SON DƏQQƏ

naxcivanxeberleri.com

İnkişafın töhfəsilə abadlaşan yurd yerimiz -Biçənək

İnkişafın töhfəsilə abadlaşan yurd yerimiz -Biçənək
26-09-2020, 09:44

Bu gün muxtar respublikanın hər guşəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Şəhərlər, rayonlar, kəndlər aparılan abadlıq, quruculuq işləri nəticəsində günü-gündən daha da gözəlləşir.

Sözügedən inkişaf və tərəqqidən Şahbuz rayonu və onun ən ucqar dağ kəndləri də öz payını alaraq simasını xeyli dəyişib. Əhalisinin böyük əksəriyyətinin yaşadığı kənd yaşayış məntəqələri də Heydər Əliyev ideyalarının işığında bu gün hərtərəfli inkişaf edir, yeni görkəm alır. Belə yaşayış məntəqələrindən biri də dağlar qoynunda yer alan Biçənək kəndidir. Biçənək kəndi Zəngəzur silsiləsinin ətəyindədir. Bir-birindən uca Əyriqar, Saldağ, Qonaqgörməz, Yelli yurd, Kələkli, Salvartı kimi dağlar sanki kəndi dövrəyə alıb. Kəndə səhər saatlarında Biçənək-Şahbuz marşrutu ilə yola düşürük. Abad yollarla heç bir çətinliklərlə qarşılaşmadan 15-20 dəqiqəyə əsrarəngiz mənzərələrin ağuşunda kəndə çatırıq. Yol boyu doymaq bilmədən seyr etdiyimiz bu gözəl mənzərələr insana zövq verir. Bu gün Biçənək 10-15 il əvvəl gördüyüm kənd deyil. Rayonumuzdakı sosial-iqtisadi və mədəni inkişafın bütün təzahürləri bu kənddə də özünü qabarıq göstərir. Kənddən keçən səs-küylü Naxçıvançayın hər iki tərəfində bir-birindən yaraşıqlı evlər tikilib.

 

Bu evlərin həyətində hər kəs öz görüləsi işlərini həyata keçirməklə məşğuldur. Burada yaşayan insanlar işgüzarlığı və qoçaqlığı ilə tanınırlar. Öz qədimiliyi, coğrafi mövqeyi ilə seçilən Biçənək kəndinin tarixinə qısaca nəzər salsaq görərik ki, bir zamanlar daim hərəkətli olan Yevlax- Laçın-Naxçıvan avtomobil yolu bu kənddən keçib. Kəndin qədim İpək Yolunun üzərində yerləşməsi hələ orta əsrlərdə bu yerlərdə sənətkarlığın inkişafına səbəb olub. Təsadüfi deyil ki, karvanların dayanacaq yeri kimi istifadə edilən, el arasında “Fərhad evi” adı ilə tanınan möhtəşəm təbiət abidəsi də məhz elə bu kəndin yaxınlığındadır. Hələ on iki əsr bundan əvvəl tarixi mənbələrdə adı çəkilən Biçənək indiki xoş günləri, yaraşığı ilə qəsəbə timsallı müasir Azərbaycan kəndlərindən birinə çevrilib. Hər tərəfdən vüqarlı dağlarla əhatə olunan bu dağ kəndi muxtar respublikanın dilbər guşələrindən olan Batabat yaylağına ən yaxın yaşayış məntəqəsidir.

Bu gün muxtar respublikamızın ən gözəl turist məkanlarından birinə çevrilən möcüzəli Batabata, “Üzən ada”ya, məşhur Zor bulağa da yol məhz bu kənddən keçir. Rayonun bütün yaşayış məntəqələrinə gedən yollar kimi, dağlar qoynunda qərar tutan Biçənək kəndinə də uzanan yollar müasirləşib, abadlaşıb. Həmsöhbət olduğumuz kənd ağsaqqallarından olan Məhərrəm Qasımov ilə kəndin dünənindən, bu günündən danışdıq. Məhərrəm əminin dediklərindən: -Kəndimiz ilin bütün fəsillərində qonaqlı-qaralı olur.

