SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhərləşən kəndlərimiz-FOTO

Şəhərləşən kəndlərimiz-FOTO
11-07-2020, 20:35

Tivi kəndi rayonumuzun ən iri yaşayış məntəqələrindən biridir. Ordubad rayonunun Aza-Nürgüt qolunda yerləşən bu yaşayış məntəqəsi dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Səfalı təbiəti olan bu kənddə 369 təsərrüfatda 1479 sakin yaşayır. Son illər kənd sakinlərinin rahat yaşaması, məskunlaşmasının artması istiqamətində bütün yaşayış məntəqələrimiz kimi burada da dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir.

Beş il bundan əvvəl oktyabr ayının 12-i isə Tivi kəndinin həyatında çox mühüm hadisələrlə yadda qalmışdır. Həmin gün rayon mərkəzindən 60 kilometr aralıda yerləşən bu yaşayış məntəqəsində 216 şagird yerlik məktəb binası, 3 mərtəbəli kənd mərkəzi və həkim ambulatoriyası, eləcə də xidmət mərkəzi istifadəyə verilib. İlk əvvəl onu qeyd edək ki, Tivi kəndindəki tam orta məktəb təhsildə əldə etdiyi uğurlarla diqqəti çəkir. Belə ki, son bir neçə ildə məktəbdən məzun olan şagirdlərdən əksəriyyəti ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş və onların çoxu tələbə adını qazanmışdır.

Məktəb binasında 4- ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kompüter və müəllimlər otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kitabxana, idman zalı və açıq idman qurğuları vardır. Laboratoriyalar ən müasir cihaz və sınaq-təcrübə avadanlıqları ilə təchiz olunmuşlar. Kompüter sinfində isə 19 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Tividə əhalinin xidmətində dayanan əsas dövlət binası kənd mərkəzidir. Kənd mərkəzində isə rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi və iclas zalı vardır. Rabitə evi binanın birinci mərtəbəsində yerləşir və burada 384 nömrəlik müasirtipli ATS fəaliyyət göstərir.

Mərkəzdə poçt rabitəsi və internetin verilməsi tam təmin edilib. 12 min 500 kitab fondu olan kənd kitabxanası da əhalinin ən çox üz tutduğu ünvanlardandır. Tivi kəndində baytarlıq xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün kənd mərkəzində bütün imkanlar mövcuddur. Kənddə əsas təsərrüfat sahələrindən biri olan arıçılıq və heyvandarlığın daha da inkişaf etdirilməsi, mal-qaranın cini tərkibinin yaxşılaşdırlması üçün baytar həkimləri mühüm tədbirlər həyata keçirirlər. Tivi kənd həkim ambulatoriyasında isə 12 xidməti otaq, o cümlədən baş həkim, doğuş, peyvənd, mama, manipulyasiya, feldşer, qeydiyyat, tibb bacısı, sanitar otaqları, stomatoloq üçün kabinə, palata və aptek vardır.

Otaqların hər biri təyinatına uyğun tibbi avadanlıqlar və zəruri inventanlarla təchiz edilmişdir. Bütün bu vacib obyektlərin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sakinlərlə görüşdə demişdir: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi bütün sahələrdə inkişafı təmin etmişdir. Bu inkişafdan hər bir yaşayış məntəqəsinə pay düşmüşdür. Ucqar dağ kəndi olmasına baxmayaraq müstəqillik illərində Tivi kəndinin də inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Keçmiş Sovetlər Birliyi dövründə həyata keçirilə bilməyən tədbirlər bu gün kənddə reallaşdırılmış, Tivi müasir Azərbaycan kəndinə çevrilmişdir. Kənddə məktəb binası, həkim ambulatoriyası, xidmət mərkəzi, dövlət qurumlarının fəaliyyət göstərməsi üçün kənd mərkəzi tikilərək istifadəyə verilmiş, yolu abadlaşdırılmış, elektrik enerjisi və təbii qazın verilməsi təmin edilmiş, müasir rabitə xidməti yaradılmış, post bölməsi istifadəyə verilmişdir. Bir sözlə, Tividə əhaliyə nümunəvi xidmət göstərilməsi üçün bütün imkanlar vardır.

Ordubad Rayon İcra Hakimiyyəti başçısının Tivi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynağa Həsənov bizimlə söhbətində bildirdi ki, son illər Tividə baş verən inkişaf və tərəqqi, yeni iş yerlərinin açılması, təsərrüfatların inkişafı üçün dövlət tərəfindən verilən dəstək, bir sözlə, kənd və şəhər arasındakı fərqin aradan qaldırılması insanların rahat yaşamasına səbəb olub. Kənddə əhaliyə nümunəvi xidmət göstərilməsi üçün bütün imkanlar təmin edilib. Bu da tivililərin vaxt itkisinə yol vermədən öz problemlərinin yerindəcə həll etməsinə imkan yaradıb. Göstərilən diqqət və qayğıdan ruhlanan kəndin torpaq mülkiyyətçiləri yüksək ovqatla əkin-biçin işləriylə məşğul olurlar.

