SON DƏQİQƏ

naxcivanxeberleri.com

Deputatın qeyri-real söhbəti mənə “Acıdənə əməliyyatını” xatırlatdı-Səməd Canbaxşiyev yazır

Deputatın  qeyri-real söhbəti mənə   “Acıdənə əməliyyatını” xatırlatdı-Səməd Canbaxşiyev yazır
27-02-2019, 12:03

Uşaq vaxtı yayda ağacların dibinə tökülən əriklərin dənələrini çıxarıb qurudardıq. Sonra hərəmiz özümüz üçün bir torba götürüb ona yığardıq. O zaman ərik ağaclarının arasında acıdənə deyilənləri də vardı. Onu adətən cem və kompot üçün yığırdılar. Amma dənələri yeməli deyildi. çox acı olurdu. Biz də qəsdən dənə yığanda o acıdənənin bir ikisini yanımızdakıların torbasına atırdıq. Təbii ki, onlar da bizim torbaya. Amma o qədər dənə içərisindən onu seçmək qeyri-mümkün idi. Əlac qalırdı qışda dənəni yeyəndə onu tapmağa. Qışda isə soyuq havada isti sobanın başında sındırıb şirin-şirin yeyirdik o dənələri. Ən maraqlı məqam on-on beş şirin dənə yeyib ağzını dada gətirəndən sonra qismətinə çıxan o acı dənənin yeyilməsi idi. Zəhrimar bircə dənəsi bütün yediyinin ləzzətini qaçırırdı. Qalırdın belə... Əslində fındıq, günəbaxan tumu ilə də bu cür vəziyyət yaşanır...

Nə isə son zamanlar məlum millət vəkilinin Naxçıvandakı inkişafla bağlı qeyri-real söhbəti mənə bu “acıdənə əməliyyatını” xatırlatdı. Onun “fantaziyasına” görə guya Naxçıvanda kəndlər boşalır, adamlar hara isə köçür, kəndlərdə müharibədən çıxmış bir mənzərə var. Görünür, bu adam Naxçıvan haqqında həqiqətləri hələ də dərk edə bilmir. Halbuki, başa düşsəydi, elə ötən il Naxçıvanın ən ucqar sərhəd kəndi olan Havuşa neçə ailənin yenidən köçüb gəldiyi və burada təsərrüfatla məşğul olduğunu bilərdi və bunu biləndən sonra isə yuxarıdakı ifadəni işlətməzdi.

Onu da xatırladaq ki, bu gün iqtisadiyyatı sürətlə inkişaf edən, sosial rifahı yüksələn Naxçıvanda yüzlərlə türkiyəli, nigeriyalı, çinli işləyir (yəqin ki, bundan da xəbəri yoxdur). Bizim məlum məntiqlə belə çıxır ki, onların ölkələrində də kəndlər boşalır? Axı miqrasiya və ya immiqrasiya (kiminsə hara isə getməsi və ya gəlməsi) dünyada gedən prosesdir. Hətta ermənilər bu gün dünyanın müxtəlif yerlərində məhəlli şəkildə məskunlaşandan sonra oranı öz əraziləri hesab edir və muxtariyyət, tarixi torpaq kimi iddia edirlər. Hətta özlərinə güclü lobbini də bu qüvvələrin hesabına təşkil edirlər.

İddia olunur ki, guya Naxçıvanda iş yerləri çatışmır. Halbuki, hər bir rayonda ildə bir neçə dəfə təşkil olunan əmək yarmarkalarında, hər il məktəblərdə başlanan dərs mövsümündə keçirilən təhsil yarmarkalarında nə qədər vətəndaş işlə təmin edilir.

İstehsal sahəsi elə bir istiqamətdir ki, burada əvvəlcə bazar tapılır və sonra tələbə görə məhsul istehsal edilir. Əslində bütün dünyaya məlum olan fakt-Naxçıvanın blokadası iqtisadi cəhətdən bazarın da kasadlığı deməkdir. Bu məlum həqiqətdir. Yəqin ki, bunu normal düşüncəli hər bir adam bilir. Ona görə də, Naxçıvanda çoxlu sayda vətəndaşı iş yeri ilə təmin etmək üçün dövlət kütləvi şəkildə istehsal sahələri açsa belə onun istehsal etdiyi məhsulu çıxarmağa bazar olmayacaq.

Guya Əbrəqunusdakı çaxır zavodu dağılıb. Əlbəttə hələ sovet dönəmindən qalan, müasir tələblərə cavab verməyən nə qədər müəssisə yenilənməlidir. Çaxır zavodunu isə işə salmaq üçün millət vəkili nə qədər üzüm-xammal tələb olunduğunu bilirmi? Bu üzümü əldə etmək üçünsə geniş sahələr, bağlar lazımdır. İndi azad iqtisadiyyat, azad seçimdir. Kənddə camaatı zorla üzüm əkib-becərməyə məcbur etmək olmaz ki... Yoxsa cənab deputat elə fikirləşir ki, bazardan beş-on kilo üzüm alıb zavodda tonlarla şərab istehsal etmək olar? Yaddaş üçün deyim ki, artıq Nehrəm kəndinin ərazisində bu istiqamətdə işlər bir neçə ildir ki, davam edir. Burada 150 hektara qədər sahədə məhsuldar üzüm bağı salınıb.

