SON DƏQQƏ

23:49 - Əcəmi Seyrəngahında gənclərin iştirakı ilə “Yoqa Günü” təşkil olunub-FOTO

23:30 - Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

22:53 - Mövlud Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

22:34 - ABŞ İrana və Maduroya qarşı yeni sanksiyalar tətbiq edib

22:01 - Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

21:53 - Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

21:25 - Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib

21:13 - Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

20:43 - Görkəmli bəstəkarın Naxçıvan sevgisi

20:23 - Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır

20:09 - Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

19:43 - Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir

19:35 - Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

19:27 - Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir

19:18 - Kriştianu Ronaldunun adı futbol akademiyasına verildi

naxcivanxeberleri.com

Nəriman Nərimanov və dil məslələləri

Nəriman Nərimanov və dil məslələləri
18-06-2020, 20:46

Məlumdur ki, Azərbaycanın ictimai fikir tarixində görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun özünəməxsus yeri vardır (1870-1925). İnqilabçı, həkim, pedaqoq olan bu abidə şəxsiyyətin ədəbi-bədii yaradıcılığı onun çoxcəhətli fəaliyyətində xüsusi yer tutur. O, Azərbaycan maarifçiyinin ən görkəmli nümayəndələrindən biri kimi savadsızlığa, xurafat və cəhalətə qarşı yorulmadan mübarizə aparmışdır.

        N.Nərimanov dili xalqın, millətin əsas əlamətlərindən hesab edirdi.Onun fikrincə xalqın danışdığı dil ədəbi dildir.O, sadə təmiz ədəbi dil tərəfdarı idi. Ədib  Azərbaycan ədəbi diini əsl milli  istiqamətindən ayırmağa çalışanlara, dildə lüzumsuz bəlağət tərəfdarı olanlara, sünilik yaradanlara işarə edərək deyirdi: ”Bizim əhli-qələm fikirlərini bu yerə qoyublar ki, inşalarını həmişə fəsahət və bəlağətlə yazsınlar, çünki sadə türk dili ilə yazanları nadan hesab edirlər.Yazanlarımızın əksəri ərəb və fars sözlərini bilməkdə  hünərlərini göstərmək istəyirlər”.

            Böyük mütəfəkkir  XIX əsrin 90-cı illərində ədəbi dil uğrunda mübarizənin istiqamətini düz təyin etmişdi. Zaman keçdikcə ədəbi dil uğrunda mübarizə kəskinləşir, müstəqil cərəyanlar əmələ gəlir, ideyalar, baxışlar, mətbuat orqanları üz-üzə dayanırdı. Sovet hakimiyyətinin ilk illərində ana dili,onun tədrisi uğrunda mübarizə daha kəskin şəkil alır. O, 1922-ci ildə qələmə aldığı “Bəzi yoldaşlara cavab” məqaləsində ana dii məsələsini milli məsələnin tərkib hissəsi kimi izah edir, dilimizin dövlət idarələrində sıxışdırılmasına qarşı kəskin şəkildə çıxış edirdi. N.Nərimanov ana dili və onun tədrisi məsələsini hüquqi cəhətdən də əsaslandıraraq göstərirdi ki, Azərbaycan dili sovet hakimiyyətinin qələbəsindən sonra dövlət dili olaraq qəbul edilmişdir. O öz hüquq və imtiyazlarına tam şəkildə malik olmalıdır. Azərbaycan bəzi sərvətlərini güzəştə gedə bilər, fəqət öz dilindən imtina edə bilməz və kimsəyə də yol verməz ki, bu dilin qiymətini və hüququnu Azərbaycanda əksiltsin.

         “Bahadır və Sona” romanında müəllif Bahadırın dili ilə millət, din və dil məsələsinə toxunur və düzgün olaraq deyir ki,din millətləri və xalqları bir-birindən fərqləndirən əlamət deyil, dil isə bu fərqləndirmədə ən vacib cəhətdir. Müəllif milli dilin, milli məktəbin inkişafında imperiyalist dövlətin maraqlı olmadığını aydın şəkildə görürdü. Ona görə də müsəlman şöbəsinin İrəvan seminariyasında deyil, müsəlmanların azlıq təşkil etdiyi Qori seminariyasında açılmasını tənqid edirdi. Bu seminariyada azərbaycanlılara  ana dilində danışmaq belə qadağan edilmişdi. Bu tədris ocağında hətta elə bir şərait yaradılmışdı ki, bu seminariyanı bitirənlər ərəb əlifbasını oxuya bilmirdilər. N.Nərimanov bu sahədə 1905-ci il inqilabını yüksək qiymətləndirərək yazırdı:”Bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi  bizim üçün hürriyyətə bağlıdır. Bu hürrəyyət isə 1905-ci ildən cüzi verilibdir. Ana dilini bu vaxtadək lazım bilməyib onun yox olmağına çalışan dövləti bir qanlı hürriyyət indi vadar edir ki, ana dilini qeyri dillər kimi uşaqlara vacib bilsin”.

