SON DƏQQƏ

naxcivanxeberleri.com

Tarixi və müasirliyi ilə göz oxşayan yurd yeri – Çalxanqala

Tarixi və müasirliyi ilə göz oxşayan yurd yeri – Çalxanqala
17-05-2020, 11:00

Çalxanqala kəndi Kəngərli rayonunun qədim yaşayış məskənlərindəndir. Bölgənin digər yaşayış məntəqələri kimi Çalxanqala da Naxçıvan tarixinin yaşı minillərə gedib çıxan keçmişini özündə yaşadır. Dərələyəz silsiləsində, dağətəyi zonada yerləşən kəndin adı yaxınlıqdakı Çalxan dağının üzərindəki abidə-qaladan götürülüb. Bu tarixi ərazidə ilk dəfə tədqiqat işlərinə 1969-cu ildən başlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, qalanın tarixi eramızdan əvvəl ikinci minilliyə aiddir. Buradakı qala divarları iri daşlardan hörülüb və 0,7 hektar ərazini əhatə edir. Divarların üst qatının inşasında çiy kərpicdən də istifadə olunub. Qalanın əsas giriş yolu cənub tərəfdəndir. Daha doğrusu, Cəhriçayın sağ sahilindən başlayır. Qalaya qalxan yolda müəyyən sığınacaqlara da rast gəlmək mümkündür ki, tədqiqatçılara görə bu sığınacaqlardan yaşayış yeri kimi istifadə olunub. Cəhriçay vadisində məskunlaşmış əhalinin müdafiəsi məqsədi ilə inşa edilmiş qalanın içərisində düzbucaqlı planda tikilmiş yaşayış binalarının qalıqlarına da rast gəlinib. Burada təbii qayaların üzərində qazılmış daş hovuzlardan əhalinin su təminatında istifadə olunub. Çalxanqalanın Naxçıvan ərazisində eradan əvvəl II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu güman edilir. Kəndin tarixi haqqında məlumat verən digər abidələr isə buradakı kurqanlardır. Çalxanqala kurqanları kəndin yaxınlığında, Naxçıvan şəhərindən təqribən 40 kilometr şimal- qərbdə aşkar olunub.Orta Tunc dövrünə aid edilən bu arxeoloji abidələrin diametri 8-10, hündürlüyü 1,2 metrdir. Tədqiqatçılar tərəfindən kurqanlardan boyalı qablar, tuncdan düzəldilmiş xəncər, sancaq, eyni zamanda Yaxın Şərq ölkələrindən gətirilmiş göy şirli muncuqlar tapılıb. Ərazidən aşkar olunmuş romb formalı yastı nizə ucu Qobustan kurqanından tapılmış eyniadlı silahın oxşarıdır və bu, Kür-Araz mədəniyyəti üçün xarakterikdir. Maraqlı faktlardan biri də odur ki, Çalxanqala kurqanları Naxçıvan ərazisində tədqiq edilmiş ilk kurqandır və tapıntılar bu qədim diyarın Tunc dövrünü, həmçinin Yaxın Şərq ölkələri ilə o dövrün iqtisadi və mədəni əlaqələrini öyrənmək üçün əhəmiyyətlidir. Bir zamanlar nahamar yolları, yöndəmsiz küçələri, baxımsız kənd meydanı ilə diqqət çəkən Çalxanqala kəndinin hərtərəfli inkişafı müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Ötən əsrin sonlarında baş verən məlum hadisələr dövrü Qərbi Azərbaycandan – atababa torpaqlarımızdan didərgin düşərək Naxçıvana pənah gətirən soydaşlarımız bu kənddə məskunlaşıblar. Həmin insanlara hərtərəfli qayğı göstərilib, onların problemlərinin həllinə həssaslıqla yanaşılıb. Ötən dövrdə kənddə məskunlaşan əhaliyə dövlətimiz tərəfindən pay torpaqları verilib, bütün məişət şəraiti ilə təmin edilmiş 40-a yaxın ev tikilib. Muxtar respublikamızın kənd yaşayış məntəqələrində həyata keçirilən kompleks quruculuq işlərindən Çalxanqalaya da xeyli pay düşüb. 2012-ci ildə kənddə bir sıra sosial obyektlər sakinlərin istifadəsinə verilib. 