SON DƏQQƏ

naxcivanxeberleri.com

Vəsiyyət üzrə vərəsəlik

Vəsiyyət üzrə vərəsəlik
25-05-2020, 10:47

Bundan əvvəl “Naxçıvan Xəbərləri” informasiya vasitəsində qanunvericiliyimizdə “Qanun üzrə vərəsəlik” mövzusunda yazı qələmə almışdıq. Məqsədimiz mülki hüququn bu önəmli sahəsi haqqında cəmiyyətdə insanlarımızın məlumat sahibi olması, maariflənməsidir. Bu yazıda isə vərəsəliyin digər forması olan “vəsiyyət üzrə vərəsəlik” haqqında qanunda yer alan müddəaları daha sadə şəkildə oxuyucuların nəzərinə çatdıracağıq.                                                             

Əvvəlcə gəlin vəsiyyət anlayışının nə olduğuna baxaq. Qanunda qeyd edilir ki, fiziki şəxs, yəni insan fərdi ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.                                                                                  

Hər bir insan vəsiyyət edə bilərmi? Burada önəmli bir neçə şərt var: vəsiyyət edən şəxs vəsiyyətnamə tərtib edildiyi məqamda öz hərəkətləri barədə şüurlu mühakimə yürüdə  və öz iradəsini aydın ifadə edə bilməli, eyni zamanda yetkinlik yaşına (18 yaşına) çatmış şəxs olmalıdır. Vəsiyyətnamə onu kim tərtib edirsə şəxsən özü tərəfindən tərtib edilməlidir. Çünki qanunda vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtib edilməsinə yol verilmir.                                                                    

Vəsiyyətnamə birgə tərtib edilə bilərmi? Cavabı-əlbəttə ki yox. Vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Vəsiyyətnamədə bir miras qoyanın sərəncamı olmalıdır. Yalnız və yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər.    

Vəsiyyət edən payları necə müəyyənləşdirir? Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, bu zaman təyin edilmiş digər vərəsələr qalan əmlakı bərabər alırlar.     Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.                           

Əmlak vəsiyyətnamədən kənarda qalmışsa? Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Xatırladaq ki, qanun üzrə vərəsəlikdə ölmüş şəxsin əmlakı qanunda göstərilən şəxslərə (uşaq, ər (arvad), valideynlər, övladlığa götürülənlər və.s) keçir.                    Tutaq ki, vəsiyyətnamə ilə təyin edilmiş hər bir vərəsənin payı müəyyənləşdirilib, ancaq bunların hamısının payını birlikdə götürdükdə bütöv mirası əhatə etmir, bu zaman qanunda göstərilir ki, vəsiyyətnamədə təyin edilmiş hər bir vərəsənin payı mütənasib surətdə artılır.                                                 

Vərəsələri dəqiq müəyyənləşdirmək mümkün olmadıqda? Elə olar ki, vəsiyyət edən vərəsənin şəxsiyyətini bir neçə şəxsə uyğun gələ bilən əlamətlərlə müəyyənləşdirər və onlardan hansını nəzərdə tutduğunu təyin etmək mümkün olmaz (məsələn, vəsiyyət edən qardaşının oğlanlarını ümumi şəkildə qeyd edir və qardaşın da üç oğlu var, bunlardan hansını dəqiq olaraq nəzərdə tutduğu bilinmir), bu zaman onların hamısı bərabər pay hüququ ilə vərəsə sayılırlar.                                                                              

Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.                                                          

Qanun üzrə vərəsəliyin yolverilməzliyi. Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Hörmətli oxucu, vərəsəlik, miras mövzusu mülki qanunvericilikdə geniş bir fəsli əhatə edir. Yuxarıda da dediyimiz kimi, bu mövzuları işıqlandırmaqda məqsəd cəmiyyəimizdə insanları bu yöndə daha aydın məlumat sahibi olmasına yönəlmişdir. Çünki maarifləndirmə, məluamtlandırma işi cəmiyyət üçün çox əhəmiyyətli istiqamətdir. Ona görə də, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Cənab Vasif Talıbov dəfələrlə vurğulamışdır ki, hüquqi maarif işi yüksək səviyyədə və keyfiyyətli təşkil olunan cəmiyyətdə yaşamaq da, işləmək da daha rahatdır. Bu dəyərli tövsiyyə bu gün Muxtar Respublikada dərindən mənimsənilir və bu yöndə faydalı işlər görülür. Hətta əminliklə deyə bilərik ki, Muxtar Respublikada maarifləndirmə işinin keyfiyyəti və səviyyəsi ölkənin digər bölgələrinə müsbət iş təcrübəsi kimi tövsiyyə olunur.               

İnsanların dövlət idarə və təşkilatlarına hər hansı məsələdə müraciət edib məlumat almaq hüququ ilə yanaşı, maarifləndirmə işinin də effektivliyi hər zaman önəmlidir.

 

Elvin ZEYNALOV 

Sədərək rayon prokurorluğunun

müstəntiqi I dərəcəli hüquqşünas                                                     

                                                                                                           

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930