SON DƏQQƏ

naxcivanxeberleri.com

Yaz fəslinin faydalı bitkiləri-Gicitkən və kiriş

Yaz fəslinin faydalı bitkiləri-Gicitkən və kiriş
17-05-2020, 21:30

Yaz fəslində insan üçün lazım olan bitkilər dağlara, çəmənliklərə, düzənliklərə bəxş olunur. Obrazlı desək, bu fəsildə ana təbiət elə bil nəhəng bir göy-göyərti süfrəsi açır. Bir çox bitkiləri insan qidada istifadə edir, digərlərinin isə gözəlliklərini seyr edirlər. Bundan başqa, elə otlar da var ki, müalicəvi xüsusiyyətlərə malikdirlər və insana müxtəlif xəstəliklər zamanı sağalmağa kömək edirlər. Hər birimizə məlumdur ki, erkən yazda torpaqdan baş qaldıran bu bitkilər insanlar tərəfindən yığılaraq həm yazda istifadə olunur, həm də payız-qış ayları üçün tədarük olunaraq saxlanılır. Yazda rayonumuzun dağlarında bitən bəzi yabanı bitkilər var ki, onlardan müxtəlif yeməklərin, kətələrin hazırlanmasında istifadə edilir. Bunu fürsət bilən yerli sakinlər dağlara, dərələrə üz tutaraq min bir dərdin dərmanı olan bu bitkiləri toplayaraq istədikləri yeməkləri hazırlayırlar. Hər kəs çalışır ki, bu bitkilərdən toplasın və zamanında istifadə etsin. Bu fəsildə bitən qiymətli bitkilərin adlarını sadalamaq xeyli vaxt aparar. Hal-hazırda indi əvəliyin, ələyəzin, şıppırın, cacığın, qazayağının, gicitkənin və kirişin toplanma vaxtıdır. Rayonumuz əsrarəngiz təbiəti ilə məşhur olduğu kimi, bu diyarın yetirib-bitirdiyi nemətlər də dadı-tamı, keyfiyyəti ilə dillər əzbəridir. Zənginliyini bu doğma təbiətdən alan milli mətbəximizdə hər biri bir dərdin dərmanı olan bitkilərdən müxtəlif cür yeməklər hazırlanır və hər xörəyin öz dadı, öz ləzzəti olur. Amma bəlkə də yazda bitən çöl pencərlərindən hazırlanan yeməklər orqanizmimiz üçün dünyanın ən ləziz xörəyindən də faydalıdır. Yaz fəslində milli mətbəximizdə istifadə olunan bu çöl pencərlərindən hazırlanan kətələr geniş yayılmış yemək növlərindən biridir. Bu yemək növü içliyi yuxa kimi yayılmış xəmirin içərisinə qoyub yarımdairə və ya dördkünc şəklində bükülərək əsasən təndirdə, təndir olmadıqda isə sac, mis məcməyi və ya tavada hər iki üzü qızardılmaqla hazırlanır. Müxtəlif mineral və vitaminlərlə zəngin olan belə bitkilərdən hazırlanan kətə insan orqanizmi üçün də çox faydalıdır. Bildiyimiz kimi, kətədən ən çox yaz mövsümündə istifadə olunur. Quşəppəyi, ispanaq, qırxbuğum, cincilim, unnuca, əməköməci kimi sevilən bitkilərdən hazırlanan kətələr sırasında gicitkəndən və kirişdən hazırlanan kətələrin bir ayrı dadı var. Ta qədim zamanlardan bu günə kimi milli mətbəximizin qorunması, milli yeməklərimizin süfrəmizdə üstünlük təşkil etməsi milli mətbəx mədəniyyətimizdən xəbər verir. Ona görə də hər bir evdə bu yeməklərin bişirilmə qaydalarını daha yaxşı bilən analarımıza, nənələrimizə müraciət etməli və onlardan milli yeməklərimizin bişirilmə qaydalarını olduğu kimi öyrənməliyik. Bildiyimiz kimi, muxtar respublikamızın bütün guşələrində, o cümlədən rayonumuzda baharın gəlişi ilə insanların mətbəxində, süfrəsində dağlarımızda, düzlərimizdə yetişən bitkilərdən ibarət çoxçeşidli qidalar üstünlük təşkil edir. Bu dəfəki yazımızda çöl pencərlərindən hazırlanan yeməklər və kətələr haqqında oxucularımıza məlumat vermək istəyirik. Elə bu məqsədlə yolumuzu Aşağı Qışlaq kəndinə saldıq. Kənddə yaz aylarında daha çox bitən kiriş bitkisi haqqında məlumat toplamaq istədik. Müsahibim Ülkər nənənin bitki haqqında dedikləri: -Rayonumuzun ərazisində geniş yayılmış bu bitki Keçilinin “Çınqıllı” bulağından yuxarıdakı “Üçqardaş”, “Camalqayası” adlı dağların ətəklərində, Batabatda isə “Zorbulağ”ın ətrafında, bizim kənddə və Kükü kəndinin də ərazisində çox bitir. Çoxillik ot bitkisi olan kirişin yarpaqları 6-15 santimetr, xəlvəti kənarları isə 1-4 santimetr enindədir. Hər il yazda biz ailəlikcə birlikdə dağlarımıza, dərələrimizə üz tuturuq ki, bu bitkini mövsümündə yığıb istifadə edək. Elə bir gün əvvəl kiriş bitkisini toplamaq üçün səhər obaşdan durub dağa qalxmış və kiriş yığmışdıq. Bildiyimiz kimi, bu bitkidən yerli mətbəximizdə çox geniş istifadə olunur. Yığılması çox asandır. Onu bıçaqla yığırlar. Ancaq çalışmaq lazımdır