SON DƏQQƏ

naxcivanxeberleri.com

Distant təhsil: bu günün və gələcəyin təhsil trendi

Distant təhsil: bu günün və gələcəyin təhsil trendi
23-09-2020, 10:49

Müasir texnologiyalar həyatımızı dəyişməklə bərabər, həm də qloballaşan dünyanın tələblərinə uyğun olaraq bütün sahələrə, eyni zamanda  təhsil sisteminə də yeni yanaşma tələb edir. İnkişafın mənbəyində təhsilli cəmiyyətin dayandığını və gələcəyin bilavasitə bu sahədə qazanılan nailiyyətlərlə bağlılığını düşünsək, XXI əsrin Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Təhsil əsri” elan edilməsinin heç də təsadüf olmadığını aydın görərik. Burada ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” deyimi də bir daha yerinə düşür. Bu gün bütün dünyanı sarsan pandemiya inkişaf göstəricisindən  asılı olmayaraq bütün ölkələrin sosial, iqtisadi, mədəni həyatına təsir etməklə bərabər, təhsilin məzmunu və formasına da yenidən nəzər salmaq zərurətini meydana çıxardı, distant təhsilin tətbiqi zərurətə çevrildi. Postpandemiya dövründə təhsil sistemində nələr baş verəcək, distant təhsil sitemini hələ də tətbiq etməyən və ya bu proseslərdən geridə qalan ölkələr bundan sonra hansı problemlərlə üzləşəcək, təhsilin bu formasının tətbiqi Azərbaycan təhsil məkanında necə qarşılanacaq? Hazırda bu kimi suallar hamını maraqlandırır. Bu məqalədə distant təhsillə  bağlı  bir sıra məsələlərə qismən də olsa aydınlıq gətirməyə çalışacağıq. 

 Distant təhsil nədir və necə yaranıb?

Distant təhsil – öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında uzaq məsafədən həyata keçirildiyi təhsil sistemidir. Müəllim və şagirdin, tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran bu sistem interaktiv, dinamik və olduqca canlı bir ölçüyə sahibdir. İnternetin kəşfi və inkişafı ilə yeni eraya qədəm qoyan təhsil sisteminin bir forması kimi distant təhsil ilk dəfə 1800-cü illərdə Amerikada poçt vasitəsilə tətbiq edilib. XX əsrin sonlarında onlayn distant təhsil sistemi tam olaraq yaradılıb və dünyanın bir çox ölkəsi bu təcrübədən istifadə edərək inkişaf əldə edib. Başlanğıcda təhsil proqramını təkmilləşdirməyin müasir metodu kimi meydana çıxan distant təhsil proqramı, xüsusilə pandemiyanın yayıldığı indiki zamanda təhsildə fasiləsizliyi təmin etməyin yeganə çıxış yolu kimi bütün dünyanın diqqət mərkəzindədir. Müasir informasiya texnologiyalarının köməyi ilə təmin edilən distant təhsil bir sıra inkişaf etmiş ölkələrdə geniş tətbiq edilir. Bu isə heç də səbəbsiz deyil.

Distant təhsilin üstünlükləri

Öyrətmək, öyrənmək və başqalarını da cəlb etmək – bunlar distant təhsilin vacib elementlərindəndir. Distant təhsil istənilən şəxsə ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq, paralel olaraq həm də işləmək, işdən sonra asudə vaxtlarda və evdə oxumaq, nəqliyyat xərclərinə nəzarət etmək, təhsil haqqını kreditlə ödəmək, sağlamlıq imkanları məhdud olan uşaq, yeniyetmə, gənclərə, bir sözlə, daha çox şəxsə vaxta qənaətlə çox az xərclə real təhsil imkanları təqdim edir. Bu təhsil formasında informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audiovideo disklər və digər formalarda təqdim olunur, bu isə təhsili hamı üçün əlçatan edir. Hər bir sahədə olduğu kimi, distant təhsil sahəsində də müəyyən çatışmazlıqlar var. Buraya canlı ünsiyyətlə müqayisədə operativlik və interaktivliyin zəif təşkili, öyrədən və öyrənənin psixoloji, texnoloji cəhətdən hazırlıqsız olması, distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikatın hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul edilməməsi kimi amilləri göstərmək olar. Lakin zamanla, sözsüz ki, bu məsələlər də öz həllini tapacaq. Bu gün əsas məqsədimiz inkişaf etməkdə olan distant təhsildən kənarda qalmamaq, ondan düzgün və səmərəli istifadə etməkdir.

