SON DƏQQƏ

naxcivanxeberleri.com

Hər bir xalqin milli dəyərləri onun pasportudur

Hər bir xalqin milli dəyərləri onun pasportudur
16-05-2020, 06:34

Milli dəyərləri hər bir xalq özü yaradır, yaşadır və gələcək nəsillərə ötürür. Milli dəyərlər  xalqın mövcudluğunun göstəricisi və mədəniyyətinin ən vacib hissəsidir. Tariximiz, dilimiz, dinimiz, milli-mentalitetimiz, adət-ənənələrimiz, ədəbiyyat və incəsənətimiz milli-mənəvi dəyərlərimizdir. Bu dəyərləri qoruyub-saxlamaq, yaşatmaq və nəsildən-nəsilə miras qoymaq ən ümdə vəzifəmizdir.

Azərbaycan xalqı hər zaman öz mübarizliyi ilə seçilmiş, bu mübarizliyini tarixin bütün səhifələrində təcəssüm etdiribdir. Sovet hakimiyyəti dönəmində xalqımızın milli dəyərləri əlindən alınmağa, soykökümüz, dinimiz və adət-ənənələrimiz unutdurulmağa çalışılsa da, hər zaman öz dəyərlərimizə sahib çıxmağı bacarıb və bu günkü nəsillərə də aşılamağa nail olmuşuq.

Milli dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Müstəqilliyini bərpa edən xalqımızın əlindən zorla alınmağa və unutdurulmağa çalışılan milli-mənəvi dəyərləri və milli özünüdərkini formalaşdırması üçün zəmin yaranmağa başladı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

“Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.”- Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən xalqın sarsılmış iradəsini, özünəinamını, ictimai şüurdakı qorxunu aradan qaldırmaq üçün bütün zəruri tədbirləri icra edib və cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarıbdır. Ulu öndərimizin həyata keçirdiyi bir sıra tədbirlər nəticəsində zəngin bədii irsimiz, mədəniyyətimiz, incəsənətimiz, adət-ənənələrimiz mənəvi yüksəlişə keçmiş, ana dilimizin inkişafı yolunda lazımi işlər görülübdür.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra azərbaycançılıq məfkurəsi təşəkkül tapıb, ümummilli liderimiz mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndiribdir.

“El bir olsa dağ oynadar yerindən,

Söz bir olsa zərbi kərəm sındırar.”

-deyib aqillər. Xalqımız bu gün də bu dəyərləri yaşadır və Vətənin dar günündə bir yumruq kimi birləşərək ölkə rəhbərinin çağırışına əməl edir, çətin günün ömrünü azaldır və parlaq gələcəyə yollar açır.

“Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq – bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin - zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq.”- İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bu gün 150-dən çox ölkənin yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi bir dövrdə Azərbaycan öz gücünə mübarizə apararaq bütün çətinliklərin öhdəsindən gələ biləcəyini bir daha sübut edir. Bununla yanaşı yardım istəyən yox, yardım göndərən statusu qazanmaqla Azərbaycan qlobal müstəvidə də öz rolunu və əhəmiyyətini bir daha diqqətə çatdırıbdır. Dövlət tərəfindən xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi onu göstərir ki, Azərbaycan istənilən şəraitdə hər bir vətəndaşına sahib çıxmağa qadir və buna hazır bir ölkədir.

Biz Birlikdə Güclüyük!

Bütün dünyanı cənginə alan “COVİD-19” virus infeksiyasının bir çox ölkələrin istər iqtisadiyyatını, istərsə də mənəvi dəyərlərini dərindən sarsdığı bir dövrdə ictimai və siyasi statusundan asılı olmayaraq Azərbaycan xalqının hər bir fərdi öz öhdəsinə düşən məsuliyyəti dərk edərək mövcud qaydalara əməl edir, bir-birlərinə yardım etməklə dövlətimizə dəstək olurlar. Bu cür xalq - dövlət həmrəyliyi nümayiş etdirməklə bu çətin imtahanın da öhdəsindən gəlməyi bacarırlar. Pandemiya ilə mübarizə apardığımız bir dövrdə vətəndaşlarımız özlərinin və doğmalarının sağlamlıqlarının qayğısına qalmaqla yanaşı, həm də insani münasibətlər zəminində milli təəssübkeşlikdən, vətəndaş həmrəyliyindən və humanistlikdən irəli gələn zərurət səbəbi ilə ətrafında yaşayan - istər maddi, istərsə də mənəvi dəstəyə ehtiyacı olan bütün insanlara kömək etməkdən geri qalmırlar.

Hazırki şəraitdə həkim, polis və müəllimlərimizin səylə, canla-başla çalışaraq milli ruhda nümayiş etdirdikləri vətənpərvərlik və həmrəylik hər kəsə nümunədir və təqdirəlayiq haldır.

“Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mühüm vəzifəsi olmalıdır. Biz öz tarixi dəyərlərimizə sahib çıxmasaq, ona başqaları sahib çıxacaqdır. Xalqımızın gələcəyini düşünürüksə, bu gələcəyi möhkəm təməllər – milli dəyərlər üzərində qurmalıyıq” -Vasif Talıbov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Bütün Azərbaycanda nümayiş olunan dövlət və xalq birliyi bu gün Naxçıvan Muxtar Respublikasında da aşkar şəkildə nəzərə çarpır. Bu gün muxtar respublikada görülən işlər, 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması, 2019-cu ildə “Milli Dəyərlər Muzeyi”nin açılması bu sahədə görülən  işlərin əməli nəticəsidir. Muxtar respublikada yerli və beynəlxalq əhəmiyyətli festivallar, milli dəyərlərimizin beynəlxalq arenada təbliğinə dair tədbirlər bunun ən bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə   Naxçıvanda təhsil alan və pandemiya zamanı ölkəsinə gedə bilməyən əcnəbi tələbələrə bir aylıq ərzaq payının verilməsi milli dəyərlərimizdən irəli gələn humanistliyimizə, qonaqpərvərliyimizə, multikultural dəyərlərə önəm verdiyimizə əyani sübutdur. 

Bu gün hər bir Azərbaycan vətəndaşının dövlət qayğısı ilə əhatə olunduğu bir dövrdə vətəndaşlarımızın da bir-birinə qarşı diqqətcilliyi, bu həmrəylik işığında xüsusi qayğıya ehtiyacı olan yaşlıların gənc könüllülər tərəfindən ziyarət olunur. Sosial yardıma ehtiyacı olan və çoxuşaqlı ailələrə dövlət yardımı ilə yanaşı,  vətəndaşların da maddi-mənəvi dəstək olması  milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə xalq olaraq necə sahib çıxdığımızın ideal örnəyidir.

“Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər” - deyən ümummilli lider Heydər Əliyev müasir gəncliyi məhz bu cür görmək istəyirdi. Bu gün biz fəxr və qürur hissi ilə deyə bilərik ki, Ulu Öndərin bizə ünvanladığı bu yol əməllərlə yaşadılır və gələcək nəsillərə ötürülür.

Böyükdən - kiçiyə ötürülən, nəsildən-nəsilə miras qoyulan dəyərlərimizin bizi biz edən amillər olduğunu unutmayaq! Biz, həmrəy olduqca, dövlətimizə dəstək olduqca, dəyərlərimizə sahib çıxdıqca daha da güclənəcək və hər zaman istənilən çətinliyin öhdəsindən layiqincə gələcəyik!

Aidə Cəlilzadə

Naxçıvan Muxtar Respublikası

 Ali Məclisinin deputatı

Naxçıvan Dövlət Universitetinin müəllimi

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930