SON DƏQQƏ

naxcivanxeberleri.com

Qədim el sənəti – SİLAHSAZLIQ

Qədim el sənəti – SİLAHSAZLIQ
17-05-2020, 23:14

Naxçıvanda bu sənəti yaşadanlardan biri də Araz Məmmədovdur.

Tarix boyu müxtəlif el sənətləri ilə tanınan Naxçıvanda ənənəvi sənət sahələrindən biri də silahsazlıqdır. Bu sənətin tarixi olduqca qədimdir. İnsanlar metal əldə etməmişdən çox-çox əvvəl daş, gil, obsidian və sair məmulatlardan istifadə etməklə silahlar hazırlamışlar. Azərbaycan ərazisində aparılan tədqiqatlar göstərir ki, hələ neolit dövrünün ilk çağlarından başlayaraq mizraq, nizə, toppuz, sapand, daş kürəciklər və sair silahlar hazırlanmışdır. Silahsazlıq sənətinin yüksəlişi isə metallurgiya və metalişləmənin inkişafı ilə mümkün olmuşdur. Hələ ibtidai dövrdə, daha dəqiq desək, eneolit dövründə Naxçıvanda yaşayan qədim tayfaların metal əldə etməsi metal silahların hazırlanmasına da təkan vermişdir. Erkən Dəmir dövründə silahsazlıq sənəti daha geniş inkişaf etmiş, keyfiyyəti, bədii zənginliyi, say çoxluğu ilə seçilən soyuq silahlar hazırlanmışdır. Diqqətçəkən məqam burasıdır ki, bu silahlar yerli ustalar tərəfindən hazırlanmışdır. Bu silahların hazırlanmasında Naxçıvan metalından istifadə olunmuşdur. İbtidai dövrə aid yaşayış yerlərindən aşkar olunmuş metal qəliblər bir daha sübut etdi ki, Naxçıvanda bu sənət sahəsində əldə olunmuş nailiyyətlər yerli inkişafın nəticəsi olmuşdur. Ox ucluqları, nizə, xəncər, toppuz ibtidai silah növləridir. Bu silahlardan həm döyüşlərdə, həm də ovçuluqda istifadə olunmuşdur. Silahsazlığın inkişafında hərb sənəti mühüm rol oynamışdır. Naxçıvanın hərb tarixində əldə olunmuş böyük nailiyyətlərdə də silahsazlıq sənətinin əvəzolunmaz rolu olmuşdur. Naxçıvanda silahsazlıq sənətinin inkişafı tarixi mənbələrdə də öz əksini tapmışdır. XVIII əsrdə Rusiya çarı I Pyotra Şamaxı ilə yanaşı, Naxçıvan silahlarının təqdim olunması da təsadüfi olmamışdır. Tarixi mənbələr sübut edir ki, Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanda, xüsusilə Ordubad şəhərində silahsazlıq sənəti yüksək inkişaf etmiş, burada yüksək keyfiyyətli silahlar hazırlanmışdır. Silahların hazırlanmasında yerli xüsusiyyətlər mühüm rol oynayır. Hər bir coğrafi ərazinin, hər bir xalqın özünəməxsus yaraqları vardır. Bu mənada, Naxçıvan silahları da özünəməxsusluğu ilə daim diqqəti cəlb etmişdir. Silahlar istifadə məqsədinə, səciyyəsinə görə soyuq və odlu olmaqla iki qrupa bölünür. Soyuq silahlar ənənəvi olaraq qədim zamanlardan hazırlanan yaraqlardır. Bu yaraqlar döyüş və müdafiə xarakterli olmaqla iki yarımqrupa ayrılmışdır. Döyüş yaraqları daha kəskin, daha böyük olmuş və qanlı müharibələrdə istifadə olunmuşdur. Müdafiə məqsədilə istifadə olunan silahlar isə bir növ geyim rolunu oynamışdır. Bu cür geyimlər də silahsazlar tərəfindən hazırlanırdı. Təbii ki, bu zaman silahsaz həm də mahir dərzi bacarıqlarına yiyələnməli idi. Qanlı müharibələrdə istifadə olunan və metaldan hazırlanan silah-geyimlər rahat, yüngül və yüksək qoruyucu keyfiyyətə malik olmalı idi. Naxçıvan ərazisində orta əsrlərdən başlayaraq müxtəlif formalı bu cür zirehli geyimlər hazırlanmışdır. Tədqiqatlar zamanı belə geyimlərin qalıqlarına rast gəlinmişdir. Bu cür geyimlər bu gün ölkə, o cümlədən Naxçıvan muzeylərində nümayiş etdirilir. Zaman keçdikcə silahların bədii zənginliyinə də əhəmiyyət verilmişdir. Statusu böyük olan döyüşçülərin silahları daha keyfiyyətli, zəngin işləməli olurdu. Belə silahların hazırlanmasında bəzən zərgərlər də iştirak edirdi. Zərgər əlindən çıxan silahlar bədii zənginliyi ilə gözoxşayan sənət əsərinə çevrilirdi. Orta əsrlərdə odlu silahların meydana çıxması səbəbindən soyuq silahlar öz əhəmiyyətini getdikcə itirdi. XIX əsrdə sənayenin inkişafı ilə əlaqədar