SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mənəvi  saflaşma ayı

Mənəvi  saflaşma ayı
22-05-2020, 16:08

Ayların sultanı kimi səciyyələnən Ramazan ayı əxlaqi-mənəvi saflaşmaya xidmət edir

 

Şərq müdrikliyi, əxlaqı, mənəvi dəyərləri həmişə zəngin olub. Xalqımızın dünyagörüşündə mənəviyyatçılıq, əxlaqçılıq başlıca yerdə dayanıb. Özündə insanpərvərlik, qəlbigenişlik, saflıq, ucalıq və digər insani keyfiyyətlərə əhəmiyyət verən Şərq xalqlarından biri kimi Azərbaycan xalqının etik kodekslərində bu dəyərlər aparıcı yer tutub. Azərbaycan xalqı ta qədimlərdən qonaqpərvər, gözü-könlü tox, əxlaqı zəngin, mərdlik, doğruculluq, sədaqətlilik kimi keyfiyyətlərlə səciyyələnən zəngin, söz və qədir bilən bir xalq kimi tanınıb. Vətənə, elə, xalqa bağlılıq Azərbaycan xalqının başlıca mənəvi keyfiyyəti, dəyəri olub. Adamlar arasında “əl tutmaq eldən qalıb”, - deyə yoxsulu, imkansızı qayğı ilə yada salmaq, kasıbı dost tutmaq əsas əxlaqi dəyərə çevrilib, mənəvi göstərici kimi çıxış edib. Bu cür zəngin mənəvi keyfiyyətlərinə görə də bir cəmiyyət olaraq həmişə gələn qonaqları, səyyahları və başqalarını heyrətdə buraxıb. Buna görə də onun zəngin ədəbiyyat nümunələri içərisində kişilik və insaniyyətlik məktəbi aparıcı mövqedə dayanıb.  

Azərbaycan xalqının da yüz illərlə qeyd etdiyi Ramazanı ayların sultanı adlandırırlar. Ramazan haramdan çəkinmə və halallıq, nəfsi tərbiyə və dözümlülük, əxlaqi saflaşma, mənəvi təmizlənmə, həmrəylik və Allah sevgisinin, insan sayğısının tərbiyə olunduğu və əməldə birinci yerdə dayandığı bir aydır. Ramazan islam dini ilə daha çox bağlıdır. Ancaq bu adətlərin daha da qədimlərdən icra olunduğunu qətiyyətlə demək olar. Xüsusilə Azərbaycan xalqının əxlaqi dəyərlərində bu kimi adət-ənənlər, davranışlar öncüllük təşkil edib. Çünki ən adi bayatısından tutmuş bir misralıq atalar sözünə qədər insanlıq, mənəviyyatçılıq, əxlaqlılıq dərsi verən Azərbaycan söz xəzinəsində bu kimi keyfiyyətlər başlıca yerdə dayanıb: “Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, Xaliq bilər”, “Yaxşılıq eləyib bir şey umursansa, etməsən, yaxşıdır”, “Yaxşılıq qapı açar” kimi ibrətamiz hikmətli sözlərində yaxşılıq dəyəri üslün yer tutub. Hətta xalqımızın ana abidəsi olan “Kitabi-Dədə Qorqud”da yaxşılıq etmək bir elin mənəvi-əxlaqi davranış göstəricisi idi: Oğuz yurdunda əl tutmaq bir ənənə idi, düşməni amana buraxmaq Allahdan sayılırdı, Qazan xan ildə bir dəfə evini yəğmladar, var-dövlətini ehtiyacı olanlara dağıdardı və s. Nəfsin tərbiyəsi, əxlaqın üstünlüyü xüsusilə orta əsrlər ədəbiyyatında başlıca cərəyanlar, ədəbi istiqamətlər təşkil edirdi. Nizamidən üzü bəri anadilli ədəbiyyatımızın şahi-sultanları olan İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Şah Xətai, Məhəmməd Füzuli, hətta müasir ədəbiyyatımızın klassiklərindən sayılan Hüseyn Caviddə belə bu kimi insani keyfiyyətlər ədəbiyyatın, yaradıcılığın yeganə məqsədi hesab edilirdi. Bəlkə də bu zəngin söz və mənəviyyat sərvətinə şəxsiyyətin tərbiyəsi və yetişdirilməsi konsepsiyası kimi yanaşmaq daha doğru olardı.  Bu mənada islamın sırf dini ibadət halını alan bu ənənələr Ramazan ayı çərçivəsində birləşərək daha aktuallıq qazanmış, bir tərbiyəvi ciddiyyətə, zərurətə, vacibata çevrilmişdir. Bu mənada Ramazan nəfsin, tamahın tərbiyə olunduğu, halallığın təbliğ və təlim olunduğu, əxlaqi-mənəvi saflaşmanın tələb olunduğu bir aydır. Məhz bu ayda Allah xətri üçün müsəlmanlar bütün qəlblərini uca yaradana bağlayaraq nəfsdən, tamahdan çəkinir, harama lənət oxuyub halallığa can atır, onu günaha, harama batıracaq hər bir əməldən uzaqlaşmağa çalışır, niyyətini, dilini, əqidəsini, gözünü, qəlbini düzəldir, mənəvi kamillik üçün çalışır, iradi mübarizə aparır. Bir sözlə, hər bir müsəlman digər aylar da olmaqla məhz bu ayda sırf gözü-könlü tox, halal bir insan xarakteri yaratmaq, formalaşdırmaq uğrunda çalışır, “Allah xətrinə” bir mənəvi təmizlənmə mücadiləsi açır.

