SON DƏQQƏ

naxcivanxeberleri.com

İyun ayında Naxçıvanın təsərrüfat həyatı

İyun ayında Naxçıvanın təsərrüfat həyatı
14-06-2020, 15:22

Hər ocaqda ad, hər qayada iz qoyan ulu babalarımız məskən saldıqları, yaşadıqları yerlərdə - Sibirdən-Xəzərə, Xəzərdən-İran körfəzinə qədər geniş bir ərazidə öz izlərini qoyublar. Söykökünü yaşatmaq üçün məskən saldıqları obaya, yağı düşməndən qorunmaq üçün tikdikləri qalalara, qarış-qarış gəzib dolaşdıqları dağlara ad qoyaraq bu yer-yurd adlarını nəsildən- nəsilə yaşadıblar. Hər daş, hər qaya öz rənginə, “xasiyyətinə” görə adlandırılıb. Qədimdən üzü bəri yol gəldikcə türk tayfaları yaşadıqları yerləri gülüstana çevirmək üçün hər cür zəhmətə qatlaşıb, həmin yerlərdə yadigar bir nişanə qoyaraq bu yerləri müqəddəsləşdirib və gələcək nəsillərə çatdırıblar. Yer-yurd adlarımızın öyrənilməsi çox böyük əhəmiyyət daşıyır. Çünki yurdumuzun, el-obamızın keçmişi təkcə qədim yazılarda, daş kitabələrdə qalmayıb. Obaların, çayların, meşələrin, örüşlərin, yamacların, dağların, körpülərin adında da ulu babalarımızın ruhu ilə yanaşı, nəfəsi, keçmişi yaşayır. Nəsildən-nəsilə keçərək əfsanələşən, rəvayətləşən, nağıllaşan yer-yurd adlarımız zamanın sərt sınaqlarına sinə gərərək günümüzə qədər gəlib çatıbdır. Qoynunda göz açıb yaşadığımız qədim Naxçıvan torpağında, o cümlədən Şərqin qapısında yerləşən Culfa rayonu ərazisində tariximizi əks etdirən, öz milliliyini yüzilliklər boyu qoruyub saxlayan nə qədər yer-yurd adlarımız-toponimlərimiz vardır. Bu toponimlər çox mötəbər, əvəzsiz faktlardır. Bunların dərindən araşdırılması qədimdən bəri bu torpaqlarda türkdilli tayfaların yaşaması tarixini müəyyən mənada aydınlaşdırmağa imkan yaradır. Tarixi həqiqətlər rayonumuzun ərazisindəki bir sıra toponimlərin mənasında da özünü göstəribdir. Rayonumuzun ən iri yaşayış məskənlərindən olan Yaycı kəndinin adı maraq doğurur. Araz çayı sahilində yerləşən Yaycı kəndinin adı bir çox mənbələrdə “Yəyci” variantında da qeydə alınıbdır. Yaycı oykonimi mənşəcə oğuz tayfalarından olan türkdilli Yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan və İrəvan ərazisində yaşayıb. Qeyd etmək yerinə düşər ki, Şərur rayonunda Aşağı Yaycı və Yuxarı Yaycı kəndləri də vardır. Yaycı kəndi yaxınlığında yerləşən Üçtəpə və Qara dərə yerləri də bu yerlərin qədim tarixə malik olduğunu sübut edir. Hər iki toponim 1500-ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən yer adlarımızdır. Culfa rayonu ərazisində Araz çayının sol qolu olan və mənbəyini Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından alan Qara dərə çox vaxt Yaycı çayı da adlanır. Qara sözü də qədim türklərdə böyük mənasında işlənir. Üçtəpə isə üç qaya, üç təpə mənasındadır. Rayonumuzun Ərəfsə kəndi ərazisində yerləşən Gədik meşəsinin adı da maraq doğurur. Qədim türk dillərində hündür dağ keçidi aşırım mənalarını ifadə edir. Gədik meşəsinin adını “dağ belində meşə”, “aşırım dağ” da adlandırırlar. Burada yerləşən Xəzinədərə meşəsinin adı da qədim türk mənbələrində xəzinə (örüş, otlaq) və dərə (çay dərəsi) mənalarını ifadə edən “Otla zəngin çay dərəsi” anlamını ifadə edir. Rayonumuzun ərazisində Paradaş deyilən yer var ki, bu sözün etimologiyası da müxtəlif cür izah olunur. Para sözü bir çox mənbələrdə kənd mənasında, bəzi mənbələrdə isə qızıl, pul mənasında işlənir. Rayonumuzun Milax kəndindən 6 kilometr şimal-qərbdə yerləşən Zoğala adlanan ərazidə köhnə yaşayış evlərinin qalıqları indi də gözə dəyir. 