SON DƏQQƏ

naxcivanxeberleri.com

Kiçik kənddən böyük təəssüratlar

Kiçik kənddən böyük təəssüratlar
12-06-2020, 09:44

“Nəcəfəlidizə gədiyi” adlanan yüksəklikdə dayanıb kəndi seyr edir, bu kiçik yaşayış məntəqəsini oxucuya necə təqdim edəcəyimi düşünürəm. Qarşımda dayanan və yaşı 50-ni, 100-ü ötmüş ağacların qol-budağı altında “itən” evləri, şaqqıldayıb axan dağ çayını, Nəcəfəlidizəyə qucaq açan Əshabi-Kəhf və Nəhəcir dağlarını, dərə-təpənin qoynunda təbiətin min bir şəfalı nemətinin axtarışına çıxanları tək-tək yaddaşıma yazıram. Dayandığım yerdən həm də aramsız işləyən texnika səsi duyulur. Bu səs kəndi abadlığa, yeniliyə, müasirliyə qovuşduran səsdir.

Babək rayonunun Qahab-Nəhəcir- Göynük avtomobil yolunun sağında yerləşən, 200-ə yaxın sakini olan Nəcəfəlidizənin ərazisində eyniadlı yaşayış yeri və qala mövcuddur. Tədqiqatçı-jurnalist Zaleh Novruzovun “Nəcəfəlidizə yaşayış yeri və qalası” sərlövhəli məqaləsində oxuyuruq: “Qahab kəndindən Nəhəcirə gedən avtomobil yolunun sağ tərəfində əhalinin “Plovtəpə” adlandırdığı təpə vardır. Təpə ilə yolun ara hissəsində qədim divar qalığı uzaqdan seçilir. Divarın xırda daşları tikinti üçün seçilib aparılsa da, iri daşlardan ibarət qalıqlar yaxşı izlənir. Plovtəpənin qərb hissəsində divar 90 dərəcə bucaq altında şimala tərəf dönür. Yerli sakinlər əvvəllər onun Nəhəcir kəndinə qədər 5-6 kilometrlik məsafədə uzandığını söyləyirlər. Tikilinin yaxınlığındakı kiçik keramika parçaları antik dövrə və orta əsrlərə aiddir”. Kənd mərkəzində ağsaqqallarla söhbətləşirəm. Qəzetdən gəldiyimizi bilib yaşadıqları yer barədə geniş danışırlar. Onların söhbətindən gəldiyim qənaət budur ki, vaxtilə şəraitsizlik ucbatından bu kənddən neçə-neçə ailə aran yerlərinə üz tutub, orada məskunlaşıblar. Ona görə ki, 70 il hökmranlıq edən Sovet hakimiyyəti illərində Nəcəfəlidizədə daş daş üstünə qoyulmayıb. İnsanlar yaxşı yaşayış, münbit torpaqlar və övladlarının gələcəyi naminə bu yerdən köçmək məcburiyyətində qalıblar. Bir sözlə, uzun illər balaca kənd böyük sosial problemlərin məngənəsində boğulub. Müstəqillik illəri Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə birləşən Nəcəfəlidizənin də taleyini dəyişib. Nə zaman ki, kənddə məktəb tikildi, yol salındı, təsərrüfat sahələrinin yaradılması üçün dövlət dəstəyi verildi, yeni su kanalı çəkilərək illərlə əkilməyən, necə deyərlər, ilan mələyən düzlərə “can verildi”, bax o zaman kəndli öz od-ocağına, ata yurduna qayıtdı. Onda sabaha inam yarandı və düşündü ki, özünün və övladının taleyini bu kəndlə bağlaya bilər. Bu inamı kəndlidə Naxçıvanda məskunlaşmanın artması, xüsusən ucqar dağ və sərhəd kənd - lərində daimi yaşayışın təmin edilməsi və insanların sosial qayğılarının həll olunmasına göstərilən dövlət qayğısı yaratdı. Dövlət vətəndaşının, onun rahatlığının qayğısına qalır. Bu qayğı indi Nəcəfəlidizəni də ağuşuna alıb. Gözəl bir yaz günündə mühəndislər kəndə gəliblər, yeni tikiləcək binaların –məktəbin, kənd və xidmət mərkəzlərinin yerlərini müəyyənləşdiriblər. Öyrənirik ki, üç mərtəbədən ibarət olacaq məktəb binası yenidən qurulur və perspektiv də nəzərə alınır. Məktəb təlim-tərbiyə məkanı kimi təkcə bir kəndin yox, bir ölkənin gələcəyi ilə bağlıdır. Çünki yalnız vətənpərvər, peşə sahibi olan, dövlətini, dövlətçiliyi sevən şəxs millətinə faydalı ola bilər. Amma bu gün reallıq ondan ibarətdir ki, yaxşı şəraiti olan