SON DƏQQƏ

naxcivanxeberleri.com

18 iyun İnsan Hüquqları Günü və multikulturalizmin Azərbaycan nümunəsi

18 iyun  İnsan Hüquqları Günü və multikulturalizmin Azərbaycan nümunəsi
18-06-2020, 11:15

“Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin”  

Heydər Əliyev.

İnsan, canlılar arasında Dünyaya öz şüur və iradəsi ilə hökm edə bilən tək ali canlıdır. Dünyada insanların yaşam ehtiyacları arasında ən önəmlilərindən biri də insan hüquqlarıdır. Bəs nədir insan hüquqları? Ümumi olaraq belə bir anlayış mövcuddur ki, insan haqları  Humanizm və Maarifçilik dövründə insanların təbii və dərrakədən irəli gələn subyektiv hüqüqlarını təsvir edir. İnsan haqlarının əsas konsepti ondan ibarətdir ki, bəşəriyyətin ən ali və şüurlu varlığı olan bütün insanlar insan olmalarına görə hamısı eyni hüqüqa malik olmalıdırlar və bu hüqüqlar izahata ehtiyac duyulmadan hamiya aid edilir. Ancaq bu gün Dünyaya real pəncərədən baxanda heç də hər yerdə insan hüquqları tam olaraq təmin edilib qorunmasını əminliklə deyə bilmərik. Bəlkə də bu gün ən çox istismar edilən və ikili standartlı yanaşılan məfhum insan hüquqlarıdır. Sadə və gözlə görünən nümunə versək, 30 ildir Dünya ictimaiyyəti tərəfindən görməzdən gəlinən Dağlıq Qarabağ məsələsi, qaçıqn və köçkünlərimizin aqibəti, kobud şəkildə tapdalanan insan hüquqlarıdır. Dünyaya “sülh” və “demokratiya” dərsi verməyə çalışan bəzi üstünlük kompleksli Beynəlxalq qurumlar və dövlətlər nədənsə bizim haqlı mücadiləmizə qarşı xeyli məsafəli dayanırlar. Bu məqamı qeyd etmək mövzumuzla birbaşa əlaqədar olduğundan üstündən toxunmadan keçmədik. Ancaq əsas məqsədimiz insan hüquqları haqqında qısa və konkret şəkildə danışmaqdır.                                                                   

Tarixə nəzər salsaq, Dünyada ilk dəfə olaraq insan haqlarına Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlirik. Baxmayaraq ki, buna qədər insan haqlarının konkretləşməsi tarixən çox uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda İngiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.                                                                                

XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olmuşdur. 1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir. 1966-cı ildə BMT-nin başçılığı altında "Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt" və "İqtisadi, sosial və mədəni hüqülar haqqında pakt" kimi beynəlxalq sənədlər qəbul edilmişdir. Bunlar bu gün Dünayada insan hüquqları barədə istinad edilən beynəlxalq hüquqi əsaslardır.                                                                                                                                        

Azərbaycanda insan hüquqları. Bildiyimiz kimi, hər il 18 iyun tarixi ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd edilir. Bu münasibətlə Azərbaycanda insan hüquqlarının, multikulturalizmin vəziyyəti və bu sahədə dövlət tərəfindən atılan rəsmi addımlardan danışmaqla qısa da olsa  oxuyucularımıza məlumat verməyə çalışacağıq.                                                                                        

  Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyasında ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi rəhbər tutaraq bu yöndə siyasət yürütməyi planlaşdırmışdır.                                                                                                                                  

Hələ 22 il bundan öncə 10 fevral 1998-ci ildə xalqımızın xilaskarı-Ulu Öndər Heydər Əlyev insan hüquqları sahəsində elə bir nəhəng addım atdı ki, bu addım nəinki regionda, hətta bütün dünyada demokratik, humanist və eyni zamanda cəsarətli qərarı ifadə edirdi. Bu Azərbaycan Respublikasında ölüm hokum ləğv edilməsi idi. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlandı.     

Dediyimiz kimi, bu insan hüquqları baxımından son dərəcə önəmli müsbət hadisə idi.                                                                                                                

18 iyunun tarixi əhəmiyyəti. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə təsdiq edilən “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın insan hüquqlarının təmin olunmasında dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğunu nəzərə alan Cənab prezident İlham Əliyev 17 iyun 2007-ci il tarixli fərmanı ilə hər il 18 iyun tarixi Azərbaycanda Milli İnsan Hüquqları günü olaraq təsis etmişdir. Bu fərmanla ölkədə insan hüquqları sahəsində görülən işlər demək olar ki, geniş və effektiv vüsət almağa başlamışdır. Respublikada həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması oluşdur. İnsan hüquqlarının təmin olunmasını və qorunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. 2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmışdır.       

