SON DƏQİQƏ

naxcivanxeberleri.com

II Dünya müharibəsinin naxçıvanlı qəhrəmanları-Hüseyn Razinin qələmi ilə...

II Dünya müharibəsinin naxçıvanlı qəhrəmanları-Hüseyn Razinin qələmi ilə...
10-07-2020, 10:45

XX əsrdə bəşəriyyətin üzləşdiyi ən ağır və dəhşətli dövr II Dünya müharibəsi illəri olmuşdur. Azərbaycan xalqı bu müharibədə fəal iştirak etmiş, həm döyüş meydanlarında, həm də arxa cəbhədə əzmkarlıq nümunəsi göstərmiş, faşizm üzərində qələbədə azərbaycanlı oğul və qızlarımızın qəhrəmanlığı mühüm rol oynamışdır.

Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan Hüseyn Razi də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, 1942-1945-ci illər ərzində SSRİ Silahlı Qüvvələri sıralarında Oryol ətrafında gedən döyüşlərdə yaralanmış, müalicədən sonra müharibənin sonunadək II Pribaltika cəbhəsinin uzaq hava kəşfiyyatı alayında xidmətini davam etdirmişdir. Onun cəbhə xatirələri, müharibədə iştirakı barədə məlumatlar oğlu Zakir Rzayevin “Atamın cəbhə xatirələri” yazısında əks olunmuşdur. Razinin “Gündəlik” lərində yer alan xatirələrinin də əks olunduğu həmin yazıda oxuyuruq: “Atamgilin hərbi hissələri müharibənin sonuna kimi II Pribaltika cəbhəsinin tərkibində qalır. Faşist Almaniyası üzərində qələbədən sonra hərbi hissəni militarist Yaponiyaya qarşı vuruşmaq üçün Uzaq Şərqə göndərirlər. Ancaq alay bu müharibədə iştirak edə bilmir. İrkutsk yaxınlığında Yaponiyanın təslim olması xəbərini eşidirlər. Yenidən Sibirdən Moskvaya, oradan isə Kostromaya qayıdırlar. Qələbə gününü Litvanın Şaulay qəsəbəsində qarşılayırlar”. O, keçdiyi döyüş yolu, müharibədə iştirakına görə dəfələrlə müxtəlif  orden və medallarla təltif olunmuşdur. 1944-1945-ci illərdə “Döyüş igidliyinə görə” və “Döyüş xidmətlərinə görə”, 1965-ci il “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 25 illiyi”, 1967-ci il “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi”, 1975-ci il “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi”, 1985-ci ildə isə “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” medalları və “II dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif olunmuşdur.

Müharibə dəhşətlərinin canlı şahidi olan Razinin yaradıcılığında bu mövzu geniş şəkildə əks olunmuş, “Əkbər”, “Dayan, yolçu qardaş”, “Salaspils heykəlləri”, “Məzar daşında yazı”, “Qanlı torpaq”, “Petefi körpüsü”, “Gül topaları”, “Fuçikin məzarı”, “Kristina”, “Oder sahilində”, “Səidə” şeirləri, “Koroğlunun Karpat səfəri”, “Canlı tonqal”, “Baltik göylərində” poemaları, “Buludlar arasında” povesti bu istiqamətdə qələmə alınmışdır. Bədii yaradıcılığı ilə yanaşı, publisistikasında da müharibə mövzusuna geniş yer ayıran müəllifin “Çexoslovakiyanın milli qəhrəmanı”, “Qalibiyyət yürüşündə”, “Yolunuz həmişə işıqlı olsun”, “Dostluq çələngi”, “Oder sahilində bayram”, “Dnepr sahilində məşəl”, “Volın torpağının baharı”, “İgidlərin məzarı başında”, “İgidlərin məzarı yanında”, “Qəhrəmanlıq çələngi”, “Alovlu yollarda”, “Taqanroqun qələbə baharı”, “Odlu qövsdə Naxçıvan çiçəkləri”, “Cəbhədən-cəbhəyə-40”, “Qələbənin astanasında”, “Cəbhə yollarında” məqalələrində Azərbaycan, xüsusilə də Naxçıvan torpağının mərd oğullarının qəhrəmanlığı qürurla təqdim olunur.