ki, torpağın üzərində olan hissəsi yığılsın. Kökü dibdən qoparılmasın. Bitkidən həm kətə, həm də yemək hazırlamaq olur. Yeməyi hazırlamaq üçün yığdığımız pencəri yaxşıca yalançı zoğlarından təmizləyir, sonra doğrayırıq. Adi və ya duzlu suda 10-15 dəqiqə qaynadıb suyunu süzürük. Sonra qovurma ilə soğandağı edib üzərinə yumurta vurub, pencəri tökürük. Bir az tovladıqdan sonra yemək hazır olur. Yeməyi isə süfrəyə qatıqla vermək lazımdır. Çünki onun qatıqla bir ayrı dadı-tamı olur. Kətəsində isə 1 litr südə bir çay qaşığı duz və quru maya qatılır. Üzərinə 1 yumurta vurulur və un əlavə edilərək xəmir yoğrulur. Xəmir acıyana kimi onun içliyi hazırlanır. İçlik isə belə hazırlanır: əvvəlcədən təmizlənib yuyulmuş kirişlər xırda doğranır və içərisinə baş soğan və bir dəstə də yaşıl soğan doğranıb qatılır. Zövqə görə duz, qırmızı istiot əlavə edilir. Bir az acımış xəmirdən balaca kündələr tutur, sonra içərisinə içlikdən qoyub dördkünc bağlayırıq. Beş-on dəqiqəyə bişən kətələrə baş hissədən özümüzün hazırladığımız kənd yağından qoyulur, qatıq və ya ayranla süfrəyə verilir. Digər müsahibim Nursu kənd sakini Hamayıl xala isə gicitkən bitkisinin faydaları və ondan hazırlanan kətə haqqında öz fikirlərini bizimlə belə bölüşür: -Kəndimizin ərazisində geniş yayılan bu qiymətli bitki milli mətbəximizdə ən çox sevilən qida bitkilərindəndir. Bitkidən ən çox türkəçarələrdə və kətə hazırlanmasında istifadə edilir. Gicitkən bitkisi təkcə bizim kənddə deyil, Batabatın, Kükünün, Ağbulağın və demək olar ki, dağ kəndlərimizin yamaclarında və çınqıllıqlarında rast gəlinir. Milli mətbəximizdə və xalq təbabətində ən çox istifadə edilən bu bitki haqqında saatlarla danışmaq olar. Gicitkən çox qədim zamanlardan başlayaraq müasir dövrədək tərəvəz bitkisi kimi də yeyilir. Ondan hazırlanan sup, salatlar nəinki dadlı, həm də orqanizm üçün çox faydalıdır. Cavan zoğlarını duza və turşuya qoyur, yeri gəldikdə süfrəyə qoyub, iştahagətirici ədviyyə kimi də yeyirlər. Bu bitki xalq təbabətində bir çox faydalı xüsusiyyətləri ilə də seçilir. Bildirmək istəyirəm ki, təzə gicitkənin faydaları onun qurusundan da çoxdur. Hətta belə bir deyim də var ki, bu bitkinin tərkibi bir “Mendeleyev” cədvəlidir. Sanki bütün vitamin və minerallar bu bitkinin içərisində cəmləşib. Gicitkəni əllərimizə rezin əlcək geyməklə asanlıqla toplaya bilərik. Böyüklərdə və uşaqlarda ondan vitamin çatışmazlığında da istifadə edə bilərik. Bunun üçün gicitkəndən şirə hazırlanır. Şirəni hazırlamaq üçün yığdığımız gicitkənləri təmiz suda yuyub, qayçı ilə doğrayır, bir stəkanın yarısına qədər töküb, üzərinə də su əlavə edərək qarışdırırıq. Beləliklə, gicitkən şirəsi alınır. Bu şirədən gündə 2 stəkan-səhər və axşam yeməkdən əvvəl 1 stəkan içdikdə insan orqanizmi çatışmayan bütün vitaminlərini və minerallarını təmin edər. Həmçinin təzə gicitkən şirəsi böyrəklərin daş və qumlarını təmizləyir, dərini təravətləndirir, immuniteti artırır. Bu şirəni 10 gün içib 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır. Bitki toxumlamağa başladıqda da yığıb quruduruq. Qurusunun da yaşı qədər faydası çoxdur. Gicitkəndən çox dadlı kətə də hazırlanır. Yaz gələndə kəndimizdə qadınların dovğa qazanı ocağın üstündən düşməz, sacın üstündə gicitkən kətəsini oyan-bu yana çevirər, qazanda buğlanan göy-göyərtinin xoş ətri aləmə yayılar. Kətənin xəmirini həm su, həm də süd ilə hazırlamaq olur. Hazırlanan xəmirin üzəri örtülür ki, yaxşı acısın. Sonra xəmirdən balaca kündələr tutulur və çörək taxtası üstündə nazik yayılır. Gicitkən isə əvvəlcə təmiz yuyularaq doğranılır. Doğrandıqdan sonra yumuşalana kimi əldə ovulur. İçərisinə doğranmış soğan, duz, istiot vurulur. Hazır içlik açılmış yuxanın bir tərəfinə qoyulur, digər tərəfi ilə üzəri örtülür və isti sobada üzəri qızaranadək bişirilir. Süfrəyə qatıqla birlikdə verilir. Daha dadlı olması üçün içərisinə kərə yağı da əlavə edə bilərik. Dağlarımızda bitən bu şəfalı bitkilərin faydaları sayılmaqla bitməz. Əsas odur ki, ondan mövsümündə lazımınca istifadə etməyi bacarasan.

 

Turanə

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930