SON DƏQQƏ

naxcivanxeberleri.com

Qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən Naxçıvanın turizm potensialı daha da gücləndirilir-Rauf Kəngərli yazır...

Qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən Naxçıvanın turizm potensialı daha da gücləndirilir-Rauf Kəngərli yazır...
14-08-2020, 13:00

Turizmin inkişafına dair Dövlət Proqramı yeni-yeni uğurlara yol açır

Muxtar respublikada turizmin davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqinin aparıcı sahələrindən birinə çevirib. Mövcud təbii ehtiyatlar, əlverişli iqlim şəraiti, zəngin tarixi-mədəni irs cəlbedici turizm məhsullarını çoxaltmaq üçün əsaslı zəmin yaradır. Məhz bu potensialdan istifadə nəticəsində Naxçıvanda müalicə-kurort müəssisələrinin, istirahət məkanlarının sayı artmaqda davam edir. Bu da muxtar respublikanın turistlər üçün ən diqqətçəkən məkanlardan birinə çevrilməsinə səbəb olur. 

Həyata keçirilən tədbirlərin geniş vüsət almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın xüsusi rolu var. Proqramın məqsədi muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi və bu sahədə müasir idarəetmə mexanizminin yaradılmasıdır.

Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsi özündə əks etdirən mədəniyyət abidələrinin qorunması və elmi bərpası ilə bağlı tapşırığın icrası məqsədilə müvafiq infrastrukturun yaradılması turizm sektorunun inkişafı baxımından xüsusi aktuallıq kəsb edir. Tarixi abidələrdə həyata keçirilən bərpa işləri gələcəkdə bu məkanlara turizm məqsədli turların təşkili üçün yeni imkanlar yaratmaqdadır.

Bu ilin ötən dövründə bir sıra mədəniyyət obyektlərinin bərpası başa çatdırılıb

2020-ci ilin ötən dövründə muxtar respublikada tarixi əhəmiyyət kəsb edən bir sıra mədəniyyət obyektlərinin bərpası başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 15-də Yusif Küseyir oğlu türbəsində, mayın 5-də Naxçıvan şəhər buzxanasında, mayın 27-də isə Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamında başa çatdırılan bərpa və yenidənqurma işləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verib. Eyni zamanda, Naxçıvanda turizmin inkişafına təkan verəcək yeni infrastruktur layihələrinin icrası da diqqətdə saxlanılıb. Mayın 10-da – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilib, Sahil Parkı Naxçıvan şəhərinin turist xəritəsinə daxil edilib.

Bərpa və yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan şəhər buzxanasında “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün müvafiq iş şəraiti yaradılıb. Mərkəz Naxçıvanın özünəməxsus dəyərlərinin və məhsullarının, o cümlədən sənətkarlıq nümunələrinin təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Belə ki, ilin ikinci rübündə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin sosial şəbəkə hesablarında milli mətbəxlə bağlı 30 məlumat paylaşılıb, 10 mindən çox baxış sayı qeydə alınıb. Həmçinin mərkəzin “YouTube” kanalı yaradılıb, daha geniş auditoriyaya çatdırılması üçün milli mətbəx nümunələrinin videoları həmin kanala yerləşdirilib. Eyni zamanda, www.nakhchivancuisine.azsaytının hazırlanması ilə bağlı işlər də davam etdirilir. Yeni yaradılmış “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanlarında rəsmi olaraq qeydiyyata alınıb.

Aprel-iyun aylarında muxtar respublikada turizm fəaliyyətinin genişləndirilməsi üçün mühüm imkanlar vəd edən mədəniyyət obyektlərinin elmi bərpası da diqqət mərkəzində olub. “Gəmiqaya qayaüstü rəsmləri” kitabının təqdimat mərasimi keçirilib, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən muxtar respublika ərazisində turizmin inkişafı və perspektivləri, eləcə də turizm marşrutları üzrə bir neçə abidənin daxil edildiyi 2 monoqrafiya nəşrə təqdim olunub.

