SON DƏQQƏ

naxcivanxeberleri.com

Təbii sərvətimiz olan meşələri yanğından qoruyaq

Təbii sərvətimiz olan meşələri yanğından qoruyaq
12-08-2020, 16:30

Gündən-günə gözəlləşən muxtar respublikamızda yeni salınmış meşə zolaqları qədim yurdumuzun təbii gözəlliyinə ayrı bir gözəllik bəxş edir. Məhz təbiətə xüsusi gözəllik bəxş edən bu meşələri hamılıqla qoruyub saxlamalı və hər bir əkilən ağaca qayğı göstərməliyik. İsti yay günlərində ehtimalı daha çox olan xoşagəlməz hadisələrdən  biri də yanğınlardır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərlərinə çox mühüm vəzifələr düşür. Qeyd edək ki, külli miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin baş verməməsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə daha çox diqqət yetirilməlidir. Təbiətə xüsusi gözəllik bəxş edən meşələrin yanğından qorunması isə ən qiymətli sərvətlərimizdən birinin qorunması deməkdir. Çünki insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin məhv olmasının əsas səbəblərindən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir. 

Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə-mühafizə mühəndisləri yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi də zəruridir. 

Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, əlaltı vasitələrdən istifadə etməklə yanğını söndürməyi təşkil etməlidirlər.

Meşə zolaqlarında baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd edək ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış ocaq və onun tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınına səbəb ola bilər. Söndürülməmiş siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədə bilir. Meşələrə yanacaq-sürtkü materiallarına və sair yanar mayelərə bulaşmış materiallar atmaq olmaz. İstirahət edən zaman şüşə qabları, şüşə qırıntılarını meşəyə atmaq yolverilməzdir. Əks halda, Günəş şüasından təsirlənən şüşə qablar və şüşə qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.

Müəyyən olunmamış yerlərdə traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması  eləcə də onların yaxınlığında ocaq yandırılması yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri və meşə yolları yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, meşələr yanğına qarşı minerallaşdırılmış zolaqlar çəkilməlidir.

Yay aylarında havaların isti keçməsi meşələrin yanğın təhlükəsini daha da artırır. Məhz buna görə cavabdeh şəxslər tərəfindən vaxtaşırı olaraq meşədaxili və ətraf sahələr yoxlanılmalı, yanğın və ya alışma hadisəsi baş verən zaman mövcud əlaltı vasitələrdən istifadə edilməlidir. Yolda hərəkət edən nəqliyyat vasitələri istifadəçiləri və digər vətəndaşlar tərəfindən siqaret qalığının yanılı vəziyyətdə yerə atılması meşə yanğınlarının baş verməsinə səbəb ola bilər. Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, muxtar respublikamızın iqtisadiyyatının inkişafına və öz sağlamlığına xidmət etmiş olar.

Meşə və ya meşə zolaqlarında yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin  “101”  xidmətinə zəng etməyi unutmayın.

 

Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930