SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qızılgüldən həm ətir, həm də müqəddəslik alan Naxçıvan gülabı

Qızılgüldən həm ətir, həm də müqəddəslik alan Naxçıvan gülabı
2-06-2020, 09:55

İndi  qızılgüllərin açıb ətrafı öz gözəlliyi ilə oxşadığı, xoş rayihəsi ilə yolçunu yoldan etdiyi vaxtdır. Hər il baharın bu vədəsində həm də  qızılgüllərin al ləçəklərindən damla-damla süzülərək cövhərə çevrilən gülabın gündəlik həyatımıza, təbabətimizə, inanclarımıza, mətbəximizə və folklorumuza hopan ətri  duyulur.  Bütün bunlarla yanaşı, gülab özündə bir müqəddəslik də ehtiva edir. Naxçıvanda o, müqəddəs nemət hesab olunur. Nədədir onun müqəddəsliyi? Mənbələrdə qızılgülün vətəninin  Şərq ölkələri olduğu və bu gülün müqəddəs məna daşıdığı göstərilir. Bu müqəddəslik qızılgülün tanrıların gülü olduğu, onların bu gülü qoxulayaraq qidalandıqları ilə əlaqələndirilir. Yəqin elə bu səbəbdəndir ki, dini dəyərlər, İslam mədəniyyəti uca tutulan Naxçıvanda bu güldən hazırlanan gülab müqəddəs sayılır. Bax bu müqəddəsliyin məğzini açmaq, ümumiyyətlə, gülab necə hazırlanır, niyə hazırlanır, faydaları nədir suallarına cavab tapmaq üçün təbiəti, nemətləri və mətbəxi ilə Azərbaycanın incisi sayılan Ordubada üz tuturuq. Burada rayon İcra Hakimiyyətində işləyən və özü də ən gözəl gülabçəkən olan Səbahət xanımla görüşür, söhbətləşir və onun bələdçiliyi ilə Ordubad şəhərinin ən məşhur gülabçəkən qadınları ilə tanış olmağa yollanırıq.  

Qızılgülün məskəni olan, güllər açdığı üçün havası da qızılgül qoxan Ordubadın elə güllərin əhatə etdiyi küçələri ilə müsahibimin evinə doğru məsafədə Səbahət xanımın maraqlı söhbətini dinləyirəm: – Ordubadda bineyi-qədimdən qızılgüldən gülab çəkilib, gülqənd, mürəbbə və müxtəlif təamlar hazırlanıb. Hələ sovet dövründə buradakı konserv zavodunda istehsal olunan qızılgül mürəbbəsi ittifaqın ayrı-ayrı ünvanlarına göndərilirdi. Qızılgüllər açan vaxt hər kəs Ordubad mürəbbəsindən banka-banka alıb qışa saxlayardı. Bu səbəbdən də bazarlarda diyarımızın bu dilbər guşəsinə məxsus qızılgül mürəbbəsi əl-əl axtarılardı. Burada hər kəsin həyətində özünəməxsus qızılgül təsərrüfatı var. Qızılgül rayonda onlarla ailə təsərrüfatının formalaşmasına səbəb olub. Kimi mürəbbəlik qızılgülü bazara çıxarır, kimi mürəbbəsini, gülqəndini, şərbətini, kompotunu hazırlayıb satır, kimi də gülab çəkməklə gəlir əldə edir. Deyim ki, gülabçəkənlər daha çoxdur. Baxmayaraq ki, bu iş çox çətindir, zəhmət tələb edir, həm də hər kəsin əlindən gülab alınmır, amma artıq bu sahədə sözünü deyən ailə təsərrüfatlarımız var. Onların məhsullarını ta bazara çıxarmağa ehtiyacları qalmır, elə qapılarındaca, necə deyərlər, alıcıları başlarının üstündədir. Bu qızılgüllər diyarında ötən illərdə 10 hektar qızılgül bağı da salınıb. Söhbətimizin bu yerində Ordubadın ən məşhur gülabçəkəni, həm də ailə təsərrüfatı sahibi Məhluqə xanımın evinə çatırıq. Bizi həyətində gülərüzlə qarşılayan bu qadının üzündə ordubadlılara məxsus qonaqpərvərliyin bütün cizgiləri aydın duyulur. İlk olaraq əlimizə ətri adamı bihuş edən gülab damızdıran xanım “bir bilsəniz ki, gülab mikrob əleyhinə necə güclü vasitədir”, – deyir. Gələcəyimizi əvvəlcədən bildiyi üçün həyətindəki qızılgül kollarının yanında açdığı süfrəyə düzmədiyi naz-nemət qalmayıb. Qızılgülün mürəbbəsi, yeddiillik gülqənd, çörək, paxlava, Ordubadın məşhur qayğanağı, qızılgül kompotu, şirələri və sair. Samovar da qaynadılıb, çay da həzin dəmə qoyulub. Məhluqə xanım bizi əyləşdirib tam rahat qonaqladığına əmin olandan sonra nə desə yaxşıdır: – Süfrədə nə görürsünüzsə, hamısı qızılgüllü, gülablıdır. Düzü, bu mənə çox maraqlı gəldi. Heyrətləndiyimi görən Məhluqə xanım: – Hə, qızım, bax bu, şirin çörəkdir, xəmirini qızılgül suyu ilə yoğurmuşam. Paxlavanın, qayğanağın şirəsini həm dadı, həm də şəkərləşməməsi üçün gülabla hazırlamışam. Çayı da qızılgüllü dəmləmişəm. 

