SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahbuzda meyvəqurutma ənənəsi davam etdirilir

Şahbuzda meyvəqurutma ənənəsi davam etdirilir
20-09-2020, 10:15

Tarix boyu Naxçıvan diyarı əkilib-becərilən meyvələrin çeşidinə, dadına görə seçilmişdir. Uzaq keçmişimizdə burada yaşayan insanlar meyvə, giləmeyvə, qərzəkli bitkilərin məhsulu ilə qidalanmış, bunları yaxşı keyfiyyətlərinə görə seçib çoxaltmış və geniş ərazilərdə becərməyə başlamışlar. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası minlərlə hektar sahədə meyvə bağlarının salınması ilə nəticələnib. Bu yerlərin torpağı, suyu lap əzəldən meyvəçiliyin inkişafı üçün əlverişli olub. Zəngin meyvəçilik ənənələrinə malik olan rayonda hələ qədim zamanlarda min bir zəhmət hesabına hasilə gələn meyvələr həm təzə halda, həm də qurudulmuş şəkildə istifadə olunub. Tarixən meyvəçiliyin inkişaf etdiyi Şahbuz rayonunun kəndlərində bu gün də meyvə qurudulması ilə məşğul olan bir çox ailələr var. Bu ailələr yayda bol olan bu meyvələri yığaraq həm özləri üçün qış tədarükü görürlər, həm də artıq qalan hissəsini bazara çıxararaq ailə büdcələrini zənginləşdirirlər. Rayonumuzda meyvəsi bol olan bağlarda tələbatdan artıq olan məhsulu xarab olmağa qoymayan qadınlarımız onu səliqə ilə qurudurlar ki, qışda onlardan istifadə etsinlər. Belə zəhmətkeş qadınlardan biri də Aşağı Qışlaq kənd sakini Südabə Məhərrəmovadır. Söhbətimiz zamanı öyrənirik ki, o, öz təsərrüfatında meyvə qurusu, kompot, mürəbbə hazırlamaqla məşğul olur. Müsahibimin dediklərindən: -Uzun illərdir ki, kəndimizin barlı-bərəkətli bağlarından topladığım meyvələrin qurudulması ilə məşğulam. Bağımızda gördüyünüz kimi, bir çox meyvə ağacları var ki, hər il onlardan bol məhsul yığırıq. Yazın ilk aylarından başlayaraq ta ki, payızın axırlarına qədər barlıbərəkətli bağımızdan topladığım meyvələri quruduram. Bu işi böyüklərimizdən öyrəndiyimiz qayda ilə iki üsulla (kölgədə və günəş altında) yerinə yetirirəm. Günəşdə meyvələr daha tez quruyur. Belə qurudulmuş meyvələr bir qədər sərt, yəni quru olur. Kölgədə qurudulmuş meyvələrin günəşdə qurudulan meyvələrdən fərqi isə ondadır ki, yumşaq və şirəli olurlar. Lakin meyvələrin kölgədə qurudulması uzun zaman tələb edir. Südabə xala almanın, armudun qurudulma qaydasından danışaraq deyir ki, meyvəni dilimləyərək qurutmaq lazımdır. Bunun üçün hazırlanmış meyvələr günəş düşməyən yerə sərilir. Çalışmaq lazımdır ki, meyvə qurudulan zaman onların altına cəyən biçilib düzülsün. Bu zaman yağan yağış cəyənin altından axıb gedir və qurudulmağa qoyulan meyvənin dadını aparmır. Almanın qurudulmasında əsas diqqət edəcəyimiz iş onun tam yetişib kəpəkləməməsidirsə, armudda isə əksinə tam yetişməsidir. Qaxlar tam qurudulduqdan sonra qurdlanmasın deyə, bir torbaya yığıb əvvəlcədən qaynadılmış duzlu suya salıb çıxarmalıyıq. Əgər qurudulmuş qaxın rənginin sarı olmasını istəyiriksə, qaynatdığımız duzlu suya üzüm yarpağı əlavə etməliyik. Hazırda bu günlərdə çöl alçasının qurudulma vədəsidir, deyən Südabə