SON DƏQQƏ

naxcivanxeberleri.com

Yazın tükənməyən sərvəti-Göbələk

Yazın tükənməyən sərvəti-Göbələk
23-05-2020, 09:19

Göbələk orqanizm üçün olduqca faydalıdır. Dünyanın müxtəlif ölkələrində göbələkdən istifadə xalqların adət və ənənələri ilə bağlı olmuşdur. Onun tərkibi vitamin, kalsium, dəmir və karbonatlarla çox zəngindir. Bu səbəbdən də mövsümündə göbələkdən bolluca istifadə etmək lazımdır. Göbələklər olduqca müxtəlifdir. Onlar bir-birindən quruluşuna, ölçülərinə, bitdikləri yerə, fizioloji funksiyasına görə fərqlənir. Göbələklər adətən yağışdan sonra, gün çıxanda böyüyüb inkişaf edirlər. Halhazırda yüz minə yaxın növü olan göbələklərə qızmar tropik ölkələrdən, səhralardan tutmuş uzaq şimal qütbünə qədər hər yerdə rast gəlmək olar. Bu canlılar yarım saat ərzində 10 santimetr böyüyə bilirlər.

Elə bu xüsusiyyətlər də onu digər canlı aləmin nümayəndələri arasında birinci etmişdir. Bu canlılar təbiətdə hər cür şəraitdə yetişməyə uyğunlaşmışlar. Göbələklərin böyük bir qismi parazit həyat keçirir. Onlar bitkilər kimi sporlarla çoxalır və daim böyüyürlər. Qidanı isə bütün səthi ilə sorur və burada özlərini bitki kimi aparırlar. Əslində, göbələklər təkcə gözlə gördüyümüz üst səthdən ibarət deyildir. O, demək olar ki, bütünlüklə torpağın içində gizlənib, torpağın səthində isə yalnız cüzi bir hissəsi görünür. Onun yerin təkindəki hissəsinin-göbələk tellərinin uzunluğu yüz min kilometrlərlə ölçülür. Göbələyin bütün tellərini bir yerə toplayıb tərəzidə çəksək, görərik ki, bir göbələk ən böyük heyvandan belə ağırdır. Meyvə gətirən ağacı sındırmaq məsləhət görülmədiyi kimi, bol göbələk məhsulu yığmaq üçün göbələyin tellərini də məhv etmək olmaz.

Təbiətin bu qeyri-adi səltənəti olan göbələklərin faydalı xüsusiyyətləri haqqında isə onu demək olar ki, qida dəyərinə görə onlar heç də ətdən, meyvə və tərəvəzlərdən geri qalmır. Göbələklər bol zülal qaynağı olmaqla yanaşı, bir çox vitaminlərlə-karbohidratlarla, amin turşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə də zəngindir. Lakin göbələklərdə yağlar az olduğu üçün onlar az kalorili qida sayılır. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.

Bundan əlavə, həm də göbələklər antioksidantlarla da olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir. Göbələklərin tez-tez qida rasionuna daxil edilməsi immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmlənməsinə kömək edir. Rayonumuzun Batabat, Biçənək, Qanlı göl və bir çox ərazilərində onlarla yeməli göbələk sortları var. Elə ki, yaz gəldi, rayonumuzda və onun kəndlərində hər kəs evindən çıxıb göbələk yığmağa gedər.

Bu, çox asan və olduqca da insanda maraq yaradan bir işdir. Milli mətbəximizdə və Şahbuz mətbəxində göbələkdən müxtəlif yeməklər hazırlanır. Gəlin, göbələk çığırtmasının bişirilmə qaydasını Həqiqət xalanın dilindən eşidək. Mən uzun illərdir ki, hər il yaz gələndə Batabata, Qanlı gölə gedərək ailəm və şəhərdə yaşayan yaxın qohumlarım üçün göbələk yığıram. Təcrübəmə əsasən deyə bilərəm ki, göbələk yığmaq bir qismət işidir, o hər kəsin qabağına çıxmaz. Həm də göbələyin yığım vaxtları, saatları olur. Onu istənilən vaxt dərmək olmaz. Adətən bu canlılar kolların dibində, otların arasında gizlənir. Uzun illərdir ki, göbələk yığdığım üçün zəhərli göbələkləri yaxşı tanıyıram. Elə dağlarda göbələk yığan zaman zəhərli göbələkləri yoldaşlarıma da tanıtmağa çalışıram. Həqiqət xala deyir ki, çalışmaq lazımdır göbələyi yığdığımız və ya aldığımız zaman onu təzə-təzə soyuducuda çox saxlamadan bişirək. Əks-halda soyuducuya qoyulan göbələk orada 2-3 gün qaldıqda öz müsbət xüsusiyyətlərini tez bir zamanda itirir. Həqiqət xala özü topladığı göbələklərdən göbələk çığırtmasını bişirmək üçün əvvəlcə onları təmiz yuyub səliqə ilə doğradı. Sonra bir qazana yığıb üzərinə su əlavə edərək qaynamağa qoydu. Yarım saat qaynatdıqdan sonra suyunu süzdü. Daha sonra bir qazana baş soğan doğrayıb onu yağda azacıq qızılı rəngə çalana qədər qovurdu. Pörtlədilmiş göbələkləri azacıq qızarmış soğanın üzərinə əlavə edib, duz, istiot vurur və birlikdə qarışdıraraq qovrulmaq üçün asta vamda oda qoydu. Suyu çəkilənəcən ara-sıra onu qarışdırdı. Sonra ayrıca bir qabda narın doğranmış göyərtini yumurta ilə birlikdə çalaraq göbələyin üstünə tökdü və qarışdırdı. Yenidən 5 dəqiqəyə yaxın bişirilməyə qoydu və beləliklə, göbələk çığırtmasını hazırladı. Həqiqət xalanın dediklərinə görə, göbələk çığırtmasının qatıqla yeyilməsi məsləhətdir.

Onu da bilməliyik ki, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən də 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək məsləhət deyil. Bildirmək istəyirəm ki, xarici görünüşünə görə bəzi zəhərli göbələklər ilə yeməli göbələklər bir-birilərinə çox oxşayırlar. Ona görə də göbələk yığımı zamanı diqqətli olmaq lazımdır. Əsasən yeməli göbələklər meşə massivlərində və açıq sahələrdə əmələ gəlirlər. Göbələk yığımı zamanı onları əllərimizlə qırsaq və ya iki yerə bölsək, o, rəngini dəyişmirsə, deməli, zəhərli göbələk deyil. Göbələyi bişirən zaman da onun zəhərli, ya da zəhərsiz olduğunu bilmək olar. Bunun üçün qazanda qaynayan göbələyin içərisinə bir baş soğanı və ya sarımsağı iki yerə bölüb atırıq. Əgər soğanın rəngi dəyişsə, onda bu göbələkdən imtina etmək lazımdır. Digər bir fərqləndirmə üsulu odur ki, zəhərli göbələklər yeməli göbələklərdən fərqli olaraq qurd salmır. Adətən göbələkdən zəhərlənmə halları çox olur. Bu, yeməyin qəbulundan 1-2 saat sonra özünü göstərir. Bu zaman ürəkbulanma, qusma, qarın nahiyələrində ağrılar, tərləmə, baş ağrısı, halsızlıq özünü göstərir. Uşaqlar isə göbələkdən daha tez zəhərlənirlər. Zəhərlənmə qana keçməmiş tez 4-5 stəkan qaynadılmış ilıq su və ya sodalı su içmək lazımdır.

Turanə Baxşəliyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930