SON DƏQİQƏ

naxcivanxeberleri.com

Can nənə, bir nağıl de...

Can nənə, bir nağıl de...
9-03-2019, 17:03

“Biri var idi, biri yox idi...” bu ifadəni eşidər-eşitməz hamımızın xəyalına başımızın üstündə, anamız, nənəmiz tərəfindən oxunan, şirin yuxuya getdiyimiz zaman duyduğumuz o sehrli sözlər düşür. Hər birimizin uşaq vaxtı sevərək dinlədiyi, qəhrəmanlarını özümüzə nümunə seçdiyimiz nağıllar var idi. Çoxumuzun ilk dostları elə Tıq-tıq xanım, Məlikməmməd, Cırtdan, Qoğal kimi qəhrəmanlar olmuşdu. Xəyalımızda onlarla dostluq edir, onlarla macəralara atılır, onlarla Təpəgözə, Divə, Canavara qarşı “mübarizə” aparırdıq. Təkcə yatan zaman yox, elə gün ərzində də bizə danışılan, oxunan bu nağıllardakı hadisələr, qəhrəmanlar həyatımızın müəyyən dövrlərində bizə yoldaşlıq ediblər. Heyvanları, insanları sevməyi, yoldaşlıq etməyi, ağlın fiziki gücdən üstün olmasını, heç bir yaxşılığın qarşılıqsız qalmayacağını, xeyirin şər üzərində qələbə qazanacağını məhz nağıllardan öyrəndik. Nağıllarda olan şirinlik, doğmalıq, axıcılıq bizi bir anlıq real dünyadan ayırıb öz sehrli aləminə salırdı.
Azərbaycan nağılları istər mövzu, istərsə də qəhrəmanları etibarı ilə olduqca zəngindir. Nağıllarımız xalqımızın həyatını, məişətini, adət-ənənəsini , dini görüşlərini, arzu və istəklərini əks etdirir. Uşaqlara nağıl danışarkən eyni zamanda xalqımızın mənəvi sərvətini də onlara öyrətmiş oluruq. Nağıllar mövzu və məzmunca sehrli nağıllar, məişət nağılları, heyvanlar haqqında nağıllar, tarixi nağıllar kimi təsnif olunur. Hər qrupdan olan nağıllar uşaqların inkişafına özünəməxsus töhfə verir. Nağıllar elə bir mənəvi sərvətdir ki, uşaqdan böyüyə hər kəsin marağına, diqqətinə səbəb olur. Burada danışılan hadisələr real və sehrli olmasından asılı olmayaraq insanı öz içinə çəkir, adam özünü buradakı hər hansı obrazın yerinə qoyur.
Nağıllar uşaqların inkişafında, psixologiyasında, şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayır. Uşaqların yatmaq vaxtı çatanda göstərdikləri şıltaqlığa hamımız şahid oluruq. Biraz daha oynamaq istəyi və ya televizora baxmaq həvəsi onların yuxu rejimini pozur. Bu da körpələrin sağlıqlı böyüməsində fəsadlar yaradır. Yatmazdan əvvəl ağlamaqlar, yuxuya gec getmələri onların sinir sistemləri üçün zərərlidir. Yuxu rejimi pozulan uşaqlar yeni günə gərgin və iştahsızlıqla başlayırlar. Bu hallar ardıcıl davam etdikdə isə uşaqlar üçün ciddi fəsadlar yarada bilər. Odur ki, yatmaq vaxtını uşaqlar üçün müəyyənləşdirməli, onları rejimə uyğunlaşdırmaq lazımdır. Yuxunu bir məcburiyyət kimi deyil, bir əyləncə halına salmaq üçün bu məqamda nağıllar köməyimizə çatır. Uşaqlara lap körpəlikdən nağıllar bir vərdiş halına salınmalıdır. Beləlikə, uşaqlar üçün müəyyən yuxu vaxtı yaranır. Vaxtının çatdığını görən balaca öz istəyi ilə yatmağa gedir. Çünki ona mükafat olaraq nağıl danışılacaq. Nağıl seçimi edərkən uşaqların yaş xüsusiyyətlərinə xüsusilə diqqət yetirmək lazımdır. Çünki yaşdan asılı olaraq bəzi uşaqlara məişət nağılları maraqlı gəldiyi halda, digərlərinə heyvanlar haqqında olan nağıllar daha sevimli gələ bilər. Körpələrə qorxulu nağılların danışılması məqsədəuyğun deyil. Ümumi müşahidə edəndə şahid oluruq ki, 5 yaşa qədər olan uşaqlara heyvanlar haqqında nağıllar daha maraqlı gəlir. 