odlu silahlar getdikcə daha təkmil formada istehsal olundu. Bu gün soyuq silahlar, demək olar ki, artıq tarixə qovuşur, getdikcə muzey materialı, eksponat rolunu oynamağa başlayır. El sənətləri məişətdə, təsərrüfatda və digər sahələrdə faydalı olduğu üçün yaranır, tələbat olmayanda, beləcə, əhəmiyyətini itirir və tarixə qovuşur. Bütün dünyada olduğu kimi, Naxçıvanın qədim el sənətlərindən olan silahsazlıq sənətinə olan tələbat da bu gün azalıb. Buna baxmayaraq, silahsazlıq sənəti digər sahələrdə əhəmiyyətli olduğundan bu gün də yaşadılır. Bıçaq və balta kimi əşyalar məişətdə istifadə olunduğu üçün onların hazırlanması bu gün də davam etdirilir. Əmud, xəncər, qılınc kimi silahlar isə artıq suvenir kimi hazırlanır. El sənətləri Naxçıvanda bu gün də qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür. Tarixən elinə, obasına, adət-ənənələrinə bağlı olan naxçıvanlılar silahsazlıq sənətini də bugünədək yaşada biliblər. Naxçıvanda bu sənəti yaşadanlardan biri də Araz Məmmədovdur. O, 1976-cı ildə Naxçıvan şəhərində, hərbçi ailəsində anadan olub. Ali təhsilini Türkiyənin Ankara şəhərində sistem mühəndisliyi üzrə alan Araz peşəkar hərbçi olaraq Azərbaycanda xidmət edib. Artıq təqaüdə çıxan zabit hazırda fəaliyyətini Naxçıvan Dövlət Texniki Kollecində hərbi rəhbər olaraq davam etdirir. Silahsazlıq və kolleksiya toplamaq isə onun məşğuliyyətidir. O, metal və silahlar haqqında hərtərəfli biliyə malikdir. Araz biliklərini bugünkü gənclərə öyrədən bir müəllim və bir usta kimi Naxçıvanda yaxşı tanınır. El dilində desək, Araz usta dəmirin, poladın dilini yaxşı bilir. Bir silahsazı peşəkar usta edən də məhz metalın dilini yaxşı bilməsidir. Bu sənətin sirlərini müstəqil şəkildə öyrənən Araz vaxtilə Naxçıvan ustalarının bu sahədə əldə etdiyi nailiyyətləri araşdırır, onlardan miras qalan silahsazlıq ənənələrini yaşatmağa çalışır. Tarixən Naxçıvanda yaranan, günümüzədək gəlib çatan sənət ənənələri haqqında sevgi ilə danışan Araz burada fəaliyyət göstərən ustaların tarixən poladı qoyun quyruğu ilə soyutduqlarını və bu üsulun Naxçıvan silahsazları arasında ənənə halını aldığını deyir. Araz üçün hər şey vətəndən, el-obadan başlayır. Naxçıvan diyarı, bu yurdun özünəməxsus adət-ənənələri də onun üçün çox əzizdir. Azərbaycan, o cümlədən Naxçıvan ustalarının sənət ənənələrinə olan sevgisi, heyranlığı da zamanla bu yerlərdə yaşayan silahsazların əldə etdiyi misilsiz nailiyyətlərdən qaynaqlanmışdır. “Ot kökü üstə bitər” deyiblər. Araz da bu ənənələrə sadiq qalaraq silahsazlıq sənətini sevərək yaşadır. Bununla yanaşı, o, dünya silahsazlıq sənəti sahəsində əldə olunmuş nailiyyətləri də öyrənməyə, mənimsəməyə çalışır. Türkiyə, Gürcüstan, Meksika ustalarının sənət ənənələrinə də yaxından bələd olan Araz Məmmədov bu sənətdən söz düşəndə türkiyəli silahsaz Şirin babanı xüsusi hörmətlə xatırlayır. Araz yaşadığı evdə, öz kiçik emalatxanasında hər gün qədim el sənəti olan silahsazlıqla məşğul olur, müxtəlif silahlar hazırlayır. Hazırladığı yaraqları isə sərgi-satış mağazalarında satışa çıxararaq qazanc əldə edir. Araz hazırladığı silahların əsasən Naxçıvan yaraqları olmasına xüsusi diqqət yetirir. O, bu cür yaraqları hazırlamaqla hərb tariximizdə mühüm rol oynamış silahların tanıdılmasına, öyrənilməsinə, unudulmamasına çalışır. Keçmişini unudan xalqa gələcəyini görmək qismət olmur. Evimizin bir küncündə tarixi bir əşyanın olması bizi həm keçmişimizə bağlayır, həm də kim olduğumuzu, haradan gəldiyimizi, haraya getdiyimizi bizə xatırladır. Elə ona görə də milli dəyərlərimizə hər zaman sevgi ilə yanaşmalı, bu dəyərləri Araz kimi qorumalı, yaşatmalı və gələcək nəsillərə ötürməliyik.

 

Fizzə QULİYEVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930