 Hər zaman yaşayış yerimizin abad, yaraşıqlı, təmiz olmağını arzulamışıq. Şükür, bu günümüzə, istəyimizə çatmışıq. İndi hər yer abad, gül-çiçək içərisindədir. İndi buraya üz tutan qonaqlar buradakı səliqə-sahman və abadlıq qarşısında heyran qalırlar. Ancaq illər əvvəli yada salaraq demək istəyirəm ki, Biçənək kəndi uzun zaman diqqətdən kənarda qalıb. Vaxt olub ki, daşlı-kəsəkli, palçıqlı kənd yolları buraya gediş- gəlişi həddindən artıq çətinləşdirib. Kənd həyatının ən çətin dövrlərini yaşayan Biçənəkdə o vaxtlar nə yenilikdən, nə səliqə-sahmandan, nə də gözəllikdən bir nişanə var idi. Bütün bu çətinliklərlə yanaşı, bu gün haqqında fəxrlə danışdığımız kəndimizin yaşıl örtüyünə məcburiyyət üzündən elə özümüz qənim kəsilmişdik.

Lakin müstəqillik illərinin abı-havası zaman ötdükcə bu kəndin də simasını xeyli dəyişdi. Artıq neçə illərdir ki, o palçıqlı, çala-çuxur yollar, uçuq-sökük tikililər, neft lampası, tüstüləyən ocaqlardan əsər-əlamət qalmayıb. Kəndin təsərrüfat sahələrindən də danışan müsahibim qeyd etdi ki, kənd sakinlərinin böyük bir qismi ya heyvandarlıqla, ya da əkinçiliklə məşğul olaraq öz yaşayışlarını təmin edirlər. Əvvəllər yayılan müxtəlif xəstəliklərlə bağlı heyvanların tələf olması və bunun üçün heç bir profilaktik tədbirin görülməməsi, texnikanın çatışmazlığı və digər problemlər insanları təngə gətirmişdi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra öz torpağımızın sahibi olduq. İndi, şükür Allaha, bizə qayğı göstərən dövlətimiz sağ olsun, təsərrüfatçılar torpaqlarını istədiyi kimi əkib-becərir, bol məhsul əldə edirlər. Heyvandarlıqla məşğul olanlar da hər cür dərman preparatları ilə təmin olunurlar. Bu gün zəhmətlə, işgüzarlıqla hər şeyə nail olmaq mümkündür. Müsahibim sevinc və eyni zamanda qürur hissi ilə dedi ki, Biçənək ildən-ilə gözəlləşir. Aparılan abadlıq, quruculuq işlərindən kəndimizə də pay düşüb. Bir neçə il bundan əvvəl tikilərək istifadəyə verilən mərasim evi də kənd insanlarının rahat yaşayışına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün Biçənək qəsəbə görkəmi alıb.

Bir sözlə, gözəlləşən təkcə şəhər, rayon və kəndlərimiz deyil, bütövlükdə həyatımızdır. Bir neçə saatlıq qonağı olduğumuz qonaqpərvər ağsaqqal özünə heyvandarlıq sahəsində geniş təsərrüfat yaradıb, ailəsinə, övladlarına yaxşı güzəran da qurub. O, deyir ki, heyvandarlıqla hələ gənc yaşlarından məşğul olmağa başlayıb. İndi onun şəxsi təsərrüfatında 5-ə yaxın iribuynuzlu, 100 başdan çox xırdabuynuzlu var. Kənddə tanış olduğum digər sakinlərlə də söhbətim mənim üçün yaddaqalan oldu. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yollanırıq. Kənd haqqında ürəkdolusu danışan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rəşadət Dadaşov deyir ki, kəndin ümumi ərazisi 1121 hektardır. Onun da 766 hektarı bələdiyyə, 355 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Kəndin ümumi əkin sahəsi isə 36,63 hektardır.

Hər bir ailənin özünün əkin və otlaq sahəsi vardır. Ona görə də bu gün kənddə təsərrüfat işləri ilə məşğul olmaq elə də çətin iş deyil. Biçənəkdə bağçılıq və tərəvəzçilik də geniş yayılıb. Hazırda həmin sahələrdən məhsul yığımı davam edir.

Torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün payızlıq taxıl əkininə hazırlıq işləri görürlər. İqlimindən asılı olaraq burada kartof və tərəvəzlərlə yanaşı, bütün bostan bitkiləri də əkilir. Əkilən sahələrdən də bol məhsul götürülür. Buna görə də kənd sakinləri bağbağat salmaqla, heyvandarlıq təsərrüfatı yaratmaqla yanaşı, həm də bostan- tərəvəz bitkilərinin əkilməsinə və məhsul istehsalına maraq göstərirlər. Əkin-biçinlə məşğul olan kəndliyə dövlət tərəfindən verilən yardımlar, paylanılan gübrələr, güzəştli şərtlərlə verilən kreditlər bu sahə ilə məşğul olanların işlərini xeyli asanlaşdırıb.