1958-ci ildə yazılan “Qalibiyyət yürüşündə” məqaləsində Cəhri kəndindən olan və müharibəyə yollanan Yusif Qasımovun qəhrəmanlıqlarından danışılır. 1943-cü il Taqanroq şəhərini azad etməklə Rostov şəhərini tamamilə düşməndən təmizləyən döyüşçülərin arasında Yusif Qasımovun da olması, igidliyinə görə dəfələrlə orden və medallarla təltif olunması qürurverici hadisə kimi təqdim olunmuşdur: “Vətən uğrunda gedən vuruşmalarda onun topu düşmənin 24 tankını, 60 avtomaşınını məhv etmiş, onlarla müşahidə məntəqəsini dağıtmışdır. Yusif dəfələrlə yaralanmış və vuruşmalara qayıtmışdır”. “Dostluq çələngi” məqaləsində Berlin şəhərinin və Çexoslovakiyanın azad edilməsində iştirak edən qərargah rəisi, polkovnik Nemət Kərimovun igidliyindən söz açılır: “Çex xalqı döyüşçülərimizi gül-çiçəklə qarşılayırdı. Bu vaxt polkovnik Nemət Kərimovun sinəsini Lenin ordeni, 3 Qırmızı bayraq ordeni, birinci dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı ulduz ordeni və çoxlu medal bəzəyirdi. O, Çex qızlarının hördüyü dostluq çələngini qürurla alıb diviziyanın keçdiyi zəfər yoluna böyük iftixarla baxırdı”. Böyük Vətən müharibəsində iştirak etmiş naxçıvanlı döyüşçülərin təsvir olunduğu “Dnepr sahilində məşəl” adı altında silsilə məqalələr yazan H.Razi bu yazıları qələmə almazdan öncə Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlıların döyüş yolu ilə bağlı yerlərə getmiş, cəbhə veteranları ilə görüşmüş, müharibədə igidlik göstərən Azərbaycan oğullarını tanıyanlarla söhbətlər etmişdir. Bu söhbətlər əsasında qələmə alınan məqalələrin hər birində Azərbaycan torpağının yetirdiyi döyüşçülərin qəhrəmanlıqları xatırlanır, böyük qürur hissi ilə yad edilir. 1969-cu il 7 dekabr tarixində yazılan ilk məqalədə Həzi Aslanov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Əkbər Ağayev, Hüseynbala Əliyev, Xanlar Babanlı kimi qəhrəmanlarımızı xatırlayan müəllif, Tarix və ölkəşünaslıq muzeyində Azərbaycan övladlarının Ukrayna torpağındakı mərdliyinə aid sənədlərlə tanış olduqca, muzey bələdçisinin stenddə şəkli asılan Xanlar Babanlı haqqında söylədiyi təntənəli sözləri eşitdikcə qürurlanır: “O, həm bizim Xanlardır, həm də sizin Xanlardır. O, bu torpaqda vuruşmuş, bu torpaqda da həlak olmuşdur. Belə oğullar yetirən xalqa eşq olsun!”. Xanlar Babanlı Qusar pedaqoji məktəbini bitirdikdən sonra teatr texnikumunda oxumuş, daha sonra Naxçıvana gələrək teatrda komik rollardakı çıxışları ilə əhalinin sevgisini qazanmışdır. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasında çalışan Xanlar, buradan Böyük Vətən müharibəsi cəbhələrinə getmişdir. 1941-ci ildə Luben ətrafında gedən döyüşdə yaralanaraq almanların səhra xəstəxanasında müalicə almışdır. Alman ordu sıralarında xidmət etməyi qəbul etsə də, əsl məqsədindən heç vaxt dönməmişdir: “Biz and içmişik ki, son damla qanımız qalana qədər düşmənlə vuruşacaq, doğma vətənimiz Azərbaycanın şanlı-şöhrətli adını yüksək tutacağıq. Əgər cəbhələrdən geri dönməsək, demək, Vətən yolunda ölmüşük”. Məqalədə Xanlar haqqında məlumatlar Razinin vaxtilə Xanlara ana, bacı, ən yaxın dost kimi davranan alman qadın Domna Samsonova ilə söhbətləri əsasında təqdim olunur. Bu söhbətlərdə Xanların igidliyi, qorxmazlığı ilə yanaşı, digər qəhrəmanlarımızın adlarıyla da tanış oluruq: “Nadir Teymurzadə, İsmayıl Nəbiyev, Cəbrayıl Əsgərov, Surxay Həsənov və başqaları düşmən əlində olsalar da, xalqımızın qələbəsi naminə çox iş görmüş, Sovet ordusu sıralarında içdikləri anda sadiq qalmış, ölüm-dirim vuruşmalarında misilsiz mərdlik və rəşadət göstərmişlər”. 1944-cü ildə dəstəsində olan satqın tərəfindən öldürülən Xanlar öz igidliyi, qorxmazlığı ilə adını Ukrayna və Azərbaycan xalqının qəhrəmanlıq tarixinə əbədi yazdırmışdır. Məqalənin sonunda Dnepr sahilində ölməz qəhrəmanlar üçün yanan məşəl qarşısında xəyala dalan Razi, Azərbaycan xalqının adından söylədiyi şeir parçasını qürurla, iftixarla oxuculara təqdim edir:

