SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nağı Nağıyevin əsərlərinin üslub xüsusiyyətləri

Nağı Nağıyevin əsərlərinin üslub xüsusiyyətləri
13-07-2020, 13:05

13 iyul görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, maarifçi, ictimai xadim

Nağı Nağıyevin 110 illik yubiley günüdür

 Hər nasirin öz dili, söz ustalığı, üslub rəngarəngliyi vardır. Nağı Nağıyevin əsərlərinin dili və üslubu maraqlı və orijinal xüsusiyyətlərə malikdir. O, özünəməxsus, bənzərsiz yazı tərzi və üslub xüsusiyyəti ilə diqqəti cəlb edir. Belə ki, Nağı Nağıyevin əsərlərinin lüğət tərkibi olduqca zəngindir. Onun yaradıcılığında obrazlılıq, bədii ifadə vasitələrinin geniş işləkliyi diqqəti çəkir. Yazıçı dilinin bədiiliyi, təbiiliyi, sadəliyi, xəlqiliyi, şifahi xalq yaradıcılığı ənənələrinə sədaqəti və s.  kimi məziyyətləri ilə əsərlərinə oxunaqlılıq bəxş edir. Onun bədii əsərlərinin səlis dili öz sadəliyi, rəvanlığı, parlaq və cilalığı, obrazlılığı ilə seçilir. Bir nasir kimi səliqə-səhmanlı, qayda-qanunlu dili və üslub tərzi ilə oxucunu özünə bağlayır. Nizam-intizama tabe olan cümlələr insan əqlinə mirvari kimi süzülür, yaddaşa həkk olur. Ümumxalq yaddaşına dərin məhəbbət və məqamında yerli kolorit yaratmaq, obrazın xarakterini fərdiləşdirmək və tipikləşdirmək məqsədi ilə canlı xalq danışığından bəhrələnmək Nağı Nağıyevin qələminə məxsus səciyyəvi xüsusiyyətlərdir. 

Bəllidir ki, yazıçıdan bədii üslubda mükəmməl əsər yaratmaq üçün ən əlverişli sözü və ifadəni tapıb işlətmək tələb olunur. “Sənətkar təsvir etdiyi obyektə necə münasibət bəslədiyini bildirmək üçün buna uyğun nitq hissələri seçir. Çünki dil ünsiyyət, mübarizə və inkişaf vasitəsi olmaqla bərabər, həm də söz sənətinin, bədii və estetik zövqün mənbəyidir”. Bu böyük mədəni sərvətin mənəvi zövqü isə onun bədii dilində, üslub gözəlliyində, sözün mənalandırılmasında və fikrə bədii çalar verməsindədir.  Dilimizin incəliklərinə nüfuz edən  Nağı Nağıyev bir yazıçı kimi bu keyfiyyətdən bacarıqla istifadə etmişdir. Fikrimizcə, Nağı Nağıyevin 30 il (1951-1981) Azərbaycan Dövlət Nəşriyyatında – “Azərnəşr”də (dövrünün ən nüfuzlu nəşriyyatıdır –Z.İ.) bədii ədəbiyyat şöbəsinin müdiri kimi məsuliyyətli bir vəzifəni icra etməsi dilimizin qrammatik qayda-qanunlarına dərindən bələd olmaq kimi xarekterik xüsusiyyətləri, özünəməxsusluğu elə təcrübədə qazandırmışdır. Bu, həmçinin onun səlis, axıcı, bəzən də həzin dilində ədəbi dilimizin normalarının mühafizə olunmasına zəmin yaratmışdır.