Ardınca 2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib. 2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.                                                                                                     

  Əlbəttə ki, Azərbaycanda insan hüquqlarının qorunması və təmin olunması istiqamətində həyata keçirilən işlər bunlarla məhdudlaşmamışdır. Belə ki,  Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycanın demokratik, sivil ölkələr sırasında öz yerini tutmasını sürətləndirən səylərin, müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilmişdir.                                                                                                            

Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulmuşdur. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanmışdır.                

Ötən dövr ərzində Respublikanın müxtəlif regionlarında da İnsan Hüquqları üzrə Müvəkkilin regional mərkəzləri açılmışdır. Bu mərkəzlər əhalinin ombudsmana müraciət etməsini asanlaşdırmışdır. Eyni zamanda Ombudsman Aparatı insan hüquqları üzrə silsilə tədbirlər həyata keçirmişdir. Bütün bunlar isə ölkədə insan hüquqlarının qorunmasına xidmət edir.          

Hər dörd ildən bir BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində eyni adlı konvensiyanın Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsinə dair məruzə dinlənilir. Azərbaycan Respublikasının hesabatına baxılmasına dair komitənin yekun rəylərində  cinsi ayrı-seçkiliyin aradan qaldırılması sahəsində həyata keçirilən proqramlar və layihələr, sosial müdafiəyə ehtiyacı olan qadınların hüquqlarının təmin olunması istiqamətində görülən tədbirlər təqdirəlayiq hesab edilmişdir.                                                                                                              

Bundan başqa çox ciddi şəkildə qorunan və nəzərdə saxlanan məsələ də əsas insan hüquqlarından biri kimin qadın və uşaqların hüquqlarıdır. Qadın hüquqlarının qorunması bilavasitə uşaq hüquqlarının müdafiəsini əks etdirir. Qadının ailədəki sosial, psixoloji, mənəvi, iqtisadi durumu yaxşıdırsa, o, uşağı gözəl tərbiyə edir və cəmiyyətə yararlı şəkildə böyüdür.                                       Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafı ilə bağlı mühüm qanunlar qəbul edilmiş, bu sahədə beynəlxalq konvensiyalar ratifikasiya olunmuş və mühüm dövlət proqramları icra edilir. Uşaq hüquqları sahəsində əsas qanunlar olaraq 1998-ci ildə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 2003-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, 2005-ci ildə “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası haqqında”, 2020-ci ildə “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunlar qəbul edilmişdir. Bu qanunların tətbiqi və icrasına nəzarət də aidiyyəti dövlət qurumları tərəfindən ciddi şəkildə həyata keçirilir.                                                                                                                                                       

Dövlət deyilən təşkilatı qəbilədən ayıran ən önəmli amil sayılan “Hüquq” amili dövlətlərin və onları təşkil edən cəmiyyətlərin taleyində önəmli rol oynayan məfhumdur. Bir sözlə, prioritet məsələ hüququn keyfiyyətidir. İnsan hüquqları haqqında danışrkən son dövrlərdə imzalanan önəmli rəsmi sənədi də qeyd etmək lazımdır. Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanmışdır. Bu sərəncamı cəza siyasətinin humanistləşdirilməsi məqsədi daşıyan proqram hesab etmək olar. Bu sərəncamın həm də onu ifadə edir ki, Azərbaycan cəmiyyəti artıq əxlaqi, vicdani şüur baxımından, qabaqcıl ölkələrin cəmiyyətləri səviyəsində yerini almışdır və ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunmasına yüksək səviyyədə nail olunmuşdur ki, bu cür geniş miqyaslı humanistləşdirmə siyasəti həyata keçirilir. Bu da Dövlətlə cəmiyyətin qırılmaz bağlarla birbirinə bağlandığının və dövlətin hər bir vətəndaşına, o cümlədən bütövlükdə cəmiyyətinə etimad və hörmət etməsinin real təzahürüdür.   Çünki Azərbaycan xalqı qədim dövlətçilik və əxlaqi dəyərlər təcrübəsinə malikdir, yalnız hüquqla deyil, dərin əxlaq və vicdan  hissi xalqımızın ruhunda əsrlər boyu düşüncə şəklində xalqımızın ruhunda kök salmışdır.                                                                                            