Azərbaycan xalqı minnətdarlıqla xatırlayır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev başqa milli dəyərlərimiz kimi dini dəyərlərimizin də xalqımıza qaytarılması və qorunub-saxlanmasında əvəzsiz xidmətlər göstərib. Bu baxımdan dini dəyərlərini yaşadan Azərbaycan xalqı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sakinləri də bu ənənələri qoruyub-saxlamış, həmişə bu dəyərləri uca tutaraq onlara əməl etməyə çalışmışlar. “Əshabi-Kəhf” yurdu olan, Gəmiqaya kimi müqəddəs bir yerə ev sahibliyi edən, Nuhun vətəni, dahilərin beşiyi kimi tanınan Naxçıvanda bu gün də başqa dini adət-ənənələr kimi Ramazan ayı ibadətləri və orucluğa sidq-ürəkdən əməl edilir. Həmişə birliyi, həmrəyliyi sevən Naxçıvan əhalisi Ramazan ayı ibadətləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə iftar yeməyinə yığışır, xalqımızın uca dəyərlərindən, yaxşı əməllərindən söhbət açır. Bütün bölgələrdə həyata keçirilən bu cür toplum iftar yeməkləri, o cümlədən sosial qayğıya ehtiyacı olanalara yardım edilməsi və digər ibadət ənənələri Naxçıvan əhalisinin milli həmrəylik və birliyinin təzahürü kimi insanın qəlbini dağa döndərir. Məhz bu birliyin – rəhbərlə xalqın, adi vətəndaşla məmurun – bir sözlə, bütün əhalinin sıx birliyi sayəsində Naxçıvan ən çətin sınaqlara dözərək üzüağ çıxmış, blokada şəraitinin çətinliklərini yarmış, öz ərazi bütövlüyünü, dövlətçilik və milli mənsubiyyətini iftixarla qoruyub saxlamış, Azərbaycan xalqına birlik sevgisi ilə mübarizə apararaq müasir inkişaf və intibaha qovuşmuşdur. Naxçıvanın hər kəndindən, şəhərindən – bir sözlə, hər yaşayış məskənindən, daşından, qayasından, düşmənlə üz-üzə duran postundan, səngərindən “Allahu-əkbər” nidası, “Allah xətrinə, vətən naminə” sədası gəlir. Öz vətəni uğrunda şəhid düşən hər bir Azərbaycan əsgəri, Azərbaycan övladı əbədiyaşardır. Ancaq öz evindən, vətənindən kənarda hansısa missioner və ya terror birləşməsinin sövqi ilə terror aktı törədənlər, məqsədsiz ölənlər və öldürənlər hansısa dinə, hansısa milliyyətə mənsubluq daşımırlar. Yeni faşizmə meydan açan erməni terrorizmi və nasionalizmi artıq illərdir ki, Azərbaycan xalqına qarşı əsassız ərazi iddiaları ilə çıxış edir, dinc sakinlərə zərər verir. Faşizmə xidmət edən və faşizmi həyat tərzinə çevirən bir dövlətin (əgər dövlət demək mümkünsə!) sərsəm davranışlarına isə, təəssüf ki, ikiüzlü siyasət yeridən dünya ölkələri hələ də səssizcə izləyir.  Halbuki Azərbaycan xalqı, Azərbaycan dövləti min illərlə gələn humanist əməllərini qoruyaraq sülhə, əmin-amanlığa sahib çıxır, öz tolerantlığını nümayiş etdirir. Min illərin sınağından üzü ağ çıxan Azərbaycan xalqı bu gün də mədəniyyətlərin aşındığı, dəyərlərin itirildiyi bir zamanda öz milli xarakterini qorumağa müvəffəq olmuş, apardığı mənəvi mücadilə ilə başlıca dəyərlərini saxlamışdır.

Beləliklə, orucluq nəfsə və tamaha, əxlaqsızlıq və mənəviyyatsızlığa, haramlıq və talançılığa, yalançılıq və evyıxanlığa – bir sözlə, insana yaraşmayan əməllərə mübarizə cihadıdır. Oruc təkcə insanları aza qane olmağa, halal qazanc əldə etmək və yeməyə çağırmır, həm də bütün əxlaqı və həyat tərzini, düşüncə və niyyəti, məqsəd və əməlləri insanlığa sığışan çərçivədə həyata keçirməyə, günahdan, haramdan çəkinməyə dəvət edir. Bütün bu ibadətlərin, bu gözəl əməllərin başında, məqsədində isə öz xalqına, vətəninə, elinə, beləliklə də, bütün insanlığa, dünyaya xidmət etmək, doğruluğu yaymaq, təbliğ etmək gəlir. Bütün niyyətlərimizin nüvəsində, bütün dualarımızın başında vətən gəlir, vətənimizin xoşbəxtliyi, xalqımızın firavanlığı, bütün insanlığın sülh və əmin-amanlıq içərisində yaşamaq arzusu dayanır. Xalqımızın dahi oğlu ulu öndər Heydər Əliyevin dediyi kimi: “Qloballaşan dünyamızda hamımız bir-birimizə yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi məhz bununla bağlıdır. Bu dialoqu inkişaf etdirərək, ona dəstək verərək, məhz bütün insanların gələcəyi naminə biz hamımız mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoqunda ümumi dil tapmalıyıq. İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!”

 

Ramiz QASIMOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930