Nağı Nağıyev müraciət etdiyi hər bir mövzuya özü o qədər hakim olur ki, oxucunu inandıra bilir. Qəhrəmanları – bütövlükdə obrazları üçün seçdiyi peşələri sanki o sahənin mütəxəssisi qədər mükəmməl bilir. Və həmin sahənin incəliklərini oxucuya öyrədir. Süleyman Rəhimov “Bakı” qəzetində işıq üzü görən “Zəhmətkeş yazıçı” məqaləsində də bu keyfiyyətləri diqqət mərkəzinə gətirərək yazırdı: “N.Nağıyevin mənalı hekayələrini oxuyarkən bu sakit, yorulmadan çalışan, redaktor kimi əsərlərimizin üzərində əmək sərf eləyib yeri düşdükcə xeyirxah məsləhətləri ilə bizə kömək edən Nağı gözümdə öz yaradıcılığı ilə bir daha yüksəldi. O, qələmə aldığı mövzuları, təsvir etdiyi hadisələri elə real, inandırıcı yazır ki, oxuyarkən deyirsən: Nağı müəllimdir, Nağı ovçudur, Nağı aqronomdur, hərbiçidir, həkimdir və s. Həqiqətən də, yazıçı “Ovçunun xatirəsi” hekayəsində ovçu, “Geoloqlar” oçerkində geoloq, “Püskürən dərə” oçerkində mühəndis-geoloq, “Qaranlıq qovuşanda” romanında mühəndis kimi mövzuya peşəkarcasına hakim olur və qəhrəmanın dilindən tam mütəxəssis kimi danışır. Digər əsərlərində də müraciət etdiyi mövzuları oxucuya sevdirən qəhrəmanlarının peşəsinə dərindən hakim olmaq, konkret fakta əsaslanan cümlələrdən istifadə etmək, hacırcavablığı ilə yadda qalan dialoqlar qurmasıdır. Bunun üçün həyat, kainat, insan fəziləti və qəbahəti və s. haqqında dərin biliyə, geniş həyat təcrübəsinə və dünyagörüşünə sahib olan nasir təmtəraqlı fikirlər seçir. Aydın məsələdir ki, yazıçının bədii zövqü, həyat təcrübəsi, idrak və müşahidə qabiliyyəti nə qədər güclüdürsə, onun dili də o dərəcədə güclü, təsirli, əlvan və poetik olur.

Onun doğma Naxçıvanımızın Duzdağ mədənindən bəhs edən “Yer altında” povesti (8) birdən-birə ərsəyə gəlməmişdir. Uzun illər burda gedən iş prosesini yaxından izləmiş, bu  kollektivin işinə dərindən bələd olmuş və sonra belə bir mükəmməl əsər yaratmışdır. Bu əsərin yazılmasından (1954) yarım əsr və bir qərinə keçməsinə baxmayaraq hələ də  günümüzlə səsləşir və daha da aktuallıq qazanır. Bu əsərin dil-üslub xüsusiyyəti də özünəməxsusluğu ilə diqqəti cəlb edir. Ümumxalq danışığının məqamı gəldikcə bədii əsərdə təcəssüm etdirilməsi, sadə və anlaşıqlı, bəzən də lakonik və konkret cümlələrin çox olması əsərə təbii ruh və ovqat qatır. Belə əsər yazmaq  yazıçıdan xüsusi istedad tələb edir.

Nağı Nağıyevin ilk irihəcmli əsəri olan “Həsrət” romanı çoxlarımızın yaxından bələd olduğu kənd həyatından bəhs edir. Mövzusu kəndin gündəlik həyat tərzindən götürülmüş bu əsərin dili, burda müşahidə etdiyimiz dialoqlar tamamilə gerçək həyat həqiqətlərini özündə ehtiva edir. Ədəbi dil normalarına riayət edən yazıçı obrazın xarakterinə, ictimai mənşəyinə, həyat, düşüncə və yaşayış tərzinə uyğun olan danışıq tərzi müəyyənləşdirir. Sadə kəndlinin danışığını, romandakı hadisələrə münasibətini və ya iştirakını ümumxalq canlı xalq danışığından seçdiyi ifadələrlə zənginləşdirir. Və bu məqamlar əsərin dilini lorulaşdırmır, əksinə, əsərə canlılıq və ümumxalq ruhu verərək xəlqiləşdirir. Bisavad kəndlinin ali təhsilli ziyalı kimi danışdırmaq, nitqinə sanbal qatmaq, elmi cümlələr vermək yazıçının dilinə uğur gətirməz. Amma həyat təcrübəsindən irəli gələn yaşadıqları, gördükləri onu müdrikləşdirən kənd ağsaqqalının dilində hikmətamiz ifadələr uğurlu alınır. Romandakı bədii surətlərin həyat tərzi ilə səsləşən, həmahənglik təşkil edən yaşının verdiyi həyat təcrübəsi ilə kamilləşmiş bir atanın - Nemət kişinin dilindən verilən öyüd-nəsihət bəzən aforizm səviyyəsinə qalxır: “İşə ki, qorxaq girişdin, girişməsən ondan min pay yaxşıdır, çünki işdən ki xoflandın, istədiyini edə bilməzsən. Oğul da işdən qorxar?!”; “Ancaq burda təkcə zəhmətdən heç nə çıxmaz. Gərək baş da ola. Gərək elə ağıllı işlərə başlayasan ki, camaat da görə, inana... İnsan gördüyünə tez inanır, ələlxüsus kəndli qismi”; “Məgər biz sizi oxuduruq ki, kənddən qaçasınız?”. Əsər boyu ümumxalq yaddaşına enmək, hikmət xəzinəmizdən bəhrələnmək, müdrik atalar sözlərindən, zərbi-məsəllərdən istifadə etmək elə yazıçının özünün də şifahi xalq yaradıcılığına həm dərindən bələdçiliyindən, həm də sevgisindən irəli gəlir.

