SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində əhaliyə nümunəvi nəqliyyat xidməti göstərilir

Naxçıvan şəhərində əhaliyə nümunəvi nəqliyyat xidməti göstərilir
12-07-2020, 15:15

Muxtar respublikada nəqliyyat xidmətinin günün tələbləri səviyyəsində təşkili daim diqqət mərkəzində saxlanılır, əhalinin mənzilbaşına vaxtında və təhlükəsiz çatması üçün mühüm addımlar atılır. Bu gün muxtar respublikada müasir standartlara cavab verən avtomobil yollarının salınması, bütün xidmət imkanlarına malik avtovağzalların istifadəyə verilməsi, rayonlararası marşrutlarda, eləcə də Naxçıvan şəhərdaxili nəqliyyatında iritutumlu, yüksək komfortlu avtobusların xəttə buraxılması nəqliyyat xidmətinin inkişafından xəbər verir. Naxçıvan şəhərində sərnişindaşıma xidməti 10 marşrut xəttində 66 avtobus və mikroavtobuslarla həyata keçirilir. Şəhərdaxili marşrutların intensiv hərəkətinin təmin olunması məqsədilə bu avtobus və mikroavtobuslara vaxtaşırı texniki baxış keçirilir, lazım gəldikdə, ehtiyat hissələri yeniləri ilə əvəz olunur. Məqsəd ondan ibarətdir ki, avtobuslar xəttə tam saz vəziyyətdə çıxsınlar. Bu isə sərnişinlərə nümunəvi nəqliyyat xidmətinin göstərilməsində başlıca şərtdir. Naxçıvan şəhərində əhaliyə nümunəvi nəqliyyat xidmətinin göstərilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilir. Başqa sözlə desək, nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək üçün bütün tədbirlər vaxtlı-vaxtında həyata keçirilir. Mən də gündə bir neçə dəfə şəhərdaxili marşrutlardan istifadə edirəm. Yaxşı cəhət odur ki, bu günədək şəhərimizdəki nəqliyyat xidmətindən heç bir narazılığım olmayıb. İlin bütün fəsillərində – qışın soyuğunda da, yayın istisində də Naxçıvan şəhərində nəqliyyatın intensivliyi təmin edilib, avtobusların sazlığı və təmizliyi hər zaman qorunub. Bu isə hər zaman sərnişinlərin razılığı ilə qarşılanır. Naxçıvan şəhərində şəhərdaxili marşrutlarla yanaşı, şəhərətrafı məhəllə və kəndlərə sərnişindaşıma xidməti də günün tələbləri səviyyəsində qurulub. Şəhərətrafı kənd və qəsəbələrə, əhalinin sıx yaşadığı məhəllələrə yeni marşrut xətlərinin salınması, bəzi marşrutların hərəkət istiqamətinin dəyişdirilməsi də daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Hazırda Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndləri istiqamətində 7 nömrəli marşrutun işləməsi, 2 nömrəli marşrut xəttininsə Tumbul kəndinədək uzadılması şəhər sakinlərinin işini xeyli asanlaşdırıb. 2 nömrəli marşrut xəttinin Tumbul kəndinədək uzadılması eyni zamanda Hacıniyyət kəndinin də sakinlərinin bu marşrutdan istifadə etməsinə imkan yaradıb. 1 nömrəli marşrutun Xətai məhəlləsindən keçməsi də təmin olunub. Bu ilin əvvəllərindən başlayaraq 9 nömrəli marşrutun istifadəyə verilməsi isə bu istiqamətdə atılan növbəti addımdır. Yeni marşrut Xətai, 35 və 21 nömrəli məhəllələrdə yaşayan sakinlərin müraciəti əsasında yaradılıb. Saat 7:30-dan 19:00-dək fəaliyyət göstərən marşrut üzrə 6 mikroavtobus hərəkət edir. Bu xətt üzrə mikroavtobuslar Naxçıvan şəhərinin Xətai küçəsindən hərəkətə başlayır. Sonra Heydər Əliyev prospekti, İslam Səfərli, Seyid Cəfər Pişəvəri və Əziz Əliyev küçələri ilə davam edən marşrutun yolu Xətai məhəlləsinə doğru uzanır. Bu məhəllənin daxili yolları ilə marşrut əvvəlcə 35-ci məhəlləyə, sonra 21-ci məhəlləyə gedir və Mustafa Topçubaşov, Əziz Əliyev küçələri ilə davam edərək Çənlibel məhəlləsinə qədər hərəkətini davam etdirir. 