Azərbaycanda distant təhsilin 
tətbiqi imkanları

Azərbaycanda 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” Qanuna görə ölkəmizdə təhsilalma formalarından biri də distant (məsafədən) təhsildir. Burada distant (məsafədən) təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması kimi göstərilir. Bu təhsil sistemi ölkəmizdə, ilk növbədə, ənənəvi əyani təhsil almaqda çətinlik çəkən insanların, xüsusən də sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunmasında çox münasib və əlçatan bir təhsil forması kimi rəğbət qazandı. Məktəb və universitetlərin elektronlaşdırılması, müasir informasiya-kommunikasiya vasitələri, interaktiv vəsaitlər və fasiləsiz internetlə təmin olunması distant təhsilin tətbiqinə daha geniş imkanlar açır. Pandemiyanın yayılması isə distant təhsilin tətbiqinin vacibliyini ön plana çıxardı və YUNESKO (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə etdi. İnkişaf etmiş ölkələrin əksəriyyəti təhsil forması kimi dərhal distant təhsilə keçdi. Buna misal kimi, qonşu ölkələrdən Rusiyanı, Türkiyəni göstərmək olar. Ölkə Prezidenti cənab İlham Əliyevin pandemiyanın daha geniş yayılmasının qarşısının alınması üçün verdiyi tapşırıqlar nəticəsində təhsil sahəsində də müəyyən tədbirlər görüldü. Bir sıra telekanallarımızda nümayiş olunan “Dərs vaxtı”, “Virtual məktəb” (virtual.edu.az), bütün dərsliklərin onlayn mövcud olduğu e-derslik layihələri, şagirdlərin evdən imtahanlara hazırlaşması üçün www.otk.az internet səhifəsində pulsuz sınaq imtahanlarının təşkili həmin tədbirlər sırasındadır. Həmçinin “Zoom” proqramı və digər onlayn proqramlar vasitəsilə yüzlərlə fədakar müəllimimiz distant dərsləri uğurla həyata keçirdilər. Yeni tədris ili ilə bağlı Təhsil Nazirliyinin keçirdiyi mətbuat konfransında qeyd edildiyi kimi, cari ilin sentyabr-noyabr aylarında əyani təhsillə yanaşı, ölkənin bir sıra təhsil müəssisələrində – yuxarı siniflərdə, peşə təhsili, ali və orta ixtisas təhsili müəssisələrində ilkin mərhələdə tədris distant formada təşkil edilir.

Hazırda distant ali təhsilin postpandemiya mərhələsinin müzakirəsi gələcək perspektiv üçün olduqca vacibdir. “Microsoft” şirkətinin yaradıcısı Bill Qeytsin “Vaxt gələcək universitetlər internetlə rəqabət apara bilməyəcəklər” deyimi real həyatda öz əksini tapmaqdadır. Bu gün bir sıra ölkələrdə heç bir tədris binası olmayan virtual universitetlər var ki, yüz minlərlə tələbəyə dərs verir. Məsələn, Böyük Britaniyada “Açıq Universitet” (Open University), Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti, ABŞ-ın Pensilvaniya Universiteti, Türkiyənin Anadolu Universiteti məsafəli təhsil proqramını həyata keçirir. Hazırda ölkəmizdə də bir sıra ali təhsil müəssisələri – ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti təlim-tədris prosesinin məsafədən təşkilini təmin edə biliblər. Lakin bütün ali təhsil müəssisələrimizin distant təhsil mexanizminə keçidə tam hazır olması müəyyən zaman tələb edir. Burada distant təhsil sistemi ilə bağlı məlumat zənginliyi, İKT baxımından tam təchizat, tədris studiyalarının və inzibati heyətin sayı, təhsildə rəqəmsal texnologiyaların tətbiqinə yeni yanaşmanın formalaşdırılması, elektron dərsliklərlə təminat, hər bir təhsilalanın evində müvafiq şəraitin olması, distant təhsilə cavab verən müəllimlərin hazırlanması kimi məsələlər diqqətdə saxlanılmalıdır. Aktuallıq kəsb edən digər bir məsələ isə ölkədə distant təhsilə görə verilən diplomun tanınmamasıdır. Bununla bağlı, araşdırma apararkən ölkənin xəbər saytlarının birində “Azərbaycan distant təhsil diplomlarını tanıyacaq” başlıqlı məqalə diqqətimizi çəkdi. Məqalədə yeni qəbul olunacaq “Ali təhsil haqqında” Qanunda distant təhsilin diplomunun tanınması məsələsinin də öz əksini tapacağı qeyd olunub. Bu isə onu göstərir ki, gələcəkdə ölkəmizdə də distant təhsilin tətbiqi qaçılmaz olacaq. Çünki müasir dövrdə öyrənmək, bilgi sahibi olmaq artıq sərhəd tanımır.