Rəşadət Dadaşov diqqətimizə çatdırdı ki, muxtar respublikamızda geniş vüsət almış müasirlik Biçənəyə yeni görkəm qazandırıb, onu abad bir yaşayış məntəqəsinə çevirib. Burada sakinlərin problemlərinin vaxtında həlli, onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradılıb. Kənd telefonlaşdırılıb, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilməsi təmin edilib. İcra nümayəndəsi onu da qeyd etdi ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərindən bizim kəndə də pay düşüb.

2008-ci ildə biçənəklilər kənd və xidmət mərkəzlərinin açılışlarının sevincini yaşayıblar. Kənd mərkəzinin binasında həm də feldşer məntəqəsi yaradılıb. Müasir layihə əsasında tikilən kənd mərkəzində əhaliyə nümunəvi xidmət göstərilir. İndi burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, mədəniyyət evi, kitabxana, polis sahə məntəqəsi, Kolanı Kənd Uşaq Musiqi Məktəbinin Biçənək filialı və digər təşkilatlar fəaliyyət göstərir. Kənd mərkəzi ilə üzbəüz bina isə xidmət mərkəzidir.

Burada bərbər, dərzi, məişət cihazlarının təmiri üçün otaqlar ayrılıb. Həmçinin ət, ərzaq, sənaye və kənd təsərrüfatı malları mağazaları kənd adamlarına xidmət göstərir. Kəndə xüsusi quruculuq görkəmi verən binalardan biri də bələdiyyə üçün inşa olunmuş binadır. İki mərtəbədən ibarət olan binada ATS, poçt bölməsi üçün lazımi şərait yaradılıb. Kənd mərkəzində yerləşən həkim ambulatoriyasında doğuş, həkim, qeydiyyat və monipulyasiya otaqları var. Burada kənd sakinlərinə ilkin tibbi yardım göstərilməsi üçün nümunəvi şərait mövcuddur. Müsahibim qeyd edir ki, kənddə son gözoxşayan tikili isə 2012-ci ilin noyabrında istifadəyə verilən məktəb binasıdır. Artıq bir neçə ildir ki, pedaqoji kollektivin istifadəsinə verilən bu məktəb binası təhsilin səviyyəsinin yüksəldilməsində başlıca amillərdən biri olub.

Diqqətçəkən məqam odur ki, muxtar respublikamızın rayon mərkəzləri də daxil olmaqla, heç bir məktəb Biçənəkdəki kimi beşmərtəbəli binada yerləşmir. Vüqarlı dağlarla əhatə olunan Biçənəyin ildən-ilə dəyişən, yeniləşən sosial mənzərəsinə bilik, zəka işığı salan 252 şagird yerlik bu məktəb binasında 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 elektron lövhəli sinif, idman zalı, 4400-dən çox kitab fondu olan kitabxana, internetə çıxışı olan 19 kompüter dəsti ilə təmin olunmuş sinif var. Qeyd edək ki, dağlıq ərazidə yerləşən bu kənddə hazırda fərdi təsərrüfatlarda 1500 baş iribuynuzlu, 7300 baş xırdabuynuzlu bəslənilir. Arıçılıq da kənd sakinlərinin əsas məşğuliyyətlərindən biridir. Burada 600-dən çox arı ailəsi saxlanılır ki, həmin arı ailələri hesabına bal istehsalı ilbəil artır. Mal-qara kəndin öz yaylaqlarında bəslənir, qış üçün yem də kəndin ərazisindəki biçənəklərdən tədarük olunur. Kənd sakinləri hər il payızda yaylaqdan dönən mal-heyvanlarından bazara çıxarıb satır, ehtiyaclarını ödəyir, bazarı keyfiyyətli ətlə, südlə təmin edirlər.

Müasirləşən kəndlərimiz Bu gün muxtar respublikamızda həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin ən qiymətli sərvəti olan insanların rahat yaşayışına xidmət edir. Biz də Biçənək kəndində bunun əyani şahidi olduq və gördüklərimiz kənddən xoş təəssüratlarla ayrılmağımıza səbəb oldu. Ümumi gəldiyimiz qənaət bundan ibarətdir ki, bu gün muxtar respublikamızın hərtərəfli inkişafını bütün yaşayış məntəqələrinin simasında görmək mümkündür. Elə Biçənək də bu inkişafdan öz payını alaraq müasir Azərbaycan kəndinin bir nümunəsi olduğunu bura yolu düşən hər kəsə göstərir.
Oğuz səsi qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031