 “Həsrət” romanının dil-üslub xüsusiyyətində diqqət çəkən məqamlardan biri də “Şeytan” ləqəbli İbad obrazını tipikləşdirən nitqinin qüsurlu olmasıdır. Dili pəltək olduğuna görə bəzi səsləri düzgün tələffüz edə bilməməsi, ələlxüsus da “r” səsinin əvəzinə “y” deməsi, “ş” səsini “s” kimi tələffüz etməsi  onu  xalq arasında dilişirin kimi tanıdır: “-Ay kisiləy, bu camaatın biy payasının isi lap qəmədiyədi! Özləyinə iş göyəcəkləy, cəyək, əlli dəfə qapılayına ayaq döyəsən” və ya  “- Ay İbyahim, bağyımızı çatdatmayacaqsan ki! Yəhmətliyin oğlu, biy de cöyək nə xəbəylə cəlmisən!”. Bu obrazın dilinə fərdi xarakter verərək oxucunu bəzən psixoloji məqamlarda gərginliyini azaldır və təbəssümünə səbəb olur.

Bədii əsərin gözəlliyi üçün əsas şərt olan bədii mükəmməllik bu və ya digər əsərin yalnız kompozisiyası, canlı və parlaq obrazları ilə deyil, eyni zamanda həmin əsərin dili ilə təyin edilir. Bədii yaradıcılıq məhsulu o zaman qiymətli olur ki, onun dili də yaxşı olur, oxucunu ələ ala bilir, onu həyəcanlandıra bilir. Bu baxımdan “Həsrət” romanının oxucular tərəfindən sevilməsinin səbəbi səmimi bədii bir dillə yazılmasından ibarətdir. Romanda cərəyan edən hər bir hadisədə oxucu orijinallıq görür. Romanın dilinin spesifik, orijinal xüsusiyyətlərinin olmasına baxmayaraq ciddi surətdə ədəbi dil normalarına riayət edilməkdədir. Ədəbi dil normalarına riayət etmək yazıçının mühüm vəzifəsi olub, dilimizin qrammatik qanunlarına, cümlə quruluşuna, sözlərin sırasına, düzgünlük və aydınlığına riayət tələb edir. Nağı Nağıyevin sadiq qaldığı bu prinsipi pozan cümlələrlə, ifadələrlə rastlaşmırıq.

Ədəbi dilimizi xalq dilindən götürülmüş sözlərlə zənginləşdirmək bir çox şair və yazıçılarımızın ənənəsinə çevrilmişdir. Nağı Nağıyev də bu ənənəyə sadiq qalaraq Naxçıvan dialekt və şivələrindən götürülmüş aşağıdakı söz və ifadələri bədii ədəbiyyata olduğu kimi gətirərək hadisələrə yerli kolorit vermişdir: “gördüm mən bu vəryanın çimi deyiləm, buna bir əncam çəkmək lazımdır”, “sırıv”, “karıxmaq”, “kəmqırıq”, “səyrimək”, “alacalanmaq”, “umacaq”, “hikkə”, “latayır”,“girişmək”, “dılğır”, “bildir”, “ayın-oyun”, “nimdaş parusin ayaqqabı”, “ləngimək”, “tıxaya-tıxaya”, “şoğrib”, “pardaxlanmış”, “laqqırtı”, “xəbər-ətər”, “dərdəcər”, “xaki rəngi”, “əlləşmək”, “isbatlı söz”, “şellənmək”, “təngimək”, “təbərrik”, “qırt düşüb”, “nifrin yağdırmaq”, “ərəzən düşmək”, “üz-göz olmaq”, “bağrı çatlamaq”, “atamanliq etmək”, “qalın-qəyim geyinmək”, “məlul-müşkül oturmaq” və s. Bu kimi dialektizmlər Nağı Nağıyevin yaradıcılığında işlənmə intensivliyi ilə seçilir. Yazıçı öz regionuna məxsus söz və ifadələrdən istifadə edərək sadə, el dilində mənası başa düşülən ifadələr işlətməklə öz əsərlərinə müəyyən şirinlik gətirmişdir. Bu dil faktları həmçinin yazıçının dilinə doğma kəndlərimizin təmiz havasının ruhunu gətirir. Belə məqamlar da oxucuya yüksək hisslər aşılayır. Xalq dilinin zəngin söz fonduna dərindən bələd olmaq və ondan lazımi qədər bəhrələnmək yazıçıya ifadə etmək istədiyi fikri verməkdə ona yaxından kömək edir.

