SON DƏQQƏ

naxcivanxeberleri.com

Qarğıdalı bitkisinə ziyan verən əsas xəstəliklər

Qarğıdalı bitkisinə ziyan verən əsas xəstəliklər
8-06-2020, 01:50

Vegetasiya müddətində qarğıdalı sahəsində torpağın rütubətini 60-70 faiz səviyyədə saxlamaq üçün birinci su bitkinin 3-4 yarpaq fazasında, ikinci su süpürgə əmələ gəlməsinə 10-12 gün qalmış, üçüncü su süpürgələrin çiçəklənməsinin başlanğıcında, dördüncü su süd-mum yetişkənliyi dövründə verilməli, cərgələrarası yumşaldılma birinci vegetasiya suvarmasından və bitkidə dördüncü yarpaq əmələ gələndən sonra həyata keçirilməlidir. Sonrakı kultivasiyalar isə hər suvarmadan sonra aparılmalıdır.

Vegetasiya dövrü xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin kultivasiya ilə birlikdə aparılması iqtisadi cəhətdən daha səmərəlidir.

Qovuqlu sürmə xəstəliyi nəticəsində bitkinin gövdəsində, qıçasında, yarpaqlarında, süpürgəsində və hava köklərində müxtəlif böyüklükdə qovuqlar əmələ gəlir. Əvvəlcə xırda şişkin ləkələr şəklində olan bu qovuqlar inkişaf edərək getdikcə böyüyür və iri həcmli (15 santimetr diametrdə və daha çox) qovuqlara çevrilirlər. Onlar əvvəlcə ağ, daha sonra bozumtul-çəhrayı rəngdə olur, yetişdikcə qaralır və tozlanan spor kütləsinə çevrilir. Göbələyin teliosporları müsbət 23-25 dərəcə temperaturda yaxşı cücərir, 15-18 dərəcədə zəifləməyə başlayır, 12 dərəcədə isə cücərmə dayanır. Qovuqlu sürmənin teliosporları quru halda 4 ilə qədər öz həyat qabiliyyətini saxlaya bilir.

Kök və gövdə çürüməsi xəstəlikləri əsasən vegetasiyanın ikinci yarısında müşahidə edilir. Bu xəstəliklərin təsiri ilə əkinlərdə seyrəkləşmə gedir, xəstə bitkilərin məhsuldarlığı aşağı düşür. Xəstəlikləri əmələ gətirən patogenlərin xarakterindən və növündən asılı olaraq onlar fuzarioz, kömür, ağ və bakterial çürümələrə ayrılır.

Fuzarioz sahədə qıçaların süd yetişmə mərhələsindən başlayaraq yığıma qədər, hətta saxlama zamanı temperatur və nisbi rütubətin yüksək olduğu hallarda qıçalar üzərində hörümçək toruna bənzər solğun-çəhrayı rəngli sıx örtük yaradır.

Kömür çürümə gövdənin aşağı hissəsinin və köklərin qırılması ilə müşahidə olunur. Gövdənin kökətrafı və aşağı buğumaraları tamamilə qara rəng alır. Göbələyin təsiri nəticəsində gövdənin özək hissəsi parçalanır və yavaş-yavaş quruyaraq kötükləşir.

Ağ çürümə gövdənin aşağı hissələrində böyük ölçüdə pambığabənzər ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunur.

Bakterial gövdə çürüməsi qarğıdalının süpürgə əmələ gəlmə dövründə gövdənin yuxarı hissələrində ətrafları tünd çəhrayı və ya bənövşəyi rənglə haşiyələnmiş açıq-sarı rəngli ləkələr əmələ gətirir.

Qıça və dənin kiflənməsi xəstəliyi yüksək nisbi rütubətdə yığım və dənin saxlanması zamanı boz, tutqun və çəhrayı kiflənmə formalarında müşahidə olunur.

Boz çürümə göbələyi ancaq dənləri yoluxdurur. Xəstəliyə yoluxmuş dənlər get-gedə qonurlaşır və tələf olur. Bu xəstəliklə mübarizə məqsədilə dən üçün sağlam qıçalar seçilməli, saxlama zamanı rütubət 16-13 faiz olmalıdır. Binada hava vaxtaşırı dəyişdirilməli, xəstə qıçalar ayrı saxlanmalıdır.

Toz sürmənin törədicisi müxtəlif göbələklərdir. Xəstəliyə qarğıdalının ancaq süpürgə və qıçaları tutulur. Göbələyin törədiciləri ilə sirayətlənmiş süpürgələr tamamilə qara rəngli toz kütləsinə çevrilir. Sirayətlənmiş bitkilərdə qıça əvəzinə xaricdən qısa yarpaqlarla örtülmüş, içərisində konusabənzər, üzəri tutqun rəngli spor kütləsi ilə dolu şişkinlik əmələ gəlir. Xəstə bitkilər boyca geri qalır, qıçalar formalaşa bilmir və tələf olur.

Bu il Şərur rayonunda min hektardan artıq qarğıdalı əkilmişdir. Qarğıdalı əkini ilə məşğul olan torpaq mülkiyyətçiləri sahələrdə qeyd olunan xəstəlik əlamətləri müşahidə edilən kimi mütəxəssislə məsləhətləşməli, mübarizə vasitələri müəyyənləşdirilməli və tətbiq olunmalıdır. Əks halda, nəzərdə tutulmuş məhsuldarlığa nail olmaq çətindir və çəkilən zəhmət hədər gedə bilər.

 

Xaliq ABBASOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930