9 nömrəli marşrut, ümumilikdə, 22 kilometrlik şəhərdaxili yolda 10 dəqiqəlik intervalla hərəkət edir. Yeni marşrut sakinlərin gedəcəkləri ünvana vaxtında və rahat çatmasına şərait yaradır. Ona görə də şəhər sakinləri, xüsusən adları qeyd olunan məhəllələrdə yaşayan sakinlər yeni marşrut xəttinin açılmasına görə dövlətimizə minnətdarlıqlarını bildirirlər. Sərnişinlərin səmimi minnətdarlıq hisslərinin ifadəsini iyun ayının əvvəllərindən fəaliyyətə başlayan 10 nömrəli marşrut avtobuslarında da tez-tez eşitmək olar. 10 nömrəli avtobuslar Dəmir Yolu Vağzalından hərəkətə başlayır, üçüncü mikrorayondan, Əliqulu Qəmküsar küçəsindən keçərək İpək Yolu ilə irəliləyir. Əliabad qəsəbəsi yaxınlığında baş yola çıxan avtobuslar Avtovağzal Kompleksinə, oradan Naxçıvan Dövlət Universitetinə gedir. Sonra Əziz Əliyev prospekti ilə irəliləyərək Naxçıvan Muxtar Respublika Xəstəxanasına, oradan İstiqlal küçəsi ilə irəliləyib Atatürk prospektinə və yenidən Əziz Əliyev prospektinə çıxır. “Cahan” Ticarət Mərkəzinin önündən keçən yeni marşrut xəttinin may ayında istifadəyə verilən Sahil Parkınadək uzanması şəhər sakinlərinin ürəyincə olub. Şəhərimizin bir çox prospekt, küçə və məhəlləsindən keçən 10 nömrəli avtobuslar şəhər sakinlərinin müxtəlif ünvanlara, həmçinin istirahət üçün üz tutduqları Sahil Parkına rahatlıqla gəliş-gedişini təmin edir. İndi istər əyləncə və istirahət üçün, istərsə də idmanla məşğul olmaq üçün Sahil Parkına getmək istəyənlər 10 nömrəli marşrutun xidmətindən bəhrələnirlər. Muxtar respublikamızda və onun paytaxtı Naxçıvan şəhərində nəqliyyat sahəsində görülən işlər bu gün də uğurla davam etdirilir. “Naxçıvan Muxtar Respublikasının 2019- 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəqliyyat sektorunun inkişafı, xüsusilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün muxtar respublikada şəhərdaxili və rayonlararası sərnişindaşıma xidməti tələbata uyğun həyata keçirilir. Sərnişindaşıma təsərrüfatının maddi-texniki bazası ilbəil gücləndirilir, müasir avtobuslar alınaraq xəttə buraxılır. Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi- texniki bazası hər ötən il daha da möhkəmləndirilir. İyunun 22-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobusun təqdim olunması isə bu istiqamətdə atılan növbəti addımdır. Yeni alınan “KİNG-LONG” markalı 6 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla, 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar yumşaq oturacaqlar, siyirməli şüşələr, yanğınsöndürən balonlar, dərman çantası, ön, yan və arxa tərəfində elektron məlumat lövhələri, havalandırma sistemi ilə təchiz edilib. Avtobusların mühərrik bölməsində avtomatik işə salınan yanğınsöndürən, eləcə də hər hansı texniki problem zamanı qapıların mexaniki üsulla açılmasına imkan verən xüsusi qurğu quraşdırılıb. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “Avro 5” standartına uyğundur. Yeni avtobuslardan şəhərin mərkəzi küçə və prospektlərində fəaliyyət göstərən 3, 4 və 5 nömrəli marşrutlarda istifadə olunur. Bu avtobuslarla birlikdə dəyəri 66 min manat olan ehtiyat hissələri də alınıb gətirilib ki, bu da əvvəlki illərdə gətirilmiş və təmirə ehtiyacı olan avtobusların daim saz vəziyyətdə saxlanılmasını təmin edəcəkdir. Yeni avtobusların fəaliyyətə başlaması ilə həm də 12 nəfər işlə təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yeni avtobusları təqdim edərkən demişdir: “Muxtar respublika daxilində bütün yaşayış məntəqələrini əhatə etməklə 140-a yaxın marşrut xəttində dövlət və şəxsi nəqliyyat vasitəsilə, eləcə də taksilərlə əhaliyə sərnişindaşıma xidməti göstərilir. Bu da xidmətin düzgün rəqabət şəraitində təşkilinə hesablanıb. Təqdim olunan yeni avtobuslar Naxçıvan şəhərdaxili marşrutunda fəaliyyət göstərəcəkdir. Naxçıvan şəhəri muxtar respublikanın paytaxtıdır. Ona görə də hər gün rayon mərkəzi və kəndlərdən Naxçıvan şəhərinə marşrutlar işləyir. Əhali Naxçıvan şəhərinə daha çox gəlir. Bütün bunlar da şəhərdaxili sərnişindaşıma xidmətinin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Tələbata uyğun alınan müasir avtobuslar sərnişinlərə yüksək səviyyəli xidmət göstərməyə imkan verəcəkdir.” Şəhərimizdə yeni marşrut xətlərinin yaradılması, yeni avtobusların xəttə buraxılması ilə yanaşı, bəzi marşrutların hərəkət istiqamətində dəyişikliklər edilməsi də təqdirəlayiqdir. Bu istiqamətdə görülən işlərin davamı olaraq əvvəllər Naxçıvan Beynəlxalq Hava Limanınadək gedən 6 nömrəli avtobusların yolu Babək şəhərinədək uzadılıb. Əvvəllər Naxçıvan şəhərinin daxilində fəaliyyət göstərən 6 nömrəli marşrut xəttinin artıq Babək şəhərinədək uzadılması vaxt itkisinin qarşısını alıb və sakinlərin mənzilbaşına vaxtında çatmasına şərait yaradıb. Marşrutu həyata keçirən avtobuslar komfortlu və müasirdir. Gün ərzində 6 avtobusun işlədiyi 6 nömrəli marşrut səhər saat 7:00-da Naxçıvan şəhərindəki avtovağzaldan yola çıxır və 12 dəqiqəlik intervalla hərəkət edir. Bəli, Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilib, əhalinin marşrutlardan səmərəli istifadəsi üçün hərtərəfli şərait yaradılıb. Son illərdə bu sahənin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni avtobus və mikroavtobuslar yaranan sərnişin sıxlığının aradan qaldırılmasında mühüm rol oynayır. Nəqliyyat işinin daha da yaxşılaşdırılması bu gün də dövlətin diqqət mərkəzindədir. Naxçıvan şəhərində nəqliyyat infrastrukturunun yenilənməsi ilə yanaşı, sərnişindaşıma işinə də diqqət yetirilir. Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin işgüzar kollektivi tapşırılmış işin öhdəsindən layiqincə gəlmək üçün bütün imkanlardan səmərəli istifadə edir, Naxçıvan şəhərində avtobusların qrafikə uyğun hərəkətinə ciddi nəzarət olunur. Hər bir avtobus dayanacaqda dayanır, sürücülərin xüsusi geyim formalarından istifadə etmələri və sərnişinlərlə rəftarı diqqət mərkəzində saxlanılır. Bir sözlə, Naxçıvan şəhərində əhalinin nəqliyyat sarıdan rahatlığı tam təmin olunur.

Aydan YUNİSQIZI

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31