                                          Dnepr boyunda yatan igidlər,

                                          Səsləyir Arazım, Xəzərim sizi.

                                          Böyük bir qürurla hər axşam-səhər,

                                          Axtarır hər yerdə nəzərim sizi.

 1969-cu il “Atalarımızın keçdiyi yollarla” adı altında qələmə alınan məqalədə isə Taqanroq şəhərinin alman-faşist işğalçılarından azad olunmasında iştirak edən, 416-cı diviziyada olan azərbaycanlı döyüşçülər, həmçinin Naxçıvandan olan qəhrəmanlar haqqında məlumat verilmişdir. Məqalə H.Razinin Taqanroqa səfəri, muzeydə qəhrəmanlarımızın rəşadətini göstərən sərgi və qəbiristanlıqla tanışlığı, müharibə veteranları ilə söhbətləri əsasında qələmə alınmışdır. Məqalədə müharibədə iştirak etmiş yaşlı çilingərin dilindən söylənən “Taqanroq əsrlər boyu Azərbaycana minnətdar olacaqdır. O torpağın igidləri bu yeri sinələri ilə qorumuşlar. Taqanroq torpağı o igidlərin qanı ilə yuyulmuşdur” sözləri bu müharibədə qələbənin əldə olunmasında Azərbaycanın rolunu, onun mərd, mübariz oğullarının düşmən qarşısında yenilməzliyini bir daha ortaya qoyur. Daha çox pulemyotçu Ağaşirin Cəfərovun qəhrəmanlığından, Bakı neftinin qələbənin qazanılmasında oynadığı roldan danışan məqalənin 1970-ci ildə dərc edilən digər hissəsi də eyni xarakterlidir. Yazıda Taqanroq şəhərinin azad olunmasında mərdlik və rəşadət göstərən 100 nəfər döyüşçünün 18 nəfərinin azərbaycanlı olması vurğulanmaqla bərabər, 416-cı diviziyanın şəxsi heyətində olmuş naxçıvanlı döyüşçülərin adları da hörmətlə yad edilir: “Əjdər Hacıyev, Mövsüm Zeynalov, Yusif Abbasov, Əli Qurbanov, Lora Abdullayeva, Ələkbər Ələkbərov, Yusif Qasımov, Mustafa Hüseynov, Kazım İmanov, Salman Xudiyev, Əkbər Hüseynov, Əhməd Hüseynov və başqaları 416-cı diviziyanın sıralarında şanlı döyüş yolu keçmişlər”. Məqalədə H.Razinin vətənpərvərlik ruhunda yazılmış fikirləri müharibədə həlak olan qəhrəman igidlərimizin səsləri fonunda təqdim olunur: “Doğma Azərbaycana, qüdrətli xalqımıza salam yetirin. Biz o torpağın eşqi, tükənməz ana sevgisi ilə yaşadıq, boy atdıq, qanlı döyüş meydanlarından mərdliklə keçdik. Səadət naminə həlak olsaq da andımızı unutmadıq. Ana torpağın öyüdlərinə, qəhrəmanlıq amalına sadiq qaldıq. Ana südünə, mərd əcdadımızın şərəfinə sadiq qalanlar ölmürlər”. “Volın torpağının baharı” məqaləsində isə başqa bir naxçıvanlı qəhrəman Əmrah Babayevdən söz açılır. 