378 şagird yerlik Çalxanqala kənd tam orta məktəbində müasir fənn kabinələri, kitabxana, elektron lövhəli və kompüter sinifləri şagirdlərin hərtərəfli təhsil almasına imkan verib. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan Kənd Uşaq Musiqi Məktəbi isə kənddəki uşaqların musiqi təhsili almasına hərtərəfli şərait yaradıb. Hazırda burada xalq çalğı alətləri, fortepiano, zərb alətləri və nəzəri fənlər şöbələri vardır. Məktəbdə tar, saz, kamança, nağara və qarmon ixtisasları üzrə dərslər tədris olunur. Çalxanqala kəndində kompleks quruculuq tədbirləri çərçivəsində yüksək keyfiyyətlə inşa olunaraq istifadəyə verilən həkim ambulatoriyası isə kənd sakinlərinə müasir tibbi xidmət göstərilməsinə imkan verib. Bundan əlavə, həmin il istifadəyə verilmiş kənd və xidmət mərkəzləri burada fəaliyyət göstərən dövlət qurumlarının fəaliyyətinə və əhalinin zəruri tələbat malları ilə təmin olunmasına hərtərəfli şərait yaradıb. Qeyd etdiyimiz kimi, Çalxanqala kəndinin yolları sovet dövründə də, müstəqilliyimizin ilk illərində də rahat olmayıb. Kəndə həm Qarabağlar istiqamətindən, həm də Naxçıvan-Sədərək avtomobil yolu istiqamətindən gediş-gəliş çox çətin olub. Bütün bunlar nəzərə alınaraq, son illərdə muxtar respublikamızın avtomobil yollarına göstərilən dövlət qayğısından adıçəkilən yollara da böyük pay düşüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial- iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən, 39,2 kilometrlik Naxçıvan-Sədərək magistralı- Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulub. Bunun nəticəsində Çalxanqala kəndini qonşu Təzəkənd və Qarabağlar kəndləri ilə birləşdirən avtomobil yolları hər iki istiqamətdə rahat və təhlükəsiz hərəkətin təmin olunmasına imkan verib. Eyni zamanda yolun yaşayış məntəqələrindən keçən hissələrində yeni hasarların çəkilişi, beton suaxıdıcı kanalların tikilməsi təmin olunub. Həyata keçirilən bütün bu tədbirlər ucqar Çalxanqala kəndinin müasir yaşayış məntəqəsinə çevrilməsində mühüm rol oynayıb. Çalxanqala keçmiş zamanlardan kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirildiyi kəndlərdən olub. Kəndin keyfiyyətli, əkinəyararlı torpaqları burada bir çox aqrar məhsulların inkişaf etdirilməsinə imkan verib. Elə kəndin sakinləri də hər zaman əməksevərlikləri ilə tanınıblar. İndinin özündə də burada yaşayanların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısı bu kənddə də sakinlərin təsərrüfatın müxtəlif sahələrinə olan marağını artırıb. Vaxtilə həyata keçirilmiş aqrar islahatlar bu yurd yerində yaşayan zəhmətkeş insanların dolanışığını təmin edib. Burada yetişdirilən kənd təsərrüfatı məhsulları dad-tamına və keyfiyyətinə görə seçilir. Statistikaya nəzər salsaq görərik ki, ötən ilin payızında cari ilin məhsulu üçün 303 hektar sahədə taxıl əkilib. Bu il isə 399 hektarda yazlıq taxıl əkini aparılıb. Keçən il taxılçılar 876 ton məhsul tədarük ediblər. Eyni zamanda kənd sakinləri 19 hektar sahədən 260 ton kartof, 22 hektar sahədən 293 ton tərəvəz, 16 hektar sahədən 218 ton bostan məhsulları, 1,5 hektar qarğıdalı sahəsindən 8,3 ton, 11 hektar günəbaxan sahəsindən 30 ton məhsul götürüblər. Kənddə meyvəçiliyin inkişaf etdirilməsinə də böyük maraq var. Yuxarıda da qeyd