SON DƏQQƏ

naxcivanxeberleri.com

Özünün və sözünün vəlisi- Ramiz Qasımov yazır...

Özünün və sözünün vəlisi- Ramiz Qasımov yazır...
6-06-2020, 11:05

Bu  yaxınlarda Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Vəli Qaraxanın yeni bir kitabı çapdan çıxıb. “Mən burdan baxıram bütün aləmə” adlı kitaba şairin son dövrlərdə qələmə aldığı yeni şeirləri toplanıb. Kitabın adı şairin böyük ustad sənətkar, Xalq şairi Məmməd Araz məktəbinə mənsubluğunu qətiyyətlə göstərir. Şair doğulub boya-başa çatdığı bu kitabında tam mənası ilə əhatəli, bütün tərəflərilə əks etdirib: hər şeydən əvvəl bir Vətən torpağı, ana yurdu kimi, dövlətçiliyin keşiyində dayanan mübarizlər və liderlər yurdu kimi, yeniləşməyi və müasirliyi ilə dünyaya zəka qüdrətini nümayiş etdirən əsrarəngiz bir diyar kimi və s. Şeirlərdə Naxçıvan məhz bu kontekstdən vəsf və tərənnüm edilib. Naxçıvanda bir Günəş kimi doğulub dünyaya öz zəkası ilə işıq saçan ulu öndər Heydər Əliyevə və onun əzəmətinə şeirlər ön sıralarda yer alıb. Digər şeirlərində isə Naxçıvan bir gözəllik diyarı kimi vəsf olunmaqla bərabər müxtəlif məzmunda şair duyğuları yer alıb. Kitab Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilib.     

Bunu deyim ki, onun adını da, imzasını da çoxdan tanıyıram. O zamanlar fəal elm aləminə  mən yenicə gəlmişdim (mən artıq 3 il idi ki, fəal elmi mühitdə çalışırdım – R.Q.), onun da ilk bədii əsəri işıq üzü görmüşdü, 2007-ci ildə: “Yanır yer kürəsi ana naləsində”. Yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimi kimi  tanınmaqla bərabər gözəl xasiyyəti, xüsusilə asta, mehriban və nəzakətli danışığı ilə də şəxsinə böyük hörmət qazandırmışdı. Belə demək olarsa, onda nə desən vardı: gözəl xasiyyət, insaniyyət, və eyni zamanda istedad. Bu cəhətdən ilk kitabı ilə yaratdığımız tanışlıq sonralar fəal oxucu-şair münasibətlərinə çevrildi. Əlbəttə, söhbət Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan Vəli Qaraxandan gedir. Adı da, imzası da çox qəribə, bir az da dəqiq desək, çox mənalı bir təsir buraxır. “Qaraxan” “böyük xan” deməkdir. “Vəli” də “vəkil, məsul şəxs” mənalarını verir. “Böyük xanın vəkili” anlamına gələn imza şairlik təbinə malik bu istedadlı şairin imzasını – yaradıcılıq yolunu, taleyini də müəyyənləşdirir.

Qısaca məlumat verim ki, haqqında bəhs etdiyimiz Vəli Qaraxan 2 iyun 1955-ci ildə Naxçıvan rayonunun (o zaman belə olub, biz də o zamana uyğun belə yazdıq – R.Q.) Qaraxanbəyli kəndində dünyaya göz açıb. Adətən,  bəzi imza sahibləri oxucu gözündə fərqli görünmək, yuxarı qalxmaq, yadda qalmaq üçün bəzi “sehirli” sözlərdən istifadə edib, “məşəqqətli həyat sürüb, acılardan keçib, tufanlar boğub, ailənin yükünü boynuna çəkib” və b. kimi əlavələrdən, ədəbi tərcümeyi-hal xüsusiləşmələrindən istifadə edirlər. Amma Vəli Qaraxan haqqında deyə bilərik ki, adi insanlardan biri kimi özünə xas həyat tərzi sürüb, sadə bir müəllim ömrü yaşayıb, təbi də gələndə də səs-küysüz, gurultusuz yazmağa çalışıb. 1990-cı il hadisələri Vəli Qaraxanın şeir təbinə qüvvət verib, onu bədii yaradıcılığa, poeziyaya sövq edib. 90-cı illərin fəal azadlıq mübarizəsi getdiyi, xain, mənfur (adamın dili də gəlmir onların adını çəkməyə - R.Q.) ermənilər Naxçıvanı təkləyib işğalın hədəfinə çevirdiyi, igid-igid oğlanlarımızın şəhid düşdüyü, əhalinin el birliyi ilə vətən uğrunda mücadiləyə qalxdığı o illərdə sinəsindən qopan sözləri Vəli Qaraxan da kağıza tökməyə sövqi-təbiilik hiss edib. O vaxt “Şəhidlər xiyabanı” adlı şeiri müsabiqədə yer tutub və beləcə, gənc şair Vəli Vəliyev poeziya sahəsində vüsətlə görünməyə başlayıb. İlk çap olunan kitabı “Yanır yer kürəsi ana naləsində” (2007) kitabı olub. Sonradn “İlahi, hifz eylə sən bu milləti” (2008), “Ədaləti axtarıram” (2017) adlı kitabları da nəşr olunaraq şairi geniş oxucu kütləsi içərisində tanıdıb. Həm də gözəl musiqi duyumu olan şair özünün və başqa müəlliflərin  şeirlərinə musiqi də bəstələyib. “Sənsən xilaskarımız”, “Əbədiyyət yolçusu” (sözləri Vəli Qaraxanındır), “Hücum deyib atıl düşmən üstünə” (sözləri Səhlab Məmmədovundur) və b. məhz belə mahnılardandır. Vəli müəllim Azərbaycan və Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin üzvüdür.