1921-ci il Naxçıvanda anadan olan Əmrah Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmiş, daha sonra 372-ci atıcı alayında Oryol, Kursk, Belqorod şəhərlərinin azad olunması uğrundakı döyüşlərdə rəşadət göstərmişdir. İgidliyinə görə dəfələrlə mükafatlandırılan Əmrah 1944-cü il Ukraynanın Zatursı kəndinin müdafiəsi zamanı həlak olmuşdur. Məqalədə Əmrahla yanaşı, həmin döyüşdə öldürülən Sabir Əliyev və Paşa Əbdürrəhmanovun da adları çəkilir. Ukrayna xalqının döyüşlərdə rəşadət göstərən igidlərimizə olan sevgisi böyük qürur hissi ilə təqdim olunur: “Əmrah kimi igidlər də ölməzdir. Volın torpağının bugünkü səadəti onların adı ilə bağlıdır. Qədirbilən Ukrayna xalqı onların adını öz qəlbində yaşadır. Əmrah kimi igidlər yetirən Azərbaycan xalqına eşq olsun!”. Məktub janrında qələmə alınan “İgidlərin məzarı başında” yazısında da Razinin Rostov, Bataysk, Yelizavetinskaya və Aksay şəhərlərində həlak olan igidlərimizin məzarını ziyarət etdikdən sonra Taqanroq şəhərinə səfəri təsvir olunmuşdur. Yazıda 680 gün düşmən əsirliyində qalan  Taqanroq şəhərinin azad edilməsində iştirak edən yüzlərlə Azərbaycan oğlunun mərdlik və qəhrəmanlıq göstərərək həlak olmasından, onların şərəfinə şöhrət muzeyinin yaradılmasından və muzeyin açılışında iştirak edən 416-cı diviziyanın veteranlarının iştirakından qürurla söz açılır. Həmin açılışda azərbaycanlı veteranlardan müharibə illərində 416-cı diviziyanın sanitar batalyonunda həkim kimi çalışan Böyükxanım Mircavadova, Taqanroq uğrunda döyüşlərdə hər iki ayağını itirmiş Mürsəl Mürsəlov, 416-cı diviziyanın topçu bölüyünə rəhbərlik edərək 25 düşmən tankını məhv etmiş, bir sıra orden və medallarla təltif olunmuş Əmrah Əhmədovun da iştirakı qeyd olunmuşdur. Razinin veteranlarla söhbəti zamanı müharibədə iştirak etmiş Əli Rəsulov, Cənnət Kazımova, Həmid Yusifov, Naxçıvandan Yusif Qasımov, Məmməd Ömərov haqqında da dəyərli məlumatlar əldə edirik. Məqalənin sonunda Razinin qəhrəmanlarımız haqqında eşitdiyi sözlər, minnətdarlıq və ehtiramla dolu ifadələr dostluq, qardaşlıq və əbədi birliyin rəmzi kimi dəyərləndirilir. “İgidlərin məzarı yanında” məqaləsində isə Ukraynanın Lvov vilayətindəki “Şöhrət təpəsi” məzarlığında uyuyan 17 azərbaycanlı döyüşçünün igidliyindən bəhs olunur. 20 yaşında Lvov vilayətinin Sokal şəhəri uğrunda gedən döyüşlərdə həlak olan naxçıvanlı döyüşçü Nəriman Abazər oğlu İsayevin məzarı önündə dayanan Razi, qələmə aldığı şeir misraları ilə eloğlunun xatirəsini hörmətlə yad edir:

                                            Dayan yolçu qardaş, dayan bir qədər,

                                            Burda düşüncəli bir məzar durur.

                                            Torpağa bu yerdə qovuşan əsgər,

                                            Bizim Naxçıvanın igid oğludur.

                                            Toxunsun məzara qoy nəfəsimiz,

                                            Ona Azərbaycan havası dəysin.

                                            Onun səcdəsinə əyiləndə biz,

                                            Çinarlar, palıdlar başını əysin.