         N.Nərimanov böyük maarifçi, realist dramaturgiyamızın banisi M.F.Axundzadə ənənələrinin ardıcıl davamçısı olmuşdur. Böyük maarifçi o dövrün ən tanınmış təhsil ocağı olan Qori müəllimlər seminariyasının məzunu kimi 1890-cı ildə müəllimlik fəaliyyətinə başlamış, 1896-cı ildən Bakı şəhərində oğlanlar gimnaziyasında işə qəbul olunmuşdur. O  dövrdə çar Rusiyasının müstəmləkəçilik siyasəti milli dil və mədəniyyətlərin inkişafının qarşısını çox sərt şəkildə alırdı, maarif müəssisələrində Azərbaycan dilinin tədrisi sıxışdırılırdı. Eyni zamanda dogma dilimizə aid dərslik, dərs vəsaitləri yox dərəcəsində idi, dərs prosesində müəllimlər çətinliklərlə üzləşirdilər. Bu problemlər böyük maarifçimizi ciddi şəkildə düşündürürdü. Ona görə də N.Nərimanov bir ildə üç kitab nəşr etdirməklə bu çətinlikləri aradan qaldırmaq istəmişdir.1899-cu ildə - XIX əsrin son ilində işıq üzü görən bu dərs vəsaitləri ağağıdakılardır:1.Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi.2.Самоучитель татарского языка для русских.3.Самоучитель русского языка.Sonralar müəllif bu kitabların meydana çıxmasına toxunaraq yazmışdı:”Mən “Sərf-nəhv” kitabını təsadüfi yazmamışam.”Millət qəhrəmanları” o vaxt Racini oxumağa günlərini sərf etdikləri halda, mən bir qarnı ac,bir qarnı tox Azərbaycan dilinin sərf-nəhvini öyrənir və öyrədirdim”.

         Bunlar içərisində birinci kitab dərslik xarakterli bir əsərdir. Burada məqsəd oxucuda, şagirdlərdə Azərbaycan dili haqqında qısa, aydın təsəvvür yaratmaqdan ibarət olmuşdur. Məlumdur ki, hələ 1839-cu ildə məşhur M.Kazımbəy «Грамматика турецко-татарского языка» əsərinin nəşri ilə Avropa üsulunda Azərbaycan qrammatika məktəbinin əsasını qoymuşdur. Ondan sonra Həsən Vəzirovun əsəri və Əbdüssəlam Axundzadənin”Müxtəsər sərf” (1891) əsərləri nəşr olunmuşdusa da, bu əsərlər mövcud tələblərə cavab verməmişdi. Ona görə də Nərimanovun bu kitabının nəşri mövcud ehtiyacları təmin etmək məqsədinə xidmət göstərirdi. Bu əsər uzun müddət dərs kitabı kimi istifadə edilmişdir.

         53 səhifədən ibarət olan ”Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyi öz dövrü üçün Azərbaycan dilinin öyrədilməsi və öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. O dövrün rus elmi ədəbiyyatında Azərbaycan türkləri yanlış olaraq Qafqaz tatarları,ən yaxşı halda isə Azərbaycan tatarları adlandırılırdı. Azərbaycan maarifçiləri, təbii ki bu fikirlə razılaşa bilməzdi. Ona görə də dövrün M.Şahtaxtlı, H.Zərdabi, Ü.Hacıbəyov, N.Nərimanov kimi Azərbaycan maarifçiləri bu yanlış adlandırmanın aradan qaldırılması uğrunda mübarizə aparırdılar. Məhz buna görə N.Nərimanov kitabda türk Azərbaycan dili terminindən istifadə etmişdir. Məlum olduğu kimi, o dövrdə Azərbaycan dilinin terminologiya sistemində ənənəvi olaraq ərəb-fars mənşəli sözlər daha geniş işlənmə dairəsinə malik idi. Ona görə də N.Nərimanov kitabın adında rusca “Краткая татарско-адербейджанская грамматика” şəklində getməsinə baxmayaraq qrammatika termini əvəzinə sərf-nəhv terminindən istifadə etmişdir. Bu cür terminlərə kitabın digər bölmələrində də rast gəlirik. Kitabın 4 səhifəsi girişdən ibarətdir. Bu hissədə müəllif dil və əlifba münasibətlərindən bəhs edir. Ərəb əlifbasının Azərbaycan dilinin səs quruluşunu düzgün ifadə edə bilmədiyini vurğulayan müəllif bu dildə ərəbcədən fərqli olaraq məsələn,s səsinin bir hərfi işarəsi olmalıdır deyə göstərir. Fikrinə davam edərək o göstərir ki,Azərbaycan yazısını çətinləşdirən faktorlardan biri ərəb əlifbasındakı bir danışıq səsinin bir neçə hərfi işarəsinin mexaniki şəkildə tətbiq edilməsidir. Bu qayda ərəb dilinin fonetikası üçün məqbul olsa da, Azərbaycan dilinin yazı sistemi, orfoqrafiyası üçün böyük çətinliklər yaradırdı. Bu çətinlikləri təcrübədə,tədris prosesində əyani şəkildə müşahidə edən müəllif yazır: “Bu vaxtadək Türk –Azərbaycan dilində bir qayda olmadığına görə hər kəs nə tövr istəyir yazır”.

