SON DƏQQƏ

naxcivanxeberleri.com

Şərurda sosial-iqtisadi inkişaf davamlıdır

Şərurda sosial-iqtisadi inkişaf davamlıdır
7-06-2020, 21:00

Qədim Şərurun dağ yamacları, düzləri, çölləri yenidən cənnətə dönüb. Rayonun daha bir axar-baxarlı, çal-çağırlı, zəhmətlə aşıb-daşan mövsümüdür. Yamyaşıl taxıl zəmiləri, kartof plantasiyaları, salınan yaşıllıq zolaqları, gül-çiçəyə bürünmüş otlaqlar, bara dolan bağ-bağat, çəmənlərə yayılmış sürülər …Bunlar ilk baxışda diqqət çəkən təbii mənzərələrdir. Bundan da önəmlisi insan əlləri ilə yaranan gözəlliklərin ulu təbiətlə sanki yarışa çıxması, birinin digərini tamamlamasıdır.

            Şərur küçələrinin, yolların təmizliyinə uca çinarlar, həmişəyaşıl ağaclar, al-əlvan güllər xüsusi gözəllik qatır. Rayonun gözəl görünməyi həm də şərurluların təşəbbüskarlığı, zəhmətsevərliyi, eyni zamanda, yaşadıqları torpağa bağlılığı ilə əlaqədardır. Son illər rayonda tikinti-quruculuq, abadlıq işləri daha geniş vüsət almış, 50-dən artıq yaşayış məntəqəsi əsaslı şəkildə yenilənmişdir. Həyata keçirilən sosial-iqtisadi layihələr rayonun simasını daha da gözəl­ləşdirir, insanların gün-güzaranı daha da yaxşılaşır. Hər bir        şərurlu bilir ki, bütün bu          nai­liyyətlərin arxasında ölkə   Prezidentinin, Ali Məclis                Sədrinin diqqət və qayğısı             dayanır.

            Şərurlular ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın daha da çiçək­lənməsi və tərəqqisi naminə üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər. Məhz bunun nəticəsidir ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün lazımi tədbirlər yüksək səviyyədə həyata keçirilir.

            Rayonda  yeni iş yerlərinin açılması istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Təhsil, səhiyyə, mədəniyyət, rabitə, nəqiliyyat, yol infrastrukturları, abadlıq-quruculuq sahəsində uğurlu işlər görülür, iri sosial-iqtisadi layihələr gerçəkləşir. Ölkəmizdə həyata keçirilən islahatlar Şərurun da inkişafında əhəmiyyətli rol oynayır.

            Rayonda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun təmin olunması, aztəminatlı təbəqələrə pensiya və müavinətlərin vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olanların müəyyənləşdirilməsi kimi məsələlər daim diqqət mərkəzində saxlanılır.

            2020-ci ilin dördaylıq yekunlarının təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonun iqtisadiyyatında yüksək nəticələr əldə olunacaqdır. Burada regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası uğurla davam etdirilir. İqtisadiyyatda əldə olunan göstəricilər makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.

            Dörd ay ərzində rayonda ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmi 27 milyon 576,7 min manat, əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz çox, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 12 milyon 146,6 min manat, bildirkindən 4 faiz çox, əsas kapitala yönəldilən investisiyaların həcmi 15 milyon 226 min manat olmuşdur. Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasının həcmi artımışdır. İnformasiya və rabitə xidmətlərinin həcmi 3,7 faiz artaraq 2 milyon 590,6 min manat, pərakəndə əmtəə dövriyyəsi 796 milyon 995,9 min manat təşkil etmişdir.

            Qeyd olunan müddətdə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyon 35,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə artıqdır. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 479,1 manat olmuşdur ki, bu da keçən ilin eyni dövrünü 17,2 faiz üstələyir.

            Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, ailə təsərrüfatları ilə sıx əməkdaşlıq edilir, onların fəaliyyətinə lazımi köməklik gös­tərilir. Qeyd edək ki, hazırda rayonda 110-da artıq ailə təsər­rüfatı fəaliyyət göstərir.

            Rayon mərkəzi son illər xeyli abadlaşmış və gözəlləşmişdir. İndi Şərur şəhərinin elə prospekt və küçəsi, park və xiyabanları, sosial obyektləri, tikililəri var ki, adam özünü paytaxtdakı kimi hiss edir. Maraqlı, həm də diqqətçəkən məqam odur ki, bu işlər bir an belə səngimir, rayon sakinlərinin təşəbbüskarlığı artır, doğma torpağa bağlılıq hissi yüksəlir.

            Hər an Şərurda xeyirxah təşəbbüsün şahidi olursan. Çünki bu işlərə nəzarət edilir, bələdiyyələrin, icra nümayəndələrinin, başlıcası isə əhalinin özünün gücündən səmərəli istifadə olunur, onlar ruhlandırılır, həvəsləndirilirlər. Ümumiyyətlə, ra­yonda insan amilinə diqqət, münasibət kimi hisslər ön plandadır.

