SON DƏQQƏ

naxcivanxeberleri.com

İnsanın hansı orqanları transplantasiya obyekti ola bilər?

İnsanın hansı orqanları transplantasiya obyekti ola bilər?
14-06-2020, 15:00

Yer üzünün ən ali canlı varlığı olan insanın sağlamlığı yaşayan hər bir insan üçün həyati önəm daşımışdır. İnsanın həyat və sağlamlığının qorunması həm də dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan Respublikasında insan həyatı və sağlamlığı Kosntitusiya ilə təminat altına alınmış, qanunvericilikdə isə bu sahədə geniş hüquqi baza yaradılmışdır. Bu yazımızda ölkəmizdə müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyən “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunda təsbit edilmiş bir sıra məqamlar barədə söz açmaqla dəyərli oxucuların nəzərinə bu sahədə vacib hüquqi məlumatları çatdırmağa səy edəcəyik.                                             

Mövzumuzu sadə şəildə daha yaxşı mənimsəmək üçün əvvəlcə qanunda yer alan anlayışlara nəzər salaq:

-insan orqan və (və ya) toxumalarının transplantasiyası - insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsi;

-insan orqan və (və ya) toxumaları - şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;

-donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs;

-resipiyent - müalicə məqsədi ilə orqan və (və ya) toxumalar köçürülən şəxs olaraq müəyyən edilmişdir.

Bəs insanın hansı orqan və toxumaları transplantasiya obyekti ola bilər? Qanunvericiliyə görə insan orqanizmində ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər. Transplantasiya bütün xəstəxana və ya tibb müəssisəsələrində deyil, yalnız və yalnız Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıda yer alan ixtisaslaşdırılmış tibb müəssisələrində cərrahiyyə əməliyyatı qaydalarına əməl etməklə həyata keçirilir. Bununla yanaşı, orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində aparılır.

Transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların köçürülməsi siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır.

Donor həddi. Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.

Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır. Yəni, yaşı 18-ə çatmamış donordan təkcə sümük iliyi götürülə bilər. Yuxarıda sadalanan digər orqan və toxumaların 18 yaşına çatmamış donordan köçürmə məqsədi ilə götürülməsi qanunla qadağan edilmişdir.

Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir.

Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.

Hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yəni burada könüllülük prinisipi əsas şərtdir.                                   Transplantasiyaya resipiyentin razılığı. Qanunvericilikdə orqan və ya toxumaların götürüldüyü donorun razılığı tələb edildiyi kimi, bunların köçürüləcəyi resipiyentin (xəstənin) razılığı da tələb edilir. Əgər resipiyentin yaşı 18-ə çatmamışsa, bu zaman transplantasiya üçün onun valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı olmalıdır. Ola bilər ki, resipiyentin həyatı təhlükədə olar, bu zaman valideynlərin və ya qanuni nümayəndələrin razılığı alınmaya bilər.                                                       Transplantasiya məqsədi ilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi. Şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Yox, əgər şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, yəni nə qadağan etməyib, nə də ki, imtina etməyib, bu məqamda ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir.

Ancaq şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir.                                                                                                        Donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri. Donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

-donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;

-donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir;

-donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır;

-orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyarlığı müəyyən olunmalıdır (sümük iliyindən başqa).

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə elə  miqdarda və həcmdə götürmək tələb olunur ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozğunluqlar yaranmasın.                                                                             Donor və resipiyent haqqında məlumatların yayılmasına görə məsuliyyət. Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağandır.

Bu məlumatları yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Məsuliyyət demişkən, qeyd edək ki, transplantasiyanın qanuni əsasları ilə yanaşı bir də bu sahədə hansı əməllərin cinayət məsuliyyəti yaratdığını da vurğulamadan keçmək olmaz. Çünki ölkəmizdə insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə cinayət sayılır. Belə ki, qanunda insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısını həyata keçirmiş şəxs (və ya şəxslər) dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda göstərilən cinayət əməlləri, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hörmətli oxucu, belə önəm daşıyan mövzuya toxunmaqla bu barədə əsas bilinməli olan qanuni müddəaları qısa və sadə şəkildə sizlərə çatdırmağı hər bir halda maariflənmə baxımından ictimai yararlı hesab edirik.

 

Elvin Zeynalov

Sədərək rayon prokurorluğunun

müstəntiqi I dərəcəli hüquqşünas                                    

 

 

 

 

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930