Muxtar respublikanın turizm imkanları tanıdılır

Reklam xarakterli tədbirlər turizmin hərəkətverici qüvvəsi olmaqla, muxtar respublikaya turistlərin cəlb edilməsi üçün əsas təbliğat vasitələridir. Naxçıvanın turizm potensialı ilə bağlı məlumatların internet resurslarında yerləşdirilməsi və bu məlumatların daim yenilənməsinin təmin edilməsi turistlərin məlumatlılığının artırılmasında mühüm rol oynayır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrinə 200-ə yaxın məlumat daxil edilib, 68 mindən çox baxış sayı qeydə alınıb. Mərkəzin elektron poçt ünvanına və sosial şəbəkə hesablarına daxil olan 42 müraciət aidiyyəti üzrə cavablandırılıb. Xarici ölkələrdə və Azərbaycan Respublikasında fəaliyyət göstərən 200-dən çox turoperatora, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən 12 turizm informasiya mərkəzinə məlumatların göndərilməsi davam etdirilib.

Aprel-iyun aylarında Naxçıvanı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə muxtar respublikada xalq sənətkarlığı sahələri üzrə fəaliyyət göstərən sənətkarlarla maarifləndirici iş aparılıb. Müxtəlif sənətkarlıq sahələrinə aid 25 əl işi Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə göndərilib, 6-nın satışı həyata keçirilib.

Turizm marşrutlarının fəaliyyəti təmin edilib

Zaman və məkan baxımından ən uyğun yerdəyişmə variantının mövcudluğu turistin müəyyən istirahət və rekreasiya zonasını seçməsində əsas rol oynayan faktorlardandır. Bu da o deməkdir ki, sərfəli nəqliyyat vasitələrindən istifadənin təklif edilməsi turizm bölgəsini cəlbedici edən amildir. İkinci rübdə Dövlət Proqramında nəzərdə tutulan tapşırığın icrası istiqamətində Ağbulaq İstirahət Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi istiqamətlərində, iyunun 15-dən etibarən isə mövsümi olaraq Uzunoba Su Anbarı ərazisindəki Naxçıvan şəhər çimərliyinə marşrutların fəaliyyəti təmin edilib.

Ekoturizm turistlərin gəzinti fəaliyyətlərinin təşkili ilə bərabər, təbiətin gözəlliklərindən zövq almaları üçün də şəraitin mövcud olması deməkdir. Naxçıvan Muxtar Respublikasında təbii şəraitdən uğurlu istifadə ekoloji turizm potensialının da genişləndirilməsi üçün yeni imkanlar yaratmaqdadır. İkinci rübdə bu məqsədlə tədbirlərin keçirilməsi davam etdirilib, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin ətrafında 5 hektar sahədə tinglə, 70 hektar sahədə toxumla, Ordubad Milli Parkı ərazisində isə 5 hektar sahədə toxumla əkin aparılıb. Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğunun flora və fauna muzeylərində bitki herbariləri hazırlanıb.

Müalicə turizmi inkişaf etdirilir

Muxtar respublika müalicə turizminin əhəmiyyətinə görə bu coğrafiyada analoquna az rast gəlinən bir yerdir. Ölkəmiz inkişaf edib iqtisadi imkanları artdıqca onun beynəlxalq aləmdə imicini möhkəmləndirən belə layihələrin də icrası imkanları genişlənir. Bu isə, ilk növbədə, turizm və digər sosial-mədəni sahələrdə həyata keçirilən işlərin keyfiyyəti ilə əlaqədardır. Son illər muxtar respublikada icra edilən irimiqyaslı infrastruktur layihələri sağlamlıq turizminin inkişafı üçün mühüm baza rolunu oynayır. Bu məqsədlə cari ilin ikinci rübündə “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsin yeni inzibati binasının, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilib.

Rauf KƏNGƏRLİ

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031