayar və növbə ilə səməni halvası haqqında nəğmələr söyləyərlər:

Səməniyə saldım badam,
Ətrafımı aldı adam,
Qoymurlar bir barmaq dadam.

Səməni, siranə gəldin.
Səməni, bezanə gəldin,
Qaynadın qazana gəldin,
Uzana-uzana gəldin.

Ərimdən izin alıb,
Bəzənə-bəzənə gəldim.
Səməni, saxla məni,
İldə göyərdərəm səni.

Səməni Xızır üçündür,
Qaymağı qızım üçündür.
Yazın ilk günlərində,
Dadı damaq üçündür.

Xızır, Xızır dad gətir,
Bir bardaqda bal gətir,
Səməni səni gözlər,
Bəzən-düzən, yaz gətir.

Bitdi çiçək, oldu yaz,
Çömçə götür, gəl bu yaz,
Çırağını tez yandır,
Qələm götür, ömür yaz.
Novruz bayramı ərəfəsində camaat arxları təmizləyər, bulaqların gözünü arıtlayar. Boz ayın çərşənbələrinin birində cavanlar bir yerə yumurta, bir yerə cövhər, bir yerə də kömür basdırıb niyyət edərlər. Yumurta kömürlə yazılmış olsaydı, niyyət pis, cövhərlə yazılmış olanda xoş gələrdi.
Novruz çərşənbələrində bir neçə parça kömürü, bir ovuc duzu, bir-iki dənə qara pulu bir qaba qoyub damdan atarlar. Deyilənə görə kömür qara günün, duz gözdəymənin, qara pul da yoxsulluğun nişanəsidir. Onları qaba yığıb damdan atmağın niyyəti qara gündən, gözdəymədən, yoxsulluqdan qurtarmaqla bağlıdır. Ərə verilən qızı tonqalın başına dolandırar və deyərlər: "Qoy odlu-ocaqlı olsun!".
Novruz bayramı ərəfəsində ağacların qurumuş budaqları təmizlənər, dibləri əhənglə ağardılar.
Novruz bayramına qədər evlərdə paxlava, şəkərbura, şorqoğal, qoğal, çöçə bişirilər. Nişanlı qızlara sovqat göndərər, kimsəsizləri yoluxub onlara əl tutarlar.
Bayrama bir neçə gün qalmış süfrəyə buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt, paxla, lobya unundan bişirilmiş qoğallar düzülür.
İlin çərşənbələrindən birində balta ilə meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub deyərlər: "Nə yatmısan, oyan, bərəkət payını götür". İnanca görə, həmin ağacın barı, meyvəsi bol olar.
Xalqımızın ən qədim bayramlarından olan Novruz evlərə sevinc, şadlıq gətirər. Ona görə də elliklə bu bayrama hazırlıq görülür, ayinlərin keçirilməsinə önəm verirlər.

Ədalət ƏHMƏDOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031