SON DƏQQƏ

naxcivanxeberleri.com

May ayında Naxçıvanın təsərrüfat həyatı

May ayında Naxçıvanın təsərrüfat həyatı
17-05-2020, 10:00

Naxçıvanın ərazisi elədir ki, yaxın məsafələrdə yerləşən kəndlərinin belə iqlim təzadı çoxdur. Müxtəlif yaşayış məskənləri arasında 15-20 gün iqlim fərqi vardır. Bu isə Naxçıvan bazarına mərhələli şəkildə məhsul çıxarılmasına səbəb olur. Bazarda 20-30 gün əsas ticarət məhsulu göycə olur. Bazara növrəs əriyin (əhali bu əriyə mayovka deyir) çıxması göycə satışının zəifləməsinə səbəb olur. Onu da qeyd edək ki, göycə “Naxçıvan brendi”nə çevrilib və bu məhsul muxtar respublikadan kənara göndəriləndə xüsusi rəğbətlə qarşılanır. May ayının əvvəllərindən bazarda əsasən, Naxçıvanın “Çuxur məhəlləsi” adlanan hissəsindən gətirilən göycələr satılır. Ümumiyyətlə, Naxçıvanda da “Çuxur məhəllə göycəsi” adla deyilir. 1960-70-ci illərə qədər Naxçıvan bağlarında göycə demək olar ki, çox az idi. Sadəcə, nisbətən şirin, bir qədər sulu alçalara göycə deyərdik. Əvvəllər göycə ağacları ən çox Babək qəsəbəsi ətrafında, Şıxmahmud kəndində əkilsə də, indi hər yerdə göycə ağacı əkilib- becərilir. May ayının əvvəlindən başlayaraq 20-25-nə, bəzən ayın axırına qədər bazarın əsas alqı-satqı məhsulu göycə olur. Maraqlıdır ki, Azərbaycanın digər rayonlarında əkilən göycə Naxçıvanda yetişən məhsulun tamını vermir. Göycə təzə halda yeyildiyi kimi turşuya da qoyulur. Naxçıvanın toy menyusunda göycə və ya göyəm turşusu əsas yer tutur.Göycəni az yetişən dövrdə qaynar və duzlu suda pörtlədib qurutduqda kəhraba kimi şəffaf çərəz alınır. Dolma, küftə kimi yeməklərdə, plovun qarasının (üz-göz) hazırlanmasında göycə qurusundan istifadə olunur. Arıçılıqda may ayı “beçə ayı”, “beçə dövrü”, “pətək ayı” kimi adlanır. Naxçıvanın aran və orta dağlıqda yerləşən yaşayış məntəqələrində may ayından başlayaraq çiçəklər yetişib şirələnməyə, arılar artıq çiçək tozundan (güləm) çox şirə, nektar gətirməyə başlayır. Təcrübəli arıçılar söyləyirlər ki, may ayında arılar alaqaranlıqdan hava qızana qədər güləm, hava qızdıqdan sonra isə şirə gətirir. Müşahidələr göstərir ki, bir çox çiçəklər günəş çıxandan sonra yumulur, bir də axşamçağı açılır. Aran laləsi və ya xırda xaşxaş laləsi və başqa çiçəklər səhər üzü açılır, günəş çıxandan sonra ləçəklərini tökür.Görünür, arı da işini təbiətə uyğun planlayır. Şirə gəlməyə başlayandan arı yeni pətək toxumağa başlayır. Çünki dibdəki pətəklərdən anbar kimi istifadə edir, topladığı ruzi pətəkləri doldurduğu üçün bala (qurd) qoymaq üçün yeni pətəklərə ehtiyac olur. Məlumat üçün deyək ki, arı pətək toxumağa başlamamış “beçə” verməz. Ona görə də bəzən arıçılar deyir ki, bu il beçə ili deyil. Bu il havaların soyuq və yağışlı keçməsi arıçılıq təsərrüfatının inkişafına mənfi təsir etmiş, ənənəvi xalq təqvimində arıçılıqla bağlı vaxt dəyişikliyi baş vermişdir. Hər ailədə bir ədəd olan ana arı pətəyin gözcüklərinə bala (qurd) qoyur. Bu qurdların içərisində yekə gözcüklərdən erkək arılar, normal gözcüklərdən isə işçi arılar çıxır. Daha böyük bir neçə göz olur ki, bunlardan da ana arılar çıxır. Təcrübəli arıçılar qoyulan ana gözlərə baxanda bəzən deyirlər ki, arı ana dəyişir. Yəni, ailədə olan ana arı ya qocalıb, ya da hansısa səbəbdənsə, az məhsuldardır. Ona görə də yeni ana arı çıxanda köhnə arını öldürürlər. Yeni çıxan ana arılar özü ilə bir dəstə arı götürərək yeşikdən çıxır ki, buna “beçə” deyirlər. Bir beçə dəstəsində 4-5 