məktəbdə oxumaq hər kəsə nəsib olmur. Tez-tez televiziyadan izləyirik ki, dünyanın müxtəlif ölkələrində, xüsusən münaqişə ocaqlarında uşaqlar məktəbə getmək üçün özlərini təhlükə altına atır, çətin yollardan keçirlər. Yaşadıqları yerdən kilometrlərlə uzaqda olan və bu gün həyətimizdəki yardımçı tikililəri xatırladan “məktəb”lərə təkcə sağ-salamat gedib-gəlməyin özü belə, sanki qəhrəmanlıq nümunəsi hesab olunur. Naxçıvanda isə müstəqillik illərində 200-dən çox məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub.Texnologiyanın yeniliyi hesab olunan internet, kompüter, elektron lövhə hər bir naxçıvanlı şagird üçün əlçatandır. Yaşadığımız məmləkətdə uşaqlarımız dilənçiliyə məcbur edilmir, müharibə, qorxu altında yaşamır, yeni günü silah səsləri ilə açmırlar. Təlim- tərbiyədən, tədrisdən də uzaq deyillər. Bu gün nəvazişlə boya-başa çatdırdığımız, hər birinin gələcəyi ilə bağlı qəlbimizdə böyük ümidlər bəslədiyimiz uşaqlarımız qayğısız böyüyür və biz bütün bunları müstəqillik illərinin bəhrəsi kimi dəyərləndiririk. Oruc Həsənov qocaman pedaqoqdur. Deyir ki, hazırkı məktəbin bir hissəsi tibb məntəqəsi üçün ayrıldığından 50 nəfərlik kollektiv 5-6 sinif otağında iki növbədə təlim-tədrislə məşğul olmaq məcburiyyətində qalmışdı. Bununla bərabər, məktəbimiz ötən tədris ilində yüz faizlik nəticə göstərdi. Məzunlarımız tələbə adını qazana bildilər. İnanıram ki, yeni məktəb yeni uğurlar üçün bir stimul olacaq. Bir valideyn, bir müəllim kimi, dövlətimizə minnətdaram. Heydər Əliyev Su Anbarının sol sahil kanalı Nəcəfəlidizə kəndinin “başının üstündən” keçdiyi üçün, demək olar ki, burada əkilməyən torpaq sahəsi yoxdur. Halal zəhmət, alın təri ilə yaşamağı hər şeydən üstün tutan kənd sakinlərindən biri də sahibkar İlkin Abdullayevdir. O, 2015-ci ildə yaratdığı 2000 kvadratmetrlik istixana kompleksində pomidor yetişdirir, bununla ailəsinin güzəranını yaxşılaşdırır. Gənc təsərrüfatçı deyir: “Bu kənddə böyüyüb boya-başa çatmışam. Bizim uşaqlığımız ötən əsrin 90-cı illərinə təsadüf edib. Atam-anam bizi çətinliklə, ən zəruri ərzaq məhsulu olan çörəyin belə, tapılmadığı bir dövrdə böyütdüklərini deyirlər. Bu gün mənim kimi neçə-neçə gənc dövlətin yaratdığı imkanlardan istifadə edərək sahibkar adını qazanıb, öz işini qura bilib. Torpaq həm də bizim üçün ən yaxşı iş yeridir. Torpaq ona baş əyəni hər zaman uca tutar. Zamanında heç kimin ağlına belə, gəlməzdi ki, Nəcəfəlidizədə tikinti işləri aparılacaq, torpaqlar əkiləcək, məskunlaşma artacaq. Amma bu gün saydıqlarımın hamısı kəndimizin real mənzərəsini əks etdirir”. Kəndin geniş örüş-düzləri burada heyvandarlığın da inkişafına zəmin yaradır. Son illər Nəcəfəlidizədə arıçılığa maraq artıb. Hələ bacarığı olanlar yaz aylarında çaşırı, bolunu, çirişi, cacığı yığıb satmaqdan da qazanc əldə edirlər. Təsərrüfatçı Aydın Babayev kəndin çölünə-düzünə yaxşı bələddir. “Hərdən müştərilər o qədər olur ki, çaşır yığmağa gedəndə kömək üçün oğul-uşağı da özümlə aparmalı oluram. Naxçıvan torpağının hər qarışı sərvətdir. Gərək bu torpaqda bitən hər bitkinin, otun “dilini” biləsən”. Kənddəki işimizi yekunlaşdırıb redaksiyaya qayıdırıq. Abadlıq-quruculuq işləri yekunlaşdıqdan sonra biz bu yurda yenə qayıdacağıq – sakinlərin təəssüratlarını öyrənmək, Nəcəfəlidizənin müasir simasını təqdim etmək üçün...

 

Muxtar RZAZADƏ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930