Vəli müəllim ilk kitabında ana nalələrini insan üçün, bəşər övladı üçün yurd, yuva olan yer kürəsinin səsi olaraq ümumiləşdirib. Çünki bir faciə varsa, bir kədər varsa, dərd, qəm, qüssə, itki, fəlakət varsa, analar fəryad edir, ana qəlbi parçalanır, ana gözləri yaş axıdır. Şair də dərddən qəlbi od tutub yanan yer kürəsinin səsini ana naləsilə ümumiləşdirib. Bu kitaba da ilk ön sözünü istedadlı alim, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli yazıb: “Şeriyyətin ülviyyəti”. Hörmət duyduğumuz istedadlı alim yazır: “...Vəli Qaraxan ədəbiyyata təsadüfən gəlməyib, yaradıcılıq, poeziya onun üçün ötəri həvəs deyil. Könüldə pərvəriş tapan, misra-misra cücərən söz onun qəlb həmdəmidir, sirdaşıdır, duyğularının təcəssümüdür. Ən önəmlisi də odur ki, bu duyğular, hisslər əksər hallarda ürəkdən qopub gəldiyinə görə əbədidir, diqqətçəkəndir” (Bax: H.Həşimli. Şeriyyətin ülviyyəti. s. 3 // V.Qaraxan. Yanır yer kürəsi ana naləsində. Bakı: Məktəb nəçriyyatı, 2007, 72 s.).

Onun həmin kitabda təqdim olunan şeirlərindəki təsirlilik Vəli Qaraxan imzasının təbindən, şairlik istedadından xəbər verirdi. Şeirlərindən birində qəlbimizdə bir məhəbbət ünvanı qazanmış Naxçıvanımız haqqında vəsfedici sözlərlə yazırdı:

 

Sevinc azadlığın, barı, bəhəri,

Güllər alqışlayır gələn səhəri.

Hüsnün gözəlliyin şanlı əsəri,

Vəsfinə acizdir dilim, Naxçıvan.

 

Demək olar, hər misra özündə ayrı bir məna yükünə malik olmaqla Naxçıvanın vəsfinə düzülüb. Hər misra bir məna yükü, ədəbi xidmət daşıyır. Bəndin son misrası mübaliğə nümunəsi olaraq Naxçıvanın hüsnü-gözəlliyinə bayraq qaldırır, onu tərənnüm edir. Belə məharət göstəricilərinə biz şairin sonrakı kitablarında toplanan şeirlərində də rast gəlirik.

Ümumiyyətlə, başqa naxçıvanlı şairlər kimi, Vəli Qaraxanın da əsərlərində başlıca mövzuları ana vətənin taleyi, quruculuq, inkişaf sayəsində qazandığı müasirlik, gözəllik, rifahlı günləri təşkil edir. Müdrik lider Heydər Əliyevin misilsiz liderlik fəaliyyəti, onun təkrarolunmaz, əzəmətli şəxsiyyəti, xalqın ona olan məhəbbəti onun yaradıcılığında da əhəmiyyətli yer tutur. Sonrakı sıralarda müxtəlif mövzular onun yaradıcılığını zənginləşdirir, oxucu könüllərinə yol tapır. Bu baxımdan Vəli Qaraxan yaradıcılığı üçün vəsf və tərənnüm əsasdır. Demək olar, onun yaradıcılığında əsas təsvir və təqdim üsulu vəsf və tərənnümdən ibarətdir. Bütün bu sözləri onun yeni kitabı haqqında da demək olar. Burda da müxtəlif mövzulu əsərlər toplanıb: ictimai mövzulu əsərlər var, yeri gəldikdə ictimai nöqsanları tənqid və ifaşa edir, lənətləyir, təbiət mövzulu şeirləri var, təbiətin səxavətini insanlara nümunə çəkib, sayğı tələb edir, fərdi insani duyğular, eşq, məhəbbət duyğulu şeirləri var, məhəbbətini, sevdasını tanıdır, duyğularını ortaya qoyur və s.

Şairin könül verib sevdiyi ilk ünvan Vətəndir – vətənin tarix, mədəniyyət və gözəllik yurdu olan Naxçıvan şəhəri, Naxçıvan ərazisi. Naxçıvan kiçik bir ərazi olsa da, onun insanının qəlbi çox böyükdür, bu qəlbə Böyük Vətən anlayışı sığıb. Şeirlərindən birində Naxçıvanı tərənnüm və vəsf edən şair öyünərək yazır:

 

Dəyişib hüsnü-camalı, bir cənnətdir Naxçıvanım,

Hürriyyət, həm xoşbəxtlik, məhəbbətdir Naxçıvanım.