Məqalədə, həmçinin 1944-cü il Starosol qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olan Əli Heydər oğlu İsmayılovun qəhrəmanlığından da bəhs olunur. Əli Naxçıvanın Nehrəm kəndindən 18 yaşında cəbhəyə yollanmış və 1944-cü ildə ağır yaralanaraq həlak olmuşdur. Əli kimi bir sıra qəhrəmanlarımızın xatirəsinin Ukrayna xalqı tərəfindən əziz tutulması, hörmətlə yad edilməsi Razini də qürurlandırır: “Starosol məktəbinin pioner otağında Naxçıvanın Nehrəm kəndindən alınmış yüzlərlə teleqram, məktub və hədiyyə saxlanılır. Pioner evinin geniş salonunda böyük yazıçı C.Məmmədquluzadənin portreti Ukrayna xalqının qüdrətli sənətkarı İvan Frankonun şəkli ilə yanaşı asılmışdır. Məktəbdəki pioner drujinası Əli İsmayılovun adını daşıyır. ...Azərbaycan torpağının igid övladlarının xatirəsi hər yerdə dərin ehtiramla yad edilir. Ukraynanın dostluq və qardaşlıq qüdrətinə heyran olduq. Ukrayna xalqının qəhrəman oğullara ehtiramı və sevgisi tükənməzdir”.

Bu məzmunda yazılan başqa bir məqalədə isə Naxçıvan pedaqoji məktəbini bitirdikdən sonra doğma kəndində müəllimlik edən, 21 yaşında cəbhəyə yollanan Rəhim Rəhimovun qəhrəmanlığından bəhs olunur. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan, Mozdok ətrafında gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərən, bir neçə dəfə yaralansa da mübarizəsini davam etdirən Rəhim, Latviya və Litva torpaqlarının, Vitebsk şəhərinin düşməndən azad olunmasında əsl qəhrəmanlıq nümunəsi göstərdiyinə görə üçüncü dərəcəli “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Kalininqrad şəhərinin azad olunmasında göstərdiyi igidliyə görə birinci dərəcəli “Şöhrət” ordeni ilə mükafatlandırılmış, Pillau limanının düşməndən təmizlənməsindəki rəşadətinə görə isə Qırmızı bayraq ordeni ilə təltif olunmuşdur. “Şöhrət” ordeninin bütün dərəcələrinə sahib olan R.Rəhimovun döyüş yolu 1941-ci il Qafqaz dağlarının ətəklərindən başlamış, 1945-ci ildə Baltik dənizinin sahilində tamamlanmışdır. Məqalədə 1945-ci ildə doğma kəndinə qayıdan Rəhimin 30 ildən artıq müəllim kimi çalışması, bir sıra mütəxəssisin yetişməsində oynadığı rol da yüksək dəyərləndirilmiş, onun qəhrəmanlığı, mübarizliyi qürurla təqdim olunmuşdur: “Böyük Vətən müharibəsinin qəhrəmanları sırasına həmyerlilərimizdən birinin də adı yazılmışdır. “Şöhrət” ordenlərinin bütün dərəcələrinə sahib olan Rəhim Rəhimov xalqımızın mərd oğlu kimi ümumxalq hörmətinə layiqdir. Bu ordenlər onun sinəsində əsil qəhrəmanlıq çələngi kimi şölə salır”.