1934-cü ildə aparılan ekspedisiya zamanı eramızdan əvvəl dördüncü və üçüncü minilliyə aid olan birinci və ikinci “Zoğala” yaşayış məskənindən iki tunc qrifon tapılıb. Həmin qrifonların biri hazırda Bakıda Ədəbiyyat Muzeyində nümayiş olunur, digəri isə Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır. Culfa toponimi də qədim türk mənşəli yurd adıdır. Qədim Culfa indiki Culfa şəhərindən 4 kilometr qərbdə yerləşibdir. Ehtimala görə Culfa adı orta əsrlərdə “cükki” adını daşıyan tacir təşkilatının adı ilə əlaqədardır. Culfanın adı bəzi mənbələrdə “Culağ” kimi də çəkilir. Şəhərin adı haqqında olan digər mülahizələrə görə isə, Culfa adı müxtəlif variantlarda işlənib. Bəziləri bu sözün “toxucu” mənasını verdiyini, müxtəlif mənbələrdə “Cula”, “Cülahə”, “Culh”, “Culha” şəklində qeyd olunan bu sözün fonetik dəyişikliklərə uğrayaraq “Culfa” şəklinə düşdüyünü söyləyirlər. Tarixi mənbələrdə də bu şəhərdə vaxtilə toxuculuqla məşğul olunduğu göstərilir. Bu da o deməkdir ki, Culfa Şərq və Qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olmaqla yanaşı, burada həmçinin müxtəlif istehsal sahələri də mövcud olubdur. Rayonumuzun ucqar dağ kəndlərindən biri olan Zəngəzur silsiləsinin ətəyində yerləşən Ərəfsə kəndi ərazisində Son Tunc və İlk Dəmir dövrünə aid yaşayış məskəni aşkar edilibdir. Buradan e.ə II minilliyə aid monoxrom boyalı gil qablar və digər maddi-mədəniyyət nümunələri tapılıbdır. 1590-cı ilə aid sənədlərdə kəndin adı “Ərəfsax” kimi işlədilmişdir. Bəzi tədqiqatçıların fikrincə bu, “sak ərlərinin eli, yurdu” mənasını verir. Onu da qeyd edək ki, sak tayfaları e.ə II minillikdə Culfanın yerli sakinlərindən olublar. Kəndin adı Ərəfsəli tayfasının adı ilə əlaqədardır. Əlincə çayı sahilində, dağətəyi ərazidə yerləşən Xanəgah kəndinin də etimologiyası maraq doğurur. Bu toponim ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikili və ya zəvvarlara məxsus tikililərə verilən ümumi ad anlamını verir. Xanəgahlar, ümumiyyətlə, “dərvişlərin məskəni” mənasında işlədilib. Bir sıra mənbələrdə isə Xanəgah toponimi X əsrdə Orta Asiyada Çu çayı vadisində və Talaş Alatausu ərazisində yaşamış və sonralar Səlcuq oğuzlarına qoşulmuş türk mənşəli “xandak” tayfasının adı ilə bağlı olduğu göstərilir. Bütün bunlar bir daha sübut edir ki, yer-yurd adlarımızın çox böyük bir qismi oğuz türklərinə məxsus sözlərdir. Bu sözlər bizim tarixi keçmişimizi özündə yaşadır. Düzdür, bir çox yer-yurd adlarımız müəyyən fonetik dəyişikliyə uğrasa da, öz kökünü, etimalogiyasında olan dərin mənanı mühafizə edib, qoruyub saxlayıbdır. Toponimlərimiz bizim keçmişimiz, tariximizin canlı salnaməsidir. Babalarımızın ruhundan yoğrulan toponimlərimizi qorumaq, onları gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Çünki tarixi həqiqətlərə söykənən xalq daha güclü olur.

 

Ədalət CƏFƏROĞLU

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930