         N.Nərimanovun dərsliyi iki hissədən ibarətdir: 1.Sərf. 2.Nəhv. Müəllif sərf termini ilə indiki fonetika və qrammatika bölmələrini nəzərdə tutmuşdur. Bu terminlərlə yanaşı o, etimologiya və sintaksis terminlərindən də istifadə etmişdir. Fonetika və morfologiyanın etimologiya termini ilə ifadə olunması ənənəsi M.Kazımbəydən gəlməkdədir. Kazımbəy də məşhur qrammatikasında morfologiya mənasında etimologiya terminindən istifadə etmişdir.N.Nərimanov morfoloji kateqoriyaları Osmanlı qrmmmatikalarındakı qaydalara uyğun şəkildə vermişdir.Nitq hissələrindən ətraflı bəhs edən müəllif o dövrün ənənəsinə uyğun olaraq daha çox isim və feillər üzərində dayanmış, bu əsas nitq hissələrinin leksik-qrammatik xüsusiyyətlərini ətraflı şəkildə nümunələrlə şərh etmişdir.Müəllif Osmanlı qrammatikalarında olduğu kimi, sifət və saylardan ayrıca bəhs etməmiş, onları isimlərin içərisində vermişdir. Müasir dilçiliyimizdən fərqli olaraq müəllif qoşmalardan ədavat adı ilə bəhs edir. Nişanlar başlığı altında durğu işarələrindən bəhs edir.

         Müəllif müxtəsər qrammatika adlandırdığı kitabında sintaksisin əsas tərkib hissəsələri olan söz birləşmələri və cümlə anlayışlarını şərh etmiş,onlara aid nümunələr verməklə oxucuda, şagirdlərdə bu kateqoriya haqqında təsəvvür yaratmaq məqsədi güdmüşdür. Cümlə kateqoriyasından müəllif “kəlam” termini adı altında bəhs edir. Daha sonra cümlə üzvləri, cümlənin baş və ikinci dərəcəli üzvləri haqqında məlumat verir. Müəllif daha çox mübtəda və xəbər üzərində dayanır, bu cümlə üzvlərini daha geniş izah edir. Müəllif müasir dilçiliyimizdə olduğu kimi xəbərin iki növü olduğunu vurğulayır: “Xəbər çox vəqt feillərdən olur. Əmma sifətin və qeyri isimlərin axırına dır artırmaq ilə xəbər olur”.

         Daha sonra müəllif  mürəkkəb cümlə, onun iki növü:tabeli və tabesiz mürəkkəb cümlə haqqında məlumat verir. Tabeli mürəkkəb cümlənin iki tərkib hissədən: baş və budaq cümlədən ibarət olduğunu göstərir.Müasir dilçiliyimizdəki baş cümlə məfhumunu müəllif “əsli kəlam” termini ilə,budaq cümlə məfhumunu isə “bəyan edən kəlam” termini ilə ifadə edir.

         Nərimanovun bu  dərsliyi  özündən əvvəl Azərbaycan dilinə aid yazılmış qrammatika kitablarından fərqlənir.Belə ki, N.Nərimanov kitabında Azərbaycan ədəbi dilinin sintaktk xüsusiyyətlərinə aid daha geniş məlumat vermişdir. Əvvəlki qrammatika kitablarında verilən çağırış halını müəllif dilimizə uyğun olmadığına görə haqlı olaraq işlətməmişdir. Böyük mütəfəkkir yazı işini asanlaşdırmaq məqsədilə ədəbi dilimizin tarixində ilk dəfə olaraq Azərbaycan dilində durğu işarələri və onların işlədilməsi qaydaları haqqında da məlumat vermişdir.

         Fərəhli haldır ki, bu əsər bu yaxınlarda İstanbuld “Son çağ” nəşriyyatında nəfis şəkildə yenidən nəşr olunmuşdur.

         Əlifba məsələsi “Müxtəsər sərf-nəhv” dərsliyində xüsusi yer tutduğu kimi, 1922-ci ildə Əlifba komissiyası da N.Nərimanovun təşəbbüsü ilə yaradılmışdır.Bu komissiya az sonra Yeni əlifba komitəsinə çevrildi. Bakı Türkoloji qurultayın çağırılması ideyasını da N.Nərimanov irəli sürmüşdür.

         Onu da qeyd etmək lazımdır ki, bu ilin aprel ayında böyük sənət fədaisinin anadan olmasının 150 ili tamam olmuşdur.Ölkə prezidenti İlham Əliyevin 14 fevral 2020-ci ildə  bu münasibətlə imzaladığı Sərəncamda da qeyd edildiyi kimi bu görkəmli yazıçı və dövlət xadiminin ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmışdır.

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü                   

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930