            Bütün bunların nəticəsidir ki, əvvəllər qazanc dalınca digər yerlərə gedən şərurlular indi geri qa­yıdır, əkin-biçinlə, qurub-yaratmaqla məşğul olur, yeni isteh­sal müəssisələri açırlar. Təsadüfi deyil ki, hazırda rayon üzrə istehsal olunan məhsulun 98 faizi özəl sektorun payına düşür.

            Tikinti-quruculuq işləri yenə də uğurla davam etdirilir. Ötən ildən rayon mərkəzində daha geniş quruculuq tədbirlərinə start verilmişdir. Mədəniyyət sarayı, “Naxçıvanbank” ASC-nin Şərur Rayon Filialı üçün ikimərtəbəli inzibati bina, altımərtəbəli ictimai yaşayış binası, “Təqaüdçülər klubu”, klubun qarşısındakı musiqili fəvvarə, səkilərə və piyada yollarına döşənən kilit daşlar və bardürlər istifadəyə verildikdən sonra şəhərin gözəlliyi daha da artacaqdır. Bu yaxınlarda isə rayonda yeni avtovağzalın, 7 yaşayış məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda avtomobil yolunun tikintisinə başlanmışdır.

            Cari ilin dörd ayında da yeni müxtəlif təyinatlı obyektlər tikilmiş, yaxud yenidən qurulmuş, 30-dan artıq obyektin tikintisi və ya yenidən qurulması davam etdirilmişdir. Şərur şəhərinin Kapitan Seyidov küçəsində 9 nömrəli yaşayış binası əsaslı şəkildə yenidən qurulmuş, eyni ünvanda daha bir yaşayış evinin əsaslı təmirinə başlanmışdır. Əhalinin şəxsi vəsaiti ilə 7 min 460 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.  

            Rayonda sənaye müəssisələri şəbəkəsini genişləndirmək də diqqət mərkəzindədir. Bu, həm də əhalinin məşğulluğunun təmin olunması baxımından təqdirəlayiqdir. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2019-cu il tarixli Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin tikintisinə başlanması isə rayo­numuzda sənaye məhsulları istehsalını və çeşidini daha da artırmaq imkanı yaradacaqdır.

             “Şərur şəhəri və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” Layihəsi əhalinin həyat səviyyəsinin yüksəldilməsi və gündəlik məişət qayğılarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsidir. Qeyd edək ki, layihənin ilkin mərhələsində            Şərur şəhəri, Yengicə, Zeyvə və Düdəngə kəndlərinin sakinləri beynəlxalq standartlara uyğun içməli sudan istifadə etmək imkanı əldə etmişlər. Hazırda Cəlilkəndə içməli su çəkilişi davam etdirilir.

            Rayonun şəhər və kəndlərində keçirilən ağacəkmə kampaniyasında təkcə bu il 10 hektardan artıq meyvə bağı salınmış, ayrılmış sahələrə yüzlərlə müxtəlif tinglər əkilmiş, Şərur şəhərindəki parklara minlərlə qızılgül kolu, çiçək şitilləri basdırılmışdır. Yaşıllıqlara qulluq tədbirləri ilboyu davam etdirilir.

            Rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Şərurun təbii-iqlim şəraiti tərəvəzçiliyin, xüsusilə faraş tərəvəzçiliyin inkişafı üçün çox əlverişlidir. Muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının qəbulundan sonra bu sahə üçün daha geniş yerlər ayrılır. Rayonda istixana şəraitində ilin bütün fəsillərində faraş xiyar, pomidor, bibər və badımcan yetişdirilir. Oğlanqala, Qarxun, Məmmədsabir, Muğancıq-Mehrab, Muğancıq-Müslüm, Kosacan, Düdəngə, Siyaqut və başqa kəndlərdə geniş istixanalar mövcuddur.

            Rayonda meyvəçilik də sürətlə inkişaf edir. Hazırda bağların ümumi sahəsi min hektardan çoxdur. Təkcə keçən il ağaclardan 20 min tondan artıq dadlı-tamlı, ətirli Şərur meyvəsi dərilmişdir. Üzümçülüyün keçmiş ənənələrinin bərpası istiqamətində görülən işlər də təqdirəlayiqdir.

            Şərurda ilin ilk dörd ayı heyvandarlığın inkişafı üçün atılan müvafiq addımlarla da müşayiət olunub. Həm iribuynuzlu mal-qaranın, həm də qoyun-keçilərin baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə kifayət qədər artıb.

            Bəli, Şərur özünün daha bir bərəkətli baharını yaşayır. Ra­yonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı və mütəşəkkil ab-hava mövcuddur. İşlərin gedişi ilə yaxından tanışlıq belə deməyə əsas verir ki, 2020-ci il Şərur rayonu üçün həyatın bütün sahələrində daha böyük inkişaf və irəliləyiş ili olacaqdır. Çünki bölgənin hər günü, hər saatı abadlıq, tikinti-quruculuq, yaşıllaşdırma, yenidənqurma işləri ilə zəngindir. 25 il bundan əvvəl rayon elə bir dövrə qədəm qoymuşdur ki, artıq bu yoldan sakinləri heç nə döndərə bilməz. Bu yolun bir adı var: Ulu öndərin müəyyənləşdirdiyi inkişaf, tərəqqi, sosial-iqtisadi yüksəliş yolu!

 

“Şərurun səsi”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930