5 yaş və böyük uşaqlar məişət və sehrli nağılları dinləməyi daha çox sevirlər. Nağıllar uşaqların xəyal dünyasını genişləndirir, onlarda bir sıra ilkin anlayışları formalaşdırır. Belə düşünək, Cırtdanın nağılını danışarkən uşağın xəyal dünyası inkişaf edir və o özü üçün Cırtdan obrazı yaradır. Cırtdan balaca idi, arıq idi, çox ağıllı idi, o dostlarını böyük Divdən xilas etmişdi. Bu cür yaranan obraz körpənin bir növ xəyali dostuna çevrilir. Eləcə də o balaca və arıq, ağıllı olmaq anlayışlarına yiyələnmiş olur. Nağıl danışarkən uşaqları buradakı mənfi obrazlarla qorxutmaq olmaz. Bu halda onlarda qorxu hissi daha da güclənə bilər. Əksinə mənfi qəhrəmanlara qarşı uşaqlarda mübarizə inamı yaradılmalıdır. Bəzən uşaqlarda fobiyalar olur. Məsələn, qaranlıqdan, hər hansı heyvandan, təbiət hadisəsindən yaranan qorxular. Nəzərə alsaq ki, nağılların uşaqlara təsiri çox böyükdür, nağıllar vasitəsilə bu qorxuları uşaqlarda yox etmək mümkündür. Onların fobiyalarını bir qəhrəman halında təqdim edərək uşaqla dostluq münasibəti qurmaq lazımdır. Tutaq ki, balaca yağışdan, yağış səsindən qorxur. Valideyn yağışı kəndlilərin dostu kimi təqdim edərsə, bu zaman uşaqda yağışa qarşı xoş təəssürat yaranacaq. Çünki yağışın yağması ilə torpaq canlandı və əkin qurumadı. Beləliklə, uşaqlarda fobiyalar zamanla yox olacaq. Nağılı kitabdan oxumaq yerinə danışmaq daha effektlidir. Çünki bu halda uşağın diqqəti tamamilə sabit qala bilir. Kitabın rəngli kağızları, açılıb bağlanması diqqət yayınması ilə nəticələnə bilir.
Günümüzün əsas problemlərindən biri də sözsüz ki, televizorun və telefonların uşaqların diqqətini daha çox çəkmələridir. Yaşlarına uyğun olmayan verilişlər, cizgi filmlər çox vaxt onlarda şiddətə, laqeydliyə, hiperaktivliyə gətirib çıxarır. Müasir dövrdə texnologiyalar çox inkişaf edib. Diqqət edəndə hamımız görürük ki, cizgi filmlər çox vaxt əcaib varlıqlar, “dünya savaşları”, yadplanetlilər, super güclər üzərinə çəkilir. 4-5 yaşında uşaq isə bu cür hadisələri anlayacaq səviyyədə inkişaf etməyib. Onun şahidi olduğu bu səhnələr onun yalnış istiqamətdə inkişaf etməsinə şərait yaradır. Bunun da fəsadları irəliləyən zamanda qaçılmazdır. Ona görə də valideynlər çizgi filmini seçərkən də çox diqqətli olmalıdırlar. İlk öncə körpələrə öz doğma dilimizdə olan çizgi filmlər izlədilməlidir. Çünki yeni-yeni dil açmaqda olan uşaq yad sözlər eşitdikcə danışması prosesi də ləngiyəcək. Nağıllarımızın sujet xətti üzərindən çəkilən milli cizgi filmlərimiz var. “Cırtdan”, “Qoğal”, “Tıq-tıq xanım” kimi cizgi filmləri nağıllarımızla vəhdət təşkil edir. Bu cür cizgi filmlərini izlədiklərində uşaqlar nağılın mahiyyətini daha yaxşı qavrayacaqlar. Çox vaxt sakit olsun, tez yatsın xatirinə uşaqların əlinə planşetlər, telefonlar verilir. Gəlin bunları rəngli kitablarla əvəz edək. Bütün kitab mağazalarında rəngarəng, maraqlı kitablar satılır. Bu kitablar uşağın inkişafına böyük təsir göstərir. Oxumağı hələ bacarmayan uşaqlar belə kitabın şəkilləri vasitəsilə özləri üçün nağıllar quracaq, xəyal dünyasını genişləndirəcək. Uşaqları texnologiya bəlasından qurtarmağın ən gözəl yolarından biri də kukla teatrlarıdır. Həftədə bir dəfə uşaqların burada olması onlarda bir sıra keyfiyyətlərin də formalaşmasına imkan verəcək. “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılının tamaşasına baxan uşaqda həm hadisələri real təsəvvür etmək bacarığı, həm də teatr mədəniyyəti formalaşacaq. Uşaqları nağıllarla, el adəti ilə böyütmək onun gələcəkdə ailəsinə, torpağına daha da bağlı edəcək.
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi sağlam təməllər üzərində qurmaq üçün uşaqları lap körpəlikdən zərərli amillərdən uzaq tutmalıyıq. Körpələrə daha çox vaxt ayıraraq onları milli ruhda böyütmək üçün tərbiyəvi xarakter daşıyan xalq nağıllarımız üstünlük təşkil etməlidir.


Lalə ALLAHVERDİYEVA

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031