  Azərbaycanda multikulturalizm. İnsan hüquqlarının qorunması, insanların birgə firavan yaşaması ilə əlaqəli olduğundan ölkədə multikulturalizm mövzusuna, onun ölkəmizdəki durumuna nəzər salmadan keçmək olmaz. Multikulturalizm bu gün dünyada ən çox ehtiyac duyulan ictimai, mənəvi anlayışlardan biridir. Bu gün Yaxın və Orta Şərq ölkələri də daxil olmaqla xüsusilə də islam ölkələrində dini-etnik zəmində qızışıb davam edən silahlı münqaişlər, terror aktları,  xaos bu coğrafiyalarda dini dözümsüzlüyün, tolerantlığın demək olar ki yox dərəcəsində olmağından qaynaqlanır. Belə olduqda dini-etnik zəmində istənilən qrupları daxili və xarici qüvvələr tərəfindən qarşı-qarşıya gətizdirib, bir-birinə qırdırmaq asanlaşır. Tarix boyu eyni torpaqlarda yaşayan, lakin eyni allah, din və peyğəmbər uğrunda cihad etdiklərini deyərək bir-birilə silahlı münqaşəyə girən bu cür qrupların aralarındakı ziddiyyətin səbəbi əsrlər boyu ayrışdırılan məzhəb, təriqət, o cümlədən etnik kimlik fərqləridir.                                                                                                                                     

Ona görə də, bu mürəkkəb məqamda əhalisinin böyük əksəriyyəti müsəlmanlardan təşkil olunan Azərbaycana dönüb baxdıqda ölkəmizin bu cür ziddiyətli, eyni zamanda təhlükəli ziddiyətlərdən, bu cür zərərli ictimai düşüncələrdən çox uzaq dayandığını əminliklə görə bilirik. Bunun səbəbləri arasında xalqımızın insanpərvər xüsusiyyətləri, tolerant həyat tərzi ilə yanaşı bu istiqamətdə yürüdülən uğurlu dövlət siyasətinin də rolu ən başda yer alır. Əvvəla, Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olması Konstitusiya ilə müəyyən edilmiş, dövlətin daxili və xarici siyasəti, təhsili, mədəniyyəti tamamilə dünyəvi əsaslar üzərinə inşa edilmişdir. Bu cür idarə edilən ölkədə dini-məzhəbçi qarşıdurmaların yaranmasına şərait yaranaması sfııra bərabərdir. Üstəlik Azərbaycanda başqa dinlərə də ibadət edən vətəndaşlar dövlətin bu istiqamətdə yaratdığı şəraitdən maksimum dərəcədə istifadə edə bilir, hətta bu dinların icmalafrına dövlət tərəfindən maddi yardım belə ayrılır.  Bunlarla yanaşı qeyd edək ki, cinayət qanunvericiliyimizdə irqi, dini, milli ayrı-seçkiliyə yol verməyə görə cinayət məsuliyyəti nəzərdə tutan normalar mövcuddur. Bu da ölkədəki multikultural vəziyyətə xələl gətirilməsini önləyən çəkindirici hüquqi faktorlardan ən önəmlisi sayılır.                                                        

Hamımızın bildiyi kimi, 2016-cı il möhtərəm Prezident tərəfindən ölkəmizdə “Multikulturalizm” ili elan edilmişdir. Bu baxımdan Azərbaycanda tolernatlığın, dözümlülüyün, mutlikulturalizmin vəziyyəti islam ölkələri də daxil olmaqla, dünya ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilmişdir. Eyni zamanda 2018-ci ilin Naxçıvanda “İslam Mədəniyyətinin” paytaxtı elan edilməsi də bu baxımdan dövlətimiz və xalqımız üçün müsbət xarakterizə edilən xüsusiyyətlərin təzahrüdür. Bu səbəblə Naxçıvan Muxtar Respublikasın bu sahədə necə də yüksək mədəniyyətə və dəyərlər sisteminə malik olduğunu bir daha sübut etmişdir.                                                                                           

Sonda onu deyək ki, insan hüquqları, o cümlədən ölkəmizdə multikulturalizm haqqında çox geniş danışmaq olar, ancaq bu yazıda qısa və konkret şəkildə bu mövzulara toxunmaqla 18 iyun İnsan hüquqları günü münasibətilə yaddaşımızı bir daha təzələmək və cəmiyyətimizi bu istiqamətdə məlumatlandırmağı qarşımıza məqsəd qoyduq.           

Elvin ZEYNALOV

Sədərək rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas                      

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930