Sovet İttifaqı Qəhrəmanı Abbas Quliyevin keçdiyi döyüş yolu və göstərdiyi igidlik və rəşadətin yer aldığı “Alovlu yollarda” məqaləsində isə qəhrəmanın mübarizəsinin üç lövhəsi təsvir olunmuş və qazandığı uğurlar işıqlandırılmışdır. 279-cu alayın tərkibində Xarkov ətrafında gedən döyüşlərdə yaralansa da mübarizəsini davam etdirmiş, Dnepr uğrunda vuruşmalarda göstərdiyi igidliyə görə Qırmızı bayraq ordeni və bir neçə medalla mükafatlandırılmış Abbasın Polşa uğrundakı döyüşlərdə, Visla üzərində gedən gərgin top duelindəki qalibiyyəti sarsılmaz iradə və fədakarlıq nümunəsi kimi dəyərləndirilmişdir: “Müharibə başlanana qədər Naxçıvan Dövlət Dram Teatrında çalışıb qəhrəman surətlər silsiləsi yaradan Abbas cəbhədə əsl cəsurluq nümunəsi göstərmişdir. Müharibə onu doğma teatrın səhnəsindən ayırsa da, Sovet Ordusuna məharətli bir komandir bəxş etmişdir, əsl qəhrəman döyüşçü bəxş etmişdir”. Visla döyüşündəki qələbədən sonra 1945-ci il fevralın 21-də ona Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqındakı fərman “Abbasa, onun batareyasına, alayına, bütün Azərbaycana, Arazın üstündən cəbhəyə mərd oğullar yola salan Naxçıvana tükənməz sevinc və qürur duyğusu bəxş etdi”. Məqalənin sonunda Abbasın müharibədəki qəhrəmanlığının Azərbaycan xalqı tərəfindən də yüksək dəyərləndirilməsi, onun Naxçıvan MSSR Ali Sovetinə deputatlığa namizəd kimi təqdim olunması A.Quliyev kimi qəhrəmanlara xalqımız tərəfindən verilən dəyərin ən parlaq nümunəsi kimi qiymətləndirilmişdir.

1978-ci ildə dərc edilən “Odlu qövsdə Naxçıvan çiçəkləri” məqaləsində isə “Odlu qövs” filminin çox hissəsinin çəkildiyi Kursk və Belqorod şəhərlərinin arasında yerləşən Proxorovka kəndinin 1943-cü ildə düşməndən azad olunması zamanı igidlik göstərən qəhrəmanların şərəfinə açılan hərbi muzey haqqında məlumat verilir. Muzeydə Azərbaycan, o cümlədən Naxçıvan torpağının mərd oğullarının qəhrəmanlığına dair maraqlı sənədlərin olduğunu qeyd edən Razi eyni zamanda Proxorovka ilə yanaşı duran Prelesni kəndində həmyerlimiz Məmməd Zeynalovun məzarının olması haqda da məlumat verir. 1942-ci il Culfanın Yaycı kəndindən cəbhəyə yollanan Məmməd Proxorovka döyüşündə mərdliklə vuruşmuş, qəhrəmanlıqla həlak olmuşdur. Məqalədə onun xatirəsinin həm Proxorovka kəndinin əhalisi, həm də naxçıvanlılar tərəfindən əziz tutulması, məzarının tez-tez ziyarət olunması dostluq və qardaşlıq rəmzi kimi dəyərləndirilmişdir.

1985-ci ildə faşizm üzərində qələbənin 40 illiyi münasibətilə qələmə alınmış “Qələbənin astanasında” məqaləsində 1945-ci il may ayının 4-də Litvanın Şaulyay şəhərinin hava fəzasında H.Razinin də iştirak etdiyi qızğın hava döyüşü və bu döyüşdə iştirak edən qəhrəmanlar haqqında məlumatlar verilmişdir: “V.İ.Vorapayevin qələbənin astanasında yerinə yetirdiyi bu uçuş sonralar əfsanə kimi dillərə düşmüşdü. Bir çox qəzetlər bu barədə yazılar vermişdi. Komandir və şturman bu uçuşa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Atıcı radistə Aleksandr Nevski ordeni verildi. Uçuşa texniki xidmət qüsursuz olduğuna görə mən (H.Razi) “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olundum”.

Göründüyü kimi, Razinin ömür yolunun mühüm bir qolunu təşkil edən müharibə onu yaradıcılığı boyu izləmiş, publisistikasının da əsas mövzularından birinə çevrilmişdir. Daha çox müəllifin qızğın döyüşlər getmiş şəhərlərə səfəri, oradakı müharibə veteranları ilə söhbətləri əsasında qələmə alınan məqalələrdə həmvətənlərimizin qəhrəmanlığı, faşizm üzərində qələbədə naxçıvanlı igidlərin göstərdiyi şücaət və qəhrəmanlıq qürur və iftixar hissi ilə təqdim olunmuşdur. Yüksək vətənpərvərlik ruhunda yazılmış bu məqalələr qəhrəmanlıq tariximizin parlaq səhifəsinin işıqlandırılmasında müstəsna əhəmiyyətli mənbə kimi dəyərlidir.

 

Sahab Əliyeva

AMEA Naxçıvan Bölməsinin

Elmi Kitabxanasının direktoru

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31