xala bildirir ki, günəşli günlərin sona çatmasına az qaldığından o, alçanı qurutmaq üçün böyük bir ləyənə yığıb üzərinə qaynar su tökərək 10-15 dəqiqə qaynar suda saxlayır. Səbəbini isə belə izah edir: -Bu üsulla hazırlanan alça tez quruyur. Pörtlədilmiş meyvələri saman qurusunun üzərinə sərərək quruduruq. Onu da deyim ki, çöl alçasının qurusu heç də digər meyvələrin qurusundan tərkibinə görə geri qalmır, təzyiq, qaraciyər, ürək, böyrək və revmatizm xəstəliklərinə qarşı yaxşı təsir edici gücə malikdir. Alça və tutdan həm də lavaşa hazırlayıram. Dadlı alça lavaşasından müxtəlif yeməklərin tərkibində istifadə olunur. Tut lavaşası isə çərəz kimi çay süfrəsinə qoyulur. Müsahibim qeyd edir ki, kölgəsində oturduğumuz tut ağacından hər il olduğu kimi, bu il də artıqlaması ilə məhsul götürdüm. Bu ağacın meyvəsindən mürəbbə, doşab hazırladım, həm də onu qurutdum. Bildiyimiz kimi, tutun doşabı da, qurusu da min bir dərdin dərmanıdır. Bağımızda əkdiyimiz meyvə ağacları sırasında əriyin öz yeri var. Yığdığımız əriklərdən mürəbbə, cem, kompot hazırlayıb, qalanını isə quruduram. Əriyin bərklərini, tamam yetişməyənlərini qurutmaq məsləhətdir. Onları seçib yuyur, çəyirdəkli və çəyirdəksiz olaraq qurudurlar. Əgər əriyi bütöv quruduruqsa, onu günün altında 5-8 sutka, çəyirdəyini çıxarırıqsa, 4-7 sutka quruduruq. Əriyin qurudulması zamanı “şalağ”, “cır ərik” və bir çox digər ərik növlərindən istifadə edirik. Qurutduğumuz qaxlar qurdlanmasın deyə, qaynadılmış duzlu suya salıb çıxarırıq. Təcrübəmdən onu da deyə bilərəm ki, qax qanazlığının müalicəsində və yaddaşın yaxşılaşdırılmasında müsbət təsirə malikdir. Zəhmətkeş qadın yaşı kimi, qurusunun da faydalı olduğu üzüm haqqında deyir ki, giləmeyvənin qurudulması digər meyvə qurudulmalarından xeyli çətindir. Çünki onun bir neçə hazırlanma üsulu var. Üzüm kölgədə, həm də gün altında salxımları ipdən asılaraq qurudulur. Gilələrin rənginin açıq olmasını və tez qurumasını istəyiriksə, üzərinə azca qaynar su əlavə edib, aşsüzənə tökdükdən sonra süzürük. Təxminən bir aya quruyan mövüzü o biri quru meyvələr kimi pörtlədirik. Südabə xala bildirir ki, quru meyvə qış aylarında, xüsusən də kənd yerlərində yaşayanların ən çox istifadə etdiyi qida məhsullarından hesab edilir. Hər kəsə məlumdur ki, xalq təbabətində meyvə qurusundan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Elə ki, havalar soyudu, qurutduğum qaxlardan hər səhər bir boşqab yığaraq evə gətirirəm və nəvələrimə məsləhət görürəm ki, axşam düşənə kimi mütləq onları yeyib qurtarsınlar. Müsahibim deyir ki, yazın gözü açılandan ta ki, qar yerə düşənə qədər topladığım bu nemətləri bazara çıxarıram. Necə deyərlər, alıcım da başımın üstündədir. Söhbətimiz zamanı zəhmətkeş müsahibimizin süfrəyə qoyduğu quru meyvələrin dadına baxdıq. Bərəkətli torpaqlarımızda yetişdirilən keyfiyyətli məhsullar bu diyarı dünya miqyasında tanıdan vasitələrdəndir və meyvə quruları da onlardan biridir.

T.Baxşəliyeva

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031