Nağı Nağıyevin əsərlərində, ələlxüsus da kənd həyatından bəhs edən əsərlərində dialektizmləri müşahidə etdiyimiz qədər, arxaizmlərlə də sıx-sıx rastlaşırıq. Onun bədii əsərlərinin leksik tərkibində işlənmiş müasir dil üçün köhnəlmiş, arxaikləşmiş sözlər keçmiş sovet həyatının real mənzərəsini yaratmağa, ictimai həyatın hadisə və xronikasını təyin etməyə xidmət etmişdir. Məsələn, kolxoz, sovxoz, firqəçi, komsomolçu, kooperativləşmə, kollektivləşmə, kənd soveti, raykom, ispalkom, partkom və s. sözlər N.Nağıyevin yaşadağı dövrün, yaradıcılığının ən məhsuldar olduğu illərin ən aktual terminləri olduğu üçün yazıçının da yaradıcılığında mütəmadi olaraq rastımıza çıxır. Bu dil faktları sovet rejiminin süqutu ilə tarixizmlərə çevrildi.

Yenə “Həsrət” romanında Xeyrənsənin timsalında Naxçıvanın etnoqrafik baxımdan unudulmaqda olan yaşlı kəndli qadınının geyim tərzi  nə qədər maraq doğurursa, bir o qədər də arxaizmlər baxımından diqqəti çəkir: “Xeyrənsə əlini çalxaladığı nehrədən çəkib, qızına tərs-tərs baxdı. O, nehrədəki ayranın üzünə qalxmış yağı əli ilə yığandan sonra ayranı iri bir badyaya boşalda-boşalda ağız büzdü, istehzalı hərəkətlərlə çiyinlərini oynadıb, iri, ətli bədənini yırğaladı... Xeyrənsə elə əda göstərdi ki, uzun ətəklərinə gümüş pul düzülmüş külçəsi, onun üstündən taxdığı, boynundan sallanıb döşündə çinlənən, rəngi solmuş göy sətin önlüyü bədəninin hərəkətinə uyğun yırğalanırdı. Başındakı enli zəncirəli börkünün çənəbəndinə düzülmüş qulplu gümüş iki şahılar bir-birinə dəyib səsləndi”; başqa bir nümunədə: “O, əyninə yeri qırmızı ağ güllü don, ayaqlarına üzündə ağ-qırmızı naxışlar olan qara lak başmaq geydi, saçaqlı çarğatını başına örtüb, evdən çıxdı”. Bu nümunələrdə təsvirin konkret üslubi funksiyası var. Sözlər təsadüfi seçilməyib, onlar hadisənin baş verdiyi zaman, dövr haqqında məlumatı oxucuya dəqiq, obrazlı şəkildə çatdırılması vəzifəsini yerinə yetirir. Yazıçı xalqın adət-ənənəsini, məişətini canlandırmaq üçün təsvir etdiyi dövrə, əraziyə xas geyimləri rəssam kimi çəkməklə tarixilik prinsipini qorumuşdur. Obrazın görünüşü, xasiyyəti, hadisələrin xarakteri, milli-yerli kolorit, mənsubluq çalarını, hadisənin cərəyan etdiyi ərazini dəqiq təsvir etmək üçün dialektizmlərdən, xüsusilə də Naxçıvan dialekt və şivələrinə məxsus dialektal və arxaik leksikadan istifadə  etmişdir.