etdiyimiz kimi kəndin barlı-bərəkətli torpaqları əkin üçün çox yararlıdır. Elə bunu nəzərə alan kənd sakinləri meyvəçiliyin inkişafına da böyük maraq göstərirlər. Xüsusilə meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində son illərdə kənddə xeyli meyvə bağları salınıb. İdris Alməmmədov, Mətləb Dünyamalıyev və digərləri son dövrlərdə onlara məxsus meyvə və üzüm bağlarını xeyli genişləndiriblər. Hazırda burada 4 hektara yaxın badam bağı, 30 hektardan çox üzüm bağı, 20 hektar meyvə bağı mövcuddur. Heyvandarlıq da Çalxanqalada böyük maraq göstərilən sahələrdəndir. Ramiz Məmmədov, Heydər Kərimov, Tahar Abdullayev kimi heyvandarlar bu sahədə daha ön mövqe tuturlar. Yusif Səmədov, Ramiz Cəfərov, Qasım Hüseynov isə arıçılıqla məşğuldurlar. Arıçılıqla bağlı qəbul olunmuş məlum dövlət proqramı onları bu işə daha da həvəsləndirib. Ümumilikdə, bu gün Çalxanqalada təsərrüfatla məşğul olmayan adam tapa bilmərsən. Dövlətimiz tərəfindən aqrar sahəyə göstərilən böyük dövlət qayğısı kənd sakinlərinə özlərinə fərdi təsərrüfat qurmaq imkanları verib. Xüsusilə, muxtar respublikamızda ailə təsərrüfatlarının yaradılması ilə bağlı həyata keçirilən tədbirlər rayonun digər kəndləri kimi, Çalxanqalada da onlarla ailə təsərrüfatlarının yaradılmasına gətirib çıxarıb. Mətləb Dünyamalıyev, Ramiz Nəcəfov, Vüsal Məmmədov, Şahzadə Vəliyev kimi ailə təsərrüfatı sahibləri hər il belə təsərrüfatların hesabına xeyli qazanc götürürlər. Muxtar respublikamızda hər il ənənəvi olaraq təşkil edilən “Ailə təsərrüfatı məhsulları” festivalı bu zəhmətkeş insalara öz məhsullarını tanıtmaq və satmaq şəraiti yaradıb. Digər tərəfdən hər həftənin şənbə və bazar günləri rayon mərkəzi və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı yarmarkaları da sakinlərə məhsullarını satmaq üçün əlavə imkanlar yaradıb. Bəli, bu gün 2 min 500-dən çox sakinin yaşadığı Çalxanqala kəndi muxtar respublikanın abad yaşayış məntəqələrindən biridir. Şəhərlə kənd arasındakı fərqin aradan götürüldüyü, müasir qəsəbəni xatırladan bu yaşayış məntəqəsində hər kəs dövlətimizin onlar üçün yaratdığı şəraitdən razıdır. Bu yurd yerində yaşayan hər kəs onu yaxşı bilir ki, dövlətimizin həyata keçirdiyi bütün tədbirlərin mərkəzində vətəndaş amili ön sırada dayanır. Səkkiz il bundan əvvəl Çalxanqala Kənd Mərkəzinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dediyi kimi: “Dövlətimizin kənd yaşayış məntəqələrinə qayğısı təkcə müasir infrastrukturun yaradılması ilə tamamlanmır. Dövlətimiz həm də əhalinin sosial-rifah halının yüksəldilməsinə, onların məşğulluq təminatına xüsusi diqqət yetirir... Kənd yaşayış yerlərində əkinçiliyin, bağçılığın, meyvəçiliyin, heyvandarlığın inkişaf etdirilməsi dövlətimizin həyata keçirdiyi aqrar- iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Ona görə də kəndlərimizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, güzəştli kreditlər ayrılır, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlət maliyyə dəstəyi göstərilir. Bu tədbirlərin də hər biri, ilk növbədə, kəndlərimizin inkişafına, kənd və şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir”.

 

Səbuhi HƏSƏNOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930