Naxçıvanda distant təhsil
yeni bir istiqamət kimi diqqət mərkəzində

Bu gün müasir rabitə sistemi yaradılan muxtar respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində də böyük layihələr həyata keçirilir. Reallaşdırılan layihələr təhsil sahəsini də əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən muxtar respublikada elektron təhsilin tətbiqini genişləndirmək, təhsil müəssisələrində virtual tədris mühiti formalaşdırmaq, tədrisin səmərəliliyini daha da artırmaq məqsədilə bir sıra işlər həyata keçirilib. Görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikamızın təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi məqsədilə distant təhsil sistemi yaradılıb, internet üzərindən interaktiv dərslərin keçilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilib, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də Distant Tədris Mərkəzi, elektron kitabxana və “258” telefon xidməti üzərindən fəaliyyət göstərən audiokitabxana yaradılıb. Hazırda muxtar respublikanın 236 təhsil müəssisəsi və 17 muzeyi distant təhsil sisteminə qoşulub. Bütün bunlar şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyasında mühüm rol oynayır. Ali Məclis Sədrinin təşəbbüsü ilə 17 yanvar 2018-ci il tarixdə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi isə bu sahədə atılan mühüm addımlardandır. Ali Məclisin Sədri bunu muxtar respublikanın həyatında əlamətdar hadisə kimi qiymətləndirərək demişdir: “Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi muxtar respublikanın həyatında əlamətdar hadisədir. Distant Təhsil Mərkəzi Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunun nəticəsidir. 13 il bundan əvvəl keçirilən “Elektron Naxçıvan – 1” konfransında Naxçıvan Dövlət Universitetinin kompüterləşməsi proqramının əsası qoyulub və bu gün Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi ilə başa çatıb. Bu gündən etibarən isə universitetdə distant təhsilin tətbiqinə başlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, distant təhsil Naxçıvan Dövlət Universiteti ilə yanaşı, muxtar respublikanın digər ali və orta ixtisas məktəblərində də tətbiq edilməlidir”. Hazırda universitetdə bütün ixtisaslar üzrə distant təhsil həyata keçirilir. Məsafədən təhsilin onlayn forması ilə bərabər, offlayn forması olan və KOİCA şirkəti tərəfindən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində yaradılan öyrənmənin idarəolunması sistemindən (Learning Management System) həm tələbələr, həm də müəllimlər istifadə edəcəklər. Tələbələr mühazirələr, videodərslər, kurs işi və sərbəst iş mövzularını buradan asanlıqla əldə edə biləcəklər. Pandemiyanın davam etdiyi bir vaxtda muxtar respublikamızda bütün sahələrdə müxtəlif proseslərin, o cümlədən təhsilin qiymətləndirilməsinin elektron qaydada aparılması hər cəhətdən təqdirəlayiq haldır.

Distant təhsillə bağlı gələcək planlar

Bu gün tez-tez eşitdiyimiz “Dünya bundan sonra əvvəlki dünya olmayacaq” ifadəsi özünü doğrultmağa başlayır. Təhsil, səhiyyə, iqtisadiyyat, siyasət, din və sosiologiya münasibətlərinin fərqli olacağı yeni bir dünya düzəninə doğru addımlayırıq. Əslində, buna səbəb və ya təkanverici qüvvə bütün dünyanı cənginə alan pandemiya oldu desək, yanılmarıq. Tarixçi Yuval Noah Harari “Koronavirusdan sonra dünya” adlı məqaləsində dövlətlərin bu günlərdə verəcəkləri qərarların önümüzdəki illərdə bütün dünyada səhiyyə, iqtisadiyyat, siyasət və mədəniyyəti yenidən formalaşdıracağını, pandemiyadan sonra fərqli bir dünyada yaşayacağımızı vurğulayır, eyni zamanda fövqəladə halların tarixi prosesləri sürətləndirəcəyini, bu zaman görülən qısamüddətli tədbirlərin bir müddət sonra normal həyatın bir hissəsinə çevriləcəyini və müntəzəm şəkil alacağını diqqətə çatdırır. XXI əsrin ən vacib özəlliklərindən biri də təhsilin qloballaşmasıdır. Ekspertlərin proqnozlarına əsasən 2025-ci ildə qlobal onlayn təhsil bazarının həcminin 320 milyard dollar olacağı gözlənilir. Ekspertlər hesab edirlər ki, təhsilin kütləvi formada rəqəmsallaşması dövrü başlayıb. Bu, yeni iqtisadi sahələrin əsasını təşkil etməklə əmək bazarını və təhsili köklü surətdə dəyişir. Distant fəaliyyət hazırda bütün dünyada əmək bazarının imkanlarını genişləndirir, “Həyatboyu təhsil” (Lifelongeducation) anlayışı artıq təhsil konsepsiyasına çevrilir. Bir çox şirkətlər vakant yerə əməkdaş işə qəbul edərkən əlindəki diplomdan çox namizədin real bilik, bacarıq və səriştəsini önəmsəyir ki, buna da distant təhsil formatında nail olmaq daha asan və ucuz başa gəlir. Dünyada “Alisa effekti” (güzgülər aləmində Alisanın prinsipinə əsasən) “Olduğun yerdə qalmaq üçün qaçmalısan, irəli getmək üçün isə iki dəfə daha sürətli qaçmalısan” prinsipi aktuallıq kəsb edir. 
Bəli, indi bizim yaşadığımız XXI əsr – yüksək texnologiyalar əsri bütün dünyada vəziyyəti dəyişir. Odur ki, baş verən qlobal yeniliklərə qoşulmaq, yenilik etmək bizim üçün də zamanın tələbinə çevrilib. Bu, bütün sahələr, eləcə də təhsil üçün keçərlidir. Yalnız bilik, savad və yenilik bizi irəli aparacaq. Elə haqqında danışdığımız distant təhsil sistemi də bu üç vacib elementi özündə ehtiva edir…

 Güntac ŞAHMƏMMƏDLİ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031