Digər tərəfdən isə bir reallığı da nəzərə almaq lazımdır. İndi əsasən aqrar sahənin inkişaf etdiyi Naxçıvanda hamının kəndlə sıx əlaqəsi var. Şəhərdə yaşayan şahbuzlu üçün pendir, yağ, xama, ordubadlı üçün alana, sucuq, meyvə qurusu təbii ki, kənddən daha təmiz və orqanik şəkildə gəlir. Bunu bütün rayonlara aid etmək olar. Yəni dolayı yolla ailə təsərrüfatlarının istehsalına üstünlük verilir. Məhz elə buna görə də, Ali Məclisin Sədri Naxçıvanda bu sahənin inkişafı ilə bağlı Ailə təsərrüfatlarının genişləndirilməsi üçün mühüm qərarlar qəbul edib. Hətta bu il Naxçıvanda Ailə təsərrüfatları ili elan olunub. Yəni dövlət maraqlıdır ki, hər kəs öz sahəsində peşəkarlaşsın, istehsal artsın və ailə təsərrüfatları müxtəlif məhsulların istehsalı ilə məşğul olsun. Həm məşğulluq, həm də məhsul artsın. Bununla da özəl sektorun inkişafı stimullaşsın.

O da məlumdur ki, Naxçıvanın coğrafiyasında eyni region eyni ənənə olduğu üçün qonşu dövlətlərin bazarlarına girmək də çətindir. Çünki hər kəs öz məhsulunu öz ərazisində satmağa maraqlıdır və bu bazarı xaricdən gələnlərə vermək istəmir. Naxçıvanda hansı zavod və fabrik açılmalıdır ki, onun istehsal etdiyi məhsulları da harasa satılsın? Əslində Naxçıvanda bu gün yetərincə yerli istehsal var. Vacib olan zavodlar da, fabriklər də həmçinin. Onların istehsal etdiyi məhsullar da yerli tələbatı artıqlaması ilə ödəyir. Yəqin ki, müxalifət partiyasının lideri bunları bilməmiş deyil. Bilirsə, deməli qaldırdığı məsələlərdə naşıdır, bilirsə, lap pis, deməli qərəzlidir.

Nə isə, onsuz da kimin ki, məqsədi qərəzlidir, o da öz fikrində qalacaq. Yaxşı bir atalar sözümüz var-Qonağın əməli azanda ev yiyəsinə buyruq verər. İndi Naxçıvan reallığını Naxçıvanda yaşayanlardan və bura rəhbərlik edənlərdən daha yaxşı kim bilər ki? Guya qaşıq aşdan isti oldu? Uzaqda oturub mətbuat səhifələrindən təklif verənlər Naxçıvanın qeyrətini, 25 ilə yaxındır ki, qarış-qarış buranı abadlaşdıranlardan, müdafiəsini təşkil edənlərdən çoxmu çəkir?!

Bu gün Naxçıvanda yaşayan hər bir kəs və bura gələn qonaqlar da sabitlik və sakitlik üçün buranı dünyanın ən yaxşı yeri sayır. Bu gün burada qohumları, yaxınları, ailəsi və övladları yaşayan bir naxçıvanlı kimi bizə bu tərəqqi, sabitlik və hüzur hər şeydən üstün və dəyərlidir. Bir şeyi dağıtmaq qurmaqdan daha asandır. Bu gün Naxçıvanın kəndləri 100 faiz qaz və elektriklə təchiz olunub. Bu qış, bəzi araqarışdıranlardan fərqli olaraq, Naxçıvanda insanların gileyi “işsizlik, dağılan çaxır zavodları” deyil, daha çox qarın yağmamasından oldu. Bilirsiniz niyə? Çünki 1990-cı illərdə yağan qar özü ilə soyuq ev, yanmayan işıqlar, çörək qıtlığı, yüklənməyə görə partlayan transformatorların problemlərini gətirirdi. İndi isə hər kəsin evində isti və rahatlıq var ona görə də yağan qar onlar üçün ən yaxşı əyləncə ola bilər.
P.S. Naxçıvanın bugünkü idarəçiliyi və rəhbərinin xalq tərəfindən sevilməsi də bu gün çoxlarını narahat edir. Xalqın sevgisini qazanmaq isə böyük şəhərlərdəki rahat kreslo, isti kabinetlərdən ucadan danışmaqla olmaz. Gərək bütün çətinlikləri onunla bərabər yaşayasan. Biz bunu ümummilli lider Heydər Əliyev və onun işinin Naxçıvanda davamçısı olan Vasif Talıbovdan öyrəndik.

Səməd CANBAXŞİYEV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031