Xalqın yaşam tərzinə, dilinə lazımınca  bələd olmadan xalq həyatını təsvir etmək mümkün deyil. Obrazın xarakterini verərkən yazıçı onun düşüncələrini, ruhi həyəcan və sarsıntılarını oxucuya öz dili ilə nəql edərkən, haqqında danışdığı adamın təfəkkür tərzi ilə bağlı olan sözlərini seçməyi bacarmalıdır. Bu sözlər isə xalqdadır. Onu xalq dilindən götürüb yenidən sahibinə qaytarmaq bədii dildə obrazlılığı artıran ən mühüm amillərdəndir. Bu lövhələrin gözəlliyində xalqdan gələn “varlığa nə darlıq”, “yolçu yolda gərək”, “un çuvalına tay olmaq,  “təzə bardaq, sərin su...”, “xalxa itlər hürər, bizə də çaqqallar”, “cin vurdu təpəmə”, “taylı tayın tapıb”, “məni çevir balalarının başına”, “haray bu başdan”, “indi gəldiniz Mərəndə”, “günün dar vaxtı”, “koru körpüdə yaxalamaq”, “ilan qovlamış adam”, “əli qoynunda, boynu çiynində” və s. ifadələr həlledici rol oynayır. Məna tutumu ilə seçilən xalq ifadələrini bədii dilə gətirmək xalq dili xəzinəsinə dərindən bələdçilik yazıçıdan müdriklik tələb edən əsas keyfiyyətlərdən biridir. Nağı Nağıyevin də yaradıcılığının dil-üslub xüsusiyyətinin əsas mənbəyi xalq danışığından yaradıcı surətdə istifadə etməkdir.

Məlumdur ki, xalq dilinin söz xəzinəsində  ibarələr, atalar sözləri, məsəllər, idiomatik ifadələr geniş yer tutur. Bədii təfəkkürün məhsulu olan bu “qanadlı sözlərə”, leksik vahidlərə, yəni xalq dühasının yaratdığı atalar sözləri, zərbi-məsəllər, idiomatik ifadələr və frazeoloji birləşmələrə daha çox yazıçı Nağı Nağıyevin məharətlə yaratdığı obrazların, kamil insanların dilində rast gəlirik. O, atalar sözlərinə müraciət edərkən, adətən, “atalar deyiblər:” ifadəsi ilə başlayır və xalq ifadələrini əsərdə adi bir cümlə kimi  işlədərək yığcam şəkildə mükəmməl bir fikir meydana çıxarır. Bu atalar sözləri bəzən müəllifin öz təhkiyəsi, obrazların nitqi ilə qaynayıb-qarışır. O, sadə yazanda və fikri qısa-konkret yekunlaşdıranda və ya əksinə, uzun-uzadı nəsihətlərə başlayarkən atalar sözlərindən istifadə edir. Yazıçının istifadə etdiyi atalar sözləri mövzu etibarilə müxtəlif və rəngarəngdir. Eyni zamanda atalar sözlərinin işlənmə məqamları yazıçının üslubundan, əsərin mövzusundan, quruluşundan asılı olaraq dəyişir. Onlardan bəzilərinə diqqət edək: “üstümü unlu görüb, adımı dəyirmançı çağırmayın”, “çölmək diyirlənib, qapağın tapıb”, “haynan gələn, huynan da gedər”, “Əli aşından da oldu, Vəli aşından da”, “Gəlin qoyunu qurda tapşırmayaq”, “Göndərir bitməz işə, adımı qoyur yarıtmaz”, “Nə yardan doyur, nə əldən qoyur”, “öz özünə eləyəni el yığılsa, eləyə bilməz”, “özü yıxılan ağlamaz”, “keçənə güzəşt deyiblər”, “axşamın xeyrindən, gündüzün şəri yaxşıdır”, “Təzəyə cici deyirlər, köhnəyə bəci”, “Paxıl adam, doğrudan da,  artıb-ağarmaz”, “hirs gələr, göz qızarar, hirs gedər, üz qızarar”, “Var evi - quran evi, yox evi – viran evi” və s. xalq təfəkkürünün misilsiz xəzinəsindən götürlmüş bu nümunələr onun əsərlərinin bədii dilinin gözəlliyini təmin edib.

