SON DƏQQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” monoqrafiyanın təqdimatı olub

AMEA Naxçıvan Bölməsində “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” monoqrafiyanın təqdimatı olub
18-09-2020, 16:55

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Naxçıvan Bölməsinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, bir çox elmi, bədii və tərcümə əsərlərinin müəllifi olan gənc tədqiqatçı Nərgiz İsmayılovanın Türkiyədə çapdan çıxmış sözügedən monoqrafiyası çoxəsirlik ənənələrə malik Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyillərinin tədqiqinə həsr olunmuş ilk sistemli tədqiqat əsərdir. Giriş və 3 fəsli əhatə edən vəsaitdə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadə meyilləri, XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrinə münasibət, həmçinin XX əsrdə və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadənin yeri və əhəmiyyəti araşdırılıb. İlk dəfə Naxçıvanlı sənətkarların yaradıcılığında yer alan bədii tərcümə məsələləri elmi tədqiqata cəlb edilib.

İsmayıl Hacıyev müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayaraq qeyd edib ki, gənc tədqiqatçı bu cür sanballı əsərləri ilə inanırıq ki, gələcəkdə filologiya elmimizi daha da zənginləşdirəcək.

Daha sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək bölmədə elmi işçilərə yaradılan münbit şərait nəticəsində dəyərli monoqrafiyalar, kitablar və elmi məqalələr işıq üzü gördüyünü söyləyib. Alim ictimaiyyətə təqdim olunan monoqrafiyanın dəyərindən danışaraq vurğulayıb ki, vəsaitin elmi redaktoru və ön sözünün müəllifi, AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi “Nərgiz İsmayılova haqlı olaraq hesab edir ki, Naxçıvan ədəbi mühitində XX əsrin əvvəllərində Avropa ədəbiyyatı ilə səsləşən ideyalar, süjetlər, obrazlar və janrlar milli ədəbiyyatımızın özünüifadə forması kimi inkişaf edib. Monoqrafiyada ayrı-ayrı yazıçıların əsərlərinin təhlili əsasında Şərq və Qərb meyllərindən milli özünəməxsusluğa keçid proseslərinin reallıqları tədqiq edilib və mühüm elmi nəticələrə gəlinib”.

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ədəbi mühitinin Şərq və Qərb kontekstində tədqiqinə töhfə” mövzusunda məruzəsi dinlənilib.

Təqdimatda, həmçinin institutun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev mövzu ətrafında çıxış edib. Qeyd olunub ki, qədim dövr Naxçıvan ədəbi mühitinə dair qiymətli əsərdə Nərgiz İsmayılova o dövr Naxçıvan ədəbi mühitin tarixini, onu yaradan şəxsiyyətlərin bu mədəniyyətin inkişafındakı rolunu faktlarla təsdiq edib, qədim mənbələrə müraciət etməklə monoqrafiyada xeyli yeni elmi fikirlərini də ictimaiyyətə çatdırır. Gənc alim Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani, Sadiq bəy Ordubadi, Nemətullah Naxçıvani, Fəxrəddin Hündişah Naxçıvani kimi müəlliflərin nəinki Naxçıvan, eləcə də Azərbaycan ədəbi-bədii mühitinin, Şərq və Qərbə təsirinə dair müstəqil fikirlərini irəli sürüb. Ə.Şərif,  İ.Həbibbəyli kimi müasir elm korifeylərinin də bu istiqamətli əsərləri araşdırılmaqla bərabər XIX əsrin ədəbi-mədəni mühitində Qonçabəyimin yaradıcılığı əhatəli təhlil olunub, nümunələr verilib və bu mədəniyyətin xalqımıza mənsubluğu göstərilən elmi və bədii yaradıcılıq faktları ilə sübut edib. Tədqiqatçı eyni zamanda XX əsr Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələri, C.Məmmədquluzadə, M.S.Ordubadi yaradıcılığında özünəməxsusluq, milli dəyərləri təhlil edilməklə, onların yaradıcılığındakı realizm, romantizm və bu kimi amilləri müqayisəli araşdırıb. Sözügedən müəlliflərin yaradıcılığında “Xatiratım”, “Poçt qutusu”, “Qurbanəli bəy”, “Dumanlı Təbriz”, “Qılınc və qələm”, demək olar ki, bütün əsərlərdən nümunələr göstərilməklə yanaşı “Molla Nəsrəddin” jurnalının o dövr yayım arealı və bədii nümunələrin Şərq və Qərb ədəbi mühitindəki oxşar və fərqli cəhətləri geniş təhlil edilib. Burada bədii ifadə imkanları, tənqidi realist nəzəriyyə, romantizm kimi məsələlərin müqayisəli tədqiqi, xeyli gərəkli elmi faktlar ortaya çıxarılıb, nəticədə Naxçıvan ədəbi mühitinin Şərq və Qərb mədəniyyətində hansı yeri tutduğu əhatəli bir şəkildə işıqlandırılıb.

Sonda müəllif Nərgiz İsmayılova çıxış edərək gənc alimlərə yaradılan şəraitə görə minnətdarlığını bildirib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031