 

Çinarlar gənc qızlartək gülümsəyir xoşbəxt-xoşbəxt,

Eşq oduna bir pərvanə, bir ülfətdir Naxçıvanım.

 

Rəhbərin büstünə bax, zirvəsi qar el dağıdır,

 Gəlcək nəslə mayak, sədaqətdir Naxçıvanım.

 

...Qaraxan, səmasında zəvvarların izdihamı,

Məkkədir, Mədinədir, Ərəfatdır Naxçıvanım.

 

Qəzəl janrında yazılan şeirdə Naxçıvan haqqında duyğuların mükəmməl bir ifadəsini tapıb. Ən əsası, Naxçıvanı öz könlü, sevgisi, eləcə də vətəndaşları üçün Kəbə görən şair vətənə məhəbbəti iman, din səviyyəsində ümumiləşdirə, təqdim edə bilir. Vətəni sevmək imandandır deyiblər ha, şair də bu cəhətdən könüllərin sultanı olan Naxçıvanı vətənə məhəbbət dininin Kəbəsi olaraq qərar verir. Şairin “Bu şəhərin küçələri” adlı şeiri də haqqında bəhs olunan bu şeiri tamamlayaraq mükəmməl Naxçıvan obrazı yaratmış olur. O Naxçıvan ki:

 

Bu şəhərin küçələri

Hərəsi bir igid, qəhrəman adında.

Bu şəhərin küçələri

Qərq olub çiçəklərin gürşadında.

Bu şəhərin küçələri

Yüksəlişin, intibahın şaqraq gülüşü, sevinci.

Bu şəhərin küçələri

İstiqlalın şəfəqində parıldayan ağ inci.

Bu şəhərin küçələri

Azadlığın, hürriyyətin arzu-kamı,

Bu şəhərin küçələri

Zəfərlərin ehtişamı!

 

            “Bu yer qədim oğuz eli”, “Naxçıvan”, “Mən burdan baxıram bütün aləmə” şeirləri bir-birlərini tamamlayaraq gözəlliyi və inkişafı ilə dillərə dastan olan Naxçıvanı vəsf edir, onun şəninə həsr olunan şeirlər kimi yadda qalır.

            Kitabdakı “Qaçqın çadırları”, “Keçmə namərd körpüsündən”, “Göndər”, “Fevralın 25-dən 26-na keçən gecə”, “Evində ermənilər tərəfindən qətlə yetirilən Zəhraya”, “Ələrim dilənçitək dil tökür” və b. şeirlər Azərbaycanın faciəvi taleyi, qan-qadalı günləri, taleyüklü ictimai məsələlərinə həsr olunub. Burada Xocalı soyqırımı, 20 Yanvar faciəsi, 90-cı illərin mürəkkəb olayları, erməni xəyanəti və vandalizmi, 2 yaşlı körpə Zəhra balanın qəddarlıqla qətli və b. kimi ürək göynədən hadisələr ayrı-ayrı şeirlərlə yaddaşlaşdırılıb.

Şairin bu kitabında həm də “Ana dilim” və “Azərbaycan bayrağı” kimi milli dövlətçilik atributlarımıza həsr olunan şeirlərin yer alması məmnuniyyət doğurur, kitaba zənginlik, əlvanlıq və dəyər, qiymət qatır. Şair “Ana dilim” şeirində yazır:

 

Çıxdın tarixlərin çox sınağından,

Ümmanlar dolaşan qəhrəman dilim.

Oğuz yarpağından, Hun budağından

Aləmə bərq vurub sayrışan dilim.

 

Və yaxud “Azərbaycan bayrağı” şeirində:

 

Babaların öyüdüdür, nənələrin laylası,

Yurdu sevən məcnunların  o sevdayi-Leylası.

Üzərində şəhidlərin daşa dönmüş həsrəti,

Qədim, şanlı tariximdir, əcdadımın qeyrəti

                                   Azərbaycan bayrağı!

 

Təsirli, ifadəli “Ana” şeirində anaya məhəbbət duyğuları ümumiləşdirilib. Şairin:

 

Neynirəm dərmanı, loğman, həkimi,

Kaş bircə əlinə dəyəydi əlim.

Yaman darıxmışam mən körpə kimi,

Ağlayım, sızlayım, qoynuna gəlim –

 

misraları öz ülvi duyğuları, zərif hisslərilə ana məhəbbətini ümumiləşdirərək təqdim edib.

            Bu deyilənlərin əhatəsində ümid edirik ki, Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Vəli Qaraxanın növbəti kitabı geniş oxucu kütləsi tərəfindən razılıqla qarşılanacaq. Çap olunan bu kitabda da oxucular üçün oxunaqlı olan əsərlər çoxdur. Ən əsası bu kitabda artıq ömrünün ahıl, müdrik çağlarını yaşayan bir insanın səmimi duğularını əks etdirən çoxsaylı əsərlər toplanıb.        

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930