Xalq dilinin ahəngi üstündə bəstələnmiş nəsr əsərləri Nağı Nağıyevin əsərlərinin sanbalını qatbaqat artıran məqamlardandır. Çünki bədii dil düzgün fikirləri, real həyat hadisələrini ifadə etmək vasitəsidir.  Fikri səhv, həyat faktları və hadisələr dolaşıq verilərsə, onları ifadə edən dil quruluşca nə qədər düzgün olursa-olsun, yenə də əsl bədii dilin tələblərinə cavab verə bilməz. İbrətamiz bir əsər doğru-düzgün fikirlərin ifadə tərzindən əmələ gəlir. Nağı Nağıyevin yaradıcılığındakı xalq ifadələrinin ruhunu əks etdirən aforizmlər insan kamalı, həyatın gözəlliyi, xoşbəxtlik haqqında ağıllı, dərin fikirlər ifadə edir. Onun əsərlərində çoxlu mənalı və hikmətli fikirlər var. Yazıçının dilində diqqəti daha çox çəkən nümunələrə nəzər salaq: “Hər şey vaxta baxar, vaxt isə heç nəyə”, “əl mənim, ətək sənin”, “onların suyu bir arxa axmır”, “min dərənin suyunu yığacaq bir yerə”, “körpü qalacaq çayın o tayında”, “bir gün ulağa deyirlər ki, gözün aydın, qoduğun olub. Heyvan ah çəkib deyir: nə faydası, mənim ki yüküm əksilməyəcək”, “ağac öz səmtinə yıxılar”, “əziz ölüb, ağız ölməyib”, “ölənlə ölmək olmaz”, “oğlan nə vaxt asqırdı ki, qız “ilahi şükür” demədi?”, “nə balanı istəyirəm, nə də bəlasını”, “buyurmaq hara, “baş üstə” demək hara?”, “hörmət hörmətdən qalıb. Qonağa verilən çörək itməz. Çörək verərsən sonra mənfəətini görərsən”, “işi düşəndə mumdan yumuşaq, tükdən nazik olmağı bacarır”. “tas yerə düşməsə cingildəməz”, “adı pislikdə çəkilən arvad murdar əski kimi bir şeydir”, “kişisiz ev suyu sovrulmuş dəyirmandır”, “insansız yer nə qədər miskin, nə qədər cansıxıcı olurmuş”, “əkiblər yeyirik, əkərik yeyərlər”, “çörəksiz ölkə tez basılar”, “məscid qapısıdır, yarmaq olmaz, yandırmaq olmaz”, “pis yoldaş adamı hər yola çəkər”, “məgər güldürməyi bacarmayanda adamı  zorla tutub qıdıqlayarlar?”, “o söz qızıl da olsa, bircə şahıya dəyməz”, “övladından şikayət edən valideynlər özləri müqəssir deyillərmi?” və b. məişət üslubu, ümumxalq danışığı əsasında yaranan ədəbi dilin bu örnəkləri əsərin obrazlılığını, bədii dilin keyfiyyətini artıran məqamlardır. Göründüyü kimi, yazıçı Nağı Nağıyev oxucuya faydalı olan fikirlərə müraciət etmiş və uğurlu ifadələr seçə bilmişdir. O, özünün yaratdığı aforizmlərdən obrazın nitqini tipikləşdirmək məqsədilə istifadə etmişdir. Obrazın dilindən səslənən bu aforizmlər obrazın mənəvi dünyasını açmağa kömək edir, həmin obrazı oxucuya sevdirməklə yanaşı, insana müsbət mənəvi keyfiyyətlər aşılayır, həmçinin ruhunu aydınladır.

 “Qəribə bir təsadüf” hekayəsi “yamanlığa yaxşılıq” ideyası üstündə qurulub. Sabiq orqan işçisi olan Mütəllimin vaxtilə səbəbsiz yerə türməyə saldırdığı başmaqçı Xəlilin həkim-professor oğlunun ittihamları qarşısında sarsılması və əsərin sonunda xəcalətindən və vicdan əzabından ürək yanğısı ilə “Axı mən o ürəkləri sağaldan, insanlara yeni həyat verən professorun yanında üzüqarayam, Sərvinaz, üzüqara” - deməsi dərin təəssüf hissi aşılayır, “sonrakı peşmançılıq fayda verməz” atalar sözü ilə səsləşən bir ibrətamiz ideya ortaya qoyaraq hikmətli sözlərlə, aforistik ifadələrlə zəngin bir əsər olaraq da yadda qalır.

“Məhəbbətini aparacağam” hekayəsi “Xoşbəxtlik gətirməyən bir məhəbbət kimə gərəkdir?” hikmətli epiqrafı ilə başlayır və əsər boyu da bu cür hikmətamiz fikirlərin intensivliyi diqqəti cəlb edir.