Bu zəhmətkeş ailə təsərrüfatı başçısının həm də gözəl, səliqəli, zövqlü bir xanım olduğuna, həqiqətən, heyran qaldım. Bu heyranlıq içərisində isə bayaq yolda Səbahət xanımın “hər əldən gülab alınmır” sözlərinin açıqlamasını eşitməyə tələsdiyim üçün elə Məhluqə xanıma ünvanladığım ilk sual da bu olur. Gülabçəkən qadın bizi bir qədər aralıda qurulan ocağa tərəf aparır və deyir ki, gəlin əvvəl gülabın hazırlanması ilə tanış olun, bu əsnada da söhbətimizi edək.

Ocaq tərəfə yaxınlaşdıqca mis qazanda qaynayan qızılgüllərdən ətrafa yayılan gözəl rayihə duyulur. Məhluqə xanım çiynindəki şalını başına çəkərək,

Qızılgül ləçək-ləçək,
Deyir məndən gülab çək.
Gülabı çəkən gərək,
Başına çəkə ləçək.

misralarını söyləyir və deyir ki, qız-gəlin gərək iş görəndə, xüsusilə süfrəyə çıxaracağı yeməkləri hazırlayanda təmizlik üçün başına ləçək çəkə. Gülabla bağlı isə bizdə belə bir inanc var ki, onu hazırlayan qadın hökmən başı örtülü olmalıdır. Yəqin, bu da gülabın müqəddəs nemət olması ilə əlaqədardır. 
Birinci dəfə gülab çəkildiyini gördüyüm üçün bu mənə çox maraqlı gəldi. Ocağın üstündəki qazanın qapağının kənarları xəmirlə tamamilə qapanmışdı. Qapaqdan çıxan 1-1,5 metr uzunluqda mis boru yaxınlıqdakı şüşə bankanın içərisinə qoyulmuşdu. Məhluqə xanım: – Əvvəla, deyim ki, gülab hər qızılgüldən çəkilmir. Bunun üçün qızılgülün kiçikləçəkli növündən istifadə olunur. Ocağın üstündəki qazanda, təxminən, 6 kiloqram qızılgül ləçəyi, 6 litr də su var. Bu, saatlarla qaynamalıdır. Su qaynadıqca buxar bu borunun divarlarına hopur, boruya yaş parça sarıyıb, üzərinə də tez-tez su çiləməlisən ki, buxar borunun soyuq divarlarına dəyib, gülab damlalarına çevrilib digər qaba yığılsın. Əvvəllər boru əvəzinə qamışdan istifadə olunurdu. Zaman keçdikcə onun yerini metal və plastmas borular alıb. Ancaq Ordubadda indi də ənənəvi üsuldan istifadə edənlər çoxdur. 
Gülabçı qadın, nəhayət, məni düşündürən məsələyə toxunaraq deyir ki, nəinki gülab çəkməkdə, hər bir işdə halallıq olmalıdır. Yoxsa onun xeyrini görə bilməzsən. Bəzi adamlar qızılgülü ləçəkləmədən qazana yığıb, qaynadırlar. Nəzərə alsaq ki, əsl gülab qızılgülün ləçəklərindən alınır, belələri görün nə qədər yanlışlıq edirlər. Belə olanda əsl gülab alınmır, rəngi tünd, ətri az olur. Bəziləri isə hətta bir dəfə istifadə olunan gülün üzərinə yenidən su əlavə edib qaynadaraq ondan gülab almağa çalışırlar. Buna ki pak niyyətlə yanaşmadın, sizcə, ondan nə gülab alınar? Ona görə deyirlər ki, gülab hər əldən alınmır. Yəni burada söhbət əsl gülabdan gedir. Düzdür, qızılgülün yaşıl hissəsindən də gülab çəkirlər. Bu, xüsusilə ürək xəstəliklərində əvəzsizdir. Amma onları ləçəklərlə qatmaq olmaz. 
Məhluqə xanımın şirin söhbəti doyumsuz olsa da, lakin digər gülabçəkən qadınlarla da tanış olmaq məqsədilə onunla xudahafizləşib ayrılırıq. Yol alırıq gülabçılıqda halallığı ilə tanınan digər bir ailəyə – Tovuz xanımgilə. Məhluqə xanımla gülabın hazırlanması haqqında ətraflı danışdığımız üçün Tovuz xanımdan məişətimiz, inanc və folklorumuzda gülabla bağlı məqamlar haqqında söhbət açmasını xahiş edirəm. Tovuz xanım deyir ki, Ordubadda hər bir həyətdə qızılgülə rast gələ bilərsiniz. Bu gül sağlamlıq, təmizlik, müqəddəslik rəmzi olmaqla yanaşı, həm də bu yerin insanlarının yaxşı gəlir mənbəyidir. Bizdə ta qədimdən bir adət var ki, qızılgülün ləçəkləri qurudular, ondan ailə üzvlərinin sayına görə kiçikölçülü yastıqlar hazırlanar. Bu gül yastıqları yatarkən əsas yastığın üzərinə, başın altına qoyular. Səhərədək gülün ətri ilə nəfəs alan adamdan dərd-bəla uzaq olar, sabah gözəl əhval-ruhiyyə ilə yeni günə başlayar. Belə yastıqlar hər evdə var. Hətta qızlarımızın cehizlərini də ilk olaraq qızılgüllü yastıqların hazırlanması ilə başlayırıq. Bu, qızın ata evindən gəlin köçdüyü yeni ocağına apardığı sağlamlıq, müqəddəslik rəmzi hesab olunur. Qızları da qızılgülləri kimi gözəl olan bu diyarda ana-nənələrimiz onları belə əzizlər, sevərlər:

Əzizim gül dodaqlı,
Qönçə üz, al yanaqlı.
Görüm gəlin olasan,
Gül ətirli, duvaqlı.

Əzizim gülab gözəl,
Gül gözəl, gülab gözəl.
Ordubadın qızları,
Güldən, gülabdan gözəl.

Əzizim güldən alıb, 
Yanağın güldən alıb.
Söz demə, al-al olar,
Allığı güldən alıb.

Tovuz xanım gülabın inanclara söykənən istifadəsindən danışaraq deyir ki, yas mərasimlərində çalınan halvanın umacı gülabla ovulur. Deyərlər ki, həmin halvadan bütün camaat daddığı üçün gülab kədəri, qəmi o eldən qovub aparır. Və yaxud yas mərasimi olan evlərdə cavan qızların qapıda dayanıb gedənlərin əlinə gülab damızdırması nə mənadadır, bilirsiniz? Bu o deməkdir ki, yas mərasimində ağlayan adam evinə gözü yaşlı, qəlbi kədərli getməsin. Gülabı əllərinə, üzünə çəkməklə insanın əhvalı dəyişir və evinə bu qəmdən arınmış kimi qayıdır. Yeni doğulan uşağın dərisi çox həssas olduğundan allergiyalara məruz qalır. Nənələrimiz uşaqların bədəninə gülab çəkməklə onu müxtəlif allergiyalardan qoruyarmışlar. Bu ənənə həm inanc, həm də xalq təbabəti nümunəsi kimi indi də davam etdirilməkdədir. 
Tovuz xanım deyir ki, qızılgülü qurudur, ovur, tavada azacıq qızardır, soyudur, duz vurub bankalara yığaraq qışa saxlayırıq. Küftə, dolma, ət qovurması yeməklərində ətirləndirici kimi istifadə edirik. O, gülabın həm də ürək, göz, xəstəliklərində, ürəkkeçmədə, sinir sisteminin möhkəmlənməsində çox faydalı olduğundan da danışdı. 
Bəli, Ordubad min bir adda şəfa qaynaqlı bitkilərdən cövhər, şirə, araq, doşab, kompot, mət, mürəbbə hazırlanan, muxtar respublikamızda keçirilən festivalları bəzəyən, bazarlarımızın bolluğunda böyük rolu olan bir diyardır. Burada hər biri tək qızılgüldən mövsümdə 200-500 litr gülab hazırlayan onlarla xanımlarımız, ailə təsərrüfatları var. Qızılgül ətirli, bol nemətli bu elin zəhmət adamlarına torpaqlarını əkmək, məhsullarını saxlamaq, satmaq üçün muxtar respublikamızda yaradılan hərtərəfli şərait isə onları əkin-biçin, istehsal işlərində daha da ruhlandırır.

 

Mətanət MƏMMƏDOVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031