ana arı olur. Sonradan arılar seçib birini saxlayır, qalanını öldürürlər. Yeşikdən çıxan beçə yaxınlıqdakı ağac, kolun üstünə düşür. Bir-iki saat ərzində beçə tutulub yeşiyə, səbətə salınmazsa, uçub hara gəldi gedəcək. Bəzən elə olur ki, beçə yaxınlıqda olan, hətta kənarda digər arıçıların qoyduğu boş yeşiyə girib məskən salır. Arı ailəsindən beçənin çıxması arı ailəsini zəiflədir. Vaxtilə arılar səbətdə saxlanıldığı üçün arı ailəsinə nəzarət etmək olmurdu. İndi isə arı ailəsi yeşiklərdə olduğu üçün nəzarət asandır. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsini nəzarətdə saxlayır, qoyulan ana gözləri doğrayıb tökürlər. Bu cür xidmət çox zəhmət tələb edir. Bəzən arı ailəsində olan ana gözlər fərqli böyüdüyünə görə, bir və ya bir neçə gün ərzində eyni ailədən bir neçə kiçik dəstələrlə beçə ayrılır. Belə dəstələrə arıçılar bəzən “milçək” deyirlər. Beçə tutulub ayrı yeşiyə yerləşdirilir. Yeşiyə bir neçə ramka və mümkünsə, bir ədəd bal olan ramka qoyulur. Ballı ramka olmadıqda beçəyə bir neçə gün şirə (şərbət) verilir ki, özünü toplasın. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsinin zəif düşməsini istəmədikdə beçə dəstəsini ağ parçanın üstünə çırpır, ana arıları seçib öldürürlər. Bu zaman beçədə olan arılar ayrılıb çıxdığı ailəyə qayıdır. Yağıntılı illərdə gül-çiçək çox olduğu üçün arı üç dəfə beçə verə bilir. Onlar sırası ilə “şahbeçə”, “ortabeçə” və “xorabeçə” adlanır. Yalnız arı ailəsinin sayını artırmaq istəyən arıçı bir neçə dəfə beçə çıxmasını arzulayır. May ayının əvvəllərindən başlayaraq üzüm bağlarını qazmağa başlayırlar. Bu zaman həm də üzüm tənəklərinin yarpaqlarının yığılma vaxtıdır. Bağdan yalnız öz ehtiyacı üçün yarpaq toplayan ailələr qazmanı bir qədər ləngidir ki, sonradan qazılmış bağ yarpaq dərərkən ayaqlanmasın. Yarpağı satış məqsədi üçün toplayan ailələr isə yarpaq qartalana, yəni qalınlaşana, uc yarpaqlar inkişafdan düşənə qədər yarpaqları toplayırlar. Təbii ki, üzüm yarpağından bişirilən dolma əvəzsizdir. Yarpaqlar təzə halda yeyildiyi kimi, şorabaya qoyulur, quru halda duzlanıb qablara yığılır, soyuducunun dondurmasına qoyulub qışa saxlanılır. May ayı heyvandarlıqda da görüləcək bəzi işlərin əsas vaxtı hesab olunur. Qoyunların qırxımı bu ayda aparılır ki,istidən və müxtəlif həşəratlardan əziyyət çəkməsinlər. Ayın əvvəlindən subay heyvanlar, 15- dən sonra isə sağmal qoyunlar qırxılmağa başlanılır. Qoyunlar elə qırxılır ki, mayın axırı və yaxud, iyun ayının əvvəli sürülər yaylağa qalxanda heyvanların bədəninə bir qədər tük gəlsin. Xalq inancına görə, sağmal qoyunlar qırxılanda südünü azaldır. May ayının 15-dən sonra qızılgül, həmərsin, qoyungözü çiçəkləməyə başlayır.Naxçıvan bağlarında qızılgül daim yetişdirilib. Qızılgüldən alınan gülab, gülmürəbbəsi (gülqənd, gülməşəkər) hər bir ailədə hazırlanıb qış azuqəsinə çevrilir. Bu gün qızılgülün satışından gəlir götürən yaxşı ailə təsərrüfatları formalaşıb. May ayında həm də dağlarımızda bitən və qış şorabasının əsasını təşkil edən, daim yüksək qiymətləndirilən bolu, çaşır, baldırğan, sobu, çöl kəvəri, cacıq özəyi toplanır. Bir sözlə, zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları olan qədim Naxçıvan torpağı may ayında barbəhəri ilə seçilir. Naxçıvan nemətlərinin əksəriyyətini qurudub qış fəslinə saxlayaraq onun satışını təşkil edənlər isə daha çox fayda görür.

 

Zaleh NOVRUZOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930