Onlar bununla həm özlərinin güzəranlarını yaxşılaşdırır, həm də əhalini yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edirlər. Bunun nəticəsidir ki, kənd təsərrüfatı sahəsi üzrə ötən hər il diqqətçəkici uğurlara imza atılır. Tivililərin əsas məşğuliyyət növlərindən biri də heyvandarlıq və arıçılıq sahəsidir. Təbiətin yaratdığı münbit şərait, dövlətin bu sahələrə göstərdiyi hərtərəfli dəstək heyvandarlığı və arıçılığı yüksələn xətlə inkişaf etdirməyə imkan yaradıb. Elə buna görədir ki, Tivi kəndində əksər ailələr bu gəlirli sahə ilə məşğul olurlar. Tividə ailə təsərrüfatına da maraq böyükdür. Bir çox ailə təsərrüfatları dağlardan kaşır, baldırqan toplayaraq turşusunu hazırlayıb satışını təşkil edirlər. Həmçinin dağ otlarından müalicəvi ekstratlar da hazırlayırlar. Bu il iyun ayının 10-da Tivi kəndində daha bir mühüm hadisə baş vermışdir. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ordubad rayonunun Tivi kəndinə gəlmiş, burada tikiləcək yeni su elektrik stansiyasının layihəsinə baxmışdır. Məlumat verilmişdir ki, yeni tikiləcək Tivi Su Elektrik Stansiyası derivasiya tiplidir. Stansiyanın gücü 15,6 meqavat olacaqdır. Gilançaydan qidalanacaq stansiya üçün tənzimləyici bənd, suqəbuledici qurğu, çökəltmə hövuzu, 30 min kubmetrlik su anbarı, derivasiya kanalı, tunel, yükləmə hovuzu və metal boru xətti tikiləcəkdir.

İnşaat işləri aparılarkən mühəndis-texniki tələblər tam nəzərə alınacaq, stansiyada sutullayıcı qurğu, aparıcı kanal və balıq keçirən qurğu quraşdırılacaqdır. Stansiyada hər birinin gücü 7,8 meqavat olan 2 turbin və hər birinin gücü 10 meqavoltamper olan 2 generator qoyulacaq, Biləv Su Elektrik Stansiyasından 110 kilovoltluq bir dövrəli hava elektrik verilişi xətti çəkiləcək, yarımstansiya tikiləcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yeni su elektrik stansiyasının əhəmiyyətini vurğulayaraq demişdir: Muxtar republkanın illik elektrik enerjisi tələbatı 450 milyon kilovat-saata yaxındır ki, bunun da 230 milyon kilovat saatdan çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunur. Bu da muxtar respublikanın illik elektrik enerjisi istehsalının 55 faizə yaxınını təşkil edir. Yeni tikiləcək Tivi Su Elektrik Stansiyasında isə illik 47 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir ki, bu da tələbatın 9-10 faizinə bərabərdir. Ona görə də bu stansiyanın tikilməsi mühüm əhəmiyyət daşıyır.

Tivi kəndində ailə dəyərlərinə də xüsusi diqqət və qayğı göstərilir. Aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan və uzunömürlü ailələrin sosial təminatının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Bu günlərdə Ordubad Rayon İcra Hakimiyyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 100 yaşlı kənd sakini, İkinci Dünya müharibəsi veteranı Məhəmmədəli Sultanovun ailəsində keçirdikləri növbəti görüş zamanı ailə dəyərlərinə dövlətimiz tərəfindən nə qədər diqqət ayırıldığının şahidi olduq. Onu da qeyd edək ki, Məhəmmədəli kişi ömürgün yoldaşı 93 yaşlı Fatmanisə Sultanova ilə birgə 75 ildir ki, bir yastığa baş qoyur. Onların səmimiliyini görəndə istər-istəməz düşünməli olursan ki, kim ki, 100 il yaşamayır günah onuun özündədir. Bu gün rayonumuzdakı bir çox yaşayış məntəqələri kimi Tivi kəndi də şəhərləşən yurd yerlərimizdəndir. Bu yaşayış məskəninin sakinləri sabaha olan böyük inamla əkin-biçin və qurub-yaratmaq işləri ilə məşğul olurlar. Onlara bu işlərində daha böyük uğurlar arzulayırıq.

 Sevinc HƏSƏNOVA

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31