“Paxıllıqadlı satirik hekayəsi də “Paxıl adam artıb ağarmaz” atalar sözü epiqrafa çıxarılmaqla başlayır və “Qonşu qonşuya baxar, özünü oda yaxar” hikmətli ifadənin hakim olduğu məntiqlə sona çatır.

“Ovçunun xatirəsi” hekayəsi övladlarını parçalayan pələngdən intiqam almaq istəyən ayının faciəsindən bəhs edir. Bu əsər də hikmətli ibarələrlə çox zəngindir. Məsələn: “təkə ki var, sürünün çobanı timsalındadır”, “ölüm ayağı dəhşətli olarmış”, “Ağlamaqla, fəryad qoparmaqla zalımın pəncəsindən qurtarmaq olmazmış”, “...ömrü boyu özündən zəifləri yeməklə məğrurlaşan pələng...” və s. Hekayə təhkiyəçinin dostu Ələkbərə dediyi: “ayını öz qorxaqlığı məhv etdi” hikmətli kəlamı ilə sona çatır. Nağı Nağıyev müşahidə etdiyi hadisəni bu ifadədən başqa ayrı sözlə ifadə etməsi mümkün deyil, edilsə də, belə uğurlu alınmazdı. Belə cümlələr, ibrətamiz dialoqlar onun bütün əsərlərinin bir çox səhifələrində müşahidə olunur. Yazıçı bəzi məqamlarda sanki obrazların dialoquna və ya səmimi duyğularına heç müdaxilə etmir və bu şəkildə davam edir.

Nağı Nağıyevin əsərlərində istifadə olunan atalar sözlərinin, aforizmlərin təhlilindən belə nəticə hasil olur ki, öz əsərlərinin məzmununa, mövzusuna, ideyasına, yaratdığı xarakterlərin səviyyəsinə uyğun mövcud aforizmlərdən istifadə etməklə və özü də yeni-yeni aforizmlər yaratmaqla həm əsərin təsir gücünü təmin etmiş, həm müsbət mənəvi keyfiyyətlər aşılamış, həm də  ədəbi-bədii dilimizi öz hikmətli kəlamları ilə zənginləşdirmişdir.

Nəticə olaraq qeyd edək ki, hər bir əsərin arxasında onu yazan şəxsin xarakteri dayanır. Əsərlərindən yazıçı Nağı Nağıyevin nə qədər ciddi, milli-mental dəyərlərə bağlı bir ziyalı olduğu açıq-aydın hiss olunur. Dilindəki səmimilik, xalq yaddaşına enmək əsrlərdən bəri xalq dühasının yaratdığı atalar sözləri, məsəllər, idiomatik ifadələrdən – bir sözlə, frazeoloji birləşmələrdən şüurlu surətdə istifadə etmək onun yaradıcılığının əsas qayəsidir.

 “Həsrət” romanında ümumxalq dilinə söykənən leksik birləşmələrin sayı xeyli dərəcədə çoxdur. İstər müəllifin öz təhkiyəsində, istərsə də obrazlarının danışığında bol-bol istifadə edilən atalar sözləri  və məsəllər, öyüd nəsihətlər onun dilini obrazlı, aydın və maraqlı edir, təbiiləşdirir. Əsər nə adi, nə də yüksək səviyyəli oxucu üçün deyil, hər kəsin ruhuna xitab edəcək ibrətamiz bir ruhla yazılıb.

Yazıçı hadisənin cərəyan etdiyi ərazini dəqiq təsvir etmək üçün toponimlərlə yanaşı dialektizmlərdən, xüsusilə də Naxçıvan dialekt və şivələrinə məxsus dialektal leksikadan istifadə etmişdir.

O, bədii dilə həssas qəlblə yanaşmış, ana dilimizin milli koloritini, sadəliyini və təbiiliyini qoruyub saxlamışdır. Ana dilinin koloritini verə bilməməyin ən əsas səbəbi quru və təmtəraqlı dillə yazmaqdır. Onun bədii yaradıcılığından Ana dilinin sağlam nəfəsinin ətri duyulur. Əsərlərinə Ana dilinin gözəl nəfəsini verməklə bərabər, publisistik üslubla da zənginləşdirmişdir.

ZÜLFİYYƏ  İSMAYIL

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan  Bölməsinin əməkdaşı

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31